MƏQALƏLƏR

Zülfi İLYASOV: Şota Rustaveli: Rübabı göylərdə gəzən şair

  • 27.11.2020

Bəşəri hiss və duyğular, Adəm övladının mənəvi bitkinləşmə və kamilləşmə prosesi uzun tarixi təkamül mərhələlərindən keçərək intişar tapmışdır. Lakin bu inkişaf və təbəddülat prosesi hələ ideal ölçü-biçimdə qərarlaşmamışdır. Görünür, necə ki, insan var, həyat var, bu proses davam edəcəkdir.
Dahi gürcü şairi Şota Rustavelinin klassik gürcü ədəbiyyatının şah əsəri olan “Pələng dərisi geymiş cəngavər” poemasını oxuyarkən belə bir qənaətə gəldim, əslində, bu poemanın tərcümə variantlarını bir neçə dəfə oxumuşdum.
Əslən Gürcüstanın Qaraçöp mahalından olan, ixtisasca mühəndis, şair, publisist, sözün əsl mənasında ziyalı, xeyriyyəçi Ruhin Sadıqlının tərcüməsində 2020-ci ildə işıq üzü görmüş yeni variantı oxuduqdan sonra maraq məni bürüdü, sanki sehirli aləmə düşdüm, poemanı dönə-dönə oxumalı oldum. Poema vaxtsız dünyasını dəyişən şairin ölümündən 10 il sonra nəşr olunmuşdur. Gürcü dilini bildiyimə və mətni orijinalla müqayisəli oxuduğuma görə, bir daha anladım ki, doğma Azərbaycan dilimiz nə qədər zəngindir, rəvandır, poetikdir. Mərhum şairin gürcü dilinə bələdliyi, klassik irsi yaxşı bilməsi, Şota Rustaveli ilə eyni dövrdə yaşamış dahi Nizami Gəncəvi dühasına yaxınlığı, Azərbaycan dilinin semantik, leksik və poetik xüsusiyyətlərini əxs etməsi ona bənzərsiz, orijinal tərcümə nümunəsi ərsəyə gətirməyə imkan vermişdir. Əsərin təhlilinə keçməzdən öncə, oxucunu Şota Rustavelinin kimliyi ilə yaxından tanış etmək istəyirəm. Onunla bağlı müfəssəl məlumatlar azdır, yaradıcılığından bizə gəlib çatan yeganə nümunə “Pələng dərisi geymiş cəngavər” poemasıdır. Əsər gürcü çarı IV Davidin qızı şahzadə Tamara ithaf edilib. Tarixdən bizə məlumdur ki, Tamar 1111-1160-cı illərdə Şamaxıda yaşamış və Şirvanşah Mənuçöhrün həyat yoldaşı olmuşdur. Şahzadənin Axsitan adlı oğlu olmuş və Mənüçöhrün ölümündən sonra o, atasının hakimiyyətinə yiyələnmişdir. Şahzadə Tamarın sonrakı taleyi barədə heç bir səhih məlumat yoxdur. Neçə əsrdir ki, onun ləl-cəvahiratla dolu məzarı axtarılır ancaq tapılmır. Şota Rustavelinin yaşadığı dövr XII əsrin sonu, XIII əsrin əvvəllərinə təxmin edilir. Əsərdən məlum olur ki, poemanı Rustaveli kəndində doğulmuş bir mesx (Cənubi Gürcüstanda yaşayan türk əsilli xalq) qələmə almışdır. Gürcüstanda Rustaveli adına yaşayış məntəqələrinin bir neçə yerdə olması mübahisə doğurur. Lakin bir çox tədqiqatlarda tarixi faktlara istinad edilərək, şairin Cənubi Gürcüstanda – Mesxetidə yerləşən Rustaveli (indiki Rustavi) kəndində anadan olduğu göstərilir. Şair doğulduğu yerin adını özünə təxəllüs götürmüşdür.
Bəs, şairin adının Şota olması haqqında məlumat varmı? Bu barədə də səhih məlumat yoxdur. Bəzi rustavelişünaslar tərəfindən Şota adlı şəxsin şairin doğulduğu Mesxetidə şahzadə Tamarın maliyyə məsələləri üzrə vəziri olması və poemanın da həmin vəzir tərəfindən yazılması güman edilir. Tədqiqatçıların fikrincə, Yəməndə gürcülərin vəsaiti hesabına tikilmiş və saxlanma xərcləri də onlar tərəfindən ödənilən xristian monastrının dirəklərində oraya vəsait bağışlayan şəxslərin içərisində həmin vəzirin adı və rəsmi vardır. Güman edilir ki, həmin şəxs şahzadə Tamarın vəziridir və o, poemanın müəllifidir. Poemada hadisələrin Ərəbistan yarımadasında cərəyan etməsi bu versiyanın ağlabatan olduğunu sübut edir. Əsəri oxuduqdan sonra şairin mükəmməl təhsil aldığına, ərəb və fars dillərini dərindən bilməsinə, geniş elmi dünyagörüşünə malik olmasına heç bir şübhə yeri qalmır. Poemanın mətni ilə tanışlıqdan sonra aydın olur ki, Şota Rustaveli həyat, kainat, xalqlar, millətlər, adət-ənənələri, dinlər haqqında dərin bilgilərə sahib olmuşdur.
Bəs, Ruhin Sadıqlının Şota Rustavelinin “Pələng dərisi geymiş cəngavər” əsərini dilimizə çevirmək zərurəti hardan doğdu? Bunun bir neçə səbəbi vardır. Öncə, onu deyək ki, əsər əksər dünya dillərinə dəfələrlə tərcümə olunub. Rus dilinə səkkiz dəfə, Azərbaycan dilinə isə üç dəfə tərcümə edilib. Poemanı ilk dəfə Azərbaycan türkcəsinə Əhməd Cavad natamam şəkildə çevirib, ancaq tərcümənin çatışmayan hissəsini Ələkbər Ziyatay tamamlayıb. İkinci dəfə əsər dilimizə - Səməd Vurğun, Süleyman Rüstəm və Məmməd Rahim tərəfindən çevrilib. Poema gürcü dilindən birbaşa deyil, rus dilindən tərcümə edilib. Yüksək poetik sənətkarlıqla tərcümə edilən bu variant Azərbaycan oxucuları tərəfindən sevilib, hər kəsin stolüstü kitabına çevrilib.
Lakin əsərin tərcümə olunduğu dövr, ideoloji sistem, konyuktur çərçivələri poemada olan dini baxışları, milli adət-ənənələri olduğu kimi təqdim etməyə imkan verməyib, orijinal üslub olduğu kimi saxlanılmayıb. Əsərin üçüncü tərcüməsi gürcü dilini mükəmməl bilən şair-publisist İmir Məmmədliyə məxsusdur.
O, bu əsərə qədər Aşıq Ələsgər, Yunis Əmrə və digər görkəmli şair və yazıçıların əsərlərini gürcü dilinə tərcümə etmiş və çox uğurlu alınmışdır. “Pələng dərisi geymiş pəhləvan” əsərinin bu variantını da üslub xüsusiyyətləri və orjinala yaxınlığı baxımından uğurlu iş saymaq olar. Sizə təqdim olunan dördüncü tərcümə üzərində müəllif dörd il işləyib, çətin də olsa, gürcü dilində “mağalı”, “dabalı” (“üst şairi” və “alt şairi”) adlandırılan ölçülərə yüksək şəkildə əməl edilib. Orjinala yaxınlığı ilə seçilən poemanı dilimizə tərcümə edərkən müəllif hiss və həyəcanını cilovlamış, süniliyə yol verməmiş, bütün vaxtlarda poemanın dilini, ifadə tərzini və ruhunu saxlamağa çalışmışdır. O, əvvəlki tərcümələrdə olan “pəhləvan” sözünü “cəngavər” sözü ilə əvəz edərək orijinala uyğunlaşdırmışdır.
Poema tədqiqatçıların fikrincə, IX əsrdə yaşamış qədim bulqar-türk şairi Mikayıl Şəmsi Baştunun yazdığı “Şah qızı dastanı” əsərinin motivləri əsasında yazılmışdır. Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə gürcü şairi VI Vaxtaqın, sonra isə XIX əsrdə görkəmli gürcü ədibi İlya Çavçavadzenin rəhbərliyi altında çalışan yazıçıların təşəbbüsü ilə çap olunmuşdur. Sovetlər dönəmində poema gürcü dilində dəfələrlə işıq üzü görmüşdür. Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda – Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada cərəyan edir. Qəhrəmanlar ərəblər, hindlilər və başqa xalqların nümayəndələridir. Dərin fəlsəfi mahiyyət daşıyan bu əsər heç bir milli, etnik, zaman və məkan çərçivəsinə sığmır. Məhz bu məziyyətlərinə görə bəşəriyyətin ölməz inciləri sırasında özünə əbədi yer almışdır. “Pələng dərisi geymiş cəngavər” poemasını əzbərdən bilməyən az gürcü tapılar, bu əsərin nüsxəsi, demək olar ki, hər evdə var. Saf sevgi, ülvi məhəbbət, yüksək mənəvi hisslər aşılayan bu poemada insan çox uca mərtəbədə dayanır:

Ey Tanrı, sən tək yaratdın dünyaya əşrəf insanı,
Cürət ver, qoru məkrdən, boğum-tapdayım şeytanı,
Məcnun sevgisi ver mənə, eşq ilə sürüm dövranı
Günah yükümü azalt ki, günahsız aparım canı

Poemanın süjet xətti Avtandillə-Tinatinin, Tariyellə Nəstan Darecanın əzablı-məşəqqətli sevgi məcaraları əsasında qurulub. Avtandil Ərəbistan sərkərdəsi, Tariyel isə Hindistan şahzadəsidir. Pələng dərisi geymiş cəngavər – eşq yolunda çöllərə düşən, mağarada yaşayan Tariyel adlı igiddir.
Əsərin baş qəhrəmanları cəsur, mərd, həm də sədaqətli və mərhəmətli insanlardır. Ərəbistanın hökmdarı Şah Rostevan aqillik və müdriklik mücəssiməsi kimi təqdim olunur. Xain, məkrli hökmdarlardan da söhbət açılır. Lakin onlar bəd əməllərinin cəzasını çəkirlər, məğlub olaraq rəzil vəziyyətə düşürlər. Eşq və məhəbbət dastanının qəhrəmanları sonda vüsala qovuşurlar. Onların sevgisi poemada tez-tez vəsf olunan Məcnunun nakam məhəbbətindən fərqlidir, canlıdır, həyatidir. Süjet xətti üzrə bütün hadisələri şərh etmək istəmirəm. Bu işi oxucuların ixtiyarına buraxıram.
Poemanı ölməzlik zirvəsinə yüksəldən təkcə sonu vüsalla bitən eşq dastanıdırmı, yaxud adil hökmdarların vəsfidirmi? Yox, bu, belə deyil. Tarixdə yüzlərlə belə əsərlər yazılıb, onların arasında əbəbiyaşarlıq hüququ qazananlar çox azdır. Şota Rustavelinin təbirincə desək:

Ağıl, kamal və müdriklik şairlərin sərvətidir,
Allahına qulaq asmaq – hər insanın sərvətidir
Sözlərimi dinləyənlər mənim üçün qiymətlidir
Geniş fikri qısa demək – bu, şairlik sənətidir.

Yuxarıda da deyildyi kimi, “Pələng dərisi geymiş cəngavər” poeması dərin fəlsəfi mahiyyət daşıyır və bu fəlsəfənin fövqündə insan əxlaqı və mənəviyyatı dayanır. Rustaveliyə görə, əsl eşq və məhəbbət şəhvət hissi deyil. O daha dərin ilahi və mərhəm qatlardan nəşət alır:

“Sevgi”, “dəli” kəlmələri ərəblərdə eyni sözdür,
Amma Məcnun deyil, əsla kim dəlilik izhar edir
Əsl sevgi Tanrı sirri – o, ilahi vergisidir,
Aşiqlər var, eyş-işrəti, əylənməyi sevgi sayır.

Şota Rustaveliyə görə, qadın isməti, qadın əxlaqı hər şeydən ucadır. O, yüngül xasiyyətli qadınları məkrli adlandırır və onlardan uzaq durmağı məsləhət görür:

Bacardıqca qadınlardan uzaq durar ağlı olan
Şirindildir, məkrlidir çünki qadın yaranışdan
O, xəyanət edər sənə, gözləməzsən bunu ondan,
Ona görə qadınlara açma sirrin heç bir zaman.

Şota Rustaveli insanları şükranlı olmağa, uca Tanrıya tapınmağa, hər addımda onun varlığını hiss etməyə və adını uca tutmağa çağırır:

Mərhəmətli, rəhim Allah, ümid yerim, Adil xudam!
Yalvarıram, özün qoru, mən nə qədər yolda olsam
Uzaq elə düşmənlərdən, gecə şəri, fırtınadan,
Sağ-salamat qalaramsa, qurban kəsib paylayaram.

Var-dövlətə aludəçilik Rustaveli dünyasına yaddır. Onun fikrincə, “qazandığın sənin deyil, xərclədiyin sənindir”. Çünki yığdığın nə varsa, sənin kimi bir gün puç olub gedəcək, əməllərin isə uzun illər yaşayacaq. Şahlar, hökmdarlar, xaqanlar yığdıqları sərvəti rəiyyətlə bölüşməyi özlərinin mənəvi borcu hesab etməlidirlər:

Rostevan adil hökmdar, şah idi Ərəbistanda,
Rəhimdil, həm səxavətli – şöhrətli idi cahanda
Hökmündə saysız ləşkərlər-məşhurdu adı hər yanda,
Nitqindən dizə çökürdü ləfzi hal natiq olanda.
Behiştə qovaq yaraşır, şahlara dürlü səxavət,
Hətta xainlər istəyər olsun bolluq və bərəkət.
Yeyib-içdiyin halaldır, versən hamıya ziyafət,
Nəyi paylasan sənindir, bil, puçdur yığdığın sərvət.

Dost şairə görə uca məfhumdur. Poemanın qəhrəmanları Avtandil və Tariyel arasındakı dostluq mərhəm hiss və duyğular üzərində pərvəriş tapıb. Onların arasında olan ülfəti heç nə sındıra bilməz:

Dedi: “- Allah, sən şahidsən günahıma - olanlara,
Niyə dostdan ayrı saldın, taleyimi yazdın qara,
Ağlayıram öz yerimə - dost yerinə geyib qara
Öz canıma heyfim gəlməz, axsa qanım daş-divara”.

Rustaveli dühasından bal kimi süzülüb gələn sətirlər inci kimi düzülərək insan qəlbini ehtizaza gətirir. Təbiət və onun əsrarəngiz gözəlliklərinə poetik epitetlərlə elə naxışlar vurulur ki, uzun müddət onun ağuşundan çıxmaq olmur:

Yayın müjdəsi çatmışdı, yaşıla bürünmüşdü hər yan,
Qızılgül açmaq vaxtıydı, qönçələr sorurdu mehman.
Günəş Sərəfən bürcünə keçirdi qismət dalınca,
Köksünü ötürdü igid, gülləri gördüyü zaman.

Buludlar fəqan qoparıb yağdırdı büllur şehləri,
Qızılgülləri opüşə qərq etdi gül tək ləbləri.
Dedi – çıxdınız qarşıma, yadıma saldım dilləri,
Sizinlə şirin söhbətim, bal etdi şirin gözəli.

Poemada şair tez-tez insanla təbiəti və səma cisimlərini üz-üzə qoyur, onlar arasında qarşılıqlı rabitə və əlaqə yaradır. Günəş, ay, ulduzlar, qızılgül, nərgiz, çeşmələr, bulaqlar vasitəsi ilə şair öz daxili xilqətini tam açaraq, poetik incilərə çevirir:

Avtandilə sağ ol dedi, çox bəyəndim dediklərin,
- Sənə necə tərif deyim, bu işidir müdriklərin
Bulaq kimi su içirtdim güllərinə çöl-düzlərin,
Yaş selini qurutdun sən ağlar qalan nərgizlərin.

Qarşısında göz yaşından göl dururdu hər bir zaman,
Qanlı gölü bürüyürdü hər tərəfdən qara müjgan
Böyük gölün qarşısına axıdırdı qara mərcan,
Bərq vururdu ağ incilər, dodaqların arasından.

Dərdli aşiq hönkürərək cüt çevmədən süzdü qan-yaş,
Müjdanları ala döndü gözlərindən axan qandan.
Sərv bədəni suvarırdi, o tökdüyü axan leysan:
-“Səni gördüm, dərdim yoxdur, vüsal gördüm uca Haqdan”!

Şairə görə, əhd-peyman, mərdlik, dürüstlük ən yüksək keyfiyyətdir. Anda naxələf çıxmaq ölümdən betərdir:

Dedim: - “Əgər naxələfəm mən verdiyim ülvi anda,
Haqqın boğsun qəzəbində, qənim olsun bu Quran da,
Özgə kimsə Günəş üzlü Sərvim olmaz bunu anla,
Nizəm deşsə ürəyimi, qalarammı bu cahanda”?

Dünya ədəbiyyatının azman əsərlərindən biri olan “Pələng dərisi geymiş cəngavər” poemasını bir yazı ilə bütün rakurslardan təhlil etmək fikrindən uzağam. Bu ölməz əsər doqquz əsrdir ki, bütün yer üzünü gəzib dolaşır. Lakin nə hərarətini, nə də rayihəsini itirmir.
Çünki kainatın əşrəfi olan insanı mənəvi saflığa və paklığa aparan yol bitib-tükənməyən bir yoldur, əbədiyyət qanunudur. Bu qanun bəşəriyyəti məhvərindən çıxmağa qoymayan, onu məhv olmaqdan hifz edən yeganə yoldur. Əsrlər keçəcək, nəsillər dəyişəcək Şota Rustavelinin ölməz və işıqlı dühası bu yolun üzərində bərq vurub yanacaqdır.

 

Zülfi İLYASOV,
“İqtisadiyyat” qazetinin bölgə müxbiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü