MƏQALƏLƏR

“İqtisadiyyat” qəzeti: “Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin Azərbaycan iqtisadiyyatına inteqrasiyası: konseptual baxış”

  • 18.02.2021

İşğaldan azad olunmuş Qarabağ torpağında həyatın, iqtisadiyyatın yenidən qurulmasında əsas hədəf problemə vahid konsepsiya əsasında yanaşılmasıdır. Kəndlərin, şəhərlərin bərpasından tutmuş, idarəetməyə qədər bütün məsələlər elə həll olunmalıdır ki, sonradan nəyisə dəyişmək zərurəti yaranmasın. Bu məqsədlə respublikanın tanınmış iqtisadçı alimləri Azərbaycan Respublikası Odlar Yurdu Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının təşkilatçılığı ilə keçirilən “Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin Azərbaycan iqtisadiyyatına inteqrasiyası: konseptual baxış” mövzusunda onlayn formatda respublika elmi-praktik konfransında bu və digər mühüm məsələləri müzakirə etdilər.
Konfransı giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru f-r.e d, professor Əhməd Vəliyev ilk növbədə konfrans iştirakçılarını salamlamış, xalqımızın Vətən müharibəsində qazandığı böyük qələbə münasibətilə bütün konfrans iştirakçılarını təbrik etmiş, bu tədbirdə səsləndiriləcək ideyaların yaxın gələcəkdə işğaldan azad olunmuş torpaqlarımızda həyatın, iqtisadiyyatın yenidən qurulmasına öz töhfəsini verəcəyini əminliklə vurğulamışdır.
Plenar iclasın moderatoru, i.e.d., professor Elşad Məmmədov konfransın keçirilməsinin əhəmiyyətindən danışaraq demişdir ki, əsas məqsəd işğaldan azad olunmuş bölgələrin və ümumilikdə milli iqtisadiyyatımızın dayanıqlı və davamlı inkişfının təmin olunması üçün elm ictimaiyyətinin bir konseptual baxışının ortaya qoyulmasıdır. “İnanırıq ki, ölkənin aidiyyatı icra strukturları və qanunverici orqanları öz qərarlarında həm işğaldan azad olunmuş ərazilərdə, həm də bütünlüklə ölkədə iqtisadiyyatın inkişafında bizim hazırladığımız təklif və tövsiyələrdən istifadə edə biləcəklər”, - deyə o qeyd etmişdir.
Konfransda çıxış edən akademik, millət vəkili, Azərbaycan İqtisadçılar İttifaqının sədri akademik Ziyad Səmədzadə Qarabağ məkanında sosial-iqtisadi inkişaf istiqamətlərindən danışmış, qeyd etmişdir ki, bu ərazilərin zəngin torpaq fondu, təbii sərvətləri, əlverişli iqlim şəraiti, təbii resursları, əmək ehtiyatları burada iqtisadiyyatın bir çox sahələrinin inkişafı üçün potensial imkanlar açır. Bu ərazilərdə ənənəvi enerji sahələrinin bərpa edilməsi və yenidən qurulması ilə yanaşı, alternativ enerji mənbələrindən də (külək, günəş) istifadə imkanları genişdir. Mütəxəssislərin hesablamalarına görə, yaxın 10 ildə yaşıl enerjidən istifadə ümumi enerjidən istifadənin 30-40%-ni təşkil edə bilər. Bu ərazilərdə iqtisadiyyatın bərpasına diqqətlə yanaşılmalı, yenidən qurulma zamanı hər bir bölgənin profili nəzərə alınmalı, buna uyğun ixtisaslaşma aparılmalıdır. Həmçinin əmək ehtiyatlarından səmərəli istifadə və məşğulluğu təmin etmək üçün əməktutumlu sahələrin yaradılması da nəzərdən qaçmamalıdır.
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, akademik Qərib Məmmədov rəhbərlik etdiyi qurum tərəfindən işğaldan azad olunmuş ərazilərin torpaq və onun ekoloji qiymətləndirilməsinin interaktiv xəritələrinin tərtib edildiyini bildirmişdir. O, qeyd etmişdir ki, işğaldan əvvəl münbit, məhsuldar torpaq fonduna malik olan bu ərazilərdə erməni işğalçılar ekoloji terror törətmiş, meşələri, nadir ağacları yandırmış, su hövzələrini çirkləndirmiş, su anbarlarını blokada edərək, bir çox sahələrdə torpaqları susuz qoymuşdur. Bütün bu vandalizmin torpaqların gələcək məhsuldarlığına təsirlərini aradan qaldırmaq üçün zərər qiymətləndirilməli, müvafiq tədbirlər görülməlidir.
“Ümumilikdə azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması çox çətin və çox maliyyətutumlu işdir”. Bu sözləri AMEA-nın iqtisadiyyat İnstitutunun Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev işğaldan azad edilmiş ərazilərin bərpa mərhələləri və xərclərin optimallaşdırılması məsələlərini şərh edərkən bildirmişdir. O, qeyd etmişdir ki, şəhər, kənd, qəsəbələrin yeri və memarlıq üslubu diqqətlə müəyyən edilməlidir ki, həm sakinlərin yerləşdirilməsi, həm də görünüş baxımından millilik və müasirliyin vəhdəti qoruna bilinsin. Eləcə də məskunlaşma məsələləri ilə bağlı xüsusi planlaşdırma tərtib edilməli, yaşayış, infrastrukturun qurulması üçün daha əlverişli ərazilərin seçimi məqsədəuyğun hesab edilməlidir.
Azərbaycan Respublikası Auditorlar palatasının sədri, i.e.d., professor Vahid Novruzov işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi prosesinda şəffaflığın təmin edilməsi məsələlərinə toxunmuşdur. O qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli Fərmanına əsasən yaradılmış “Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə abadlıq-quruculuq və təmir-bərpa işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədi daşıyır. Azad olunmuş ərazilərə yerli və xarici investisiyaların cəlb edilməsi, ən optimal yol və vəsaitlərdən səmərəli istifadə ilə ərazilərin bərpasına nail olunması qarşıda duran məsuliyyətli vəzifələrdən biri hesab olunmalıdır.
UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, i.e.d., professor Məhiş Əhmədov işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf strategiyasının xüsusiyyətlərini qeyd edərkən demişdir ki, dövlət başçısının vurğuladığı kimi, bu ərazilərdə kənd təsərrüfatı, onun emal sahələrinin və əsasən turizm potensialının mövcudluğunu nəzərə almaq əsas prioritet məsələdir. Bu sahələrin yenidən qurulması üçün potensial imkanlar kifayət qədər var. Qarşıda duran bərpa və quruculuq işləri hər birimizin üzərinə mühüm vəzifə və məsuliyyət qoyur.
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, i.e.d., professor Məhəbbət Məmmədov işğaldan azad edilmiş ərazilərin postkonflikt dövründə bərpa və inkişafının təşkilatı və idarəetmə mexanizmlərindən danışaraq qeyd etmişdir ki, bu məsələlərin həllində dünya ölkələrinin təcrübəsindən də yararlanmaq faydalı ola bilər. İqtisadiyyatın təşkili və idarəedilməsi proseslərində münaqişə problemi yaşamış bir sıra ölkələrin təcrübəsinin nəzərə alınması məqsədəuyğundur.
Bakı Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdir əvəzi, i.e.d., professor, Vahid Abbasov işğaldan azad edilmiş ərazilərdə aqrar sahənin inkişaf prioritetlərindən danışaraq qeyd etmişdir ki, burada kənd təsərrüfatının inkişaf etdirilməsi üçün perspektiv imkanlar mövcuddur. Ərazinin təbii xüsusiyyətləri və coğrafi quruluşu əvvəllər olduğu kimi, gələcəkdə də kənd təsərrüfatının ixtisaslaşmasını tələb edir. Kənd təsərrüfatının bir sıra sahələrinin - üzümçülük, taxılçılıq, pambıqçılıq, baramaçılığın, eləcə də heyvandarlığın əvvəlki inkişaf ənənələrini gələcəkdə də davam etdirmək buraya həyatın qayıdışına bilavasitə kömək edəcək.
“İqtisadiyyat” qəzetinin baş redaktoru, i.f.d. Aytən Səmədzadə işğaldan azad edilmiş ərazilərdə ərzaq təhlükəsizliyiynin təmin edilməsində təbii inkişaf amillərinin rolundan danışaraq qeyd etmişdir ki, bu ərazilər mürəkkəb dağ relyefinə malik olub, təbii otlaqlar, yaylaqlar, örüş sahələri ilə zəngindir. İşğaldan əvvəlki dövrlərdə aparılmış hesablamalar burada əkinçilik və heyvandarlığın inkişafı üçün böyük potensial imkanların olduğunu göstərirdı. İnanırıq ki, 30 ilə yaxın müddətdə dağıdılmış təsərrüfatların bərpası, yenidən qurulması, bu regionda aqrar sahənin inkişafı ölkəmizin ərzaq balansını müsbət dinamika üzrə dəyişəcək, ərzaq təhlükəsizliyi dayaqlarını daha da möhkəmləndirəcək.
Konfrans öz işini bölmələrdə davam etdirmişdir.


“İqtisadiyyat” qəzeti