MƏQALƏLƏR

Zülfü İLYASOV: Azərbaycan beynəlxalq nəqliyyat-logistik mərkəzə çevriləcək

  • 04.03.2021

Hər bir ölkənin iqtisadi gücünün və siyasi çəkisinin artmasında bir çox digər amillərlə yanaşı, nəqliyyat-logistika məsələləri də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Avropanın və Asiyanın qovuşduğu məkanda yerləşir. Məhz bu cür əlverişli məkanda yerləşməsi yüklərin və əmtəələrin daşınmasında ölkəmizə böyük üstünlüklər qazandırır. Son illər aparılan düzgün və praqmatik siyasət Azərbaycanın bu sahədə mövqelərinin möhkəmlənməsinə gətirib çıxarmışdır. Azərbaycan beynəlxalq logistik mərkəzə çevrilir və bu istiqamətdə işlər genişləndirilir Bu gün Azərbaycanda region və dünya üçün vacib olan bir sıra transmilli layihələr icra olunur. Bunlardan biri də “Şimal-Cənub nəqliyyat dəhlizi”dir. Bu, Asiyanı Azərbaycan və Rusiya vasitəsilə Avropaya birləşdirən mühüm marşrutdur. Layihənin icrası Asiyanın bir çox ölkələrinin Avropa ilə ticarət əlaqələrini həm genişləndirəcək və həm də sürətləndirəcək. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu layihənin təşəbbüskarı eləcə də qəbul edilən qərarların əsas icraçısı Azərbaycan Respublikasıdır. Prezident İlham Əliyev Avropa İnkişaf Bankının (AİB) rəhbəri ilə keçirilən videokonfransla onların diqqətini “Şimal-Cənub nəqliyyat dəhlizi”nin əhəmiyyətinə cəlb edərək demişdir: “Azərbaycan bu dəhlizə artıq böyük həcmdə sərmayə yönəltmişdir. Onun çox böyük potensialı var. Biz artıq şimaldan – Rusiyadan daxil olan, Azərbaycan ərazisindən keçən qərb və cənub istiqamətində yükləri qəbul edirik. Lakin İranla sərhəddən Rusiya ilə sərhəddə qədər dəmir yolu xətlərinin vəziyyəti yaxşı deyil. Buna görə də qatarların sürətini artırmaq üçün indi artıq bəzi vəsaiti sərmayə olaraq yatırmışıq və biz bunu etməyi planlaşdırırıq». Daha sonra prezident vurğulamışdır ki, bu gün artıq bizim Rusiya ilə sərhədlərimizdə tıxac var. Çünki Azərbaycandan, həm də İrandan artan ixrac malların artıq yük maşınları ilə gətirilməsini mümkünsüz edir. Buna görə də bizə “Şimal-Cənub dəhlizi”nin bir hissəsi olaraq, müasir dəmir yolu sistemi lazımdır. Gələcək kommunikasiya prosesində ola bilsin digər çağırışlar ortaya çıxsın. Həmin məsələlər də vaxtında və çevik şəkildə həll olunacaqdır. Bugünədək Asiya İnkişaf Bankı (AİB) ilə ölkəmiz arasında mövcud olan əməkdaşlıq deməyə əsas verir ki, “Şimal-Cənub nəqliyyat dəhlizi”nin maliyyələşdirilməsində də AİB yaxından iştirak edəcək. Çünki həmin bankın ölkəmizə olan marağı və etimadı böyükdür. Bir daha qeyd edək ki, ölkəmizdə icra edilən bu kimi nəhəng infrastruktur layihələri beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Həmin qurumlar dəfələrlə Azərbaycanda görülən işlərin təkcə ölkəmiz üçün deyil, dünya üçün də böyük əhəmiyyət daşıdığını bildiriblər. Azərbaycanda icra edilən layihələr sayəsində ölkəmiz dünyada nühüm nəqliyyat dəhlizləri – Şərq-Qərb, Şimal-Cənub marşrutlar üzrə önəmli qovşağa çevrilib. İndi bu istiqamətdəgedən bütün yollar Azərbaycanda birləşir. “Şərq-Qərb nəqliyyat dəhlizi”nin yaradılması istiqamətində dövlətimiz tərəfindən vaxtında atılan addımlar öz bəhrəsini verir. Belə ki, ötən il həmin nəqliyyat dəhlizi üzərindən yük daşınması artıb. Çünki Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi bu dəhlizə geniş imkanlar yaradır. Ən başlıcası isə Azərbaycandan keçən həmin dəhliz üzərindən yüklərin təkcə şərq istiqamətindən deyil, eyni zamanda, Rusiya üzərindən Türkiyə və Avropaya daşınması müşahidə edilir. Bir sözlə, “Şərq-Qərb nəqliyyat dəhlizi” ilə yanaşı, “Şimal-Cənub nəqliyyat dəhlizi”nin də işlək əmsalı ildən-ilə yüksəlir. Tükmənistan, Əfqanistan və digər ölkələrin də Azərbaycandan keçən nəqliyyat dəhlizindən istifadə etməsi, həm daşınmasının həcmini, həm də bu marşrutun iqtisadi və siyasi əhəmiyyətini artıracaq. Bu da ölkəmizin iqtisadi inkişafına və beynəlxalq aləmdə nüfuzunun artırılmasına yeni imkanlar açacaq. Türkmənistan və Azərbaycan bu gün Əfqanistan, Gürcüstan, Türkiyə tərəfdaşları ilə birlikdə Asiya və Avropa arasında ən mühüm kontinental marşrutlara çevrilməli olan Lapis-Lazuli nəqliyyat dəhlizinin səmərəli işləməsi üzərində iş aparır. Türkmənistan və Azərbaycan həm də Xəzər dənizi – Qara dəniz nəqliyyat yolu sisteminin yaradılmasının təşəbbüskarlarından biridir.
Məlum olduğu kimi, bu ilin yanvar ayının 21-də Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və istismarı barədə Anlaşma Memorandumu imzalanmışdır. Bu yatağın birgə işlənməsi hər iki ölkə arasında yeni iqtisadi əlaqələrin yaranmasına imkan verəcəkdir. Bu dəhliz təkcə iki ölkəyə deyil, bütün regiona iqtisadi fayda gətirəcəkdir. Prezident İlham Əliyev nəqliyyat və logistika sektorunda həyata keçirilən layihələrin əhəmiyyətindən danışarkən demişdir: “Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsinin imkanlarını artıran müasir beynəlxalq dəniz limanları yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Əminəm ki, ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim rayonda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq. Düşünürəm ki, bu, bizim bütün tərəfdaşlarımız və qonşularımız üçün əlavə imkanlar yaradacaq”. Dövlət başçısı, həmçinin qeyd etmişdir ki, Türkmənistanla nəqliyyat-logistika sahəsində əməkdaşlıq təkcə iki ölkəyə deyil, regiona, hətta regiondan uzaqda - Avrasiya məkanında yerləşən bütün ölkələrə yeni imkanlar açır. Cənab Prezident İlham Əliyev, eyni zamanda, Türkmənistanın nəqliyyat-logistika sahəsində həyata keçirdiyi investisiya siyasətini yüksək qiymətləndirmişdir. Belə ki, Lapis-Lazuli Türkmənistanın yaratdığı investisiya sayəsində reallaşıb. Bunun nəticəsində Əfqanıstandan yüklərin Türkmənistana, Azərbaycana və digər ölkələrə çatdırılmasına imkan verən dəmir yolu layihəsinin reallaşması Türkmənistanın ayırdığı investisiya ilə həyata keçirilib. Bununla yanaşı, ölkəmizin təşəbbüsü ilə regionda bir sıra üçtərəfli tranzit layihələri gerçəkləşdirilir. Hazırda Azərbaycan, Türkmənistan və Türkiyə, həmçinin Azərbaycan, Türkmənistan və Əfqanıstan arasında üçtərəfli əməkdaşlıq formatı mövcuddur. Bu növ əməkdaşlıq region ölkələri arasında yük dövriyyəsinin həcminin ildən-ilə artmasını şərtləndirir.
İşğaldan azad olmuş ərazilərimizdə yeni nəqliyyat-logistika əməkdaşlıq formatının yaradılması respublikamızın bu sahədə önəmini daha da artıracaq. Altılıq formatda əməkdaşlıq nəzərdə tutulan bu layihədə işğalçı Ermənistanın yer alması ən çox onun özünə yarayacaq. İllərlə apardığı işğalçı siyasət nəticəsində blokada şəraitində yaşayan bu ölkənin “qəfəsdən” çıxması üçün Azərbaycanla əməkdaşlıq etməsi ən yaxşı fürsətdir. Qalan region ölkələri – Türkiyə, İran, Rusiya, Gürcüstan ilə yeni əməkdaşlıq formatına keçidlə bağlı heç bir problem yoxdur. Hazırda Naxçıvana dəhlizin açılması ilə bağlı üç dövlətin – Rusiya, Azərbaycan və Ermənistanın baş naziri müavinləri səviyyəsində işçi qrup fəaliyyət göstərir. Türkiyə və Azərbaycan arasında bu yaxınlarda energetika, mədən sənayesi və digər sahələr üzrə 11 bənddən ibarət əməkdaşlıq sazişi imzalandı. Yeni imzalanan sənədlərlə qardaş ölkə ilə münasibətləriniz bütün sahələrdə mükəmməl formaya qalxacaq, strateji əməkdaşlıq çərçivəsində nəqliyyat-logistika sahəsində də ciddi irəliləyişlər əldə olunacaq. Yuxarıda da deyildiyi kimi, Azərbaycan artıq beynəlxalq logistik mərkəzə çevrilib. Zaman keçdikcə bu zəncirə daxil olan dövlətlərin sayı artacaq, həmin ölkələrin xalqları sülh və barışın yaşandığı bir rifah məkanına qovuşmaqdan böyük məmnunluq duyacaqlar.

Zülfü İLYASOV,
bölgə müxbiri