MƏQALƏLƏR

Azərbaycan ekoloji təsirinə görə krizis dövrü yaşayan qlobal avtomobil sənayesinin yenidən dirçəlişi üçün öz qəti sözünü deməyə qadirdir

  • 11.03.2021

Məlumdur ki, qlobal avtomobil sənayesi hava çirkliliyi və qlobal iqlim dəyişiklikləri problemləri ilə əlaqədər çox ağır krizis dövrü yaşamaqdadır. 2015-ci ilin dekabrında Paris şəhərində 195 ölkə nümayəndələrinin qəbul etdikləri ilk qlobal və qanuni olaraq məcburi olan Qlobal İqlim Sazişinə imza atıldı. 21-ci əsrin ilk böyük çoxtərəfli müqaviləsi olan Sazişdə hökumətlər tərəfindən qlobal istiliyin orta səviyyəsinin 2 dərəcədən aşağı səviyyədə qalması və artımın 1,5 dərəcəyə qədər məhdudlaşdırılması, iqlim dəyişikliyinin risk və təsirlərinin əhəmiyyətli dərəcədə azaldılması barədə uzun müddəti əhatə edəcək qərar qəbul edilmişdir. Sazişdə ətraf mühitin çirklənməsinin pik həddə çatmaması üçün ən uyğun texnologiyaları ən qısa müddətdə tətbiq edərək, tullantıların vaxt itirmədən azaldılması tələb edilir.
Müasir dövrdə ətraf mühitin həddindən artıq çirklənməsi və yer kürəsi temperaturunun günü-gündən yüksəlməsi ilə bağlı meydana çıxan problemlər, dünya enerji istehsalı payında 90%-dən çox yeri olan neftdən istehsal edilən karbohidrogen tərkibli (CxHx) yanacaqların yerüstü, dəniz və hava nəqliyyatının, traktorların və iş maşınlarının daxili yanma mühərriklərində, qaz turbinlərində və təbii qazla işləyən elektrik stansiyalarında tətbiq edilən mövcud yanma metodunun təkmilləşdirilməsini tələb edir. Bu güc qurğularında tətbiq edilən mövcud yanma mexanizminin xüsusiyyəti, yanmadan öncə yanacaqla havanın bir-birinə mümkün olduqca homogen (bircinsli) qarışdırılmasına üstünlüyün verilməsidir. Homogen yanacaq-hava qarışığının həm benzin, həm də dizel mühərriklərində tətbiq olunma şərtinin bünövrəsi zəncirvari yanma reaksiyaları mexanizminin kəşfinə görə Nobel mükafatına layiq görülmüş akademik N.Semyonovun hal-hazırda adını daşıyan Rusiya EA Kimyəvi Fizika İnstitutu (İXF) tərəfindən qoyulmuşdur. Təxminən 70-75 il əvvəl SSRİ Elmlər Akademiyası ilə Dövlət Elm Texnika Komitəsinin hökumət qarşısında əsaslandırılmış təklifləri ilə dünyada ilk dəfə olaraq Elmi Kəşflərin qeydiyyatını aparmaqla müəllif hüquqlarının qorunmasına qərar verilmişdir. SSRİ-nin süqutuna qədər 375 ədəd elmi kəşflər qeydiyyata alınmışdır. Bunların arasında İXF əməkdaşı, t.e.d. L.A.Qussak tərəfindən "Лавинная активация горения", qısaca olaraq “LAQ-Proses” adlandırılan elmi kəşf №142 ilə 1952-ci ildə qeydiyyata alınmışdır. Bu kəşfə görə mühərrikin silindrinə daxil olan hava və yanacağın bir-biri ilə mümkün qədər homogen qarışdırılması vacib olmaqla, ancaq elektrik şamının ətrafında həcmi yanma kamerasının həcminin 2-3%-indən çox olmayan kiçik bir əlavə kamerada (forkamerada) təxmini 50% havası olan zəngin qarışığın yer alması əsas şərt olaraq qəbul edilmişdir. Zəngin qarışığın şamla yandırılması ilə əmələ gələn kimyəvi aktiv natamam yanma məhsulları – atom və radikallardan ibarət olan forkamera məşəli yanma kamerasındakı kasıb homogen hava-yanacaq qarışığının alışdırılmasına imkan verir. Bununla da benzin mühərriklərinin də dizellər kimi kasıb tərkibli qarışıqla işləməsi təmin edilərək, yanacaq qənaətliliyinin artırılması və o zaman ən ziyanlı işlənmiş qaz sayılan dəm qazının (CO) minimuma qədər azaldılması mümkün olmuşdur.
Keçən əsrin 70-ci illərindən başlayaraq ZİL və QAZ markalı benzinlə çalışan yük və minik avtomobillərinin yanacaq sərfini azaltmaq məqsədi ilə “LAQ-Proses”dən istifadə etmək üçün Sovet dövlətinin qərarı ilə müxtəlif layihələr həyata keçirilmiş, lakin bu çalışmalarla istənilən nəticələri əldə etmək mümkün olmamışdır. Bunun əsas səbəblərdən biri kiçik həcmli forkameranı zəngin qarışıqla stabil təmin etməyin çətin olması, ikinci əsas səbəbi isə ana yanma kamerasında yanacaqla havanın bir-birinə homogen qarışdırılmasının tələb olunmasıdır.
1964-cü ildə namizədlik, 1981-ci ildə isə doktorluq dissertasiyalarımın mövzusuna uyğun olaraq mühərriklərdə bu kəşfin tətbiqinə həsr edilən bir çox dərin elmi tədqiqat araşdırmalarımı başa çatdırmaqla “LAQ-Proses” yanma mexanizminin müsbət və mənfi cəhətlərini aşkar etməyə imkanım olmuşdur. Namizədlik dissertasiyamda ilk ixtiram olaraq kiçik həcmli forkameranı zəngin qarışıqla təmin etməyin sadə bir yolu kəşf edilmişdir. Bu haqda Moskvada nəşr edilən "Автомобильная промышленность" jurnalında müəllimim N.Kərimovla birlikdə dərc etdirdiyimiz məqalədə verilən informatik biliklər əvvəlcə Qorki Avtomobil Zavodunun (QAZ), sonra isə İXF institutunun diqqətini çəkmişdi, onlar Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) “Daxili yanma mühərrikləri” kafedrasını ziyarət edib bizimlə təsərrüfat müqavilələri əsasında ortaq elmi tədqiqat işlərinin aparılmasına razılıq vermişdilər. Bununla da dünyada ilk dəfə “Güc qurğularında yanma və partlamanın nəzəri əsaslarını” yaradan Nobel mükafatlı N.Semyonov, iki dəfə sosialist əməyi qəhrəmanı, azot oksidlərinin (NOx) yaranma mexanizmini kəşf etmiş akademik Y.Zeldoviç, akademiklər Q.Barenblatt və V.Libroviç, professorlar V.Karpov və S.Voinov kimi dünya şöhrətli alimlərin əhatəsi və qayğıkeşliyi ilə, eləcə də L.A.Qussakın Moskvada, İXF-dəki laboratoriyasındadərin elmi-tədqiqat işləri yerinə yetirmək fürsətim oldu. Bu çalışmalarla aşkar edə bildik ki, “LAQ-Proses”də iddia edildiyi kimi, yanma kamerasında yanacaqla havanın bir-birinə homogen qarışdırılması əvəzinə kameranın tam həcmində yer alan havanın təxminən yarısı daxil olmuş yanacağın hamısı ilə qarışdırılaraq zəngin qarışıq yaradılmalı, havanın qalan 50%-i isə yanma başlayanadək yanacaqla əsasən qarışdırılmamış qalmalıdır. Bu halda yanma prosesi iki mərhələdə cərəyan edir: ilk mərhələdə zəngin tərkibli qarışığın yanması nəticəsində tam yanma məhsulları (CO2, H2O) ilə yanaşı, natamam yanma məhsulları da (CO və H2) yaranır. Bu məhsullar ikinci mərhələdə hava ilə qarışaraq yanma prosesini sürətlə davam etdirir. Bu yolla gerçəkləşdirilən yanma prosesi yanma sürəti və təzyiqinin 12-15% artmasına səbəb olur. Eyni zamanda, yanacaqdan ayrılan istiliyin miqdarı 96-98% səviyəsinədək yüksəlməklə birlikdə (homogen qarışıq yandıqda 88-92%-dən çox olmur) ziyanlı qaz emissiyası, xüsusi olaraq azot oksidlərin (NOx) yaranma miqdarı minimum həddə olur.
İXF-də əldə etdiyimiz yeni tədqiqat bilgiləri əsasında ilk ixtiramız bir qədər genişləndirilərək, Sovet Elm-Texnika Komitəsinin qərarı ilə ABŞ (№3.682.146, №4.250.852), İngiltərə (№1.336.797, №1.546.932), Fransa (№71.08933, №76.22531), Yaponiya (№49-41207, №56-36285), İtaliya (№ 922.963, № 1.070.974) və Almaniyada (№2.109.775, №1.631.762) AzPİ, İXF və QAZ-ın adından patentləşdirildi. Patentlər elan olunar-olunmaz, bu əqli mülkiyyəti satın almaq üçün ABŞ avtomobil nəhəngi FORD və Avstriyanın AVL şirkətləri qapımıza qədər gəldilər.
Bu ixtiramızla bağlı daha dərin elmi bilgilər əldə etmək məqsədilə Sovet ETK-nin qərarı ilə Varşavaya - Polşa Elmlər Akademiyası ilə Varşava Texniki Universitetinin nəzdində fəaliyət göstərən ”Termodinamika və Yanma” ET İnstitutuna elmi ezamiyyətə göndərildim. Burada mənə göstərilən səmimi əməkdaşlıq şəraitində yanma kamerasının müxtəlif fiziki modelləri ("bomba"), müasir həssas təzyiq sensorları ve osiloskop, alovun yayılmasını göstərən Şileren – sürətli fotoqraf cihazı və s. istifadə olunaraq İXF-də aldığım nəticələri təsdiq etmək üçün ətraflı araşdırma imkanım oldu. Bu tədqiqatlarla zəngin qarışığın kamerada yer aldığı həcm nisbətinin, başqa sözlə, qarışığın təbəqələşdirilmə dərəcəsinin yanma sürəti və təzyiqinin dəyişməsinə, çirkləndirici və ziyanlı qaz tullantılarının yaranmasına təsirini müəyyənləşdirə biləcək bir sıra təcrübələr apararaq, təbəqələşdirilmiş yanıcı qarışığın yanma mexanizminin elmi əsaslarını ortaya çıxara bildim.
1981-ci ildə Leninqrad Texniki Universitetində ittifaqın yalnız “İstilik mühərrikləri” mövzusunda texnika elmləri doktoru elmi dərəcəsi verən Elmi Şurasında yeni yanma mexanizminin elmi əsaslarını və QAZ-da istehsal edilmiş ilk prototip mühərrikin test nəticələrini elə L.A.Qussakın iştirakı ilə 2-yə qarşı 19 səslə müdafiə etdim. Bununla da mühərrikin yanma odasında homogen yanacaq-hava qarışığının yerinə təbəqələşdirilmiş qarışıqdan istifadə etməyin həm yüksək performans və yanacaq qənaətliliyi əldə etmək üçün, həm dəekoloji çirklənməyə səbəb olan ziyanlı qazların emissiyasının azaldılması üçün daha təsirli olduğu təsdiqlənmiş oldu. Akademik Y.B.Zeldoviç mənə bağışladığı kitabında elmi nəticələrimizi bu sözlərlə dəyərləndirmişdir: “Рафику Исрафиловичу с любовью и уважением! У докторов наук подобные труды должны быть настольными. Подпись, 03.11.81”.
Məlum olduğu kimi, xalqımızın ümummilli lideri Heydər Əliyev Respublikamızda avtomobil sənayesinin yaradılması üçün uzun müddət mübarizə aparmış və Sovet İKP Siyasi Bürosunun qərarı ilə Gəncə Avtomobil Zavodunun qurulmasına nail olmuşdur. Bu dövrədək Gürcüstan (Kutaisi AZ) və Ermənistanda (ErAZ) avtomobil istehsal edən zavodların fəaliyət göstərməsinə baxmayaraq, dünyada ilk dəfə nəqliyyat vasitələri üçün motor yanacaqları istehsal edən Azərbaycanda, bu yanacaqlarla işləyən nəqliyyat vasitələri istehsal edən zavodların yaradılmasına imkan verilməmişdir. O zamankı Sovet Avtomobil Sənayesi Nazirinin birinci müavini Başıncakyanın guya Azərbaycanda avtomobil istehsalı üçün lazımı elmi-texniki və mühəndis kadrlarının olmadığı bəhanəsinə, AzTU “Daxili yanma mühərrikləri” kafedrası əməkdaşlarının yuxarıda qeyd edildiyi kimi, İXF və QAZ ilə birlikdə qazandığımız elmi-texniki nailiyyətləri və Sovet Dövlətinin avtomobil sənayesi ilə bağlı əldə edilmiş ilk və son patentləri cavab olaraq göstərilmişdir. Təəssüf ki, ixtiranın Amerika və Avropanın avtomobil sənayesi sektorlarında yer almaq imkanı da Başıncakyan tərəfindən “biz özümüz istehsal etməyə qadirik” iddiası ilə rədd edilmişdi. Məlum olduğu kimi, Sovet Dövlətinin süqutu ilə inşası bitməkdə olan Gəncə Avtomobil Zavodu fəaliyyətə başlaya bilməmiş və 1992-ci ildə 120 min ədəd avtomobil istehsalı proqramı yarı yolda qalmışdır.
Ulu Öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqtan sonra fürsətçilərin Respublikanın hər yerində qarışdırdığı həyatı normal axarına döndərmək üçün gərgin fəaliyyətə başladığı zaman mənə etimad göstərərək AzTU-ya rektor vəzifəsinə təyin etdi. Respublikamızın ağır dövründə məsuliyyətli vəzifə borcumu yerinə yetirməklə bərabər, avtomobil sənayesinin bərpası ilə əlaqədar yarı yolda qalmış çalışmalara başlamaq üçün fəaliyyətimi genişləndirməli oldum. İlk olaraq qonşularımız – qardaş Türkiyə ve İranın avtotraktor sənayesi firmaları ilə tanış olaraq bu firmalardan yararlanma imkanlarını araşdırdım. Bəlli oldu ki, xarici firma lisenziyaları əsasında fəaliyyətə başlamış Türkiyə və İran müəssisələrində istehsal edilən avtotraktorlar, müasir dövrün texniki səviyyəsindən çox geridə qalmış motor texnologiyasına sahibdir. Bu halda qazandığımız elmi nailiyyətləri qardaş ölkələrdə tətbiq etməyin lazım olduğunu vacib bilərək Türkiyədə İstanbul Texnik Universiteti (İTÜ) və Orta Doğu Texnik Universiteti (ODTÜ), sənaye mərkəzləri: FORD-OTOSAN və TOFAŞ, İranda Təbriz Texniki Universiteti, senaye mərkəzləri: Motor Sazan, Traktor Sazi, Meqa Motor firmalari ilə müştərək görüşlər, seminar və konfranslar keçirərək istehsalda olan mühərriklərin modernizasiyası ilə məşğul olmaq haqqında ortaq layihələr həyata keçirməyə başladıq. O zamankı Türkiyə Prezidenti möhtərəm Süleyman Dəmirəlin təklifi və dəstəyi ilə Qara Dəniz ölkələri universitetleri birliyi yaradıldı və AzTU da bu birliyin üzvü olaraq Sovet dönəmində VAZ (Tolyatti) zavodu ilə yarı yolda qalmış motor layihəmizi TOFAŞ və DAÇİA (Rumıniya) firmalarının istehsal etdikləri mühərriklərin təkmilləşdirilməsinə yönəldərək ortaq çalışmalara başladıq. Təəssüf hissi ilə bildirməliyəm ki, rektor olaraq qardaş ölkələrin universitet və sənaye mərkəzləri ilə ortaq elmi əməkdaşlıq əsasında yeni motor texnologiyası yaratmaq kimi işlərlə məşğul olmaq səlahiyyətli şəxslərin o qədər də xoşuna gəlmirmiş. Görünür bu şəxslər universitetin funksiyasına yad olan başqa fəaliyyətlərlə məşğul olmağımı istəyirlərmiş. Heç yadımdan çıxmaz; 1999-cu ilin sonuna yaxın Qara Dəniz ölkələri universitetleri birliyinin Rumıniyada keçirilmiş toplantısında iştirak etmək məqsədilə İstanbuldan Buxarestə uçmaq üçün hava limanına gedərkən Türkiyə səfirimiz mənə zəng edərək, Prezident Aparatının Humanitar Şöbəsinin tapşırığı ilə vaxt itirmədən Bakıya geri dönməyimin vacib olduğunu dedi. Mən də həmin an təyyarə reysimi dəyişərək Bakıya qayıtdım. İki-üç gündən sonra televiziyada olan axşam saat 20:00 xəbər buraxılışından öyrəndim ki, AzTU-ya rektor olaraq təəssüf ki, hələ professor rütbəsinə çatmamış bir əməkdaşımız təyin olunmuşdur. Ertəsi günü Humanitar Şöbə müdiri universitetə gələrək mənim və bütün prorektorlarımızın istefa ərizələrini yazdıraraq yeni rektoru kürsüsünə əyləşdirdi. Beləliklə də sərbəstlik qazanaraq ən sevdiyim işləri icra etmək üçün qollarımı daha geniş çırmalamalı oldum.
Türkiyə Respublikası Müdafiə Sənayesi Nazirliyi və İstanbul Texniki Universitetinin birgə dəvəti əsasında ulu öndərimizin “Bir millət, iki dövlət” və “Güclü Türkiyə güclü Azərbaycan deməkdir” ideyalarını rəhbər tutaraq (yeri gəlmişkən, möhtərəm Prezidentimiz İlham Əliyev sayəsində II Qarabağ müharibəsində qazanılmış möhtəşəm Qələbə ideya sahibinin nə qədər uzaqgörən olduğunu bir daha təsdiqlədi) 2001-ci ildən 20 il boyunca Türkiyədə fəaliyyət göstərərək, avtomobil ve motor sənayesi üçün yerli elmi texniki mütəxəssis və mühəndislərin hazırlanmasında, lisenziya vaxtı bitmiş xarici ölkə texnologiyalı avtotraktor motorlarının modernləşdirilməsi və yeni nəsil mühərriklərin yaradılması mövzularında bir çox dövlət dəstəkli elmi-tədqiqat layihələrini yerinə yetirmə fürsətim oldu. Elə möhtərəm Prezidentimiz İlham Əliyevin cəsarətli və əzmkar fəaliyyəti sayəsində Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi, müasir İpək Yolunun dəniz və dəmir yolu marşrutlarında çalışacaq lokomotiv və gəmilər üçün daha əlverişli və işlənmiş qazları az zərərli olan ağır dizel motorlarının modernləşdirilməsi ilə bağlı dövlət əhəmiyyətli layihələrin elmi tədqiqat işlərinə rəhbərlik etmək üçün fəaliyyətə başladım. Model və prototip çalışmalarımızla yeniliyi və faydası dünya səviyyəsində qəbul edilərək, 300-dən çox Avropa, Yaponiya və Amerikada dərc edilmiş məqalələr və 10 ədəd Türkiyə patentləri ilə qorunan bu layihələrin təəssüf ki, kütləvi istehsalı böyük investisiya tələb etdiyi üçün bir qədər gecikəcəkdir.


Türkiyədəki fəaliyyətimdə ən diqqətəlayiq işlərimdən biri İstanbul Texnik Univesiteti (İTU) ilə MOTOSAN firmasının dövlət dəstəkli layihəsinin icrası sayəsində 2005-ci ildə Türkiyədə bir ilk olaraq 100% yerli imkanlarla 3 silindrli, üstdən idarə olunan, 4 klapanlı qaz turbinli, ara soyuduculu, qaz emissiyası isə bu günün standart səviyyəsində olan yeni nəsil yerli dizel mühərrikini istehsal edə bildik. Bununla Türkiyədə nəinki avtotraktor motorları, hətta tank motoru belə istehsal etmək üçün lazımi elmi potensialın və bacarıqlı mühəndisləri olan yan sənayenin olduğunu diqqətə çatdıra bildik.
Türkiyədəki fəaliyətimin ikinci diqqətəlayiq nəticəsi isə İTU və TÜMOSAN firması ilə ortaq çalışmalarımız ilə dünyada bir ilk olaraq TÜMASAN traktorunun 100% maye qaz yanacağı LPG ilə də işləyə bilmə üsulunun - yeni üstün motor texnologiyasının sənayedə tətbiqi oldu. №:10738052.9, 2012-ci il Türkiyə Patenti ilə qorunan bu üsulun əsas fərqləndirici cəhəti porşen üzərindəki yanma kamerasının təxmini olaraq bir yarısında zəngin tərkibli yanıcı qarışığın, digər yarısında isə sadəcə havanın yer alması ilə yanma mexanizminin iki mərhələ şəklində cərəyan etməsi təmin edilir. 60-70 il əvvəl Moyrer (“M-Proses”) və Rikardo tərəfindən kəşf edilmiş motorlarda bənzər əlamətlər olduğu üçün bu üsula, eyni mövzuda diplom lahiyəsini icra edən İTU tələbələrimin təklifi ilə, mənə də hörmət əlaməti olaraq simvolik olaraq “MR-Proses” yanma mexanizmi adı verildi. Bu yanma mexanizmi ilə işləyən porşenli mühərriklərdə heç bir əlavə konstruktiv dəyişiklik aparmadan həm qığılcımla alışma - Otto prinsipi (benzin və qaz yanacaqlarından - CNG, LNG və LPG istifadə etməklə), həm də özü-özünə alışma - Dizel prinsipi ilə (dizel yanacağından istifadə etməklə) yüksək performans və yanacaq qənaətliliyi və çox az miqdarda ziyanlı qaz emissiyası ilə işləmə imkanı əldə edilir. Bu keyfiyyət daxili yanma mühərrikləri tarixində ilk dəfə əldə olunmuş nailiyyət sayılır.
Məlumdur ki, nisbətən ağır yanacaqlarla çalışan müasir dizel motorlarında da yanacaq-hava qarşığının homogen hala gətirilməsi vacib şərt hesab edilir. Bunun üçün BOSCH, SIEMENS və DELPHI kimi məşhur şirkətlər tərəfindən son 15-20 ildə istehsalı mənimsənilən Common Rail (Ortaq Yollu) elektron yanacaq püskürmə sistemi geniş istifadə olunur. Sistemin vacib üstünlükləri: yanacağı çox yüksək – hiper təzyiqlə (>1500 bar) püskürməklə mikrotoz (atomlaşdırma) halına gətirə bilmək qabiliyyəti, mühərrikin yük və sürət rejimlərindən asılı olaraq işçi parametrlərinə avtomatik nəzarət, yol şəraitinə uyğunlaşma, avtomatik diaqnostika və s. hesab edilir. Sistemin çox dəlikli (5, 8, hətta12 ədəd) injektorlarının köməyi ilə 1500-2500 bar təzyiqlə porşen üzərindəki “açıq” tipli yanma kamerası həcminə püskürülən yanacaq, mikrotoz halına gətirilərək sıxılmış hava ilə mümkün qədər homogen qarışdırılması təmin edilir. Bununla mühərrikin performans və yanacaq qənaətliyinin artırılması, işlənmiş qazlarla atmosferə atılan tüstü (qurum) dumanının xeyli azaldılması təmin edilirsə də, yanma zamanı yaranan azot oksidləri (NOx) miqdarı işlənmiş qaz emissiyası standartlarının tələb etdiyi müasir səviyyədən dəfələrlə yüksək olur. Bunun səbəbi odur ki, çox delikli injektordan yanacağın püskürmə təzyiqi artdıqca alışmanın gecikmə periodu ərzində mikrotoz halında yığılan yanacağın miqdarı da artaraq daha çox yanacağın anidən partlama xarakterli öz-özünə alışmasıdır. Nəticədə yanma təzyiqi yüksək sürətlə qalxaraq yanmış qazların temperaturunu yüksəldir və hava ilə silindirə sorulmuş azotun oksidləşmə reaksiyalarını Y.Zeldoviç nəzəriyyəsinə uyğun olaraq sürətləndirərək işlənmiş qazlarla atmosferə atılan NOx qazlarının miqdarını artırır. Bundan başqa, sürətlə yüksələn yanma (partlama) təzyiqi mühərrikin sərt səslə (gurultu) işləməsinə və porşen-şatun qrupu parçalarının tez yeyilib sıradan çıxmasına da səbəb olabilir.
Hal-hazırda Volskwagen, Peugeot, Renault, Nissan və s. dizel motorlu avtomobillərin azot oksidləri ilə (NOx) zəngin olan (normadan 10-20 dəfə çox) işlənmiş qazları zəhərli kimyəvi duman yaratdığı üçün istehsalları dayandırılmaq ərəfəsindədir. Bu firmaların hal-hazırda istehsal etdikləri benzinlə işləyən avtomobilləri də benzin sərfiyyatının və işlənmiş qazlarla atmosferə atılan karbon qazının (CO2) normadan çox olması ile seçilir. Ona görə də Avropanın Paris, London, Düsselldorf və s. kimi mərkəzi şəhərlərində dizel və benzinlə çalışan avtomobillərin istifadəsi tədricən dayandırılacaqdır. Hal-hazırda bu şəhərlərin küçələrində sadəcə Avro 6 standartına cavab verən avtomobillərin istifadəsinə icazə verilir.
Homogen yanacaq-hava qarışığının yanma mexanizminin qüsurlarını hələ 1981-ci ildə dünyaya bildirmiş olsaq da, özlərini daha inkişaf etmiş millət sayan və bu gün də qlobal avtomobil sənayesinin hegemonluğunu əlində tutan Avropalı mütəxəssislər hal-hazırda çıxış yolunu elektrikli avtomobillərin istehsalında görürlər, halbuki bu heç də asan və ziyansız texnologiya sayılmır. Hər şeydən əvvəl onu nəzərə almaq lazımdır ki, bu gün inkişaf etmiş ölkələrdə istehsal edilən elektrik stansiyalarının (su, istilik, atom və s.) birgə gücü daxili yanma mühərrikləri ilə işləyən yerüstü, dəniz nəqliyyat vasitələrinin, traktor və iş maşınlarının birgə gücündən 25-30 dəfə azdır, yəni sadəcə yerüstü nəqliyyat vasitələrini elektrikli avtomobillərlə əvəz etsək belə, kəskin elektrik çatışmazlığı ilə üzləşə bilərik. Digər tərəfdən, elektrik enerjisinin çoxu istilik və atom stansiyalarında hasil olunur ki, bunların da ətraf mühitə ziyanlı təsiri heç də mühərriklərinkindən az deyildir. Bundan başqa,ən güclü qələvi metal olanlityum, alininyum və kompozit kimi çətin istehsal edilən materiallardan hazırlanan akkumulyator batareyalarının istismar müddəti bitdikdən sonra təkrar emalı mümkün olmadığı üçün, tullantı qalıqlarının isə atom elektrik stansiyalarının atılacaq qalıqlarından da ziyanlı olduğu üçün yaşayış yerlərindən çox-çox uzaq yerlərdə basdırmaq lazım gəlir. Elə bu batareyaların istehsalı zamanı ətraf mühitə atılan karbon qazının miqdarı (CO2) daxili yanma mühəriklərinin istehsalı zamanı meydana çıxan CO2`dən 50-60% daha çox olur.
Dünya enerji istehsalında 90-95% payı olan daxili yanma mühərriklərinin (DYM) 160 il bundan əvvəl kəşf olunmasına baxmayaraq, faydalı iş əmsalına görə hal-hazırda onu əvəz edə biləcək başqa bir güc qurğusunu tapmaq mümkün deyildir. Burada görkəmli Rus alimi Sannikovun 2012-ci ildə nəşr etdirdiyi bir məqaləsindəki epiqrafı yada salmaq yerinə düşərdi: “Пророчество о скором конце эры двигателей внутреннего сгорания, ничем не отличается от предсказаний о скором конце света”.
60 ildən artıq bir zaman ərzində sadəcə DYM sahəsində apardığımız elmi araşdırmalar, 35-dən artıq qeydiyyatı aparılmış elmi-texniki ixtiralar, müxtəlif ölçülü və konstruksiyalı mövcud həm benzin, həm də dizel mühərriklərinin təkmilləşdirilməsi və A-dan Z-yə qədər yeni mühərrikin layihələndirilməsi, prototip olaraq istehsal edilib sənayedə tətbiqi üçün müxtəlif testlərin aparılması nəticəsində qazanılmış təcrübə qlobal avtomobil sənaye sektorunu bu gün çaş-baş etmiş ekoloji problemləri həll etməyə tam imkan verir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin Respublikamızın qeyri-neft sektorunun davamlı və rəqabət qabiliyyətli inkişafı üçün iqtisadi siyasətinin möhtəşəm əsərlərindən biri Azərmaş Açıq Səhmdar Cəmiyətinin (ASC) yaradılması sayılmalıdır. Bu müəssisədə “MADE İN AZERBAIJAN” brendi ilə məhsul buraxılmaqla Respublikamızın regionun Avtomobil İstehsalı Sənayesi Mərkəzinə çevrilmə Strategiyası qəbul edilmişdir. Neft sənayesi qədər əhəmiyyətli olan bu Strategiyanın həyata keçirilməsi ilə respublikamız, nəinki iqtisadi cəhətdən inkişaf etmiş ölkələr səviyyəsinə yüksələcək, həm də üstün intellektual səviyyəyə çatmış bir millət olaraq özünü dünyaya daha da tanıtdıracaqdır. Bununla da yenə möhtərəm prezidentimizin sayəsində Qarabağ Zəfərində olduğu kimi xalqımızın ümummilli lideri Heydər Əliyevin başqa bir, ən önəmli arzu və istəyi də yerinə yetiriləcəkdir.
Azərbaycanın avtomobil istehsalı sahəsində bu möhtəşəm Strategiyanı müvəffəqiyyətlə həyata keçirmək üçün 2020-ci ilin başında mühərrikçi elm adamı olaraq “Qlobal avtomobil sənayesinin bu günü və sabahı: yanacaq və ətraf mühit problemləri, Azərmaş ASC Strategiyasının gerçəkləşdirilməsi üçün elmi tövsiyələr” mövzularında iki ədəd elmi tədqiqat layihələri hazırlayaraq, dövlətimizə təqdim etmişəm. Prezident Administrasiyasının 11.03.2020-ci il 10/M-1207-031 nömrəli tapşırığına uyğun olaraq təqdim etdiyim elmi tədqiqat layihələri Energetika və İqtisadiyyat Nazirliklərində müzakirəyə çıxarılmalı idi. Lakin Nazirliklərdən verilən məlumata görə təqdim etdiyim layihələrin müzakirəsi koronavirus pandemiyasına görə müvəqqəti olaraq təxirə salınmışdır.
Bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində” innovativ təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini aparacaq publik hüquqi şəxsin yaradılması imkan verir ki, təqdim etdiyim layihələr də bu Mərkəzin gündəliyi daxilində müzakirəyə çıxarılsın. Məlumdur ki, müasir daxili yanma mühərriklərinin layihələndirilməsi, mexaniki emalı, laboratoriya testlərinin aparılması, avtomobil üzərində müxtəlif yol və iqlim şəraitinə görə ən optimal və ekoloji iş şəraitinin nizamlanması və s. avtomatik olaraq digital yazılımların tətbiqi ilə idarə olunur. İstehsalın digitalaşdırıldığı 4-cü sənaye inqlabının ölkəmizdə qazanılmış imkanlarından və müxtəlif ölçülü həm benzin, həm də dizel mühərrikləri üzərində “MR-Proses” yanma mexanizminin tətbiqi ilə bir çox layihə tapşırıqları ilə qazanılmış bilik və təcrübədən istifadə etməklə qısa zaman ərzində Azermaş ASC Strategiyasını gerçəkləşdirmək mümkün olacaqdır. Khazar avtomobilinin Peugeot lisenziyası ilə istehsal edilən motoru ilə dərindən tanış olan bir şəxs kimi onu deyə bilərəm ki, 1-1,5 il zaman ərzində, mühərriki köklü dəyişikliyə məruz qoymadan, “MR-Proses” yanma mexanizmini tətbiq etməklə Khazar avtomobilinin yanacaq sərfini 9-12 lt/100 km yerinə 4-6 lt’ə qədər, işlənmiş qazlardakı karbon qazı miqdarını CO2=150-200 qr/100 km’dən 90-100 qr qədər azaltmaq, heç bir əlavə filtrləyici və emissiya azaldıcı sistem tətbiq etmədən Avro 6 standartına uyğun avtomobil istehsal etmək mümkün olacaqdır.
60 ilə yaxın zaman ərzində ömrünü daxili yanma mühərriklərinin inkişafı üçün enişli-yoxuşlu yolları qət edərək, böyük təcrübə qazanmış bir şəxs olaraq onu etiraf etməyə də borcluyam ki, bəlkə məqalədən asan göründüyünü, lakin mühərriklə bağlı yeni ideyaların tətbiqinin heç də asan olmadığını bildirmək yerinə düşərdi. Ancaq dövlət qərarı və dəstəyi ortamında respublikamızda mövcud olan elmi texniki potensialdan və hazırda sənaye obyektlərində fəaliyyət göstərən müasir texnoparkların imkanlarından istifadə etməklə dövlət əhəmiyyətli bir layihə olaraq Azərmaş Strategiyasını başa çatdırmaq mümkündür. Təəssüf ki, AzTU-da yaratdığımız müasir və nadir ölçü cihazları ilə Sovet İttifaqının sayılan elmi-tədqiqat laboratoriyası universitet funksiyasını anlaya bilməyən bir qrup məsul şəxs tərəfindən məhv edilmişdir. Şübhəsiz ki, yeni motor sınaq laboratoriyası qurmaq bir qədər zamanımızı alsa da, lahiyənin ayrı-ayrı bölmələrini paralel olaraq eyni zaman ərzində icra etməklə bu vaxt itkisini minimuma endirmək mümkün olacaqdır.
Lakin tam əminliklə onu deyə bilərəm ki, layihənin icrasına başladıqdan 1-1,5 il keçdikdən sonra, dünyada bir ilk olaraq, yüksək yanacaq qənaətliliyi, performans və ekoloji təmizliyi ilə xarakterizə olunan 100% yerli imkanlarla istehsal edilmiş öz avtomobilinin sükanı arxasında oturacaq Möhtərəm Prezidentimiz İlham Əliyev Qalib Ölkə Başçısı olaraq Bakı-Ceyhan Neft kəməri, TANAP Qaz kəməri, Baki-Tbilisi-Qars dəmiryolu layihələri kimi əhəmiyyətli olan Azərmaş layihəsini də dünyaya bəyan edəcəkdir. Bununla da ekoloji təsirinə görə krizis dövrü yaşayan qlobal avtomobil sənayesinin yeni dirçəliş erasının başladılması üçün imkanın yaradıldığını dünyaya bildirərək, Azərbaycanın şöhrətini bir daha yüksəklərə qaldıracaqdır.Hal-hazırda bu avtomobil mühərriki ilə bağlı elmi kəşf səviyyəsindəki ilk patentləşdirmə sənədləri Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə təqdim edilmə mərhələsindədir.

 

Rafiq MEHDİYEV,
Beynəlxalq Şərq Neft Akademiyasının (Azərbaycan) və
Beynəlxalq KEYS Akademiyasının (ABŞ) həqiqi üzvü, Beynəlxalq
Avtomobil Mühəndisləri Cəmiyyətinin - SAE (ABŞ) üzvü, t.e.d., prof.