MƏQALƏLƏR

Ziyad Səmədzadə - MÜSAHİBƏ: Böyük qələbəyə gedən yolun şanlı səhifələri - YENİLƏNDİ

  • 16.04.2021

Müsahibimiz millət vəkili, akademik Ziyad Səmədzadədir.


 


- Ziyad müəllim, siz uzun illərdir media, kütləvi informasiya vasitələri (KİV) ilə əməkdaşlıq edirsiniz və daha çox iqtisadi məsələlərlə bağlı danışır, fikirlərinizi bölüşürsünüz. Amma bu dəfə çox istərdik ki, bir qədər başqa - siyasi məsələlərlə, tarixi 44 günlük İkinci Vətən müharibəsinə, Qələbəmizə, Zəfərimizə doğru gedən yolda başlanğıc, böyük uğur hesab edilən və bu günlərdə beşinci ili tamam olan 2016-cı ilin Aprel hadisələri ilə bağlı fikirlərinizi oxucularla bölüşəsiniz.
- Əvvəla onu deyim ki, 32 illik qanlı Dağlıq Qarabağ münaqişəsi artıq geridə qaldı, tarixin arxivinə göndərildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “vur” əmri ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin sentyabrın 27-si – səhər saatlarında Ermənistanın növbəti qanlı təxribatı və fitnəkarlığına cavab olaraq, cəbhə boyu əks-hücum əməliyyatına, İkinci Vətən müharibəsinə başladı və cəmi 44 gün ərzində də İkinci Qarbağ savaşını Zəfərlə bitirdi. Düşmən 10 noyabr 2020-ci il tarixli bəyanata imza ataraq, öz məğlubiyyətini qəbul və etiraf etmək məcburiyyətində qaldı. Beləliklə, 1992-1993-cü illərdən Ermənistanın öz havadarları ilə birlikdə Azərbaycan torpaqlarının işğalına son qoyuldu, işğal olunmuş ərazilərimiz geri qaytarıldı. 44 günlük müharibə ilə təkcə Ermənistan deyil, həm də xaricdəki erməni diasporu, erməni lobbisi acı məğlubiyyətə uğradıldı. Onların yüz illərdir Qərb ölkələrində hörümçək toru kimi qurduqları “şəbəkə”, “erməni lobbisi” mifi alt-üst edildi. Onların təsiri altında olan, uzun illər Azərbaycana qarşı yalan makinası rolunda çıxış edən, həqiqətlərin üstünü pərdələyən media qurumlarının əsl simaları üzə çıxdı.
“Müharibə günlərində Azərbaycan prezidenti dünya tarixində rast gəlinməyən daha bir ilkə imza atdı, dünyanın 30-dan çox media quruluşuna müsahibə verərək, bir daha öz parlaq zəkasını, intellektual səviyyəsini, düşmən və onun havadarları üzərində açıq-aşkar üstünlüyünü nümayiş etdirdi…”


- Bu məqamda istərdik ki, fikirlərinizi konkret nümunələrlə, faktlarla çatdırasınız…
- Bəli, konkret faktlarla danışmaq istəyirəm. Ölkə prezidentinin müharibə günlərində, oktyabr ayının 25-də ABŞ-ın “Fox News” televiziya kanalına və oktyabrın 24-də Fransanın “Figaro” qəzetinə müsahibəsindən də görmək mümkündür ki, uzun illərdir Azərbaycanla bağlı aparılan yalan, iftira kampaniyası necə faş olundu. Ümumiyyətlə, müharibə günlərində Azərbaycan prezidenti dünya tarixində rast gəlinməyən daha bir ilkə imza atdı, dünyanın, Qərb ölkələrinin, qardaş Türkiyənin, Qətərin, Rusiyanın, Yaponiyanın və başqa dövlətlərin 30-dan çox media qurumuna müsahibə verərək, bir daha öz parlaq zəkasını, intellektual səviyyəsini, düşmən və onun havadarları üzərində açıq-aşkar üstünlüyünü nümayiş etdirdi. Konkret şəkildə adıçəkilən müsahibələrə gəlincə, Azərbaycan prezidentinə ünvanlanan suallar həmin media orqanlarının kimin və nəyin yanında dayandığının, həqiqətdən və ədalətdən uzaq olduqlarını “bulanıq suda balıq tutmaq” istəklərinin əyani təsdiqinə çevrildi. Məsələn, “Figaro”nun müxbirinin ilk sualı artıq onların gizlində qalmayıb, aşkara çıxan niyyətlərindən xəbər verdi. “Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir” sualı ilə müxbir böyük bir media qurumunun əsl “məramı”nı ortaya qoymuş oldu. Ancaq cavab da çox sərrast, ifşaedici idi.
Azərbaycan Prezidenti cavabında dedi: “Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin, sizin də bildiyiniz kimi, Trans-Adriatik boru kəməri, demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, növbəti ay - avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən saxlanılmışdır və o, ifadə verir. Beləliklə bu, danışıqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən bir cəhddir. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulma­sından, üçüncü ölkələri müna­qişəyə cəlb etməkdən və münaqi­şəni bey­nəlmiləlləşdirməkdən ibarət idi. Biz onlara yalnız adekvat cavab verdik…”.
Bunun ardınca ünvanlanan suallar və onlara verilən cavablar, ölkə prezidentinin, necə deyərlər, sərrast zər­bələrlə bir-bir hədəfə vurması bir da­ha Azərbaycanın haqlı mövqeyinin təntənəsi, erməni lobbisinin təsiri altında olanların isə ifşası ilə sonuclandı.
Yaxud “Fox News”a verilən cavablara nəzər salaq. Müxbirin “…Bir çox məlumatlara görə, sentyabrın 27-də - müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz?” sualı artıq onların məqsədinin nədən ibarət olduğunu, kimlərin dirijor çubuğu ilə hərəkət etdiklərini nümayiş etdirdi. Müxbirin növbəti “…Lakin mənim sualım odur ki, niyə 2020-ci ildə Siz müharibəyə yenidən başlamaq istəyirsiniz? 20 il idi ki, sakitlik idi…” sualı isə artıq sual deyil, ittiham idi, müxbir sanki müstəntiq, dövlət ittihamçısı, prokuror “rolu”nda çıxış edirdi, ancaq unudurdu ki, qarşısındakı güclənmiş, qüdrətlənmiş Azərbaycanın müdrik və uzaqgörən Lideri İlham Əliyevdir.
Azərbaycan Prezidenti cavabında “…bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdir. Biz müharibəyə başlamamışıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq, azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar”, - deyərək bir daha Ermənistana və onlara havadarlıq edənlərə, onların toruna düşənlərə, onlara dəstək verənlərə tərs şillə və şapalaq vurmuş oldu.
“Lakin, cənab Prezident, biz bilirik ki, Sizin hökumətiniz daxilində insan haqlarının pozulması, söz azadlığının sıxışdırılması ilə bağlı bəzi ittihamlar var, xüsusilə, korrupsiya və həm hökumətdə, həm də bir çox korporativ strukturlarda ailə idarəçiliyi ilə bağlı. Bu, ictimaiyyətinizin, ya da ictimaiyyətinizin bəzi üzvlərinin, bəzi insanların yol verdiyi qanun pozuntuları hesab olunan hallardan diqqəti yayındırmaq üçün deyil?” sualına verilən cavab isə yəqin ki, uzun illər nə həmin telekanalın, nə də arxalarında dayananların, onlara havadarlıq edənlərin və onların havadarlıq etdiklərinin yaddaşlarından silinməyəcək. Hər dəfə xatırladıqca öz əsl simalarını görəcəklər.
Belə ki, Azərbaycan prezidenti “…Xeyr, korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Biz geniş iqtisadi islahatlar proqramı təqdim etmişik. Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq. Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir”, - deyərək elə bir zərbə vurmuş oldu ki, illərlə onun zərbəsindən çətin özlərinə gəlsinlər. Bəli, Azərbaycan prezidenti bir daha öz parlaq zəkası, intellekti ilə Azərbaycana qarşı oynanılan oyunu faş, ifşa etmiş oldu. Azərbaycan hər zaman və daim ədalətin, haqqın yanında olduğunu sübut etdi. Beləliklə, 44 günlük müharibə ilə nəinki hərb səngərində, həm də informasiya cəbhəsində tarixi Qələbə əldə edildi, Ermənistanla yanaşı, onun yanında olanlar, həqiqətin gözünə daş basanlar, “erməni lobbisi” mifi” yerlə-yeksan edildi. Bəli, bu gün Qarabağımız azaddır, öz Ana Vətəninindir. Onu heç kim Azərbaycanından, öz Ana Vətənindən qopara bilməz və bilməyəcək!
“2016-cı ilin aprelində Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə hərəkətə keçdi, Azərbaycanın növbəti dəfə torpaqlarının işğalına imkan verilmədi…”


- Ziyad müəllim, o da sirr deyil ki, Qarabağın işğaldan qurtuluşuna, Böyük Qələbə və Zəfərə gedən yol heç də asan və hamar olmadı, çox çətinliklər, maneələr aşıldı, dəf edildi…
- Tamamilə, doğrudur. Bəli, mütləq şəkildə qeyd etmək lazımdır ki, ötən illər ərzində Qarabağın işğaldan azad olunmasına gedən yol heç də asan olmadı. Bunun üçün illərlə gərgin əmək sərf edildi. Ulu Öndər cənab Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından başlayaraq, onun siyasətinin layiqli və uğurlu davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin iqtidarlığı dövründə də Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması, ədalətin zəfər çalması, Azərbaycanın suverenliyinin bərpa olunması üçün çox böyük və mühüm addımlar atıldı, tarixi işlər görüldü. Xüsusilə də, 2016-cı ilin 4 günlük Aprel döyüşləri Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolunda çox mühüm addımlardan oldu. 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə işğalçı Ermənistan tərəfindən yenidən cəbhə xəttində təxribat törədildi, onsuz da kövrək olan atəşkəs rejimi pozuldu və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə hərəkətə keçdi, Azərbaycanın növbəti dəfə torpaqlarının işğalına imkan verilmədi. Cəmi 4 gün davam edən uğurlu əməliyyatlar, döyüşlər zamanı düşmən hər mənada - həm silah-sursat, texnika, həm də canlı qüvvə sarıdan böyük itkiyə uğradıldı, Tərtər-Ağdərə istiqamətində, eləcə də Cəbrayıl-Xocavənd istiqamətində mühüm strateji məntəqələr ələ keçirildi, işğaldan azad olundu, xüsusilə, 1993-cü ilin avqustundan işğalda olan Cəbrayıl rayonunun iri yaşayış məntəqələrindən biri - Cocuq Mərcanlı və onun yaxınlığında yerləşən Lələ təpə yüksəkliyi düşmən tapdağından qurtarıldı, həmin ərazilərdə 23 ildən sonra üçrəngli Azərbaycan bayrağı dalğalandırıldı. Düşmənə və onun havadarlarına həmin döyüşlər zamanı hər mənada sarsıdıcı - istər hərbi, istər siyasi, istər diplomatik zərbələr endirildi, məğlubedilməz “erməni ordusu” mifi tamamamilə məhv, alt-üst edildi. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu, Azərbaycan prezidenti bir daha bütün dünyaya nümayiş etdirdi ki, heç zaman işğal faktı ilə barışmayıb və barışmayacaq, istənilən an düşməni yerində oturtmağa hazır və qadirdir.
Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun bu əzmini görən ermənilər və Ermənistan rəhbərliyi yenidən əl-ayağa düşməyə, öz havadarlarını hərəkətə keçirməyə başladı, siyasi-diplomatik müdaxilə cəhdlərinə baş vuruldu. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və bu ölkənin Müdafiə naziri Sergey Şoyqu Azərbayacan prezidentinə telefon açdı, belə demək mümkünsə, Ermənistan Azərbaycanın haqlı qəzəbindən xilas edilmiş oldu. Belə ki, 2014-cü ilin aprelin 5-də Azərbaycan növbəti dəfə atəşkəs elan etməyə razı salındı. Moskva şəhərində hər iki ölkənin müdafiə nazirlərinin birinci müavinlərinin iştirakı və imzası ilə növbəti dəfə atəşkəsə imza atıldı.
Həmin günlərdə, eyni zamanda, qardaş və dost, hər zaman Azərbaycanın yanında olan Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə zəng etdi, bir daha ölkəsinin və özünün dəstəyini ifadə etmiş oldu. Bunun özü də bir tarixdir və heç zaman unudula bilməz!
Kiçik Mərcanlı və ya Cocuq Mərcanlı…


- Yeri gəlmişkən, istərdik ki, oxuculara, izləyicilərə Cocuq Mərcanlının tarixi barədə məlumat verəsiniz. Mümkündürmü?
- Tarixçi olmasam da, bu sualı cavablandırmağa çalışacağam. Tarixi mənbələrə görə, Cocuq Mərcanlı XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə salınmışdır. Etnotoponimdir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir.
Xatırladım ki, 1993-cü ildə Ermənistan ordusu hücuma keçərək, Cəbrayıl rayonunun bütün ərazisini ələ keçirdi və digər bölgələr kimi, adıçəkilən kənd də tamamilə dağıdıldı. 4 ay sonra Azərbaycan ordusunun əks-hücumu nəticəsində Ermənistan ordusu kənddən çıxmağa məcbur olaraq, kəndin ətrafındakı yüksəkliklərdə mövqe tutdu. Atəşkəsdən sonrakı dövr ərzində kənd cəbhə zonasına çox yaxın yerləşdiyi üçün əhali ora qayıda bilmədi, burada cəmi bir nəfər – Oqtay Həziyev daimi yaşadı. Həmçinin, qeyd edildiyi kimi, 2016-cı ilin 4 günlük uğurlu Aprel döyüşləri zamanı həm Cocuq Mərcanlı kəndi, həm də onun yaxınlığında yerləşən Lələ təpə yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Mühüm məqamlardan biri də odur ki, Azərbaycanın dörd günlük əməliyyatlar zamanı əldə etdiyi uğurlar Ermənistanda böyük gərginlik, qarşıdurma, böhran, xaos yaratdı, qanlı cinayətkar, Xocalı qatili Serj Sarkisyanın hakimiyyət dayaqları laxlamağa başladı. Aprel döyüşləri həm də Azərbaycan xalqının döyüş, Qələbə ruhunu artırdı…
“Aprel döyüşlərində qazanılan Qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı...”

- Ziyad müəllim, Aprel döyüşlərindən sonra Azərbaycan xalqının Qələbə əzmi, ruhu artmaqla yanaşı, həm bunu daha qüvvətləndirəcək digər addımların atılmasına, Ordu quruculuğunda daha önəmli mərhələyə start verildi, həmçinin Cocuq Mərcanlıya qayıdışın təməli qoyuldu və sair. Bunlar haqda nə deyərdiniz?
-Bəli, Aprel döyüşlərindən sonra Azərbaycan Ordusunda daha böyük islahatlara start verildi. Ordumuzun döyüş qabiliyyətinin artırılması, modernləşdirilməsi istiqamətində önəmli addımlar atıldı. Həmçinin, müharibə, hərb iqtisadiyyatının formalaşdırılması, yaradılması yolunda mühüm addımlar atılmağa başlanıldı ki, bunun özü də çox önəmli və vacib idi. Buna ehtiyac və zərurət duyulurdu. Bütövlükdə görülən işlər nəticəsində Azərbaycan Ordusu tezliklə dünyanın 50 ən güclü orduya malik ölkələri sırasında yer aldı və inamla ön yerlərə doğru addımladı. Eyni zamanda, Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Bu məsələdə dövlətimizin başçısının 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri qısa müddətdə 2 milyon 600 min kvadratmetr ərazinin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsini həyata keçirdi, həmin ərazilər yaşayış üçün əlverişli vəziyyətə gətirildi. Bununla da kənddə böyük quruculuq işlərinə başlandı.
Azərbaycan prezidenti Cocuq Mərcanlıdan dünyaya səsləndi: “Güclü iqtisadiyyat, güclü Azərbaycan, güclü Ordumuz və keçən ilin aprel ayında aparılan döyüşlər Azərbaycan xalqının, Ordusunun gücünü, cəsarətini göstərdi…”

2017-ci ilin iyun ayının 14-də Cocuq Mərcanlıya səfər edən Azərbaycan prezidenti çıxışı zamanı bunları dedi:
“Bu gün tarixi bir gündür, Cocuq Mərcanlı kəndinin bərpası günüdür və bu, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu ölkəmizdə uğurla gedir. Ordu quruculuğu Azərbaycan rəhbərliyi üçün bir nömrəli prioritet məsələdir və son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilibdir. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir, ordumuza lazım olan bütün ən müasir texnika, silah-sursat alınır, gətirilir, eyni zamanda, Azərbaycanda bir çox hərbi təyinatlı məhsullar istehsal olunur. Ordumuzun döyüş qabiliyyəti artır, nizam-intizam yüksək səviyyədədir və bunun nəticəsidir ki, keçən ilin aprelində erməni silahlı təxribatına Azərbaycan Ordusu layiqli cavab vermişdir. Üç rayonun ərazilərinin bir hissəsi işğalçılardan azad edildi, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu uğurlu əks-hücum əməliyyatı nəticəsində bu gün Cocuq Mərcanlı kəndinə yeni nəfəs verilir, həyat qayıdır, köçkünlər qayıdır. Onlar 20 ildən çoxdur ki, bu yurdun həsrəti, öz doğma torpağına qayıtmaq arzusu ilə yaşayırlar. Baxmayaraq ki, başqa yerdə doğulmusan, sən də Cocuq Mərcanlı kəndinin sakinisən. Amma əminəm, sənin kimi yüzlərlə gənc var ki, Cocuq Mərcanlını görməyib, ancaq buraya qayıtmaq arzusu ilə yaşayır. Bax, bu gün gəldi, bu, tarixi bir gündür. Bu gün, eyni zamanda, onu göstərir ki, biz hələ də işğal altında olan bütün torpaqlara qayıdacağıq. Bunu deməyə əsas verən bir çox amillər var. Güclü iqtisadiyyat, güclü Azərbaycan, güclü Ordumuz və keçən ilin aprel ayında aparılan döyüşlər Azərbaycan xalqının, Ordusunun gücünü, cəsarətini göstərdi. Bu gün biz Cocuq Mərcanlıda yeni gözəl mərhələnin başlanğıcını qeyd edirik. Yeni evlər, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilibdir…”
Həmçinin, qeyd edildi ki, növbəti mərhələdə ən azı 100 əlavə ev tikiləcək və Cocuq Mərcanlı kəndinin sakinləri buraya qayıdacaqlar.
“Siz isə gənc zabitlər kimi gələcəkdə ölkəmizin müdafiəsinin keşiyində dayanacaqsınız. Bütün gənclər kimi siz də hər an Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hazır olmalısınız. Bu gün Azərbaycan gənci vətənpərvərdir, Vətənə bağlıdır, peşəkardır, biliklidir və bizim gücümüz bundan ibarətdir. Sizin kimi gənclər gələcəkdə ölkəmizin inkişafında önəmli rol oynayacaqlar…”, - deyərək ölkə prezidenti fikirlərini tamamladı.
Bəli, Azərbaycan dövlətinin gücü, qüdrəti, iqtisadi inkişafı nəticəsində, ölkə prezidentinin qətiyyəti, yenilməz iradəsi sayəsində ən müasir, modern bir qəsəbə məcburi köçkünlərin istifadəsinə, ixtiyarına verildi, Cocuq Mərcanlıda həyat qaynamağa, canlanmağa başladı və nəticə etibarı ilə Azərbaycan xalqının döyüş, Qələbə əzminə, Qələbəyə olan inamı birə-beş artdı. İstər siyasi, istər diplomatik müstəvilərdə düşmənə, havadarlarına ardıcıl zərbələr vurulmağa başlandı…
Qanlı xuntanın hakimiyyət ömrünə son qoyulması... Tarixi Cünnüt Zəfəri…
- Biz də elə bu məqamlara toxunmaq istərdik. Aprel döyüşlərinin önəmli məqamlarından biri də odur ki, uzun illər həm Ermənistana, həm də bütövlükdə regiona böyük fəlakətlər gətirmiş Koçaryan-Sarkisyan xuntasının hakimiyyət ömrünə son qoyuldu, onlar hakimiyyətdən uzaqlaşdırıldı. Eyni zamanda, Ermənistana növbəti məğlubiyyət acısı yaşadıldı, Cünnüt kəndi və onun ətrafında strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi… İstərdik ki, bu haqda da fikirlərinizi öyrənək.
- Fikirlərinizlə razıyam. Bəli, heç təsadüfi deyil ki, aprel döyüşlərindən başlayaraq, Ermənistanda yaranan xaos, anarxiya, siyasi-iqtisadi-hərbi böhran daha da gərginləşdi, daha da dərinləşdi və qarşısıalınmaz vəziyyətə gəlib çıxdı. Ermənistan növbəti dəfə vətəndaş müharibəsi ilə üzbəüz qaldı, küçələrə axışan aldadılmış erməni xalqı Sarkisyan rejimini devirdi və növbəti dəfə böyük vədlər verən, “Sorosun uşağı” kimi adlandırılan Nikol Paşinyanı hakimiyyətə gətirdi. Levon Ter-Petrosyandan sonra hakimiyyəti ələ keçirən qanlı xuntanın, Koçaryan-Sarkisyan cütlüyünün hakimiyyətinə birdəfəlik son qoyuldu. Bəli, uğurlu Aprel döyüşləri, Azərbaycan dövləti və Ordusunun gücü qanlı xuntanın hakimiyyət ömrünün sonunu gətirdi.
Azərbaycan dövləti, Azərbaycan Ordusu da yerində saymadı, dayanmadı, əksinə, gücünə güc qatdı. 2018-ci ilin yayına yaxın Azərbaycan Ordusu növbəti uğuruna, Zəfərinə imza atdı. Naxçıvan istiqamətində çox mühüm irəliləyişlər əldə olundu, bir sıra mühüm strateji məntəqələr, o cümlədən Cünnüt kəndi Ermənistanın işğalından azad olundu, bütövlükdə 11 min hektar torpaq murdar yağı tapdağından azad edildi və Ermənistana növbəti sarsıdıcı hərbi zərbə endirildi.
Bir daha həqiqətə göz yuman dünya Azərbaycan dövlətinin iradəsini, Azərbaycan Ordusunun gücünü, Qələbə əzmini gördü.

Dünyaya səs salan 26 iyun Hərbi Paradı və 15 sentyabr Paradı…
- Ziyad müəllim, 2018-ci il iyunun 26-da və sentyabrın 15-də keçirilən və dünyaya səs salan, Zəfərimizi, Qələbəmizi mənəvi cəhətdən yaxınlaşdıran, zənginləşdirən paradlarla da bağlı fikirlərinizi bilmək maraqlı olardı. Bu paradlarla nələrin mesajı verildi, nələrə nail olundu?
- Bəli, qeyd etdiyiniz kimi, 2018-ci ilin 26 iyun tarixində Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı Bakı şəhərində, Azadlıq meydanında dünyaya səs salan Hərbi Parad keçirildi. Bir daha Azərbaycan Ordusunun gücü, qüdrəti, döyüş hazırlığı, döyüş qabiliyyəti, ən müasir silahlara, texnikalara yiyələnməsi dünyaya nümayiş olundu, düşmənə gözdağı verildi. Ali Baş Komandan Hərbi Parad zamanı tarixi nitq söyləyərək, bir daha düşmənə və onun havadarlarına qəti xəbərdarlığını bildirdi, Azərbaycanın işğalla barışmadığını və barışmayacağını, Qarabağın işğalının heç də uzaq olmadığını bəyan etdi.
Çıxışında “Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir”, - deyən Ali Baş Komandan bir daha bildirdi ki, Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır.
Ali Baş Komandan daha sonra dedi:
“2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Bəli, 2018-ci ilin 26 iyun tarixli Hərbi Paradı Azərbaycanın növbəti dəfə əzminin, iradəsinin, Qarabağsız yaşaya bilməyəcəyinin nümayişi, mesajı oldu. 26 iyun Hərbi Paradından təxminən 3 ay sonra, 2018-ci il sentyabrın 15-də isə Nuru Paşanın başçılığı ilə Qafqaz-İslam Ordusu tərəfindən Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş növbəti təntənəli tədbir, Parad təşkil edildi.
Paradda tarixi və parlaq çıxışında “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Mənfur qonşular 1990-cı illərin əvvəllərində Azərbaycandakı qeyri-sabit vəziyyətdən istifadə edərək, torpaqlarımızın bir hissəsini işğal edib. İşğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsində məhv edilib. Xalqımıza qarşı soyqırımı törədilib və bu işğal bu gün də davam edir. Ona görə güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir. Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərmişdir”, - deyən, dünyaya səslənən Azərbaycan prezidenti bir daha altını cızaraq dedi ki, gün gələcək Azərbaycanın dövlət bayrağı işğal altında olan bütün torpaqlarda qaldırılacaq.
“Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır”, - deyən Azərbaycan prezidenti, eyni zamanda, bəyan etdi ki, bu gün - 15 sentyabr, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür.
Sitat: “Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir”.
Rəcəb Tayyib Ərdoğan: “Türkiyə olaraq Qarabağ probleminin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik…”
Bəli, növbəti birlik, bərabərlik, qardaşlıq və dostluq mesajı verilmiş oldu. Bu yerdə mütləq şəkildə qeyd etmək, xatırlatmaq lazımdır ki, həmin tarixi gündə - 2018-ci il 15 sentyabr Paradında da Türkiyə dövləti və cənab Ərdoğan başda olmaqla Türkiyə siyasi-hərbi elitası Azərbaycanı tək, yalnız buraxmadı. Hərbi Paradda iştirak edən Türkiyə prezidenti tarixi çıxış edərək, bir daha iki ölkənin “iki dövlət-bir millət” olduğunun, onların birlik və bərabərliyinin mesajını dünyaya duyurmuş oldu.
O, dedi:
“…Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun 1918-ci ildə burada həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək, bugünkü müstəqilliyinin təməlini qoyub. Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə Respublikası olması heç də təsadüfi deyil. Bu, qan qardaşlığımızın təbii nəticəsidir. Türkiyə olaraq müstəqilliyinin ilk dövrlərindən başlayaraq Azərbaycana əlimizdən gələn hər cür dəstəyi göstərdik və göstərməyə davam edəcəyik. Bu gün Türkiyə Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır. Müstəqilliyini bərpa etdikdən bəri Türkiyədə təhsil almış azərbaycanlıların sayı 125 mindən çoxdur. Hazırda 15 mindən çox azərbaycanlı tələbə Türkiyə universitetlərində təhsil alır. Əsgərlərimiz birgə təlimlər keçir, Əfqanıstan kimi dünyanın müxtəlif bölgələrində birlikdə fəaliyyət göstərirlər. Şübhəsiz ki, bu uğurlarda ümummilli lider Heydər Əliyevin nümayiş etdirdiyi dəyanətli liderliklə yanaşı, əziz qardaşım İlham Əliyevin səylərinin çox böyük bir payı vardır…”
Daha sonra “Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir”, - deyən Türkiyə prezidenti bəyan etdi ki, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi Türkiyə dövləti və xalqı üçün də eyni dərəcədə ağrılı problemdir.
“Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik.
Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir. Bundan 26 il əvvəl Xocalıda, Dağlıq Qarabağda törədilmiş qətliamlara görə məsuliyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəyi heç bir tarixi dərs yoxdur. Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır”, - deyə bəyan edən qardaş dövlətin lideri birmənalı şəkildə qeyd etdi ki, bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik.
Bəli, qandan, candan, ruhdan, kökdən, keçmişdən gələn bir sevgi, bir bağlılıq, bir həmrəylik… 15 sentyabr Paradı bir daha bunun əyani nümayiş oldu. Dostlar sevindi, düşmənlər isə kədərə qərq oldu.
Koçaryandan, Sarkisyandan geri qalmayan Paşinyan və ya Ermənistanın daha iriçaplı ifşa dönəmi...
- Ziyad müəllim, 2016-cı ilin uğurlu Aprel əməliyyatlarından başlanan Zəfər yolu, uğurumuz, həmçinin Ermənistan üzərində ardıcıl mənəvi-siyasi-diplomatik qələbələrlə daha qüvvətləndirildi, zənginləşdirildi. Valdayda, Aşqabadda, Münxendə keçirilən sammitlərdə Ermənistan zərbə dalınca zərbə aldı… Mümkündürsə, bu barədə də fikirlərinizi oxucularla bölüşərdiniz.
- Bilirsiniz, çox təəssüflər olsun ki, düşmən - inqilab, çevriliş yolu ilə və böyük vədlərlə hakimiyyətə gələn Paşinyan hakimiyyəti də əvvəlki iqtidarlardan, cinayətkar Koçaryan və Sarkisyandan fəqlənmədi, əksinə, onları öz avantürası və sərsəm bəyanatları ilə geridə qoydu, Qarabağ münaqişəsinin həllində konstruktivlik nümayiş etdirilməyəcəyini bir daha nümayiş etdirmiş oldu. Nəticədə də Ermənistanın siyasi-diplomatik müstəvilərdə məğlubiyyətləri, uğursuzluqları, erməni yalanlarının ifşası ard-arda düzüldü. Azərbaycan dövləti, Azərbaycan prezidenti Ordu quruculuğunu gücləndirməklə, hərbiyə ayrılan vəsaiti artırmaqla yanaşı, siyasi-diplomatik müstəvilərdə də tam hücum mövqeyi sərgilədi, hər gün Ermənistanın ifşasını gerçəkləşdirdi, sürətləndirdi.
Valday, Aşqabad, Münxen fiaskosu...
Ermənistana növbəti və ən böyük dip­lomatik zərbələrdən biri Rusiyanın Soçi şəhərində keçirilən nüfuzlu Val­day Diskussiya Klubunun növbəti sam­miti - konfransı zamanı vuruldu. Yeri gəlmişkən, elə bu yerdə xatırladım ki, “Valday” Beynəlxalq Diskussiya Klubu 2004-cü ildə yaradılmışdır. Klubun ilk konfransı Rusiyanın Veliki Nov­qorod şəhərində, Valday gölünün sahilində keçirilmişdir. Elə klub adını da buradan götürmüşdür. Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilən klub tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer vermişdir. İndiyədək klubun işində 70-dən çox ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, həmçinin dövlət və hökumət başçıları iştirak etmişdir. Onu da bildirək ki, digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar… Bəli, qeyd etdiyimiz kimi, Valday konfransı Ermənistanın, Paşinyan hakimiyyətinin növbəti fiaskosuna çevrildi. Belə ki, təxribatçı və fitnəkar çıxışı zamanı “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyanın cavabı dərhal, elə yerindəcə və daha sarsıdıcı şəkildə verildi. Azərbaycan prezidenti çıxışında Ermənistanın işğalçılıq siyasətini hər mənada ifşa edərək, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək, həm Ermənistanı, həm havadarlarını, həm də Paşinyanı seytnot vəziyyətinə saldı.
Sitat: “Deməliyəm ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bu gün də davam edir. Dünən erməni snayperi tərəfindən dinc sakin, münaqişə zonasından uzaqda, Ermənistanın Azərbaycanla sərhədində yerləşən Qazax rayonunun sakini qətlə yetirilib. Həmçinin, deməliyəm ki, 2016-cı ilin aprelində hərbi təxribat zamanı altı dinc sakin, o cümlədən balaca qız qətlə yetirilib. Həmçinin, Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Qeyd etdiyimiz kimi, Azərbaycan prezidenti bu tarixi nitqi ilə Ermənistana elə bir siyasi-mənəvi-diplomatik zərbə vurdu ki, Ermənistan və onun bədnam rəhbərliyi uzun müddət özünə gələ bilmədi, özünə gələ bilməsi bir yana qalsın, uğursuzluqlarının, ifşalarının sayı-hesabı olmadı. Belə ki, Ermənistana, avantürist Paşinyana növbəti sarsıdıcı zərbə Valday konfrasından bir müddət sonra Türkmənistanın paytaxtı Aşqabad şəhərində gerçəkləşdirilən MDB dövlət başçılarının növbəti sammitində vuruldu. Yenə də Ermənistan baş nazirinin avantürist çıxışı cavabsız qoyulmadı və Paşinyanın timsalında Ermənistan daha sərt, daha işfaedici şəkildə cavabını aldı. Azərbaycan prezidenti qanlı Njdeyə abidə ucaldan Ermənistanı faşizmə dəstəkdə günahlandıraraq dedi:
“...Mən sadəcə şərh verməyə məcburam. Belə ki, Ermənistanın baş nazirinin çıxışında söhbət məndən gedib. Halbuki mənim çıxışımda söhbət Ermənistanın baş nazirindən, xüsusən də erməni xalqından getməyib. Hesab edirəm ki, Sovet İttifaqının digər xalqları kimi, bizim ümumi qələbəmizə böyük töhfə verən erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir. Əgər baş nazir mənim çıxışıma diqqətlə qulaq asıbsa, onda yəqin ki, o da bunu tutub. Həmçinin, hesab edirəm ki, nasist əlaltıları və cinayətkarları ilə QULAQ-ın və digər düşərgələrin repressiyaya məruz qalmış dustaqlarını müqayisə etmək qətiyyən yolverilməzdir. Mən öz çıxışımı təsadüfən sitatlarla möhkəmləndirmədim. Onları kitabxanada, internetdə tapmaq olar. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 2019-cu ilin may sitatında və Rusiyanın Müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrin sitatında kifayət qədər aydın deyilir ki, o, necə bir “xadim” olub. Həmçinin, nə qədər iyrənc olsa da, onun sitatını mən bir daha təkrar edəcəyəm: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu, Böyük Vətən müharibəsi illərində deyilib. Buna görə də hesab edirəm ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir. Mənim dövlət başçılarına hörmətsizlik göstərdiyimə gəlincə, düşünürəm ki, bizim iclasımız, yəqin ki, bundan daha absurd tezis eşitməyib...”.
Bəli, Azərbaycan prezidenti, necə de­yərlər, növbəti sərrast həmləsi ilə Ermənistana, Paşinyan hakimiyyətinə bir daha siyasi-diplomatik zərbəsini vurdu, onun bütün yalanlarını ortaya tökdü, ifşa etdi. Bütün dünya Ermənistanın faşist dövləti olması gerçəkliyi və faktı ilə üz-üzə qaldı. Ancaq ifşa prosesi, sarsıdıcı siyasi-diplomatik zərbələr bununla da bitmədi. Ermənistana növbəti sarsıdıcı zərbə 2020-ci ilin fevralında, 56-cı Münxen Təhlükəsizlik Konfransı zamanı vuruldu. Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin debatı zamanı sərrast və arqumentli cavabları ilə dövlət başçısı cənab İlham Əliyev Erməmistanı və onun yeni rəhbərini tam mənasında susdurdu, yerində oturtdu, bir daha Qarabağın Azərbaycana aid olduğunu dünyaya nümayiş etdirdi. Ermənistan və onun rəhbərliyi növbəti siyasi-diplomatik fiaskosunu yaşadı.
Şuşa rəzaləti...
- Çox təəssüflər olsun ki, ancaq bunlar da Ermənistana dərs, ibrəti-aləm olmadı. Keçmiş - qondarma “DQR”-dəki növbəti “seçki şousu”ndan sonra Şuşa ilə bağlı növbəti - təhrikedici təxribat planı işə salındı, bu, azmış kimi, Qarabağdan, aktiv cəbhə bölgəsindən kilometlərcə uzaqda olan Tovuz rayonu ilə sərhəddə qanlı fitnəkarlıq əməlinə əl atıldı…
- Düz buyurursunuz, istər işğalçı Ermənistan ordusu, istərsə də Paşinyan hakimiyyəti təxtibatçı və fitnəkar addımlarından çəkinmədi. 2020-ci ilin mayında Azərbaycanın dilgər guşəsi və göz bəbəyi olan Şuşada növbəti təxribat baş verdi, qondarma, separatçı, quldur “DQR” rejiminin növbəti seçki şousu nəticəsində “formalaşdırdığı” üzdəniraq “parlament” Şuşaya köçürüldü, orada “açılış” mərasimi keçirildi və bununla bir daha Azərbaycan təxribata çəkilmək istənildi. Amma Azərbaycan dövləti bu dəfə də Ermənistanın təxribatına uymadı, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində səbir, təmkin nümayiş etdirdi. Eyni zamanda, Ermənistana və havadarlarına növbəti xəbərdarlığını etdi, bu kimi təxribatlara dözülməyəcəyini, onlara bir daha layiqli cavab veriləcəyini bütün dünyaya bəyan etdi…
İyul-Tovuz hadisələri... Azərbaycanın növbəti Zəfəri...
2020-ci ilin iyul ayının 11-dən 12-nə keçən Qarabağdan xeyli - kilometlərcə uzaqda olan, birbaşa döyüş bölgəsi olmayan, Ermənistanla sərhəddə yerləşən Tovuz rayonu hücuma məruz qaldı. Ermənistan-Azərbaycan sərhəddinin Tovuz istiqamətində Ermənistan ordusunun növbəti qanlı təxribat əməli baş verdi. Budəfəki “hədəf”, Ermənistanın niyyətləri daha məkrli və daha təhlükəli idi. Çünki Tovuz rayonu strateji bir rayon olmaqla yanaşı, dünyamiqyaslı mühüm layihələrin, boru kəmərlərinin keçdiyi bir rayon idi. Ermənistan həmin boru xətlərini vurmaqla, onları ələ keçirməklə Azərbaycanı həm dünya birliyinin gözündə nüfuzdan, etibardan salmağı, həm də işğal dairəsini genişləndirməyi, Azərbaycanı təslimçi sülhə razı salmağı hədəfləmişdi. Azərbaycanın təxribata çəkilərək, Ordumuzun Ermənistanla sərhədi keçməsi, Ermənistan ərazilərini vurması və bununla bağlı növbəti ləkələmə, qarayaxma kampaniyasına start verilməsi, eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) münaqişəyə müdaxilə etməsi hədəf kimi seçilmişdi. Təbii ki, bu dəfə də havadarlarının birbaşa himayədarlığı və təhriki ilə. Əslində Ermənistanın bu addımı atmağa gücü və cəsarəti yox idi, yetməzdi də, o, növbəti dəfə Azərbaycanı öz müstəqil inkişaf yolundan döndərmək, onu vassala, “banan respublikası”na çevirmək istəyən güclərin, çevrələrin birbaşa təlimatı, dirijor çubuğu ilə hərəkər edirdi. Amma nə Ermənistan, nə də onun qanlı havadarları öz hesablarını düzgün aparmışdılar. Onlar çox böyük yanlışlığa yol vermişdilər. Azərbaycanın Aprel döyüşlərində və Cünnüt əməliyyatında nələrə qadir olduğunu axıracan dərk edə bilməmişdilər, yenə də xəyallarında 90-cı illərin zəif, müdafiəsiz və gücsüz Azərbaycanını qurmuşdular. Amma Azərbaycan prezidentinin müdrik və uzaqgörən addımları, eləcə də Azərbaycan Ordusunun gücü, əzmi ilə Ermənistanın və onun havadarlarının bütün hesabları, planları, ssenariləri bir daha yerləbir, alt-üst edildi. Həmçinin, heç bir təhrikedici addımlara getmədi, təxribatlara uymadı. General, Azərbaycan xalqının igid oğlu, sonradan Milli Qəhrəman adına layiq görülən Polad Həşimov və ondan artıq hərbçimizi, zabitimizi, igidimizi Şəhid versək də, onların qanı yerdə qoyulmadı, Ermənistana və onun havadarlarına həm texnika, həm də canlı qüvvə sarıdan daha ağır və sarsıdıcı zərbə vuruldu. Bir daha dünya Azərbaycan dövlətinin, şanlı Azərbaycan Ordusunun gücünü, qüdrətini, döyüş əzmini gördü.

Polad kimi Polad və Polad oğullar…
- Ziyad müəllim, İyul-Tovuz hadisələri zamanı general Polad Həşimov başda olmaqla, igid Azərbaycan oğullarının - peşəkar zabit və hərbçilərimizin Şəhidlik məqamına ucalması Azərbaycan cəmiyyətində düşmənə qəzəb və nifrəti daha da artırdı, eyni zamanda, döyüş əzmini hədsiz dərəcədə yüksəltdi və tarixi Zəfərimizdə onların yeri, rolu müstəsna, əvəzsizdir…
- Bəli, tamamilə haqlısınız. İyul-Tovuz hadisələri, general Polad Həşimov başda olmaqla, ondan çox hərbçimizin, zabitimizin Şəhadətə, Şəhidlik məqamına ucalması Azərbaycan xalqının düşmənə olan nifrətini, qəzəbini, Qələbə əzmini daha da artırdı. Azərbaycan xalqı bir daha öz gücünə inandı, Qələbənin, Zəfərin, Qarabağın azadlığına gedən yolun heç də uzaq olmadığını bir daha özü üçün yəqinləşdirdi. Bütövlükdə Tovuz hadisələrindən sonra Orduya, dövlətə dəstək aksiyalarının keçirilməsi, Polad Həşimovun ölkənin, demək olar ki, hər bir guşəsində portretlərinin asılması, anadan olduğu Qəbələdə böyük küçələrdən birinə onun adının verilməsi, ölkə prezidentinin Qəbələyə səfəri zamanı generalımızın portreti önündə ehtiramla şəkil çəkdirməsi, xatirəsinin əbədiləşdirilməsi yönündə tapşırıqlar verməsi, bütövlükdə ona sonsuz sevgi və el məhəbbətinin ifadə olunması Azərbaycan xalqının və dövlətinin Qələbənin bir addımlığında olduğunun əyani nümayişi oldu. Azərbaycan xalqı və dövləti Polad Həşimov başda olmaqla, 1988-ci ildən bu yana Vətən torpaqları, Qarabağ uğrunda canını fəda etmiş Oğulların qisasının alındığını və tam mənada alınacağını, qisası qiyamətə qoymacağını Ermənistan daxil, kürreyi-ərzə duyurmuş oldu. Bəli, tarixi Zəfərimizə, Qələbimizə, Qarabağın işğaldan azad olunmasına görə Şəhidlərimizin hər birinə, o cümlədən Polad Həşimov başda olmaqla, iyul şəhidlərinə borcluyuq. Onların hər birinə minnətdarıq və ruhları qarşısında ehtiramla baş əyirik. Baş tacımız, müqəddəs and yerimizdirlər.
Amma düşmən ki, düşmən... Yenə də öz murdar xislətindən əl çəkmədi, öz ma­hiyyətini, məzmununu dəyişmək istə­mədi, dərs, nəticə çıxarmadı və daha böyük xətalara, yanlışlıqlara yol ver­di. Aprel döyüşlərindən sonra 2020-ci ilin İyul-Tovuz hadisələri Qarabağın azad­lığına gedən yolda növbəti mühüm mərhələ oldu, bizi Qarabağımıza daha da yaxınlaşdırdı…
Azərbaycana artan dəstək... 27 sentyabr və 44 günlük İkinci Vətən müharibəsi, tarixi Qələbə!
- İyul-Tovuz hadisələrindən sonra beynəlxalq aləmdə Azərbaycan, Qarabağ həqiqətləri daha aydın görünməyə başlandı, Azərbaycana dəstək daha da artdı. Yəqin ki, fikirlərimizlə razılaşarsınız?
- Bəli, Azərbaycana dəstək daha da artdı, Ermənistanın ifşası daha da gücləndi, daha da sürətləndi. Xüsusilə, hər zaman yanımızda olan qardaş və dost Türkiyədən, onun dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğandan Azərbaycana verilən dəstək daha da genişləndi. Eyni zamanda, hər zaman Azərbaycana dost və qardaş münasibəti ilə fərqlənən Pakistandan, Ukraynadan, Əfqanıstandan və digər dövlətlərdən güclü dəstək gəldi. Ancaq yenə də ən böyük dəstək qeyd etdiyimiz kimi, qardaş və dost Türkiyədən oldu. Bütün müstəvilərdə Azərbaycana dəstək ifadə edildi. Azərbaycan və Türkiyə rəsmilərinin, xüsusilə, iki ölkənin hərbçilərinin qarşılıqlı səfərləri daha da artdı, genişləndi. Azərbaycan və Tükiyə hərbçilərinin növbəti və hərtərəfli təlimlərinə start verildi, Azərbaycanın yalnız və tək olmadığı, buraxılmadığı və buraxılmayacağı dünyaya mesaj edilmiş oldu. Və 2020-ci il sentyabrın 27-si, səhər saatlarında Ermənistanın növbəti təxribatı onun sonunu gətirdi, işğala son qoyulmasını gürətləndirdi və onu gerçəkliyə çevirdi. Bir andaca müsəlləh əsgərə dönən Azərbaycan xalqı 44 günlük savaşla, İkinci Vətən müharibəsi ilə qanlı 32 illik Qarabağ münaqişəsinə son nöqtəsini, Ali Baş Komandanın dediyi kimi, nidasını qoydu! Artıq nə Dağlıq Qarabağ münaqişəsi var, artıq nə təmas-cəbhə xətti var, artıq nə status-kvo var, artıq nə də Dağlıq Qarabağ deyilən coğrafi quruluş var. Ali Baş Komandanın dediyi kimi, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq. Və hər zaman, dəfələrlə deyirdik ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə bir gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma Ali Baş Komandanın da bəyan etdiyi kimi, hər kəs bilməlidir ki, əsas missiyanı onun prezidentliyi dövründə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi. Bizim müharibəmiz - İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik. Bəli, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!
Qarabağın işğalına son qoyulmasından sonra da Qələbə üzərinə Qələbə, Zəfər üzərinə Zəfər gəlir. Hər gün növbəti Tarix yazılır, hər gün düşmənə növbəti Dərs verilir. Artıq son 4 ayda Qarabağa, işğaldan azad olunmuş ərazilərə Ali Baş Komandan və onun sadiq, ən sədaqətli silahdaşı Mehriban xanım Əliyevanın birlikdə 5 səfəri gerçəkləşdirilib. Beş səfər, beş Zəfər, beş Qələbə! Bəli, artıq ötən müddət ərzində Qarabağın bərpası, dirçəldilməsi, cənnət-məkana çevrilməsi ilə bağlı böyük işlərə start verilib. Qarşıda da daha böyük hədəflərimiz, işlərimiz var və onları da birlikdə bacaracağıq, onları da birlikdə bir-bir hədəfinə çatdıracağıq!

Müsahibəni apardı:
Kamil HƏMZƏOĞLU