MƏQALƏLƏR

336

Azərbaycan auditi - 2020: uğurlar və perspektivlər

  • 29.04.2021

“...Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olan müstəqil auditin ölkəmizdə formalaşdırılması və onun normativ hüquqi bazasının yaradılması qısa zaman kəsiyində maliyyə nəzarətinin bu müstəqil növünün uğurlu inkişafına imkan yaratmışdır. Ölkəmizdə auditor fəaliyyətinin dövlət tənzimlənməsi Auditorlar Palatası tərəfindən həyata keçirilir. Auditorlar Palatasının fəaliyyəti dövründə ölkədə beynəlxalq audit standartlarının tətbiqi reallaşdırılmış, daxili audit xidmətinin korporativ idarəetmə sisteminin ayrılmaz elementinə çevrilməsi, auditorların fəaliyyətinə effektiv nəzarətin qurulması sahəsində xeyli iş görülmüşdür. Palata beynəlxalq və regional peşə qurumlarında, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası kimi çox nüfuzlu bir təşkilatda ölkəmizi layiqincə təmsil edir”.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


 

2020-ci ildə COVİD-19-un yayıldığı bir şəraitdə yaranmış gərgin vəziyyət və auditor xidmətinin sifarişçiləri olan təsərrüfat subyektlərinin üzləşdikləri çətinliklər iqtisadiyyatda şəffaflığın təmin olunmasında, kölgə iqtisadiyyatına qarşı mübarizədə, resurslardan səmərəli istifadə edilməsində, iqtisadi təhlükəsizliyin təmin olunmasında əvəzedilməz önəm kəsb edən və maliyyə hesabatlarının şəffaflığının əsas təminatçılarından olan audit peşəsi - müstəqil audit üçün də təsirsiz ötüşməmişdir.
Hesabat ilində auditorların öz vəzifələrinin və öhdəliklərinin layiqincə yerinə yetirmələrinə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən kompleks tədbirlər işlənib həyata keçirilmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Auditorlar Palatasında 2020-ci il 8 aprel tarixli “Pandemiya şəraitində auditor xidmətinin qarşısında duran vəzifələrin həllinə dair” Sərəncam qəbul edilmişdir. Sərəncamın məqsədi müasir şəraitdə ölkədə müstəqil auditin qarşısında duran problemlərin müəyyənləşdirilməsi, bu problemlərin operativ və səmərəli həll edilməsi üzrə yeni dövrün çağırışlarına uyğun tövsiyələrin işlənib hazırlanması, Auditorlar Palatasının üzvlərinə əməli köməkliyin göstərilməsi, Palata üzvlərindən daxil olan təklif və tövsiyələrin təxirə salınmadan öyrənilməsi, həll edilməsi və zəruri hallarda müvafiq mərkəzi icra hakimiyyəti orqanları qarşısında qaldırılması, pandemiya dövründə qabaqcıl xarici təcrübənin Azərbaycan auditində tətbiqini təmin etməkdən ibarət olmuşdur. Sərəncama müvafiq olaraq Auditorlar Palatasında yaradılmış İşçi Qərargah Auditorlar Palatasının üzvləri ilə distant əlaqə yaratmaqla audit peşəsi üçün vacib hesab edilən məsələləri öyrənmiş və operativ qərarların qəbul edilməsi üçün müvafiq işləri həyata keçirmişdir.
Palata üzvləri ilə aparılan peşəkar müzakirələr, üzvlər tərəfindən təqdim edilən təklif və tövsiyələr əsasında 2020-ci il 15 aprel tarixində “Pandemiyaya qarşı mübarizə və onun nəticələrinin aradan qaldırılmasına dair Azərbaycan Respublikası Auditorlar Palatasının Tədbirlər Planı” təsdiq olunaraq icraya yönəldilmişdir.
Bazar infrastrukturu olmaq etibarilə milli iqtisadiyyatın, ilk növbədə də sahibkarlığın inkişafına töhfəsini artırmaq üçün auditor xidmətinin daha geniş anlamda qəbul edilməsi, həmin anlayışa sifarişçilərə iqtisadi strategiyaya dair məsləhət və tövsiyələr verməkdən tutmuş optimallaşdırma məsələlərinə qədər əhatəli bir xidmət sahəsinin daxil edilməsi tələb olunur. Beynəlxalq audit praktikasında istifadə olunan fəaliyyət növlərinin və metodlarının geniş tətbiqi ölkəmizdə auditin təşkilinin əsas istiqamətləri kimi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasında auditin dünya standartları səviyyəsində təşkili ona yalnız mühasibat uçotu kontekstində baxılmasını yox, idarəetmə prosesində nəzarət-analitik infrastruktur elementi kimi qəbul edilməsini tələb edir.
Müasir şəraitdə Azərbaycanın innovativ iqtisadiyyatında auditin inkişaf xüsusiyyətlərinin öyrənilməsi, keyfiyyətli uçot və auditin formalaşdırılması problemlərinin, onların həlli yollarının aşkara çıxarılması böyük rol oynayır.
Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Auditorlar Palatasında 2020-ci ildə “Azərbaycan Respublikasında Auditor fəaliyyətinin inkişaf Konsepsiya”sı işlənib hazırlanmışdır.
2021-2030-cu illəri əhatə edəcək auditin üçüncü inkişaf konsepsiyası Azərbaycanda auditor fəaliyyətinin müasir vəziyyəti və onun inkişafına mane olan əsas problemlər, auditor xidmətinin keyfiyyət problemləri, auditor fəaliyyətində şəffaflığın artırılması, dempinq, haqsız rəqabət və korrupsiyaya qarşı mübarizə, auditor xidmətlərinə tələbatın və ictimai etimadın yüksəldilməsini, eləcə də, qabaqcıl xarici təcrübənin tətbiqi və beynəlxalq peşəkar qurumların fəaliyyətində milli auditin iştirakının genişləndirilməsini, rəqəmsal iqtisadiyyat şəraitində auditor fəaliyyətində innovasiyaların tətbiqi istiqamətlərini (konseptual əsasları), auditor kadrlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsini, auditor xidməti bazarında tənzimləmə və təşkilin inkişaf istiqamətlərini, auditor fəaliyyətinin normativ hüquqi təminatının yaxşılaşdırılmasını və 2030-cu ilə qədər Azərbaycanda auditor fəaliyyətinin inkişafının konseptual istiqamətlərini özündə əks etdirir.
Hesabat ilində eyni zamanda, “Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair təlimat” işlənib hazırlanmış, “Auditorların müstəqillik qaydaları” kitab şəklində nəşr etdirilmiş və Auditorlar Palatasının üzvü olan auditor təşkilatlarına və sərbəst auditorlara çatdırılması təmin edilmiş, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair metodik materiallar Toplusu (2010-2020-ci illər)” hazırlanaraq çap etdirilmişdir.
Eyni zamanda, Sərbəst auditorların və auditor təşkilatlarının 2019-cu il üzrə illik və 2020-ci il üzrə I yarımillik hesabatlarının toplanması, təhlili və icmal-tövsiyələrin, aparılan auditlərin keyfiyyətinə kənar nəzarətin vəziyyətinə dair icmal-təhlilin hazırlanması, 2019-cu ilin nəticələri üzrə auditor təşkilatlarının və sərbəst auditorların reytinq səviyyəsinin müəyyən edilməsi, səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditor yoxlamalarının aparılması, "Auditin innovativ inkişafının əsas istiqamətləri üzrə konsepsiya"da nəzərdə tutulan tədbirlərin tətbiqi, "Kölgə iqtisadiyyatının azaldılması üzrə Yol Xəritəsi"ndə nəzərdə tutulan tədbirlərin tətbiqi, Beynəlxalq Audit Standartlarının son versiyasına edilmiş dəyişikliklərin tərcüməsi, redaktəsi, auditor təşkilatlarına və sərbəst auditorlara çatdırılması, Milli layihələrin, Dövlət proqramlarının, Strategiyaların, fəaliyyət planlarının, fərmanların, sərəncamların, Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentin tapşırıqlarının, tövsiyələrinin icrasının gedişi və nəticələri barədə məlumatların hazırlanması və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir.
2020-ci ildə Palata tərəfindən auditorların ixtisasartırma kurslarının keçirilməsi, auditor adı almaq üçün imtahanların təşkil edilməsi, Beynəlxalq Mühasiblər Federasiyasına təqdim edilmiş fəaliyyət planının icrası ilə əlaqədar məlumatların hazırlanması və göndərilməsi, Beynəlxalq Mühasiblər Federasiyası və Avropa Mühasiblər və Auditorlar Federasiyası ilə birgə işlərin aparılması, kiçik və orta müəssisələrin auditində Beynəlxalq Audit Standartlarının tətbiqinə dair təlimatın tərcümə etdirilməsi kimi tədbirlər də yerinə yetirilmişdir.
Ölkəmizdə yeni innovativ metodların tətbiq edilməsi ilə əlaqədar müvafiq işlər həyata keçirilir. Auditorlar Palatası da bu yeni sistemin auditor xidməti sahəsində tətbiqini təmin etmək məqsədilə artıq 2020-ci ildən etibarən auditor təşkilatları və sərbəst auditorların fəaliyyətlərinə dair hesabatları auditorun şəxsi kabineti vasitəsi ilə qəbul olunmuşdur.
Hesabat dövrü ərzində 55 sərbəst auditorun və 116 auditor təşkilatının (o cümlədən, 2 xarici auditor təşkilatının filial və nümayəndəliyi və 15 xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatı) auditor fəaliyyətini həyata keçirmək hüququ olmuş, 13 auditor təşkilatı və 3 sərbəst auditorun öz ərizələrinə, 4 auditor təşkilatının isə Şura qərarına əsasən icazələri müvəqqəti olaraq dayandırılmışdır.
2020-ci il üzrə 55 sərbəst auditor və 116 auditor təşkilatı tərəfindən Auditorlar Palatasına öz fəaliyyətlərinə dair hesabatlar təqdim edilmişdir. Təqdim edilmiş hesabatlara əsasən müəyyən edilmişdir ki, hesabat dövründə təsərrüfat subyektləri ilə 77,0 mln. manat məbləğində 5056 müqavilə bağlanmışdır.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bağlanmış müqavilələrin sayı 6451-dən 5056-ya qədər, yəni 1395 ədəd və ya 21,6% azalmış, məbləği isə 73,1 mln. manatdan 77,0 mln. manata qədər, yəni 3,9 mln. manat və ya 5,3% artmışdır. Bağlanmış müqavilələrdən 53,8 mln. manat məbləğində 4103-i yerinə yetirilmişdir.
2019-cu il ilə müqayisədə 2020-ci ildə yerinə yetirilmiş müqavilələrin sayı 5205-dən 4103-ə qədər, yəni 1102 ədəd və ya 21,2%, məbləği 59,5 mln. manatdan 53,8 mln. manata qədər, yəni 5,7 mln. manat və ya 9,6% azalmış, orta məbləği isə 11,4 min manatdan 13,1 min manata qədər, yəni 1,7 min manat və ya 14,9% artmışdır.
Hesabat ili ərzində yerinə yetirilmiş 4103 müqavilədən 2198-i məcburi auditin, 1905-i isə könüllü auditin subyekti olmuşdur. Bu da uyğun olaraq 53,6% və 46,4% təşkil etmişdir. 2020-ci il ərzində respublika üzrə 4512 məcburi audit subyektindən 2198-i (48,7%) auditdən keçmişdir.
Azərbaycanda beynəlxalq tələblərə uyğun fəaliyyət göstərməyə qadir olan auditor kadrlarının hazırlanması, onların peşə-ixtisas səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məsələləri Palatanın fəaliyyətində mühüm istiqamətlərdən birini təşkil edir.
Auditorlar Palatası sədrinin “Azərbaycan Respublikasının Auditorlar Palatasında auditor adı almaq üçün imtahanların onlayn qaydada keçirilməsi barədə” 2020-ci il 14 iyul tarixli sərəncamına uyğun olaraq, Auditorlar Palatasının İmtahan Komissiyası və Kadr hazırlığı şöbəsi tərəfindən 2020-ci ildə auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar bir qrup auditorlara və auditor adı almaq üçün müraciət etmiş şəxslərə onlayn imtahan keçirilmiş, ümumi olaraq 27 nəfər müvəffəq nəticə əldə etmişdir.
Eyni zamanda, ötən ildə təsdiq edilmiş siyahı üzrə 158 auditor onlayn qaydada təşkil edilmiş ixtisasartırma kurslarında iştirak etmişdir. Onlayn təşkil edilmiş test imtahanından müvəffəq nəticə göstərənlərə sertifikatlar təqdim olunmuşdur.
Auditorlar Palatasında kadr hazırlığı istiqamətində görülmüş işlərdən biri də ödənişli kursların təşkili olmuşdur. Belə ki, ötən il ərzində idarə və müəssisələrdən müraciət etmiş 21 nəfərə müxtəlif vaxtlarda 3 dəfə ödənişli kurslar təşkil edilmişdir. O cümlədən, 2020-ci il 10 fevral - 6 mart tarixlərində 10 nəfərə və 8-30 dekabr tarixlərində 7 nəfərə “Daxili audit və daxili nəzarət” proqramı əsasında, 9-28 dekabr tarixlərində isə 4 nəfərə “Daxili audit testləri və sübutlarının toplanması” proqramı əsasında kurslar keçirilmişdir. Kursların sonunda iştirakçıların bilik səviyyəsinin yoxlanması üçün onlayn imtahan keçirilmiş və 21 nəfər imtahanı müvəffəqiyyətlə bitirərək sertifikatlar almışlar.
Hər il olduğu kimi, 2020-ci ildə də Auditorlar Palatasında yeni üzvlüyə qəbul edilmiş auditorlarla görüş keçirilmişdir. Üzvlərə informasiya-kommunikasiya texnologiyalarından istifadə izah olunmuş, audit sahəsi üzrə müxtəlif maarifləndirici materiallar təqdim edilmiş, eyni zamanda, yeni nəşr olunmuş “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) kitabı da öz fəaliyyətlərində istifadə edilməsi üçün onlara təqdim edilmişdir.
Ötən il Auditorlar Palatasında auditin təşkili və tənzimlənməsinə həsr edilmiş müxtəlif mövzulara dair, o cümlədən 2020-ci il 25 fevral - 02 mart tarixlərində auditorlar üçün “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi”nin tətbiqi, 14 aprel tarixində “Pandemiya şəraitində auditor xidmətinin qarşısında duran problemlərin və vəzifələrin həlli”, 23 aprel tarixində “Pandemiya şəraitində beynəlxalq təcrübə nəzərə alınmaqla auditin aparılması yolları”, 30 aprel - 6 may tarixlərində “Auditorun şəxsi kabineti sisteminin tətbiq edilməsi” , 8 may tarixində “COVID-19 böhranı: Maliyyə hesabatları və audit üzrərindəki nəticələri” mövzularında vebinarlar keçirilmişdir.
Qeyd edildiyi kimi, COVİD-19-un yayıldığı bir şəraitdə yaranmış vəziyyət iqtisadiyyatda şəffaflığın təmin olunmasında, kölgə iqtisadiyyatına qarşı mübarizədə Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarının yerinə yetirilməsində, iqtisadi resurslardan səmərəli istifadə edilməsində, iqtisadi təhlükəsizliyin təmin olunmasında əvəzedilməz önəm kəsb edən və maliyyə hesabatlarının şəffaflığının əsas təminatçılarından olan auditor peşəsi - müstəqil audit üçün də təsirsiz ötüşməmişdir. Bu həm də bizim xidmətin sifarişçiləri olan təsərrüfat subyektlərinin üzləşdikləri mürəkkəb durumla əlaqədardır. Hazırki şəraitdə auditorların öz vəzifələrinin və öhdəliklərinin layiqincə yerinə yetirmələrinə dəstək verilməsi məqsədilə Auditorlar Palatası tərəfindən kompleks tədbirlər görülməkdədir. Bu məqsədlə Auditorlar Palatasının sədri tərəfindən təsdiq edilmiş “Pandemiya şəraitində auditor xidmətinin qarşısında duran vəzifələrin həllinə dair” Sərəncamının da məqsədi müasir şəraitdə ölkədə müstəqil auditin qarşısında duran problemlərin müəyyənləşdirilməsi, bu problemlərin operativ və səmərəli həll edilməsi üzrə yeni dövrün çağırışlarına uyğun tövsiyələrin işlənib hazırlanması, Auditorlar Palatasının üzvlərinə əməli köməkliyin göstərilməsi, pandemiya dövründə qabaqcıl xarici təcrübənin Azərbaycan auditində tətbiqini təmin etməkdən ibarət olmuşdur.
Yeni dövrün çağırışları auditin təşkili, tənzimlənməsi və rəqəmsallaşdırılmasının müasir tələblərə müvafiq olaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, auditdə innovasiyaların və yeni texnologiyaların tətbiqi, aparılan auditlərin Beynəlxalq Audit Standartlarına, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinə və digər normativ-hüquqi sənədlərin tələblərinə uyğunluğunu, ən əsası isə auditor xidmətinin keyfiyyətinin və peşənin imicinin yüksədilməsinə nail olmağı zəruri edir.
Bu istiqamətdə nəticəli tədbirlərin həyata keçirilməsi məqsədilə Auditorlar Palatasında 2020-ci il ərzində auditin təşkili və tənzimlənməsinə dair çoxsaylı "Dəyirmi masa"lar təşkil olunmuşdur.
Auditor xidmətinə ictimai etimadın yüksəldilməsi və xidmət bazarında haqlı rəqabətin təmin edilməsi, auditorlar tərəfindən yol verilən haqsız rəqabət hallarının vaxtında aşkar edilməsi və belə hərəkətlərə qarşı adekvat cəza tədbirlərinin görülməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə haqsız rəqabətə yol verən auditorlara və onların mütəxəssislərinə qarşı təsirli tədbirlər sisteminin işlənib hazırlanması və onların tətbiqi “Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair Təlimat”ın hazırlanmasını zəruri etmiş və bu məqsədlə həmin Təlimat hazırlanmışdır. Təlimatın Palata üzvlərindən ibarət “Dəyirmi masa”da onlayn müzakirəsi keçirilmiş, auditorlar tərəfindən haqsız rəqabət hallarına qarşı mübarizəyə dair təkliflər verilmiş, işgüzar müzakirələr aparılmışdır.
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun auditorlar tərəfindən tətbiqinə dair metodik materiallar Toplusunun (2010-2020-ci illər) 2020-ci ilin 20 avqust tarixində distant qaydada təqdimat mərasimi keçirilmişdir. Təqdimatda Auditorlar Palatasının əməkdaşlıq etdiyi qurumların rəhbərləri, Palatanın Şurası yanında komitə sədrləri, peşəkar mühasiblər və auditorlar iştirak etmişlər. Tədbir iştirakçiları nəşr edilən kitab barədə öz fikirlərini bildirərək müstəqilliyin auditin ən əsas prinsiplərindən biri olduğunu, auditorların öz müstəqilliklərini qorumaqla keyfiyyətli xidmət göstərmələrini və auditə ictimai etimadın səviyyəsinin yüksəldilməsi ilə bərabər dempinq, haqsız rəqabət, auditin nüfuzunun aşağı düşməsi və digər bir sıra xoşagəlməz halların qarşısının alınmasına zəmin yaratmalarını vurğulamışdır. Bildirilmişdir ki, 2018-ci ildə Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) tərəfindən dərc edilmiş mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının hazırladığı «Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) çox mühüm əhəmiyyətə malikdir. Xüsusi vurğulamaq lazımdır ki, ilk dəfə olaraq “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə)” nəşr olunmuşdur. IFAC tərəfindən nəşr olunmuş və 2019-cu ilin sonlarında Auditorlar Palatası tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq dərc edilmiş «Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi”ndə (“Beynəlxalq Müstəqillik Standartları» ilə birlikdə) ehtiva olunmuş müddəaların mahiyyətinin üzvlərimizə, habelə ölkə mühasiblərinə çatdırılması, Məcəllənin prinsipləri əsas götürülməklə yeni normativ hüquqi aktların və xüsusi milli sənədlərin hazırlanmasını və tətbiqini ön plana çəkir. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin, Auditorlar Palatanın Şurası yanında Beynəlxalq Audit Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq standartları üzrə komitənin, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının, “Barattson” MMC-nin, Auditorlar Palatanın Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitənin, Azərbaycan Mühasibat və Risk Peşəkarları Assosiasiyasının nümayəndələri çıxış edərək kitabın peşənin inkişafında və onun müstəqilliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar.
Şanlı qələbəmizlə tarixə düşən 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibədən sonrakı dövrdə işğal olunmuş ərazilərin bərpasına dair konseptual təklif və göstərişlərinin reallaşdırılması istiqamətində zəruri tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində elmi-praktik əhəmiyyət kəsb edən tövsiyələrin müəyyənləşdirilməsi məqsədilə, Azərbaycan Respublikası Auditorlar Palatasının Azərbaycan İqtisadçılar İttifaqı ilə birgə təşkilatçılığı ilə 2020-ci il 24 noyabr tarixində “Qələbəyə aparan yol: iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusunda onlayn elmi-praktik konfransı keçirilmişdir. Konfransda işğaldan azad edilən torpaqlarımızın yenidən qurulması, ölkəmizə dəyən zərərin qiymətləndirilməsi, maliyyə vəsaitlərindən səmərəli istifadə və xarici təcrübənin geniş tətbiqi istiqaməti üzrə təklif və tövsiyələr hazırlanaraq müvafiq qurumlara təqdim edilmişdir.
Tədbirdə Azərbaycan İqtisadçılar İttifaqının, Аzərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində “Postkonfilikt ərazilərin bərpası” Elmi Mərkəzinin, Аzərbaycan Kooperasiya Universitetinin əməkdar Auditorlar Palatası Şurasının yanında komitələrin təmsilçiləri və Palatanın əməkdaşları iştirak etmişlər.
Ötən ilin yadda qalan hadisələrindən biri də Auditorlar Palatasının beynəlxalq əlaqələrinin genişləndirilməsindən ibarət olmuşdur. Belə ki, 2020-ci il ərzində təşkil olunmuş bir çox beynəlxalq tədbirlərdə Palata təmsilçilərinin iştirakı təmin olunmuşdur. Lakin dünyada yaranmış pandemiya ilə əlaqədar olaraq, 2020-ci ilin mart ayından iştirakçıların tədbirlərdə iştirakı onlayn şəkildə təşkil olunmuşdur.
Həmin tədbirlər sırasında 2020-ci il 21 fevral tarixində Romada keçirilən Azərbaycan-İtaliya biznes forumunu, 26 iyun tarixində Kiçik və Orta Müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyasının videokonfrans formatında 2020-ci il üzrə İllik Ümumi Yığıncağını, 29 may və 19 iyun tarixlərində Rusiya Federasiyasının “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının təşkil etdiyi beynəlxalq videokonfransı, 9 iyul tarixində EFAA-nın İllik Ümumi Yığıncağını, “Kiçik və orta müəssisələrin hesabatlılığının gələcəyi: COVİD-19 təsirləri” adlı vebinarı və 23 iyul tarixində “Kiçik və orta müəssisələrin auditinin gələcəyi: Audit Standartlarının COVİD-19 dönəmində tətbiqi” adlı vebinarı, 14 iyul tarixində Avrasiya regionu üzrə peşəkar audit və mühasibatlıq qurumlarının “Beynəlxalq Audit Standartları (BAS) 600 layihəsi üzrə "Qrupun Maliyyə Hesabatları üçün Audit Mülahizələri (Auditorların işi daxil olmaqla)” mövzusunda keçirdiyi vebinarı, 16 iyul tarixində “Auditin həyata keçirilməsi” və 23 iyul tarixində isə “Audit Hesabatı və Gələcəyə baxış” mövzularında Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) keçirdiyi vebinarı, 16 iyul tarixində Cinayət yolu ilə əldə edilmiş çirkli pulların yuyulmasına qarşı PAO-ların birgə səylərini əlaqələndirmək və kölgə iqtisadiyyatına qarşı mübarizədə müstəqil auditin rolunu artırmaq üçün əsas istiqamətləri inkişaf etdirmək məqsədilə Avrasiya regionu üzrə peşəkar audit və mühasibatlıq qurumlarının keçirdiyi vebinarı, 13 avqust tarixində Kiçik və Orta Müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) videokonfrans formatında iclasını, 7 sentyabr tarixində Avrasiya regionu üzrə peşəkar audit və mühasibatlıq qurumlarının BAS-ların inkişafı üzrə müzakirəsi və BAS 600 layihəsi üçün təkliflərin hazırlanması ilə əlaqədar keçirdiyi vebinarı, 15 sentyabr tarixində keçirilmiş “Kiçik və orta müəssisələrin gələcəyi: Likvidlik və Biznesin Davamlılığı” adlı vebinarı, 23 sentyabr tarixində Rusiya Federasiyasının “Содружество” Özünü Tənzimləyən Auditor Təşkilatları Assosiasiyasının "Audit təşkilatında keyfiyyətə nəzarət sistemi" mövzusunda vebinarı, 8 oktyabr tarixində Rusiya Federasiyasının “Содружество” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının “Avrasiya regionu üzrə ölkələrində audit və mühasibat xidmətləri üçün ümumi bazarların işləmə məsələləri və perspektivləri" adlı tədbirini, 14 oktyabr tarixində Rusiya Federasiyasının “Содружество Özünü Tənzimləyən Auditor Təşkilatları Assosiasiyasının “Avrasiya bölgəsində mühasiblər və auditorların regional qrupunun yaradılması” adlı vebinarını, 15 oktyabr tarixində Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) tərəfindən onlayn qaydada keçirilmiş “SMP-lərin Gələcəyi - Rəqəmsal Səriştənin İnkişaf etdirilməsi” adlı vebinarı, 22 oktyabr tarixində Rusiya Federasiyasının “Содружество Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyası” tərəfindən videokonfrans formatında Avrasiya regionunun audit və mühasibatlıq qurumlarının rəhbərlərinin iştirakı ilə “Cinayət yolu ilə əldə edilmiş gəlirin yuyulmasına və kölgə iqtisadiyyatına qarşı mübarizədə müstəqil auditin rolunun artırılmasının əsas istiqamətlərinin işlənib hazırlanması üzrə peşəkar auditor və mühasibatlıq təşkilatlarının birgə səylərinin koordinasiyası üzrə işçi qrupu”nun iclasını, 29 oktyabr tarixində Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) tərəfindən təşkil olunmuş “SME-lər tərəfindən qeyri-maliyyə hesabatlarının gələcəyi” adlı vebinarı, 29-30 oktyabr tarixlərində Rusiya Federasiyasının “Содружество” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının "İnnovativ iqtisadiyyata keçiddə mühasibat, audit və mühasibat təhsilinin beynəlxalq standartlara uyğun islahatı" adlı elmi-praktik konfransı, 19 noyabr tarixində Avrasiya Bölgəsinin keyfiyyətə nəzarət, auditdə haqsız rəqabət hallarının müəyyən edilməsi, auditin keyfiyyətinin artırılması və haqsız rəqabətin qarşısının alınması üçün tədbirlər hazırlanması üzrə İşçi Qrupunun iclasını və s. qeyd etmək olar.
2020-ci ildə Palatanın Şurası yanında peşəkar auditorların rəhbərlik etdiyi 9 komitə və 1 komissiya fəaliyyət göstərmişdir.
Komitələr və komissiya öz fəaliyyətlərini Palatanın struktur bölmələri ilə bərabər iş planına müvafiq formada qurmuş və səlahiyyətləri çərçivəsində öhdəliklərini yerinə yetirmişlər.
2020-ci il ərzində Auditorlar Palatası Şurasının 11 iclası (fəaliyyətə başladığı dövrdən hesabat ilinin sonunadək üç yüz iyirmi yeddi iclas) keçirilmişdir.
Şura iclaslarında əsasən auditor fəaliyyətini tənzimləyən normativ hüquqi sənədlərin, təlimatların, standartların və qaydaların müzakirəsi ilə əlaqədar qərarlar qəbul edilmişdir.
İnformasiya-təbliğat və nəşriyyat fəaliyyəti üzrə Auditorlar Palatasının təşkilatçılığı və iştirakı ilə auditin aktual problemləri üzrə keçirilən konfransların, simpoziumların, “dəyirmi masa”ların, seminarların və digər tədbirlərin nəticələri haqqında geniş məlumat mütəmadi olaraq Palatanın internet səhifəsində və sosial şəbəkələrdə yerləşdirilmişdir.
2020-ci ilin 30 yanvar tarixində Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun "Azərbaycan" qəzetində "Prezident İlham Əliyev bu il də Davos Forumundan ölkəmizin milli maraqlarının təminatı üçün maksimum istifadə etdi", 29 aprel tarixində "AZƏRTAC"-da “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planında kölgə iqtisadiyyatının azaldılmasına xüsusi önəm verilməsi müasir dövrün tələbləri baxımından aktualdır”, 8 may tarixində "Respublika” qəzetində “Heydər Əliyevin iqtisadi siyasətində şəffaflıq amili və təhlükəsizlik siyasəti yeni mərhələdə”, 29 may tarixində Rusiya Federasiyasının “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının rəsmi internet səhifəsində “Koronavirus (COVİD-19) şəraitində audit” (çıxışı), 9 iyun tarixində “Palitra” qəzetində "Korrupsiyaya qarşı mübarizə bu gün və sabah üçün də dövlət siyasətinin prioritet məsələsi olaraq qalacaq", 12 iyun tarixində “AZƏRTAC”-da "Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir", 13 iyun tarixində “Xalq” qəzetində "Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir", 19 iyun tarixində "Respublika" qəzetində “Akademik Ziyad Səmədzadə haqqında”, 10 sentyabr tarixində “Azərbaycan” qəzetində "Neft sazişləri Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafına təkan verir", 30 sentyabr tarixində “AZƏRTAC”da "Dayanıqlı İnkişaf Məqsədləri Azərbaycanda uğurla həyata keçirilməkdədir", 1 oktyabr tarixində “İKİ SAHİL” qəzetində "Dayanıqlı İnkişaf Məqsədləri Azərbaycanda uğurla həyata keçirilməkdədir", 10 oktyabr tarixində “Azərtac”da “Vahid Novruzov işğalçı Ermənistanın növbəti təxribatı ilə bağlı xarici həmkarlarına müraciət edib” məqalələri və Moskvada dərc olunan beynəlxalq elmi-praktiki “Audit” jurnalının I (yanvar) nömrəsində “Azərbaycan auditinin əldə etdiyi uğurlar və qarşıda duran problemlər”, 17 aprel tarixində "AZƏRTAC"-da Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransına dair müsahibələri dərc etdirilmiş, habelə Palata əməkdaşlarının “Azərbaycan auditi - 2019” mövzusunda, "Məcburi auditdən keçməklə maliyyə hesabatlarınızı şəffaflaşdırın" başlığı altında, “Azərbaycanın zəhmətlə yüksələn ilk xanım auditoru” adlı məqalələri müxtəlif qəzetlərdə dərc edilmişdir.
Auditorlar Palatası gördüyü bütün işlərin ictimaiyyətə çatdırılması üçün nəinki KİV-dən, eləcə də Palatanın saytından və sosial şəbəkələrindən mütəmadi istifadə edir. Auditorlar Palatasının ötən ildə keçdiyi uğurları ilə bərabər qarşımızda icrası vacib hesab edilən perspektivləri də mövcuddur. Belə ki, qeyd etdiyimiz kimi, Palata tərəfindən hazırlanmış 2021-2030-cu illəri əhatə edəcək auditin üçüncü inkişaf konsepsiyası özündə auditor xidmətinin keyfiyyətinin, auditə ictimai etimadın yüksəldilməsi, rəqəmsal iqtisadiyyat şəraitində auditor fəaliyyətində innovasiyaların, qabaqcıl xarici təcrübənin daha geniş tətbiqi, auditor kadrlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, auditor fəaliyyətində şəffaflığın artırılmasını, dempinq, haqsız rəqabət və korrupsiyaya qarşı mübarizə, auditor xidməti bazarında tənzimləmə və təşkilin inkişaf etdirilməsi, auditor fəaliyyətinin normativ hüquqi təminatının yaxılaşdırılması istiqamətlərini özündə cəmləşdirir.
Bu Konsepsiyanın məqsədi yalnız şəffaflıq, hesabatlılıq və audit sahəsində üzləşdiyimiz ciddi və bəzən də gözlənilmədən meydana çıxan çətinliklər və problemlərin həllinə reaksiya vermək yox, daha çox gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün konseptual yanaşmanı təmin etməkdir.
Konsepsiyada ehtiva olunan əsas istiqamətlərin reallaşdırılması ölkənin qanunvericilik aktlarına müvafiq dəyişikliklərin edilməsi, zəruri tənzimləyici aktların işlənib hazırlanması və nəşri, kompleks təşkilati, təhsil, maarifləndirmə, informasiya təminatı üzrə tədbirlərin həyata keçirilməsi vasitəsilə nəzərdə tutulur.
Auditorlar Palatası Azərbaycan iqtisadiyyatının inkişafı naminə öz üzərinə düşən öhdəlikləri, vəzifə və funksiyaları sonrakı illərdə də layiqincə yerinə yetirmək əzmindədir.

 

Səbuhi GÜLMƏMMƏDOV,
Azərbaycan Respublikası
Auditorlar Palatasının icraçı direktoru

Qəşəm BAYRAMOV,
Azərbaycan Respublikası
Auditorlar Palatası Aparatının rəhbəri