MƏQALƏLƏR

ƏSAS HƏDƏF - DAYANIQLI VƏ DAVAMLI İNKİŞAFI TƏMİN ETMƏKDİR!

  • 28.05.2021

Bir tərəfdən pandemiya və onun törətdiyi çətinliklər, digər tərəfdən Vətən müharibəsi Azərbaycan iqtisadiyyatını ciddi sınaqlarla üzləşdirdi. Lakin məlum oldu ki, möhkəm təməl üzərində qurulmuş iqtisadiyyatımız istənilən kataklizmlərdən uğurla çıxmağa qadirdir. Bütün çətinliklərə rəğmən, son illər sistemli və ardıcıl şəkildə aparılan struktur və idarəetmə islahatları belə ağır dönəmdə də davam etdirildi. Nəzərdə tutulan bütün tədbirlər vaxtında və yüksək keyfiyyətlə icra olundu. Pandemiya ilə mübarizə şəraitində də yeni layihələrin icrasına, iş yerlərinin yaradılmasına, özünüməşğulluğun təmin olunmasına prioritet istiqamət kimi baxıldı.
Azərbaycanda əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlar nəticəsində əmək qanunvericiliyi beynəlxalq normalara uyğunlaşdırıldı, əmək bazasının təkmilləşdirilməsi, əmək münasibətlərinin sosial dialoq, müqavilələr və sazişlər əsasında tənzimlənməsi öz müsbət nəticələrini göstərməyə başladı.
Son illər əmək, məşğulluq və sosial müdafiə sektorunda reallaşdırılan layihələr, “Məşğulluq haqqında” Qanunun qəbul edilməsi, “İşsizlikdən sığorta haqqında” Qanunun qüvvəyə minməsi, Sığorta Fondunun yaradılması, vergi və sosial sığorta sahəsində islahatların aparılması, bu istiqamətdə yeni texnologiyaların tətbiqi müsbət hal kimi qiymətləndirilməlidir. Bütün bu tədbirlər idarəetmə və iqtisadi strukturlarda aparılan islahatlarla paralel həyata keçirilir. Ölkə prezidentinin dönə-dönə dilə gətirdiyi kimi, struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflığın təmin olunması, neqativ halların aradan qaldırılması, peşəkar kadr zümrəsinin formalaşdırılması və həmin gənclərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələləri özündə ehtiva edir.
Dövlət idarəetmə islahatları sosial-iqtisadi islahatların sistemliliyini və dayanıqlığını təmin edir və ölkəmizin davamlı inkişafını şərtləndirir. İslahatlara inam artdıqca, bu prosesinin sürətləndirilməsinin zəruriliyi bütün cəmiyyət üzvləri tərəfindən dərk edildikcə ümumxalq dəstəyi qazanır. Belə olan halda cəmiyyətdə ümumi konseptual baxış formalaşır və heç bir inzibati metodların işlənməsinə, tətbiqinə lüzum qalmır.
Bu gün qlobal iqtisadiyyatda ciddi dəyişikliklər baş verir. Artıq dünyada rəqabət idarəetmə sistemləri arasında gedir. Bu çağırışların fəal iştirakçısına çevrilən Azərbaycan məhz idarəetmənin səmərəliliyini artırmaqla qlobal miqyasda rəqabətlilik potensialını gücləndirməyə can atır. Bunun üçün bir sıra mühüm addımlar atılmaqdadır. İlk növbədə, daha sağlam prinsiplərə əsaslanan iqtisadi siyasət yeritməklə dövlət müəssisələrinin potensialının artırılması, onların büdcə xərclərindən asılılığının azaldılması prosesi sürətləndirilir.
Cənab Prezident İlham Əliyevin 2020-ci il 7 avqust tarixli sərəncamına əsasən yaradılan Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətində bu amil xüsusilə önə çıxarılır. Yeni yaradılan Holdinq idarəçiliyinə verilən qurumların maliyyə sağlamlığını və dayanıqlığını yaxşılaşdırmaq, maliyyə resurslarından səmərəli istifadəni təmin etmək kimi vacib məsələləri həll etməlidir.
Şübhəsiz ki, yaxın vaxtlarda bu qurumun fəaliyyəti respublikada yerli və xarici investisiyaların sağlam təməllər üzərində qurulmasına öz təsirini göstərəcək. Pandemiya istər-istəməz problemlərin çevik həllinə mənfi təsir göstərir. Lakin işlər davam etdirilir. Postpandemiya dövründə Azərbaycan iqtisadiyyatında yüksək dinamikanın şahidi olacağıq. Ən asası xarici investisiyaların ölkə istisadiyyatına daha fəal şəkildə cəlb olunması tendensiyası baş verəcək.
Azərbaycan İnvestisiya Holdinqinin yaradılması yaxın illərdə göstərilən məsələlərin gerçəkləşməsi ilə yanaşı, həm də dövlət müəssisələri vasitəsilə yatırılan investisiyaların səmərəliliyinin artırılmasına, investisiyalardan əldə olunan əlavə dəyərin bilavasitə iqtisadiyyata yönəldilməsinə böyük təkan verəcək. Bu xüsusda danışarkən onu da xatırlatmaq lazımdır ki, ölkəmizin Vətən müharibəsindən sonrakı dövr üçün inkişaf hədəfləri müəyyənləşdirilib. Çünki bu möhtəşəm qələbə ilə Cənubi Qafqazda yeni reallıqlar meydana çıxıb və bu çağırışlarda Azərbaycanın yeri və rolu əvəzsizdir. Məhz buna görə də ölkəmizin yeni reallıqlar fonunda mövcud imkanlardan yararlanmaq haqqına sahib olması birmənalıdır. Artıq 18 ildən artıqdır ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşən bir çox layihələrin icrası bölgəyə canlanma və tərəqqi gətirib, qarşılıqlı faydalı əməkdaşlıq platforması formalaşdırıb. Dövlətimizin yürütdüyü enerji və nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarıb, eyni zamanda, bölgədə uzunmüddətli və etibarlı əməkdaşlıq mühiti yaradıb.
Bütün bu və digər məqamlar Azərbaycanın keyfiyyətcə yeni transmilli enerji, nəqliyyat, logistika və ticarət mərkəzinə keçid mərhələsinə daxil olduğunu təcəssüm etdirir. Bu prosesin sürətləndirilməsini şərtləndirən mühüm amil dövlət başçısının ortaya qoyduğu konseptual və praqmatik baxışlar və onların reallaşması üçün atılan zəruri addımlardır. Bu baxımdan Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamı müstəsna əhəmiyyət kəsb edir. Bu sənəd qarşıdakı illərdə respublikamızın əsas sosial-iqtisadi inkişaf istiqamətlərini və buna uyğun milli prioritetlərini müəyyənləşdirməklə əldə olunan uğurların miqyasının və həcminin genişləndirilməsi məqsədini daşıyır.
Adı çəkilən sərəncamla növbəti onillikdə ölkəmizin sosial-iqtisadi inkişafına dair beş milli prioritetin gerçəkləşdirilməsi nəzərdə tutulur. Bunlar aşağıdakılardır: dayanıqlı, rəqabətqabiliyyətli iqtisadiyyatın, dinamik inklüziv, sosial ədalətə əsaslanan cəmiyyətin formalaşması; respublikamızın rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına çevrilməsi; təmiz ətraf mühit; “yaşıl artım” və işğaldan azad olunan ərazilərdə “Böyük qayıdış proqramı”nın reallaşdırılması.
Bir məqama da xüsusi diqqət çəkmək istərdik. Ölkə başçısının həyata keçirdiyi islahat proqramının əsas özəlliyi ondan ibarətdir ki, bu proqramlar davamlı, genişmiqyaslı xarakter daşımaqla sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edir. Başqa sözlə desək, dövlət başçısının həyata keçirdiyi islahatlar fonunda müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması respublika iqtisadiyyatının sürətli inkişafını və onun rəqabətqabiliyyətliliyinin yüksəlməsini təmin edir. Bu proqramlar həyata keçirilərkən məşğulluğun təmin edilməsi, işsizliyin və yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, içməli su probleminin həll edilməsi, milli həmrəyliyin və ictimai-siyasi sabitliyin təmin olunması məsələləri üstün mövqelərə çıxarılır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritet”in icrası nəticəsində dayanıqlı, rəqabətqabiliyyətli iqtisadiyyatın reallaşdırılması davamlı inkişafın daha da sürətlənməsinə möhkəm zəmin yaradacaq. Bu prioritetlərin səmərəli həyata keçirilməsi üçün iki amil mühüm əhəmiyyət kəsb edir: davamlı və yüksək iqtisadi artım, daxili və xarici təsirlərə dayanıqlılıq.
Davamlı və yüksək artım iqtisadiyyatı hər bir vətəndaşın sosial vəziyyətinə və rifahına birbaşa təsir edən amildir. Çünki iqtisadiyyatın davamlı və yüksək templə artımı ölkədə adambaşına düşən milli gəliri yüksək səviyyədə gerçəkləşdirir, yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin edir.
30 ildən artıqdır ki, Ermənistanın məkrli siyasəti Azərbaycanın inkişafına ciddi əngəl idi. Bəlkə də torpaqlarımız işğal altına düşməsəydi, bu illər ərzində ölkəmiz dünyanın ən inkişaf etmiş dövlətləri sırasında özünə yer alacaqdı. Ermənistan isə bugünkü rəzil və miskin duruma düşməyəcəkdi. Nə etməli, olan oldu, çox təəssüf!.. Şükürlər olsun ki, bu gün ölkəmizin üzərindən qara buludlar çəkilir, onun yerini günəşin al şəfəqləri tutur. Azərbaycan isə nura, aydınlığa doğru inamla irəliləyir.

 

Zülfü İLYASOV,
xüsusi müxbir