MƏQALƏLƏR

İnkişaf problemlərinin həlli sistemli yanşmalar tələb edir

  • 21.05.2021

İnkişaf problemlərinin həlli sistemli yanşmalar tələb edir

 

Müsahibimiz Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Ziyad Səmədzadədir.

- Ziyad müəllim, ilk olaraq qeyd etmək istərdim ki, Qarabağın işğaldan azad olunması sevincini hər zaman yaşayacağıq və bu, tarixi bir sevincdir. Bildiyimiz kimi,  işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası və qurulması istiqamətində dövlətimiz tərəfindən çoxşaxəli və sürətli işlər həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 27 aprel tarixində Zəngilan və Cəbrayıl rayonlarına səfərləri baş tutdu. Həmin səfərdə sakinlərlə görüş zamanı dövlətimizin başcısı görüləcək işlərlə bağlı vacib fikirlər ifadə etdi. Qarabağda ilk pilot layihə hesab edilən “Ağıllı kənd”in ölkə rəhbəri tərəfindən təməl daşı qoyuldu. Qarabağda bu ilk pilot layihə haqqında nə deyə bilərsiniz?

- Kənd təsərrüfatının inkişafı üçün əlverişli mühitə malik Qarabağ zonasında aqrar sahənin dirçəlməsi əhalinin ərzaq təhlükəsizliyinin təminatı baxımından daha önəmli olmaqla dövlətin diqqətdə saxladığı əsas prioritetlərdəndir. Qısa müddətdə minalardan təmizlənmiş 7 min hektar ərazidə əkin işləri aparılmışdır. Bütünlükdə isə mövsüm ərzində işğaldan azad olunmuş torpaqlarda təqribən 20-25 min hektar sahədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi nəzərdə tutulur.

Yüksək texnologiyalara əsaslanan "Ağıllı şəhər", "Ağıllı kənd" layihələrinin həyata keçirilməsi dövrün tələbidir, inkişafın göstəricisidir. İnsanın müasirləşən və yeniləşən həyat tərzini özündə ehtiva edən bu tipli layihələr bilavasitə bir neçə məqsədə - normal, mənalı yaşayışa, müasir, elmi əsaslarla idarə olunan istehsala, nümunəvi sosial xidmətlərə, ağıllı, düşünülmüş kənd təsərrüfatına, alternativ enerji mənbələrindən istifadəyə əsaslanır. Prezident İlham Əliyev tərəfindən "Böyük qayıdışın" təməli adlandırılan"Ağıllı kənd" pilot layihəsi oktyabrın 28-də işğaldan azad edilən Zəngilanın 1, 2, 3-cü Ağalı kəndlərini əhatə edir və ərazidə 200 evin tikintisi nəzərdə tutulur. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə obyektləri, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı alternativ enerji mənbələri ilə təmin ediləcək. Sözsüz ki, "Ağıllı kənd"də hər bir sakin işlə təmin olunacaqdır. Burada bütün zəruri  sosial xidmətlərlə, işlə təminatların yaradılması nəzərdə tutulur ki, bu da insan həyatını mənalı etməklə bərabər, həm də görülən işin, xidmətin səmərəliliyini artıracaqdır. Onu da qeyd edim ki, "Ağıllı kənd"i dəyərləndirən amillərdən biri "ağıllı kənd təsərrüfatı"dır ki, bu da aqrar sektorun müasir üsullarla idarə olunmasına, inkişafına hesablanıb. Heç şübhəsiz ki, bu nümunəvi, ən müasir standartlara cavab verən kənd olacaq. Artıq tikiləcək evlər, ictimai binalar, sosial obyektlər, həm də iş yerləri, əkin sahələri müəyyən edilmişdir. Zəngilanı Azərbaycanın ən qabaqcıl rayonlarından birinə çevirmək üçün  əlverişli imkanlar yaranmışdır.

Ölkə rəhbəri qeyd etdi ki, bu layihənin uğurlu icrası, sözsüz ki, bizim əraziləri mümkün qədər tez bir zamanda dirçəltmək və bərpa etməklə bağlı güclü iradəmizi nümayiş etdirəcək. Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən, ilk növbədə Türkiyədən şirkətlər dəvət edəcəyik. Şadam ki, bu gün İsrail şirkəti, İtaliya şirkəti, Azərbaycanın iki dost ölkəsindən olan şirkətlər bu mühüm layihəyə qoşulub və bu istiqamətdə bizim beynəlxalq əməkdaşlığımız daha da inkişaf edəcəkdir. Bu kimi layihələrin uğurlu icrası, sözsüz, onların əhatə və tətbiq dairəsini genişləndirəcək. Çünki biz yüzlərlə kənd, qəsəbə və şəhərləri bərpa etməliyik. Zəngilanda əkinəyararlı torpaq sahəsi 7,7 min hektar təşkil edir ki,bu da rayonun cəmi torpaq sahəsinin aşağı göstəricilərindən biridir. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq olub. Təbii ki, bu rayonda da məskunlaşma nisbətən iri iqtisadi-sosial inkişaf üçün geniş imkanlar açan kəndlər, qəsəbələr hesabına həyata keçiriləcəkdir.

Yuxarıda qeyd edildiyi kimi, layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Fərqləndirəndirici cəhət həm də odur ki, yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər. Bu ərazi “yaşıl enerji” zonasına çeviriləcəkdir. İnşa ediləcək iki yüz evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

- Ölkə rəhbəri Zəngilanda beynəlxalq hava limanının təməlini qoydu və Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün geniş imkanlara sahib olduğunu vurğuladı. Siz bu barədə nə deyə bilərsiniz?

- Əvvəla qeyd edim ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin strateji mövqeyinin möhkəmlənməsi və beynəlxalq arenaya inteqrasiya etməsi naminə mühüm hava limanları istifadəyə verilmişdir ki, bu da ümumi inkişafa, iqtisadi fəallığın artmasına geniş imkanlar yaratmışdır. Nəticədə, ölkə daxili və ölkə xarici yük və sərnişindaşımalarının həcmi artmışdır. Eyni zamanda, Azərbaycanda magistral nəqliyyat yollarının inkişafı ilə bağlı mühüm işlər görülmüşdür. Azərbayacan, sözün əsl mənasında, beynəlxalq nəqliyyat qovşağına çevrilmişdir. Geniş nəqliyyat şəbəkələrinin yaradılması bizim gücümüzün artmasını və dünyaya çıxış əldə etmək imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirmişdir.

Yaxın gələcəkdə Zəngilanda beynəlxalq hava limanı inşa ediləcək. Bu hava limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq, o bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə qadir olacaq.

Füzuli və Zəngilandan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını (Zəngilan da daxil olmaq şərtilə) əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır. Bu yaxınlarda yeni Horadiz-Zəngilan avtomagistral yolunun təməli də qoyulacaq. Mövcud yola paralel olan 4-6 zolaqlı bu yol Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün mühüm əhəmiyyət kəsb edir. Artıq təməli qoyulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun çəkilişi işğaldan azad olunmuş torpaqların iqtisadi, sosial inkişafını xeyli sürətləndirəcək. Bu yol istifadəyə verildikdən sonra uzun illərdən bəri blokadada qalan Naxçıvan Muxtar Respublikası ilə əlaqələr bərpa olunacaq. Tarixdə ilk dəfə Azərbaycanla Türkiyəni birləşdirəcək bu yol bölgə dövlətlərinin iqtisadi inkişafına, regionda sabitliyin qorunmasına ən önəmli töhfədir.

- Bildiyimiz kimi, işğaldan azad olunmuş ərazilərimizdə infrastrukturun təşkili ilə bağlı çoxşaxəli  işlər görülür.  Xüsusilə də, minalardan təmizləmə, dağıdılmış evlərin yenidən tikilməsi, yolların bərpası və s. kmi vacib işlər həyata keçirilir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Əvvəlcə qeyd edim ki, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi məsələsi çox vacibdir. Bu məsələ tez bir zamanda öz həllini tapmalıdır ki, biz digər infrastruktur layihələrinin reallaşması istiqamətində rahat şəkildə işlər həyata keçirək. Bunun üçün ən önəmli məsələ işğalçı qüvvələrin – Ermənistan tərəfinin minalanmış ərazilərimizin xəritəsini  bizə verməsidir. Amma  Ermənistan tərəfi yenə də öz mənfur mövqeyini ortaya qoyur və xəritənin Azərbaycana verilməsindən boyun qaçırır. Bu da daha çox mülki və hərbi vətəndaşlarımızın həlak olmasına səbəb olur. Bu gün artıq dövlətimiz tərəfindən bu məsələ ciddi şəkildə dünya təşkilatlarının və ictimaiyyətin diqqətinə çatdırılır. Dünya təşkilatları artıq reallıqlar üzərindən işğalçı Ermənistan tərəfinə  bununla bağlı öz çağırışlarını edirlər.İlk növbədə ermənilər tərəfindən viran qoyulmuş ərazilərdə həyatın yenidən dirçəlməsi üçün əsas şərtlərdən hesab edilən elektrik enerjisi ilə təchizatın vacibliyi nəzərə alınaraq, bu istiqamətdə planlaşdırılan işlərə start verilib.

Qarabağın incisi olan Şuşanı elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlar atıldı. Mədəniyyət paytaxtımızı və bölgəyə yaxın əraziləri dayanıqlı enerji ilə təmin etmək üçün "Azərenerji" Səhmdar Cəmiyyəti Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir və yüksəkgərginlikli xətlərin çəkilişinə başlanılıb. Laçın rayonunun Güləbird kəndində generasiya gücü 8 meqavat olan Su Elektrik Stansiyasının açılması ilə bölgədə etibarlı generasiya güclərinin formalaşması, Həkəri çayından səmərəli istifadə imkanları yaranır. Düşmənin təkcə Laçında dağıtdığı 5, Kəlbəcərdə 12 su elektrik stansiyası yenidən qurulacaq və ümumi gücün həcmi 120 meqavata çatdırılacaq.

Ən böyük potensiala malik "Xudafərin" və "Qız qalası" stansiyalarının istismarı isə bölgənin enerjiyə olan təminatını daha da yaxşılaşdıracaq. Bərpa olunan enerji mənbələrindən istifadə etməklə bu sahədə enerji ehtiyatı potensialımızı daha da artırmaq imkanı əldə edəcəyik. İlk olaraq Zəngilanda həyata keçiriləcək pilot "ağıllı kənd" layihəsinin tətbiqi ilə "yaşıl enerji" zonalarının sayı artırılacaq.

- İşğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatının inkişafı üçün hansı imkanlar var?

- İşğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı işlərə artıq başlanılıb.

 Aparılan araşdırmalar, mütəxəsisslərin fikirləri də sübut edir ki, Qarabağ məkanı aqrar sahənin inkişafı üçün böyük imkanlara malikdir. Amma imkanları reallaşdırmaq üçün ilk növbədə həmin ərazidəki torpaqlar bərpa olunmalı, meliorasiya, irriqasiya sistemləri qurulmalı, sahənin inkişaf istiqamətləri müəyyənləşdirilməlidir, torpaqdan istifadə prinsip və qaydaları dəqiqləşdirilməlidir. Bu xidmətlər sahibkarlıq, özəl sektorun dinamik inkişafı üçün lazımdır.  Bu potensialdan səmərəli istifadə olunması idaxalı minimuma endirməyə şərait yarada bilər. Bu regionun əsas kənd təsərrüfatı məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilməlidir. Regionun əhalisinin ərzaq nəhsullarına tələbatını ödəmək üçün burada kifayət qədər təbii iqtisadi əsaslar mövcuddur. Xatırlatmaq istərdim ki, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və Laçın rayonlarında əkin sahələri 143,2 hektar olmuşdur. Bu, respublika üzrə 9 faiz təşkil edirdi. Təqribi hesablamalara görə, yeddi rayonda əkin sahələrinin 155 min hektar olacağı proqnozlaşdırılır.  Müqayisə üçün onu qeyd edək ki, işğala qədər bu ərazilərdə kənd təsərrüfatında heyvandarlığın xüsusi çəkisi 70 faizdən çox idi. Xüsusi olaraq qeyd edim ki, heyvandarlıq sahəsində dövlətin həyata keçirdiyi tədbirlər planına uyğun olaraq, həmin ərazilərdə cins heyvanların alınması, maldarlığın inkişafı üçün xüsusi fermaların tikilməsi və ilkin yerləşdirilməsi mühümdür. Üzümçülük və tütünçülük sahələrinin emalı üçün müəssisələr yaradılmalıdır, çünki bunlar material tutumlu sahələrdir. Belə ki, xammalın ilkin emalı yerində həyata keçirilə bildiyindən uzaq məsafəyə daşınmasına ehtiyac qalmır. Burada üzümçülüyün inkişaf imkanaları böyükdür. Məsələn, 1991-ci ildə təkcə Füzulidə 114 min ton üzüm istehsal edilmişdir. Bir neçə şərab istehsal edən zavodlar var idi. Belə bir inkişafa Ağdam rayonunda da nail olunmuşdur. Onu da bildirmək istərdim ki, region bütövlükdə baramaçılıq ənənəsinə malikdir. Vaxtilə gözəl təbiətə, çəmənliklərə malik olan bu regionda - Xankəndidə böyük ipək kombinantı var idi... Bir fakt da nəzərə alınmalıdır ki, işğal zonasından olan insanlar uzun müddətdir kənd təsərrüfatı istehsalından aralı düşüblər. Bu barədə müvafiq orqanlar, ilk növbədə Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyinin sistemli tədbirlər hazırlamalarına ciddi ehtiyac vardır.

Bir sözlə, ölkəmizin kompleks bərpa, tikinti və quruculuq işlərinin aparılması qarşıda duran ən vacib məsələlərdən biridir. Artıq bununla əlaqədar olaraq dövlət proqramları hazırlanır. Azərbaycanın ayrı-ayrı regionlarının inkişafı üçün qəbul edilən 4 dövlət proqramı uğurla həyata keçirilib. Həyata keçirilməsi davam edən sonuncu - 2019-2023-cü illər üçün dövlət proqramında işğal altında olan torpaqların azad edilməsindən sonra yeni dövlət proqramının qəbul edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar bir məsələyə diqqət cəlb etmək istərdim. Söhbət respublikada iqtisadi rayonlaşma sxeminin müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsindən gedir. Xüsusi olaraq qeyd edim ki, inkişaf probleminin həlli sistemli yanaşmalar tələb edir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin “Qarabağ bizimdir, status-kvo yoxdur. Qarabağ Azərbaycandır” çağırışları bu problemin aktuallığını şərtləndirir. Bu barədə ayrıca müzakirə aparmaq olar...

- Ziyad müəllim, müsahibəyə vaxt ayırdığınız üçün çox sağ olun!

- Maraqlı suallar idi. Təşəkkür edirəm.

Müsahibəni apardı:

Asiman Zeynalov