MƏQALƏLƏR

Ən böyük arzusu işğaldan azad edilmiş ərazilərdə "agıllı şəhər"lərin inşasında iştirak etməkdir

  • 24.06.2021

“Energetika hər bir ölkənin əsas sahəsidir. Energetika inkişaf etmədən heç bir ölkə inkişaf edə bilməz”.


                                                                                                                                                               İlham Əliyev

 

Ulu öndər Heydər Əliyev də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Azərbaycanda energetika sahəsinin inkişafına çox böyük diqqət yetiriblər. Bu gün ölkəmizin milli enerji sistemində vüsət almış sürətli inkişaf dövlətimizin həyata keçirdiyi uğurlu siyasi kursun məntiqi nəticəsidir.
Dövlət başçısı İlham Əliyevin hazırda elektroenergetika sahəsində sahibkarlar üçün yaratdığı əlverişli şərait onların hərtərəfli fəaliyyətlərinə geniş imkanlar açır.
Energetik həmişə etibar edə biləcəyiniz insanları birləşdirən bir peşədir. Bu peşənin sahibləri bacarıqlı və ən çətin vəziyyətlərdə düzgün qərarlar verən, üzərlərinə düşən bütün məsuliyyəti dərk edən etibarlı insanlardır.
Bəşəriyyətin müasir rifahlarının istehlakçıları bu işlərin arxasında hansı xırda, incə işlərin və ağır fiziki əməyin dayandığını çətin ki, düşünsünlər. Energetiklər bütün şəhər və kənd sakinlərini, o cümlədən bütün obyektləri və təşkilatları həyat üçün vacib olan nemətlə - elektrik enerjisi və istiliklə təchiz edirlər.
Bu gün energetika müəssisələrində obyektlərin enerji təhlükəsizliyi üçün çiyinlərində ağır məsuliyyət daşıyan təcrübəli mütəxəssislər çalışır. Kollektivinə bu cür peşəkarları cəlb edə bilən rəhbər əmin ola bilər ki, verilən tapşırıqlar vaxtında və keyfiyyətlə yerinə yetiriləcək.
Ölkəmizdə energetika sahəsində fəaliyyət göstərən özəl müəssisələrdən biri də “Dzman” MMC-dir. 2007-ci ildə dövlət qeydiyyatına alınmışdır. Təsisçisi sahibkar Bayram Əhmədovdur.
Bayram Kazım oğlu Əhmədov Ermənistanın (Qərbi Azərbaycan) Pəmbək mahalının Dzman kəndində, energetiklər ailəsində dünyaya göz açıb. 1984-cü ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olsa da, Ermənistanda yaşayan ailəsinin düşdüyü ağır vəziyyətə görə təhsilini davam edə bilmir. Hərbi xidmətdə olarkən dostlarından öyrənir ki, Rusiyanın Novoçerkassk Politexnik İnstitutunda atom bölməsi üzrə fakültə var. Atom energetikasına olan böyük marağı və həvəsi 1889-cu ildə onu həmin institutun Atom maşınlarının və qazanlarının qurulması fakültəsinə gətirir. Burada təhsil aldığı dövrdə Bakıda 1990-cı ilin Qanlı Yanvar hadisələri baş verir. Bunu eşidən Bayram vətənə qayıdaraq, təhsilini Azərbaycanda davam etdirməyi qərara alır. Əyani təhsil alan gənc gecələr “Azərneftyağ” zavodunda növbətçi elektrik işləyir. Dərslərdə öyrəndiklərini istehsalatda sınaqdan keçirərək, həm ailəsinin, həm də özünün maddi tələbatlarını qismən də olsa, təmin etməyə çalışır. Beləliklə, 1984-cü ildən başladığı ali təhsil yolu Azərbaycan Dövlət Neft Akademiyasında uğurla başa çatır.
1994-cü ildə təyinatla elektrik stansiyaları üzrə gənc mütəxəssis kimi energetika sahəsində işə başlayır. Enerji sisteminin bütün sahələrində: qazan, turbin, generator və güc transformatorları üzrə iş təcrübəsinə malikdir. 2007-ci ildən “Dzman” MMC-nin (doğulduğu və daim həsrətində olduğu doğma kəndinin adı) təsisçisi ve direktoru vəzifəsində çalışır. Şirkətdə yüksəkixtisaslı və təcrübəli mütəxəssisləri ətrafına toplamağı bacarır.
Bu günə energetika sahəsində Bayram Əhmədovun iş təcrübəsi nə az, nə çox – 27 ildir. Onlardan son 14 ilini özünün təsis etdiyi müəssisədə keçirib. “Peşənizi sevirsinizmi” sualına belə cavab verir: “İşim mənə mənəvi məmnunluq gətirir, böyük zövq verir. Əməyimin bəhrəsini görəndə sevincim birə-beş artır və bu, məni yeni layihələrə həvəsləndirir”.
Bu gün bu qabaqcıl müəssisənin fəaliy­yətinin əsas istiqamətləri bunlardır: bütün növ elektrik işlərinin görülməsi, o cümlədən güc transformatorlarının, yüksək gərginlikli elektrik xətlərində eleqaz və yağ açarlarının quraşdırılması, ildırım ötürücülərinin quraşdırılması; mülki, inzibati və hərbi binalarda elektrik avadanlıqları üçün elektrik mənbələrinin binalarda hərəkət detektorlarının quraşdırılması və mühafizə sistemlərinə qoşulması; 6-35 kV yarımstansiyaların və elektrik stansiyalarının, havalanma sistemlərinin quraşdırılması; elektrik sahələrində örtük müqavimətlərinin yoxlanılması; binaların inşası və həmin binalarda bütün inşaat, tikinti işlərinin yerinə yetirilməsi; istehlakçıların keyfiyyətli və fasiləsiz enerji ilə təchiz edilməsi; ATS-lərin və mini-ATS-lərin quraşdırılması; elektrik tikinti işlərində mühəndislərin məsləhətləri və dizayn sxemlərinin verilməsi; kadrlar üçün keçirilən dərslərdə sertifikatların verilməsi və s.
Bəli, müasir dünyada energetiklərin işinin mühümlüyünü və zəruriliyini qiymətləndirmək çətindir. Bəzən hər hansı elektrik şəbəkəsində bir nasazlıq bütün kəndi, qəsəbəni, şəhəri işıqsız qoya bilər. Bax, burada məhz peşəkarlıq və bacarıq, ən əsası isə mütəxəssis təcrübəsi lazım gəlir.
Energetiklərin işi çox məsuliyyətlidir və səhlənkarlığı bağışlamır. İstər quraşdırma işləri olsun, istər hava xətlərinin təmiri, istər kabel çəkilişi, istərsə də transformator yarımstansiyalarının təmiri olsun – bütün bunların hamısı mütəxəssisdən xüsusi diqqət və son dərəcə ehtiyatlı olmağı tələb edir.
“Dzman” MMC nəinki xidmət göstərən təşkilatdır, o həm də istehlakçılara etibarlı elektrik təminatını təmin edən birləşmiş komandadır. Bayram müəllim bu gün seçdiyi peşə ilə də, özlərini energetikaya həsr etmiş əməkdaşları ilə də fəxr edir. O, deyir: “Hesab edirəm ki, energetikanın böyük gələcəyi vardır. Axı təcrübə və ən müasir texnologiyalar məhz bu sahədədir. Energetika təkcə texnika deyil, həm də bu texnikanın arxasında duran insanlardır”.
Bəli, hər bir müəssisənin uğurlu işinin təminatı insanlardır: savadlı, yüksəkixtisaslı mütəxəssislər, öz işlərinin peşəkarları. Elektroenergetika sahəsində işləyənlər həmişə hörmət sahibi olub. Energetik olmaq – şərəfli və məsuliyyətlidir. Bu işə ömürlərinin çox hissəsini sərf edənlərə isə xüsusi minnətdarlıq düşür.
Bayram müəllim bu gün də sevdiyi sahədə böyük əzmlə çalışır. Özünün də dediyi kimi, “Doğma Vətənimiz üçün çox önəmli bir dövrdə yaşayırıq, 30 ildən artıq həsrətində olduğumuz Qarabağımıza qovuşmuşuq. Qurub-yaratmaq arzularım çoxdur. Ən böyük arzum isə işğaldan azad olunmuş ərazilərdə təqdim edilən layihələr əsasında “ağıllı qəsəbə”lər, “ağıllı kənd”lər, “ağıllı şəhər”lər inşa edib, təhvil verməkdir”.
Gözəl arzudur. Ümid edirik ki, bu arzunuz da tezliklə gerçəkləşər, sorağınız Qarabağda inşa edilən kəndlərdən, qəsəbələrdən gələr!


Yeganə MƏMMƏDOVA,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü