MƏQALƏLƏR

Ziyad SƏMƏDZADƏ: Azərbaycanın zəfərini təmin edən siyasət

  • 24.06.2021

Heydər Əliyevin müəllifi olduğu bu siyasi kursu layiqincə davam etdirən İlham Əliyev həm də ata nəsihətini yerinə yetirdi
Dağlıq Qarabağ münaqişəsinə son qoyan Azərbaycan indi nəinki 30-cu ilini yaşadığımız müstəqilliyimizin, ötən 200 illik tarixinin ən şərəfli dövrünü yaşayır. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması bir dövlət kimi Azərbaycanın bütün dünyada mövqelərini daha da möhkəmləndirən, söz sahibi kimi imicini yüksəldən olduqca mühüm tarixi-siyasi amil oldu.
Əlbəttə, bizi bu qələbəyə aparan yol heç də hamar olmamışdı və bu gün tarixi qələbəmizin aspektlərini təhlil edərkən görürük ki, torpaqlarımızın işğaldan azad edilməsinə hesablanmış hazırlıq işləri olduqca çoxşaxəli olmaqla kompleks şəkildə həyata keçirilib. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi:«Biz Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırmalı idik və çatdıra bildik. Beynəlxalq təşkilatlarda fəal işləyirdik və bizə sərf edən, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən, ona əsaslanan vacib qərar-qətnamələri qəbul etdirə bildik. Bu, Qələbəmizin hüquqi əsası idi, haqq-ədalətin bərpasının hüquqi əsası idi. Biz iqtisadi güc toplamalı idik və topladıq. Son illər ərzində Azərbaycan qədər sürətlə inkişaf edən ölkə bəlkə də dünyada yoxdur. Biz hərbi güc toplamalı idik və bu istiqamət birinci dərəcəli vəzifə idi. Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə hərbi xərclər hər zaman birinci yerdə idi və bunu mən deyirdim, bəyan edirdim ki, biz hərbi xərclərimizi bundan sonra da artırmalıyıq. Biz müharibəyə hazırlaşmalıyıq, hazırlaşırıq. Açıq deyirdim bütün dünyaya və deyirdim ki, əgər düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz düşməni qovacağıq. Belə də oldu».

Torpaqlarımızın azad edilməsinə hesablanmış hazırlıq işlərinin təməllərini müəyyən edən Heydər Əliyev idi
Bu gün çox haqlı olaraq Azərbaycan ictimaiyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini Heydər Əliyev ideyalarının həyata vəsiqə alması kimi dəyərləndirir. Çünki torpaqlarımızın azad edilməsinə hesablanmış hazırlıq işləri dahi strateq kimi Heydər Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kursun uğurlu davamının məntiqi nəticəsi idi. Bu kurs isə 1993-cü ildən başlamışdı və Azərbaycan üçün olduqca əlverişsiz şəraitdə – 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə nəticələnmişdi. Sonrakı dövrdə isə Heydər Əliyevin böyük uzaqgörənliklə nail olduğu atəşkəs Azərbaycan torpaqlarının azad edilməsi üçün kompleks şəkildə – yəni iqtisadiyyatımızı inkişaf etdirməklə, ordumuzu gücləndirməklə, o cümlədən Dablıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin maraqlarına uyğun beynəlxalq hüququ təmin etməklə hazırlıq işlərinin aparılması üçün tarixi zəmin yaratdı.
Bu gün dönüb geriyə baxanda görürük ki, müxətlif istiqamətlərdə aparılan hazırlıq işləri vəhdət təşkil edərək, qələbəmizin əsasını təşkil etmişdir. Görünən həm də odur ki, bu hazırlıq zəncirinin hansısa bir həlqəsində boşluq olsaydı, Azərbaycanın hərbi yola əl atmaq məcburiyyətində qalacağı təqdirdə ciddi problemlər yarana bilərdi. Amma bu hazırlıq işlərinin təməllərini müəyyən edən Heydər Əliyev idi. Tarix isə həmişə sübut edib ki, Heydər Əliyevin müəllifliyi ilə atılan istənilən addım Azərbaycanın dövlət və milli maraqlarını bütün siyasi dövrlərdə layiqincə və qətiyyətlə təmin edib. Bu yazıda da məqsədimiz ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görülən işlərin təhlilidir.

Torpaqlarımızın işğalı AXC-Müsavat cütlüyünün Azərbaycan dövlətinə xəyanətinin nəticəsi idi
1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Buna qədər Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına nail olmaq üçün separatçı fəaliyyətlə məşğul olan Ermənistan SSRİ-nin dağılmasından sonra faktiki olaraq, Azərbaycana qarşı açıq və elan edilməmiş müharibəyə başladı. Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərinin işğalına başlandı. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Tələm-tələsik formalaşdırılmış Azərbaycan könüllülərinin Daşaltı əməliyyatı uğursuz oldu.
Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Xocavəndin Qaradağlı kəndini ələ keçirdilər və burada Qarabağ müharibəsi dövrünün ilk soyqırımı cinayəti törədildi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisələrindən biri baş verdi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı polkunun dəstəyi ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırımını həyata keçirdilər. Bu, İkinci Dünya müharibəsində faşizmin törətdiyi dəhşətli qırğınlardan sonra müasir dövrdə erməni terrorçuları ilə birlikdə Ermənistan hərbi qüvvələrinin insanlığa qarşı törətdiyi kütləvi və dəhşətli cinayət idi.
Bütün bunlardan sonra 1992-ci ilin martında respublikaya rəhbərlik edən A.Mütəllibov istefa verdi.Yaranmış hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi. 1992-ci ilin mayında erməni hərbi birləşmələri Şuşanı işğal etdilər. Bununla da faktiki olaraq ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdilər. Prezident İlham Əliyev 2021-ci ilin yanvar ayında Şuşaya etdiyi ilk səfəri zamanı hərbçilərlə görüşündə şəhərin AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində işğal olunduğunu bildirmişdi: «Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü».
Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi. Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür. Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi və AXC-Müsavat cütlüyü də iqtidara can atırdı. O vaxtkı hakimiyyəti yıxmaq üçün də bu təxribat törədildi və Şuşanın düşmən tərəfindən işğalına şərait yaradıldı.Bununla da Ermənistan Dağlıq Qarabağda strateji üstünlüyünü təmin etdi.
AXC-Müsavat cütlüyünün siyasi hoqqalarının və xəyanətinin nəticəsində 1992-ci ilin may ayında Laçını da işğal edən düşmən Ermənistandan Qarabağa gedən strateji yollara nəzarəti ələ keçirdi. Beləliklə, Azərbaycanın digər rayonlarının işğalı üçün münbit şərait formalaşdı. AXC-Müsavat qaragüruhu isə bu hadisələrdən sonra Azərbaycanda hakimiyyətə gəldi və yürütdüyü siyasətlə tariximizin növbəti qara səhifələrini yazdı.
Düzdür, 1992-ci ilin yayında Azərbaycan Ordusu Dağlıq Qarabağda müəyyən uğurla hərbi əməliyyatlar keçirmişdilər. Nəticədə Dağlıq Qarabağ ərazisinin 52 faizinə nəzarət təmin edilmişdi. Lakin hakimiyyət uğrunda çəkişmələr, vahid hərbi komandanlığın olmaması nəticə etibarilə əldə olunmuş bütün hərbi uğurların üstündən xətt çəkdi, azad edilmiş ərazilər yenidən itirildi.
Ümumiyyətlə, Azərbaycan Xalq cəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu. Bununla da ermənilər Dağlıq Qarabağın Ermənistanla tam coğrafi birləşməsinə nail oldular.
1993-cü ilin iyun ayında Azərbaycanda siyasi böhran artıq pik həddə çatmışdı. Xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxt artıq ordu dağılmış, Ermənistanın öz işğalçılıq planlarını daha sürətlə həyata keçirə bilməsi üçün əlverişli zəmin yaranmışdı.
Beləliklə, AXC-Müsavat cütlüyünün Azərbaycan dövlətinə xəyanətinin nəticəsi olaraq 1993-cü ilin iyul-oktyabr ayları arasında Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal edildi.

Heydər Əliyev Naxçıvanla bağlı Ermənistanın işğalçılıq planlarını tam iflasa uğratmışdı
Azərbaycan ictimaiyyəti bir həqiqəti də bölüşür ki, əgər Heydər Əliyev 1993-cü ildən əvvəl Azərbaycana rəhbərlik etsəydi, torpaqlarımızın Ermənistan tərəfindən işğalı baş verməzdi. Çünki buna qədər Naxıvan nümunəsi var idi. Məhz Heydər Əliyevin müdrik rəhbərliyi ilə Naxçıvanda müdafiənin etibarlı təşkili Ermənistanın bu istiqamətdə işğalçılıq planlarını tam iflasa uğratmışdı.
Ötən əsrin 90-cı illərinin əvvəllərindən Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan taleyin ümidinə buraxılmış tənha bir adanı xatırladırdı. Tale Heydər Əliyevi Naxçıvana göndərməklə oranı və daha sonra bütün Azərbaycanı gözlənilən fəlakətlərdən xilas etmək üçün real imkan yaratdı. Heydər Əliyevin 1991-ci ilin sentyabrın 3-də əhalinin təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi Azərbaycanın mürəkkəb və ağır dövrünə təsadüf edirdi. Ümummilli liderin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Muxtar respublikanın ali vəzifəli şəxsi seçildikdən sonra böyük öndər bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi.
1991-1993-cü illərdə Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisinin Rəyasət Heyətinin iclaslarında muxtar respublikanın sərhədindəki vəziyyət mütəmadi müzakirə edilmiş, müvafiq orqanların nümayəndələrinin iştirakı ilə operativ tədbirlər müəyyənləşdirilmişdi. Ulu öndər Ermənistan rəhbərliyi ilə danışıqlarında Dağlıq Qarabağda erməni yaraqlıları tərəfindən girov götürülmüş azərbaycanlıların qaytarılması haqqında dəfələrlə məsələ qaldırmışdı. Nəticədə Goranboy rayonunun sakinləri Umud Bayramov, Süleyman Bədəlov erməni əsirliyindən azad edilərək, öz ailələrinə qaytarılmışdılar.
1992-ci il martın 10-da Heydər Əliyevin Ermənistan Ali Sovetinin sədri Babken Arakçyanla görüşü oldu. Görüş zamanı Ermənistanla Naxçıvan arasındakı bütün sərhəddə sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi, Ermənistanın Mehri rayonu ərazisindən keçən Bakı-Naxçıvan sərnişin qatarının təhlükəsizliyinin təmin edilməsi, Ermənistandan keçən bütün kommunikasiya xətlərinin normal işləməsi haqqında razılıq əldə olunsa da, qarşı tərəf bu sazişin heç bir müddəalarına əməl etmədi. Bakıdakı bəzi üzdəniraq siyasətçilər isə Naxçıvan Ali Məclisi sədrinin bu istiqamətdəki fəaliyyətini separatçılıq kimi qələmə verməyə cəhd göstərsələr də, Heydər Əliyev Ermənistanın rəhbərləri ilə telefon danışıqlarında, şəxsi görüşlərində təkcə Naxçıvanın təhlükəsizliyi ilə bağlı məsələləri deyil, bütün Azərbaycanı narahat edən, xüsusən Dağlıq Qarabağın taleyi ilə bağlı problemləri ön plana çəkirdi. Buna konkret misal olaraq, 1992-ci il martın 12-də ermənilər Ağdam şəhərini və digər yaşayış məntəqələrimizi atəşə tutduqları zaman Heydər Əliyevin dərhal Ermənistan rəhbərlərinə telefon açmasını, atəşin dayandırılmasını tələb etməsini, bütün problemlərin sülh yolu ilə həllinin vacibliyini vurğulamasını göstərmək olar.
1992-ci ilin may ayı Azərbaycanın, eləcə də Naxçıvan MR-inn müasir tarixinin ən mürəkkəb və gərgin dövrünü təşkil edirdi. Ermənilər yaranmış şəraitdən istifadə edərək, Naxçıvana qarşı məkrli planlarını da həyata keçirməyə çalışır, sərhəd kəndlərinə təcavüzlər edirdilər. Bu amansız təcavüz bir neçə gün davam etmiş, yalnız möhtərəm Heydər Əliyevin gərgin siyasi, diplomatik səyləri nəticəsində onun qarşısını almaq mümkün olmuşdu. Lakin bu da müvəqqəti olaraq dayandı. Ayın 18-də müasir silahlarla silahlanmış ermənilər yenidən muxtar respublikaya hücuma keçərək, bir sıra sərhəd məntəqələrini ələ keçirməyə çalışdılar. Bu dəfə torpaqlarımız uğrunda ölüm-dirim mübarizəsi başladı. Bu hücumlar nəticəsində hərbçilər və dinc əhali arasında çoxlu həlak olanlar, yaralananlar oldu. Sədərək kəndi ciddi dağıntılara məruz qaldı. Bir neçə sərhəd kəndinin əhalisi təhlükəsiz yerə köçürüldü.
Belə mürəkkəb şəraitdə Heydər Əliyevin fenomenal siyasətçi və diplomat dühası Naxçıvanı real işğal təhlükəsindən xilas etdi. Dahi rəhbərin uzaqgörən və düşünülmüş siyasəti təpədən-dırnağadək silahlanmış erməni yaraqlılarının məkrli planlarını alt-üst etdi. Həmin günlərdə Ali Məclis sədrinin yorulmaq bilmədən gecəli-gündüzlü apardığı siyasət öz bəhrəsini verdi. O, xarici dövlətlərin başçılarına, beynəlxalq qurumlara, dünya ictimaiyyətinə müraciət edərək, Ermənistanın Azərbaycan torpaqlarına, eləcə də Naxçıvana hərbi təcavüzü barədə məlumat vermiş, bu təcavüzü dayandırmaq üçün əməli tədbirlər görülməsini tələb etmişdi.
Naxçıvan üçün son dərəcə ağır bir zamanda qardaş Türkiyənin birmənalı mövqeyi Ermənistana öz təcavüzkar niyyətlərini həyata keçirməyə mane oldu. 1992-ci il may ayının 18-də Türkiyənin Baş naziri Süleyman Dəmirəl, Xarici İşlər naziri Ərdəl İnönü Heydər Əliyevə telefonla zəng edərək, vəziyyət barədə ətraflı məlumat aldılar. Həmin gün gecə isə Süleyman Dəmirəlin sədrliyi ilə Türkiyənin Nazirlər Kabineti iclas keçirərək Ermənistanın Naxçıvana təcavüzü ilə bağlı bəyanat verdi. Baş nazirin göstərişi ilə böyük elçi Ömər Ərsun başda olmaqla Türkiyənin nümayəndə heyəti Naxçıvana gələrək, vəziyyətlə yerində tanış olmaq üçün Sədərək bölgəsinə getmiş, sonra böyük siyasətçi ilə görüşmüşdülər. Heydər Əliyevin dünya xalqlarına müraciətindən sonra bir çox ölkələrin, o cümlədən Rusiyanın informasiya agentliklərinin, mətbuat orqanlarının nümayəndələri Naxçıvana gələrək, buradakı vəziyyət haqqında dünya ictimaiyyətini obyektiv məlumatlandırdılar.
Əlbəttə, bunlar ümummilli liderimizin də qeyd etdiyi kimi, Azərbaycan üçün böyük nailiyyət idi. Çünki Dağlıq Qarabağ münaqişəsi başlanandan həmişə Azərbaycan günahlandırılmış, mətbuat orqanlarına, dünya, o cümlədən Rusiya ictimaiyyətinə həmişə ermənilərin xeyrinə birtərəfli məlumatlar vermişlər. Məhz o dövrdə dahi siyasətçinin səyləri nəticəsində dünya ictimaiyyətində düzgün, obyektiv təsəvvür yaradıldı və Ermənistanın təcavüzkar mövqeyi ifşa edildi. 57 dövlət Ermənistanın təcavüzkarlığını pisləmiş, NATO isə bu barədə xüsusi bəyanat yaymışdı. Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri də Naxçıvana gələrək döyüş bölgəsinə, Sədərəyə baş çəkmişdi, həlak olmuş naxçıvanlıların cəsədləri onların vasitəçiliyi ilə ermənilərdən geri alınmışdı.
Təbii ki, Heydər Əliyevin diplomatik fəallığı, bütün dünya ictimaiyyətini ayağa qaldırması Ermənistanı geri çəkilməyə məcbur etdi. Bununla bərabər, onlar yenə öz yerlərində oturmaq istəmir, hər cür vasitələrə əl ataraq sübut etməyə çalışırdılar ki, guya bu müharibədə ilk əvvəl hücumu onlar başlamayıblar və Naxçıvan ərazisini işğal etməyiblər. Nəhayət, mayın 24-də Ermənistanın Müdafiə naziri V.Sarkisyan və başqa rəhbər işçilər Naxçıvan rəhbərliyinə müraciət edərək, danışıqlar aparmaq istədiklərini bildirdilər.
Heydər Əliyev Muxtar Respublika Ali Məclisinin sədri işlədiyi dövrdə burada hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirirdi. Onun birbaşa rəhbərliyi və nəzarəti altında Rusiyanın Zaqafqaziya Sərhəd Dairəsinin Naxçıvandakı hərbi hissələrinin komandanlıqları ilə aparılan danışıqlar nəticəsində 75-ci motoatıcı diviziyanın ləğv edilməsi və diviziyanın bütün hərbi və təsərrüfat əmlakının Azərbaycan Respublikasının sərəncamına verilməsi haqqında razılıq əldə edildi. Həmin danışıqlarda muxtar respublika rəhbəri Azərbaycanın artıq tam müstəqil dövlət olduğunu və dünya dövlətləri tərəfindən müstəqil dövlət kimi tanındığını əsas tutaraq Azərbaycan və onun tərkib hissəsi olan Naxçıvan ərazisində başqa dövlətin hərbi hissələrinin qalmasının qeyri-mümkünlüyünü qətiyyətlə bildirdi.
1992-ci il iyulun 25-də Ali Məclisin Rəyasət Heyətinin iclasında Naxçıvan MR Dövlət Müdafiə Komitəsinin yenidən təşkil olunması və onun bazasında Azərbaycan Müdafiə Nazirliyinin tərkibində müvafiq hərbi strukturun yaradılması zəruri hesab edildi. İki gündən sonra, iyulun 22-də 75-ci diviziyanın əmlakının, silah-sursatının Azərbaycan Milli Ordusuna təhvil verilməsi prosesinə başlanıldı və bu proses avqust ayının 15-də başa çatdırıldı. Naxçıvan MR Dövlət Müdafiə Komitəsinin və təhvil alınan 75-ci diviziyanın hərbi hissələrinin bazasında Azərbaycan Müdafiə Nazirliyinin Naxçıvanda 5-ci əlahiddə motoatıcı briqadası yaradıldı. 1992-ci il avqustun 18-də keçmiş Sovet Ordusunun 75-ci diviziyasının şəxsi heyətinin son dəstəsi Naxçıvanı tərk etdi.
1992-ci il iyul ayının 28-də Naxçıvan MR Ali Məclisinin təklifi ilə Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvanda 1-ci sərhəd qoşunları dəstəsi yaradıldı. Həmin il sentyabrın 29-da Naxçıvan şəhərində Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabineti rəhbərliyinin, Rusiya Sərhəd Qoşunları Baş İdarəsinin və Zaqafqaziya Sərhəd Qoşunları Dairəsi nümayəndələrinin iştirakı ilə 41-ci sərhəd dəstəsinin ləğv olunması və onun funksiyalarının, bütün hərbi və təsərrüfat əmlakının 1-ci sərhəd dəstəsinə verilməsi haqqında sənədlər imzalandı. 75-ci diviziya ilə olduğu kimi, keçmiş 41-ci sərhəd dəstəsinin də bütün hərbi, hərbi-texniki və təsərrüfat əmlakı Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvandakı dəstəsinə təhvil verildi, bu zaman heç bir münaqişəli hal olmadı. Elə həmin gün muxtar respublika rəhbərliyi və ictimaiyyətinin nümayəndələri tərəfindən 41-ci sərhəd dəstəsinin sonuncu qrup zabit və əsgərləri, başda dəstənin komandiri polkovnik V.Cukov olmaqla təyyarə ilə Naxçıvan Muxtar Respublikasından yola salındılar. Bununla da Azərbaycan ilə qonşu dövlətlər – İran və Türkiyə arasında Naxçıvan ərazisindəki 215 km-lik dövlət sərhədinin mühafizəsi Azərbaycan Sərhəd Qoşunları tərəfindən həyata keçirilməyə başlanıldı. Bütün sərhəd məntəqələrində və sərhəd dəstəsi qərargahının üzərində Azərbaycanın dövlət bayraqları qaldırıldı. 1992-ci il sentyabrın 29-dan Naxçıvan ərazisində digər dövlətin–Rusiyanın heç bir hərbi hissəsi və hərbi qulluqçusu qalmadı. Naxçıvanda təxminən iki əsr müddətində mövcud olmuş əcnəbi ölkənin hərbi iştirakına son qoyuldu.
Bir sözlə, Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illlərdə Naxçıvanda müdafiə və hərbi quruculuq sahəsində həyata keçirilmiş tədbirlər bölgənin düşmən əlinə keçməsinin qarşısını aldı, sabitlik və əmin-amanlığın möhkəm təməlini qoydu. Tale Naxçıvanı Dağlıq Qarabağı və Azərbaycanın digər bölgələrini gözləyən acı qismətdən Heydər Əliyevi bu regiona göndərməklə hifz etdi.

Heydər Əliyev siyasi hakimiyyətə qayıtdığı ilk vaxtdan Dağlıq Qarabağ probleminin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əzmlə çalışdı
1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman, qeyd etdiyim kimi, ordu dağılmışdı. AXC-Müsavat cütlüyünün xəyanətinin nəticəsi kimi torpaqlarımız müdafiəsiz qalmışdı və bu, digər rayonların da işğalına səbəb oldu.
O dövrdə Azərbaycanın hələ də beynəlxalq təcrid vəziyyətində, informasiya blokadasında olmasına baxmayaraq, Heydər Əliyevin Ermənistanın işğal siyasətinə beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi üçün yorulmadan çalışırdı. Bunun nəticəsidir ki, 1993-ci ilin iyul-oktyabr aylarında BMT Təhlükəsizlik Şurasının iclaslarında Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 3 qətnamə qəbul olunmuşdu.
Xatırladım ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən birincisi olan 822 saylı qətnamə 1993-cü il aprelin 30-da qəbul edilib. Sənəddə işğalçı qüvvələrin Azərbaycanın Kəlbəcər rayonunu və digər işğal olunmuş rayonları dərhal tərk etməsi tələb olunur.
1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu işğal etdi. Bu hadisə göstərdi ki, Ermənistan BMT TŞ-nin qəbul etdiyi 822 saylı qətnaməyə əhəmiyyət vermir. BMT TŞ-nin iyulun 29-da keçirilən iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 853 saylı qətnamə qəbul olundu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması və işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsız çıxarılması tələb edilirdi. Qətnamədə həmçinin Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq ifadə olunurdu.
1993-cü ilin avqustundan Ermənistan Azərbaycanın digər rayonlarını işğal etmək üçün yeni hərbi əməliyyatlara başladı. Cəbrayıl, Füzuli və Qubadlı işğal edildi. 1993-cü il oktyabrın 14-də BMT TŞ yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxarara, 874 saylı qətnamə qəbul etdi. Mahiyyət etibarilə bu qətnamə əvvəlkilərdən fərqlənmirdi. Burada da Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, münaqişənin aradan qaldırılması istiqamətində ATƏT-in səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənirdi. Digər tərəfdən, maraqlı idi ki, 874 saylı qətnamədə Azərbaycanın son vaxtlar işğal olunmuş rayonları haqqında heç nə deyilmirdi. Halbuki əvvəlki qətnamələrə işğal olunmuş ərazilərin konkret adları da salınmışdı.
1993-cü ilin oktyabrında Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı özünü daha açıq şəkildə göstərdi. ATƏT sədrinin bölgədə səfərdə olduğu bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir və işğalçı qoşunların həmin ərazilərdən, eləcə də Minsk Qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq, işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilir.
Xatırladaq ki, bu qətnamələrin hər biri BMT TŞ-nin iclaslarında yekdilliklə qəbul edilib. Ermənistan-Azərbaycan münaqişəsinə dair ən mühüm sənədlər BMT Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrdir. Çünki bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələb edilirdi. Sonrakı illərdə də bu qətnamələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı formalaşan beynəlxalq qanunvericiliyin əsas hüquqi bazasını təşkil etdilər.
Qeyd etdiyimz kimi, Heydər Əliyev beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək üçün yorulmadan çalışırdı. Təkcə 1993-cü ilin yay aylarında Heydər Əliyev bununla bağlı bir neçə dəfə bəyanat vermişdi. Məsələn 1993-cü il 2 iyul tarixli bəyanatında Heydər Əliyev ABŞ, Rusiya, Türkiyə dövlətlərinin, BMT, ATƏT və dünya ictimaiyyətinin diqqətini Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə intensiv hücumları ilə yaranmış vəziyyətə cəlb edərək, onları təcavüzün dayandırılması üçün lazımi tədbirlər görməyə çağırmışdı. Bəyanatda Qarabağ məsələsinin sülh yolu ilə həll olunması üçün təşəbbüskar olduqlarına görə bu dövlətlərin səyi ilə BMT Təhlükəsizlik Şurasının 822 nömrəli qətnaməsinin həyata keçirilməsinin zəruriliyi bildirilmişdi.
İyulun 5-də verdiyi bəyanatda Heydər Əliyev münaqişənin gedişinə təsir göstərmək imkanlarına malik Rusiya, ABŞ, Türkiyə dövlətlərinə, beynəlxalq təşkilatlar - ATƏT və BMT TŞ-yə müraciət edərək, Ermənistanın təcavüzünün dayandırılması və münaqişənin sülh yolu ilə həllinə nail olunması üçün yardım göstərməyə çağırmışdı.
İyulun 14-də isə verdiyi bəyanatda Heydər Əliyev o vaxt ATƏT-in Minsk qrupunun sədri olan Mario Raffaellinin münaqişə regionuna gözlənilən səfərinin adi dezinformasiya - Ağdam inzibati rayonunu guya ki erməni qoşunlarının zəbt etməsi xəbəri ilə pozulmasından narahatlığını da ifadə edib. Heydər Əliyev bu cür hərəkətin ATƏT-in münaqişənin tənzimlənməsindən kənara çəkilməsi və Azərbaycanı Ermənistanla təkbətək vuruşmaq məcburiyyətində qoyması kimi qiymətləndirib. Heydər Əliyev bunun mümkün nəticələrini də göstərib: "Bu isə problemin dinc vasitələrlə həlli perspektivlərinə ciddi zərbə vurur və regionda müharibənin daha da şiddətlənməsi deməkdir. Belə bir vəziyyətlə barışmaq isə qətiyyən mümkün deyildir."
Heydər Əliyev münaqişənin həlli, Ermənistanın işğal siyasətinin dayandırılması və beynəlxalq ictimaiyyətin səylərinin gücləndirilməsi üçün 1993-cü ilin iyul ayında iki dəfə BMT Baş katibinə məktubla müraciət etmişdi. Ulu öndərin Azərbaycan Ali Sovetinin sədri kimi hələ 1993-cü il iyulun 26-da BMT-nin Baş katibinə məktubunda deyilir: «Dağlıq Qarabağı öz ərazisinə birləşdirmək haqqında xəyanətkar qərarlar qəbul edilməsində ifadəsini tapan siyasi təcavüzdən başlayan və sonra emissarlar, terrorçular və silahlar göndərilməsinə keçən Ermənistan bu gün Azərbaycan torpağında genişmiqyaslı hərbi əməliyyatlar aparır, ATƏT-in və BMT-nin çağırış və qərarlarına, o cümlədən də işğal qüvvələrini Azərbaycandan çıxarmağı birmənalı tələb edən Təhlükəsizlik Şurasının 822 nömrəli qətnaməsinə məhəl qoymur. Erməni tərəfinin vasitəçinin qanuni tələblərinin yerinə yetirilməsindən tamamilə imtina etməsi, üstəlik, qeyri-məqbul şərtlər irəli sürməsi nəticəsində ATƏT-in həmin qətnamənin həyata keçirilməsinə yönəldilmiş səylərinə əngəl törədilmişdir. Ermənistan Respublikasının bu əməlləri nəticəsində Mario Raffaellinin bölgəyə əvvəlki səfərləri kimi, axırıncı səfəri də BMT Təhlükəsizlik Şurası qətnaməsinin tezliklə həyata keçiriləcəyinə və qan tökülməsinin çoxdan gözlənilən dayandırılmasına bəslənilən ümidlər üçün heç bir əsas verməmişdir.
Dağlıq Qarabağda fəaliyyət göstərən erməni silahlı birləşmələrinin Ermənistan Respublikasına tabe olmadıqları barədə erməni tərəfinin dedikləri tamamilə əsassızdır. Bütün ağır silahların, döyüş sursatının, canlı qüvvənin göndərilməsini, habelə hərbi əməliyyatlara bilavasitə rəhbərlik edilməsini Ermənistan Respublikası ilhaq olunmuş Laçın rayonu vasitəsi ilə həyata keçirir. Ermənistan yaranmış fasilədən istifadə edərək, Raffaellinin missiyası getdikdən sonra yeni güclü hücuma başlamışdır. Həmin hücum zamanı Ermənistanın silahlı qüvvələri Ağdam şəhərini işğal etmişlər. Bu xəyanətkar hərəkət hələ heç başlanmamış olan sülh prosesinə sarsıdıcı zərbə endirmişdir. Bundan əvvəl Azərbaycan hökuməti Təhlükəsizlik Şurasına xəbərdarlıq etmişdi ki, prosesin uzadılması daha böyük fəlakətə gətirib çıxara biləcək təhlükəli vəziyyət yaradır. İndiki şərait BMT nizamnaməsinə uyğun olaraq, Təhlükəsizlik Şurasına verilmiş səlahiyyətlər əsasında onun işə qarışmasını təkidlə tələb edir. Təcavüzkarın cilovlanmasına, qan tökülməsinin dayandırılmasına və işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinə yönəldilmiş təxirəsalınmaz tədbirlər gərəkdir».
Heydər Əliyev BMT Baş katibinə növbəti məktubunu 1993-cü il avqustun 18-də göndərmişdi. Məktubda deyilirdi: «Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 822 və 853 nömrəli qətnamələr qəbul edilməsindən artıq kifayət qədər vaxt keçmişdir. Lakin indiyədək heç bir əsər-əlamət yoxdur ki, Ermənistan Respublikası, Dağlıq Qarabağ ermənilərinin uydurma rəhbərliyi belə yüksək hörmətli beynəlxalq təşkilatın qərarını yerinə yetirmək niyyətindədirlər. Tamamilə aydındır ki, nəinki işğal olunmuş, yandırılmış və talan edilmiş Kəlbəcər və Ağdam rayonları, həm də digər Azərbaycan əraziləri tərk edilməmişdir. BMT Təhlükəsizlik Şurasının qərarlarına və bütün beynəlxalq hüquq normalarına təcavüzkar həyasızcasına məhəl qoymur. Füzuli rayonunda azərbaycanlılar yaşayan dinc kəndləri zəbt etməkdə və yandırmaqdadır, Füzuli şəhəri üzərinə güclü hücum əməliyyatı aparır, Cəbrayıl, Qubadlı istiqamətində ərazimizin içərilərinə doğru hücumu genişləndirir. Bərdə şəhərini və başqa yaşayış məntəqələrini ələ keçirməyə çalışır. Açıq təcavüz faktı o dərəcədə aşkardır ki, hər hansı əlavə faktlar gətirmək lüzumsuzdur, əminəm ki, onlar sizə BMT-nin Bakıdakı nümayəndəsi, bu yaxınlarda Füzulidə olmuş cənab Mahmud əl-Səidin məruzələrindən məlumdur. İzah olunanlarla əlaqədar xahiş edirəm, Təhlükəsizlik Şurası dərhal çağırılsın və təcavüzkarı dayandırmaq, qan tökülməsinə son qoymaq, Azərbaycan Respublikasının yüz minlərlə müdafiəsiz dinc sakinini qorumaq üçün, nəhayət, kəsərli və təxirəsalınmaz tədbirlər görülsün».
1993-cü ilin sentyabr ayının 10-da isə Heydər Əliyev ABŞ Prezidenti Bill Klintona, vitse-prezidenti Albert Qora və konqresin spikeri Tomas Foliyə müraciət etmişdi. Müraciətində Heydər Əliyev demokratiya və azadlıq idealları, insan hüquqlarına və insanın əsas hüququ olan yaşamaq hüququna hörmət naminə ABŞ rəhbərliyini qan tökülməsinin və təcavüzün dayandırılmasında iştiraka çağırırdı.

1993-cü ilin 2 noyabr müraciəti və tarixin dönüş anı
Təəssüflə qeyd edilməlidir ki, Azərbaycan ərazilərinin işğal olunmasına baxmayaraq, beynəlxalq ictimaiyyət və münaqişənin həllində iştirak edən təşkilat və dövlətlər ilk gündən bu məsələdə Ermənistana qarşı təzyiqlərin, məcburetmə tədbirlərinin həyata keçirilməsinə maraq göstərmədilər. ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən sonra təsis olunan Minsk qrupu ilk gündən problemin həllində qətiyyət nümayiş etdirməkdən uzaq oldu.
Torpaqlarımız isə işğal olunurdu. Yaranan vəziyyətlə əlaqədar Prezident Heydər Əliyev 1993-cü il noyabrın 2-də televiziya və radio ilə ölkə ictimaiyyətinə müraciət etdi. Dövlət başçısı çıxışında Azərbaycanın məruz qaldığı itkiləri 80-ci illərin sonlarında başlayan erməni təcavüzü nəticəsində ölkədə baş verən sosial-iqtisadi, siyasi və hərbi böhranlar, qarşıdurmaların məntiqi nəticəsi kimi qiymətləndirdi. Heydər Əliyev xüsusilə ordunun vəziyyəti ilə əlaqədar böyük narahatlığını bildirdi, əlaqədar hakimiyyət orqanlarının bu sahədə fəaliyyəti haqqında danışdı, eyni zamanda, bütün ictimaiyyəti silahlı qüvvələrin gücləndirilməsinə yardım göstərməyə çağırdı. «Buna görə də sizə müraciət edirəm. İndi bizim ordumuz yaranmalı və qurulmalıdır. Bir də qeyd edirəm, ordumuz ancaq Azərbaycanı müdafiə etmək məqsədi daşıyır. İşğalçılıq məqsədi daşımır. Bizim işimiz haqq işidir, gərək hər bir vətəndaş bunu özünün şərəfli borcu kimi qəbul etsin. Kim özü orduda qulluq edə bilirsə, qoy könüllü surətdə getsin. Kim özü qulluq edə bilmirsə, yanındakıları başa salsın ki, gedib orduda xidmət etmək lazımdır. Yaxud əgər özü orduda qulluq edə bilmirsə, fikirləşsin ki, orduya necə kömək etmək lazımdır. İndi bunların hamısı ən zəruri vəzifələrdir. Bütün xalqa, Azərbaycan vətəndaşlarına müraciət edirəm ki, bu tədbirlərin həyata keçirilməsində fəal iştirak etsinlər. Azərbaycan böyük təhlükə altındadır. Lakin biz bu təhlükənin qarşısını ala bilərik, almalıyıq da. Hər kəs öz vəzifəsini başa düşməlidir. Polis orqanları, hərbi komissarlıqlar, başqa hüquq-mühafizə orqanları, prokurorluq orqanları qanun-qayda yaradılması üçün, adamların qanuna riayət etməsi üçün lazımi tədbirlər görməlidirlər. Amma bunun üçün gərək həm polis, həm prokurorluq orqanlarında, həm hərbi komissarlıqlarda, həm də başqa sahələrdə, ordumuzun zabit heyətində, yüksək təbəqələrində mənəviyyatca saf adamlar olsunlar. Əgər belə olmasa, onlar vətəndaşlıq, azərbaycanlılıq, vətənpərvərlik məsuliyyətini hiss etməsələr, bu vəzifələri yerinə yetirə bilməyəcəklər»,-deyə Heydər Əliyev xalqa müraciətində bildirirdi.
Heydər Əliyevin bu müraciətini etdiyi 2 noyabr tarixi həm də vahid komandanlığa əsaslanan ordu quruculuğunun təməlinin qoyulduğu gündür. Bu müraci­ətdən sonra Azərbaycan xalqı səfərbər oldu və nəticədə Ermənistanın işğalçı siyasətinə qarşı ədalətli mübarizədə dönüş yarandı. 1993-cü ilin noyabr ayının ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı. Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edildi. Çiçəkli dağı və b. strateji yüksəkliklər ələ keçirildi, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alındı. Döyüşlərdə düşmən 4 min əsgər və zabit, 50 zirehli texnika, 15 artilleriya qurğusu və s. itirdi.
Heydər Əliyevin 1994-cü il yanvarın 24-də cəbhəyə yola düşən yeni hərbi hissənin şəxsi heyətinə xitabən dediyi, «Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır» sözlərini unutmayan, ulu öndərin bu xeyir-duasından ruhlanan zabitlərimiz, əsgərlərimiz, gizirlərimiz və çavuşlarımız o dövrdə sinələrini düşmən pulemyotunun qarşısına sipər etməklə, əldə qumbara düşmən tankının altına atılmaqla əsl qəhrəmanlıq dastanları yaratdılar.
Başlanğıcını 1993-cü il noyabrın 2-dən - ulu önlərin xalqa müraciətindən götürən və tarixə Heydər Əliyevin ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və mərkəzi komandanlığa tabe olan hərbi birləşmələr nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldılar, 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində, Murovda yüksək peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək, çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdilər.
Azərbaycanın müharibədə dönüş yaratmaq, işğal olunmuş Vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi uğurlar, nəinki Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri də ciddi təşvişə saldı. Ermənistan himayəçilərinin onu hərbi cəhətdən daha da möhkəmləndirməsi, müasir silahlarla təmin etməsi, bölgədə irticaçı qüvvəyə çevrilməsi xətti daha da gücləndirildi. Azərbaycan Respublikası belə bir şəraitdə, 1994-cü il mayın 8-də Bişkek protokolunu imzaladı. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail olundu.

Heydər Əliyev beynəlxalq miqyasda Azərbaycanın maraqlarına zidd olan addımın atılmasına imkan vermədi (1994-1996-cı illər)
Atəşkəsin əldə edilməsindən sonra Heydər Əliyev torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün səviyyələrdə mübarizə aparırdı. Ulu öndər bütün mötəbər qurumların platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi, onların potensialından istifadə etməklə problemin həllinə çalışdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə dönüşündən sonra ölkəmizin BMT tribunasından daha səmərəli istifadə etməsi diqqəti cəlb edir.
Heydər Əliyev 1994-cü il sentyabrın 29-da BMT Baş Məclisinin 49-cu sessiyasında çıxışında deyirdi: «Regionumuzda baş verən hadisələr haqqında dünya ictimaiyyətinin kifayət qədər məlumatı olduğunu bilərək, sizi real vəziyyətlə qısaca tanış etmək istərdim. Ermənistan Respublikası Azərbaycanın Dağlıq Qarabağ regionunun ərazisində güclü qoşun qruplaşması yaradaraq, respublikamıza qarşı fəal döyüş əməliyyatları aparmışdır. Şuşa şəhəri və Laçın rayonu işğal edildikdən sonra Dağlıq Qarabağın ilhaqı başa çatdırılmış, Dağlıq Qarabağda yaşayan təxminən 50 min azərbaycanlı oradan qovulmuşdur. Erməni silahlı birləşmələri Dağlıq Qarabağ platsdarmından istifadə edərək, bundan sonra hücumun gedişində Azərbaycanın digər altı rayonları - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından Laçın rayonu kimi kənarda olan və sahəsi keçmiş vilayətin sahəsindən dörd dəfə çox olan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarını işğal etmişlər. Təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizindən çoxu Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Mən Azərbaycan tərəfinin dəhşətli itkilərini sizə deməliyəm: 20 mindən çox adam həlak olunmuşdur, 100 minə yaxın adam yaralanmış və xəsarət almışdır, 6 min adam əsir düşmüşdür, bir milyondan çox azərbaycanlı - ölkə əhalisinin təxminən 15 faizi qaçqın vəziyyətinə düşmüşdür və çadır şəhərciklərində yaşayır. Onlar öz Vətənində evsiz-eşiksiz qalmışlar, yayın istisindən, qışın soyuğundan, epidemiyalardan əzab çəkirlər, ən zəruri şeylərə ehtiyac duyurlar. Azərbaycanın işğal edilmiş ərazilərində 700 şəhər və kənd dağıdılmışdır. Həmin şəhər və kəndlərdə demək olar, bütün evlər, məktəblər, xəstəxanalar yandırılmış və talan edilmiş, qədim mədəniyyət abidələri məhv edilmişdir. Zənnimcə, sübut etməyə ehtiyac yoxdur ki, belə bir vəziyyətdə biz "öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi" ilə deyil, beynəlxalq hüququn kobudcasına pozulması ilə, BMT üzvü olan dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı təcavüzlə qarşılaşmışıq. Müharibə xalqımı dözülməz vəziyyətə salıb, sosial gərginliyi gücləndirir, Azərbaycan cəmiyyətinin demokratikləşdirilməsinə yönəldilmiş iqtisadi və siyasi islahatların həyata keçirilməsinə mane olur».
Heydər Əliyev BMT-nin 50 illik yubileyi ilə əlaqədar təntənəli iclasda da diqqəti bir daha Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığının yeddi ildən çoxdur ki, davam etdiyini deyən Heydər Əliyev bir daha bildirdi ki, bu təcavüz ölkəmizin Dağlıq Qarabağ bölgəsini qəsb etmək məqsədi daşıyır. Qeyd olundu ki, erməni silahlı qüvvələri Azərbaycan ərazisinin iyirmi faizindən çox hissəsini işğal edib, həmin ərazilərdən zorla qovulmuş bir milyondan çox vətəndaşımız qaçqına çevirib, hazırda çadır şəhərciklərində ağır, dözülməz vəziyyətdə yaşayır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə də qəbul etdiyini diqqətə çatdıran ulu öndər bildirdi ki, həmin qətnamələr təcavüzkar Ermənistan tərəfindən yerinə yetirilmir və buna görə də ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə nizamlanması üçün aparılan proses hələlik istənilən nəticələri vermir.
Sülh danışıqları isə ATƏT-in Minsk konfransı formatı çərçivəsində aparılırdı. 1994-cü ilin dekabrın 6-7-də ATƏT-in Macarıstanın paytaxtı Budapeşt şəhərində növbəti zirvə toplantısı keçirildi. Xatırladım ki, Budapeşt sammitinin nəticəsinə əsasən ATƏT 1 yanvar 1995-ci ildən üzv ölkələrinin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmləri olan ümumavropa təşkilatına - ATƏT-ə çevrilib.
Budapeşt sammitində Heydər Əliyev Azərbaycanın sülh danışıqlarındakı mövqeyini beynəlxalq icitmaiyyətin diqqətinə çatdırdı, münaqişənin yalnız və yalnız respublikamızın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bəyan edərək dedi: «Əmin etmək istəyirəm ki, Azərbaycan Respublikası bu prosesdə son dərəcə sülhsevər və əməli mövqe tutur. Təcavüzün ağır nəticələrinə baxmayaraq, biz Ermənistan tərəfinə ədalət və humanizmin əsasında, ATƏT-in prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında sülh təklif edirik. Biz Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə təminat verməyə hazırıq, münaqişə zonasında ATƏT-in sülhü qoruyan qüvvələrinin yerləşdirilməsinə razıyıq. Biz milli azlıq təşkil edən ermənilərin hüquqlarının həyata keçməsi üçün Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağın statusunu müzakirə etməyə və Azərbaycanın Dağlıq Qarabağ regionu ilə Ermənistan Respublikası arasında nəqliyyat kommunikasiyalarının normal işləməsini təmin etməyə də hazırıq. Amma bizim üçün sarsılmaz olan normalar və prinsiplər vardır ki, bunlar da sərhədlərin pozulmazlığı, Azərbaycanın ərazi bütövlüyü, işğal edilmiş bütün ərazilərdən erməni silahlı birləşmələrinin çıxarılması, qaçqınların doğma ocaqlarına qaytarılmasıdır».
Budapeşt zirvə görüşü ATƏT-in Heydər Əliyevin iştirakı ilə keçirilən ilk görüşü idi. Zirvə görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olundu. ATƏT dövlətlərinin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən edərək, ATƏT-in Minsk qrupunun həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırdı. Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk konfransının çağırılması üçün əsas olmalı idi. Görüşdə münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏT-in çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində qərar qəbul olundu. Budapeşt sammitinin nəticələrinə əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət Yüksək Səviyyəli Planlaşdırma Qrupu təsis edildi.
Budapeşt zirvə görüşündən sonra Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlar ATƏT-in Minsk qrupundan çox, onun ayrı-ayrı üzv dövlətlərinin təşəbbüsləri ilə yenidən güclənmişdi. Rusiya tərəfindən təşkil olunan 1995-ci il 6-11 fevral Moskva danışıqlarının uğursuzluqla nəticələnməsindən sonra həmin il ABŞ-ın Minsk qrupundakı nümayəndəsi münaqişə regionuna ayrıca səfər etmişdi. Həmin ilin martında vasitəçi qrupun Rusiya və İsveçdən olan həmsədrlərinin bölgəyə səfəri isə əslində tərəflər arasında sülh prosesinin pozulmasını meydana çıxarmışdı.
1995-1996-cı ilin sonlarına qədər Qərb, Rusiya və ATƏT-in danışıqlarda vasitəçiliyi Dağlıq Qarabağ məsələsinin həllində konkret nəticə vermədi. Bunun səbəbləri tərəflər arasındakı ziddiyyətlər, xüsusilə Rusiyanın bitərəflik bəyanatlarına baxmayaraq, Ermənistanla hərbi ittifaqı gücləndirməsi və ABŞ və Minsk qrupunun isə danışıqlarda Azərbaycanın maraqlarını təmin etməyən təkliflər verməsi idi.
Bütövlükdə, 1994-1996-cı illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli istiqamətində hər hansı irəliləyiş baş vermədi. Yeganə nailiyyət isə Azərbaycan və Ermənistan arasında sadəcə atəşkəsin qorunub saxlanılması idi. Bununla belə xüsusilə qeyd edilməlidir ki, istər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başladığı 1993-cü ildə, istərsə də atəşkəsin elan edildiyi 1994-cü ildə respublikamızın beynəlxalq mövqeləri olduqca zəif idi. Buna baxmayaraq, Heydər Əliyev o dövrdə beynəlxalq miqyasda Azərbaycanın maraqlarına zidd olan addımın atılmasına imkan vermədi. Ulu öndər Ermənistanın dövlət səviyyəsində apardığı böhtanlara və yalanlara tutarlı cavablar verir və milli maraqlarımızın təmin olunmasına yönəlmiş qətiyyətli xarici siyasət yürüdürdü.

ATƏT-in Lissabon sammitində qəbul olunmuş tarixi qərar Ermənistan üçün ağır zərbə oldu
1996-cı il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in növbəti zirvə toplantısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində respublikamızın dövlət maraqlarının tam təmin olunduğu siyasi tədbir kimi tarixə düşdü.
Qafqaz regionu, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunacağı Lissabon sammiti Azərbaycan üçün Budapeşt Zirvə görüşündən daha əhəmiyyətli idi. Zirvə toplantısının Azərbaycanla bağlı əsl mahiyyətini və əhəmiyyətini Azərbaycan Prezidenti Heydər Əliyev zirvə görüşünə yola düşməzdən qabaq, 1996-cı il noyabrın 30-da Binə hava limanında jurnalistlərə bəyanatında bildirdi. Heydər Əliyev bu zirvə görüşünə böyük əhəmiyyət verdiyini, sammit ərəfəsində Minsk qrupu tərkibində Helsinkidə, Vyanada fəaliyyət göstərildiyini və Azərbaycan nümayəndə heyətinin günlərlə Lissabonda işlədiyi haqda məlumat verdi. Prezident həmçinin Budapeştdən Lissabona qədər keçən dövrü də müsbət qiymətləndirdiyini dedi.
Heydər Əliyev 1996-cı il 2 dekabr Zirvə görüşündəki nitqində Dağlıq Qarabağ münaqişəsi, erməni təcavüzü barədə ümumi məlumat verdi, Rusiyanın vasitəsi ilə atəşkəsin əldə edilməsini təqdir etdi. Azərbaycan rəhbəri atəşkəsin əhəmiyyətini Ermənistanla ikitərəfli danışıqlar kanalının yaradılması, hərbi əsirlərin və girovların qarşılıqlı azad edilməsi addımları ilə izah edib. Heydər Əliyev 1996-cı ilin aprelində Lüksemburqda Ermənistan prezidenti və özünün verdiyi bəyanatı münaqişənin aradan qaldırılması istiqamətində mühüm addım hesab etdiyini də bildirdi: "Həmin bəyanat əslində tərəflərin silahlı münaqişəyə beynəlxalq prinsiplər və normalar əsasında son qoymaq əzmini nümayiş etdirən ilk Ermənistan-Azərbaycan sənədidir".
Azərbaycan prezidenti çıxışında Lissabon görüşündən əvvəl ATƏT üzvü olan dövlət və hökumət başçılarına göndərdiyi məktubda münaqişənin həlli üçün məşhur ümumi çərçivə qaydalarını-Lissabon prinsiplərini göstərdiyini söylədi və ATƏT prinsipləri, BMT nizamnaməsi və beynəlxalq hüququn ümumi qaydalarına uyğun hesab etdiyi bu müddəaları Zirvə toplantısı nitqində də elan etdi. Bunlar Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün tanınması, Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarə statusunun verilməsi, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi idi.Bu prinsiplər həm də ATƏT-in sədri Flavio Kottinin 1996-cı ilin fevralında münaqişə regionuna səfəri zamanı verdiyi təkliflərə də uyğun idi.
Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin göstərilən prinsiplər əsasında aradan qaldırılacağı təqdirdə mütərəqqi nəticələr verəcəyini ifadə edərək dedi: "Əminəm ki, münaqişənin BMT nizamnaməsi, ATƏT prinsipləri və beynəlxalq hüquq əsasında aradan qaldırılması az bir vaxt ərzində Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaranmasına imkan verəcək, erməni və Azərbaycan xalqları arasında xoş münasibətləri bərpa edəcək, Dağlıq Qarabağın bütün əhalisi üçün ən əlverişli şərait yaradacaqdır".
Heydər Əliyev çıxışında Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsində məqsədini təcavüzün nəticələrini qanuniləşdirmək və Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq niyyəti kimi qiymətləndirdi və bütün bunlara yol verilməyəcəyini iştirakçı dövlətlərin başçılarına elan etdi.
Heydər Əliyev Lissabon sammitindəki çıxışında Ermənistan prezidentinə və xalqına da sülh çağırışları etdi, ATƏT üzvlərinin hamısını bütövlükdə Dağlıq Qarabağ məsələsinin həllinə kömək etməyə çağırdı: "Mən ATƏT-in Lissabon Zirvə görüşünün iştirakçısı olan dövlət və hökumət başçılarına üz tutub onlardan xahiş edirəm ki, Avropada sürəkli və viranedici münaqişələrdən biri olan Ermənistan- Azərbaycan münaqişəsinin tezliklə aradan qaldırılması üçün səylərini əsirgəməsinlər".
Bütün bu çağırışlara baxmayaraq, Ermənistan nümayəndə heyəti Heydər Əliyev tərəfindən irəli sürülən həmin prinsiplərin Lissabon bəyannaməsinin 20-ci maddəsinə salınmasına veto qoydu. Azərbaycan Prezidenti isə ATƏT-in Lissabon sənədinə bütövlükdə veto tətbiq edərək, ABŞ nümayəndə heyətinə başçılıq edən vitse-prezident Albert Qorun təklifi ilə prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca bəyanatında səsləndirilməsinə nail oldu. ATƏT-in rəsmi sənədləri sırasına daxil olan bəyanatda bu müddəaların Zirvə görüşündə iştirak edən 53 ATƏT üzvü tərəfindən bəyənildiyi də göstərildi.
ATƏT sədrinin bəyanatından sonra Ermənistan nümayəndə heyəti də bəyanat verərək, bununla razılaşmadığını elan etdi. Gələcək uğursuz danışıqların əsasını qoyacaq bu bəyanatda məsələnin həllinin hər şeydən əvvəl öz müqəddəratını təyinetmə prinsipi əsasında əldə oluna biləcəyi bildirildi. Rusiya nümayəndə heyətinin rəhbəri baş nazir Viktor Çernomırdin isə ATƏT sədrinin bəyanatı ilə razılaşdığını, münaqişənin məhz həmin prinsiplər əsasında tənzimlənməsinin mümkünlüyünü təsdiq etdi.
Ermənistanın etirazlarına baxmayaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu məhz bu görüşdə müəyyən edildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev çevik və dəqiq diplomatik addımları ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına nail oldu. Ermənistan Respublikası istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa ölkəsi Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Bu prinsiplər aşağıdakılardır: Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyü, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusunun verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi. Bununla da münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrə yaradıldı və vasitəçilərin vəzifələri müəyyən olundu.
ATƏT-in Lissabon sammitində qəbul olunmuş tarixi qərar Ermənistan üçün ağır zərbə oldu. Çünki sammitin yekun qərarında Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qaytarılması məsələlərindən söhbət gedirdi. Ən əsası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu məhz bu görüşdə müəyyən edildi. Belə bir qərarın qəbul edilməsinə nail olmaqla ümummilli lider Heydər Əliyev Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasını təmin etdi.
Prezident Heydər Əliyev Lissabonda olarkən zirvə görüşündə fəaliyyəti və Dağlıq Qarabağ münaqişəsi barədə Rusiya, Türkiyə, Portuqaliya, Danimarka və Birləşmiş Ərəb Əmirlikləri televiziyalarına da müsahibə verdi. Rusiyanın "Vesti" informasiya-televiziya proqramının müxbiri ilə söhbətində o, Baş nazir Çernomırdinin timsalında Rusiyanın ATƏT sədrinin məlum bəyanatını müdafiə etdiyini yenidən təsdiqlədi və eyni zamanda, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu irəli çəkdi.
Danimarka televiziyasına müsahibəsində Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsi haqda ümumi məlumat verdi və Lissabon zirvə görüşündə danışıqlara müvafiq mandat aldıqlarını hesab etdiyini bildirdi. Portuqaliya televiziyasına müsahibəsində Azərbaycan dövlət başçısı yenidən Rusiyanın təsiri məsələsinə qayıdaraq, bu ölkənin Ermənistana təsir göstərməsinin mümkünlüyünü və Rusiyanın əvvəldən bu münaqişənin qarşısını almaq, qırğına yol verməmək imkanlarının olduğunu da dedi. Azərbaycan prezidenti ATƏT sədrinin məlum bəyanatı müqabilində Ermənistan tərəfinin düşünməli olduğunu da diqqətə çatdırdı.
Heydər Əliyev Lissabon Zirvə görüşündə fəaliyyəti, məlum prinsiplərin qəbul etdirilməsi istiqamətində mübarizəsi haqda 5 dekabr 1996-cı ildə Bakıya qayıdarkən təyyarədə jurnalistlərə də ətraflı məlumat verdi. Bakıya qayıtdıqdan sonra 1996-cı il 6 dekabrda ictimaiyyət nümayəndələri ilə görüşündə Heydər Əliyev ATƏT-in və onun Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Budapeşt sammitindən Lissabon görüşünə qədər keçdiyi yolu ətraflı təsvir etdi. Prezident bildirdi ki, sülh sazişinin əldə edilməməsi Ermənistanın işğal etdiyi ərazilərdən istifadə edərək, Dağlıq Qarabağa müstəqillik statusu almaq cəhdindən irəli gəlir.
Lissabon qərarı erməni təbliğatına da zərbə idi. Buna qədər Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində təbliğatda Azərbaycandan üstün olduğunu düşünürdü. Lissabonda baş verən veto qarşıdurmasından sonra isə dünya əsl həqiqətlərdən daha yaxından agah oldu.
Bir sözlə, Lissabon sammitində yekun sənədin qəbul olunması Azərbaycan diplomatiyasının parlaq qələbəsi kimi tarixə düşdü. Xüsusilə də Azərbaycanın milli maraqlarına cavab verən prinsiplərin yekun sənəddə öz əksini tapması Ermənistanın yalanlarına və böhtanlarına tutarlı cavab verilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Lissabon sammitinin əhəmiyyətini qiymətləndirərkən ulu öndər Heydər Əliyev bildirmişdir: “Lissabon Zirvə görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, biz həmin toplantıda Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini açıb həm zirvə görüşünün iştirakçılarına, həm də bütün dünya ictimaiyyətinə bildirdik”.Bu baxımdan Lissabon sammiti Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq aləmdə qazandığı uğurların başlanğıcının əsasını qoydu.

Heydər Əliyev 1993-2003-cü illərdə 80 ölkənin prezidenti, dövlət və hökumət rəhbərləri, xarici işlər nazirləri ilə 500-dən çox görüş keçirmişdir
Ümummilli lider Heydər Əliyev Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. Ümummilli lider istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmış və buna da nail olmuşdu. Ulu öndər 1993-2003-cü illərdə 80 ölkənin prezidenti, dövlət və hökumət rəhbərləri, xarici işlər nazirləri ilə 500-dən çox görüş keçirmiş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə etmişdir. Heydər Əliyev bu görüşlərdə müasir dünyanın siyasi sistemdə deklarativ deyil, real suverenlik məsələsini ön plana çıxarmalı olduğunu diqqətə çatdırır, erməni işğalçılarının qanlı əməllərini təkzibolunmaz faktlar əsasında ifşa edərək deyirdi: “Bizim xalqımızın böyük itkiləri olubdur. Biz bunları bilməliyik, gələcək nəsillər də bilməlidirlər ki, Azərbaycana qarşı bir daha belə xəyanətlərin, təcavüzlərin qarşısı alına bilsin”.
Azərbaycanın xarici siyasətində 1993-cü ildən sonra Avropa və Qərb istiqamətininin gücləndirilməsinin əsas məqsədlərindən biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılması və problemin ədalətli həllinə nail olmaq üçün beynəlxalq ictimaiyyətin dəstəyinə nail olunması idi. Məsələn, Fransa ilə qurulan əlaqələr vaxtilə Azərbaycan həqiqətlərinin erməni lobbisinin dərin kök saldığı bu ölkədə geniş yayılmasına səbəb olmuşdu. Bu məsələdə Heydər Əliyevlə Fransanın 22-ci prezidenti (1995-2007) Jak Şirak arasındakı dostluq münasibətləri böyük rol oynamışdı.
Xatırladım ki, Fransa səfiri Azərbaycanda Türkiyə səfirindən sonra rəsmi fəaliyyətə başlayan ikinci diplomat olub (mart, 1992). Azərbaycan-Fransa münasibətlərinin ilkin mərhələdə nisbətən zəif inkişaf etməsinin səbəbləri o zaman Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinə görə hərbi-siyasi vəziyyətin gərgin olması, Fransanın isə Ermənistanla sıx əməkdaşlıq əlaqəsi saxlayan ölkə kimi qiymətləndirilməsi idi. 1993-cü ilin sonlarında Azərbaycan Prezidenti Heydər Əliyev Avropa ilə əməkdaşlıq siyasətinə Fransadan başlayıb. O, Azərbaycan prezidenti seçildikdən sonra (3 oktyabr, 1993) xaricə ilk rəsmi səfərini Fransa Prezidenti Fransua Mitteranın dəvəti ilə bu ölkəyə edib. F.Mitteran Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını bəyan etmiş, münaqişənin ATƏT konfransı çərçivəsində həllinin düzgünlüyünü bildirmişdi. F.Mitteran Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda vəziyyətin daha gərgin olduğunu təsdiqləmiş və Fransanın evlərini və torpaqlarını itirmiş insanlara yardım göstərəcəyini demişdi.
Azərbaycan-Fransa tərəfdaşlığının dərinləşdirilməsinin davamı olaraq 1997-ci ilin yanvarında Heydər Əliyev Prezident Jak Şirakın dəvətilə Fransaya iknci dəfə rəsmi səfərini etmişdi.13 yanvar 1997-ci ildə Yelisey sarayında Fransa Prezidenti Jak Şirakla görüşündə Heydər Əliyev Fransanın ATƏT-in Lissabon sammitində Azərbaycanın təkliflərini müdafiə etdiyini xatırladaraq, bundan razı qaldığını söyləmişdi. Həmin ildən etibarən Fransa, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçi olan ATƏT-in Minsk qrupunun ABŞ və Rusiya ilə birlikdə həmsədri kimi fəaliyyətə başladı.
Fransa Prezidenti Jak Şirak Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün bütün imkanlarını səfərbər etmişdi. Xüsusilə qeyd edilməlidir ki, erməni lobbisinin bu ölkədə güclü olmasına baxmayaraq, Fransanın rəsmi dairələri o dövrdə Azərbaycanla münasibətlərə kölgə sala biləcək addımlar atmamışdılar. Bütün bunların kökündə isə Heydər Əliyevlə Jak Şirak arasında dostluq münasibətləri dayanırdı.
2001-ci ildə birbaşa Jak Şirakın təşəbbüsü ilə Parisdə Azərbaycanın dövlət başçısı Heydər Əliyev və Ermənistanın Prezidenti Robert Koçaryanın iki dəfə təkbətək danışıqları keçirilmişdi. Görüşlər nəticə verməsə də, Jak Şirak Paris müzakirələrinin (2001, yanvar, mart) münaqişənin həlli üçün yaxşı əsas yarada biləcəyinə ümid etdiyini bildirmiş, istənilən razılaşmanın hər iki tərəf üçün məqbul olmasının vacibliyini bəyan etmişdi.
2002-ci ilin noyabrında NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının Praqa sammitində də Heydər Əliyev və Jak Şirak Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmişdilər. Həmin görüşdə Fransa prezidenti Heydər Əliyevə vasitəçilik fəaliyyətini davam etdirməyə söz vermişdi.
Jak Şirak verdiyi sözə əməl edərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yüksək səviyyədə vasitəçilik fəaliyyətini davam etdirdi. 2006-cı ilin fevralında Paris yaxınlığındakı Rambuye qəsrində Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistan Prezidenti Robert Koçaryan arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə növbəti görüşün keçirilməsi də Jak Şirakın təşəbbüsü ilə baş tutmuşdu.
Həmin dövrdə Azərbaycanla ABŞ və Böyük Britaniya arasında olan xoş əlaqələr bu ölkələrin rəhbərləri ilə Prezident Heydər Əliyev arasında yaranmış dostluq münasibətlərində də öz əksini tapmışdı. Prezident İlham Əliyev bu ölkələrə rəsmi səfərləri zamanı ABŞ Prezidenti Bill Klinton və Böyük Britaniyanın Baş naziri Con Meycorla keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri, Ermənistanın işğalçılıq siyasətini və bu siyasətin nəticələrini uğurla onların diqqətinə çatdırmışdı.

Müstəqil Azəbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının ildən-ilə möhkəmləndirilməsi danışıqlar prosesində Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin etmək üçün güclü zəmin yaradırdı
1997-1998-ci illər ərzində Ermənistan- Azərbaycan münaqişəsinin həllinə dair Minsk Qrupunun həmsədrləri tərəfindən üç təklif tərtib edilib. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməyib. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" (Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin "mərhələli" (münaqişənin mərhələlərlə nizama salınması) həllindən ibarət idi. 1998-ci il noyabrın 9-da həmsədrlərin beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən "ümumi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanın göstəricisi idi.
Heydər Əliyev Fransa Prezidenti Jak Şiraka 20 aprel 1999-cu il tarixli məktubunda bununla bağlı yazırdı: «Minsk qrupu həmsədrlərinin təmsilçiləri uzun sürən fasilədən sonra, görünür, danışıqlar prosesini yenidən canlandırmaq istəyi ilə 1998-ci il noyabrın 9-da Azərbaycan tərəfini çox məyus edən və danışıqların davam etdirilməsinə imkan yaratmayan sayca üçüncü təklifi irəli sürmüşlər. Bu təklif dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı və ATƏT-in iki sammitinin təsdiq etdiyi qərarlardan və prinsiplərdən irəli gələn əvvəlki mövqedən geri çəkilməkdən başqa bir şey deyildi. Bu təkliflər əslində Dağlıq Qarabağı respublika formasında dövlət ərazi qurumu kimi ayırır və ona uydurma "ümumi dövlət" çərçivəsində Azərbaycan ilə bərabər status verirdi. Həm də bu "ümumi dövlət"in Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində yaradılmalı olduğuna istinad edilməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü üçün təminat yaratmır, əslində bunları pozur.
Mən belə hesab edirəm ki, vasitəçilərin düşünülməmiş hərəkətləri, şübhəsiz, nizamasalma prosesinə ciddi ziyan vurmuş və onu dala salmışdır. Bu da bizdə dərin təşviş və narahatlıq doğurur, xüsusən ona görə ki, bizim dəfələrə bəyan etdiyimiz kimi, Rusiya Federasiyası Ermənistan Respublikasını ciddi-cəhdlə silahlandırmaqda davam edir, Ermənistana qanunsuz yollarla 1 milyard ABŞ dolları dəyərində Rusiya silahları verilməsinin ardınca ona MİQ-29 təyyarələri və S-300 raketləri göndərilməsi buna aydın sübutdur. Mənim əqidəmcə, həmsədrlər qətiyyət göstərməsələr, ABŞ, Rusiya və Fransa rəhbərliyi tərəfindən fəal tədbirlər görülməsə, Ermənistan-Azərbaycan mü­naqişəsini ədalətlə aradan qaldırılma­sına nail olmaq mümkün deyildir. Lis­sabon sammitinin dünyanın 53 dövləti tərəfindən lehinə səs verilmiş üç prin­sipinə sədaqət göstərilməsi xüsusi əhəmiyyət kəsb edir».
Ulu öndər Heydər Əliyevlə Ermənistan prezidentləri arasında bir neçə dəfə danışıqlar aparılmışdı. Ermənistanın işğalçılıq siyasətinin nəticəsi olaraq bu danışıqlar nəticəsiz qaldı. Sülh sazişi imzalandıqdan sonra regiona daxil olub silahlı münaqişənin nəticələrinin aradan qaldırılmasını təmin etməli olan çoxmillətli beynəlxalq qüvvələrin yaradılması haqqında 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt sammitində çıxarılmış qərar, habelə 1996-cı ilin dekabrında ATƏT-in Lissabon sammitinin münaqişənin aradan qaldırılmasının beynəlxalq hüquqi bazasını müəyyən etmiş qərarları Ermənistan-Azərbaycan münaqişəsini ədalətlə aradan qaldırmaq üçün son dərəcə vacib olan böyük siyasi nailiyyət sayıla bilərdi. Lakin Ermənistan Respublikası tərəfindən davam etdirilən obstruksiya və ATƏT-in onu yola gətirməyə qadir olmaması nəticəsində həmin sammitlərin qərarları yerinə yetirilmədi.
Düzdür, Heydər Əliyevlə Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyanla keçirilən görüşlərdən sonra münaqişənin həlli istiqamətində irəliləyişlərin olduğu hiss edilmiş və azacıq da olsa, ümidlər yaranmışdı. Lakin danışıqların məzmunu Ermənistandakı işğal siyasəti yürüdən qrupları narahat edirdi və onların təzyiqi ilə Levon Ter-Petrosyan 1998-ci ilin fevral ayında istefa verməli oldu.
Xatırladım ki, 1997-ci il sentyabrın 19-da Minsk qrupunun həmsədrləri münaqişənin mərhələlərlə aradan qaldırılmasını nəzərdə tutan yeni təklif, Lissabon sammitindən sonra ikinci təklif irəli sürmüşdülər. Həmin təklifə uyğun olaraq birinci mərhələdə, Laçın rayonu istisna olmaqla, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarından kənarda yerləşən işğal olunmuş altı rayonun azad edilməsi, ATƏT-in sülhü qorumağa yönəlmiş əməliyyatının həyata keçirilməsi, qaçqınların azad edilmiş ərazilərə qaytarılması, habelə müharibə nəticəsində dağılan, Ermənistanın və onun tərəfindən işğal olunmuş Dağlıq Qarabağın həyat fəaliyyəti üçün zəruri olan kommunikasiyaların bərpa edilməsi nəzərdə tutulurdu. Bundan sonra ikinci mərhələdə tərəflər silahlı münaqişənin nəticələrinin aradan qaldırılmasının ardınca Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi Dağlıq Qarabağın statusunu müəyyənləşdirməklə və onun təhlükəsizliyi üçün tədbirlər görməklə məşğul olmalı idilər.
1997-ci il oktyabrın 10-da Strasburqda Azərbaycan və Ermənistan iki ölkənin prezidentləri səviyyəsində 1997-ci ilin 19 sentyabr tarixli təklifləri əsasında danışıqlar prosesini davam etdirməyə razılıq vermişdilər ki, bu da münaqişənin ədalətlə aradan qaldırılmasına nail olmaq üçün danışıqlar prosesinin müvəffəqiyyətinə ümid etməyə imkan verirdi. Amma sonradan Ermənistanın Prezidenti Levon Ter-Petrosyanın istefa verməsi və Ermənistanın yeni rəhbərliyinin öz mövqeyini sərtləşdirməsi bu ədalətli təməl üzərində danışıqların davam etdirilməsi imkanını puça çıxardı.
Heydər Əliyev və Robert Koçaryan 1999-2002-ci illərdə münaqişənin həlli məqsədilə ikitərəfli görüşlərini davam etdirsələr də, son nəticəyə nail olunmadı. İstər Parisdə, istər İsveçrənin Cenevrə şəhərində, istər ABŞ-ın Ki-Uest şəhərində, o cümlədən Moskvada keçirilən danışıqlarda Heydər Əliyev bu danışıqların hər birində Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin etmiş və Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və bundan sonra da Azərbaycan ərazisi olaraq qalacağını birmənalı şəkildə bildirmişdi. Danışıqlarda qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistan isə işğal etdiyi Azərbaycan torpaqlarından siyasi alver vasitəsi kimi yararlanmağa çalışaraq, Dağlıq Qarabağa ya müstəqillik, ya da ona bərabər olan status almağa çalışırdı.

Prezident İlham ƏLİYEV: «Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim»
2003-cüil oktyabrın 1-də Azərbaycanxalqınamüraciətində Heydər Əliyev demişdir: «ÜzümüSizə - həmvətənlərimətutaraq, qarşıdangələnprezidentseçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili vətəşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm».
Heydər Əliyevin ən böyük arzuları işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütölüyümüzün bərpası, bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi. Heydər Əliyev Azərbaycanı daha güclü etmək, xalqımızın daha gözəl günlərini görmək istəyirdi. Ulu öndərin ruhu bu gün şaddır, çünki Azərbaycan bu gün onun ən layiqli siyasi davamçını İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən güclü dövrünü yaşayır. İlham Əliyevin Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də ulu öndərin arzuları çin oldu, vəsiyyəti yerinə yetirildi. “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”, - deyə Prezident, Müzəffər Ali Baş Komandanİlham Əliyev ötən il noyabrın 8-də Şəhidlər Xiyabanından xalqa müraciəti zamanı bildirmişdi.
Azərbaycan xalqı hər zaman Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edəcək. Xalqımız həm də ulu öndərə əbədi olaraq minnətdar olacaq. Çünki bu Qələbənin təməli illər əvvəl Heydər Əliyev tərəfindən dövlətçiliyimizin və müstəqilliyimizin əsasları möhkəmləndiriləndə, tənəzzülün qarşısı alınanda, xarici neft şirkətləri ilə tarixi müqavilələr imzalananda, ordu quruculuğuna başlananda qoyulmuşdu.

 

“İqtisadiyyat“ qəzetinin təsisçisi,
akademik Ziyad SƏMƏDZADƏ