MƏQALƏLƏR

AZƏRBAYCAN DİLİNDƏ İNŞAAT TERMİNLƏRİ LÜĞƏTİ

  • 01.07.2021

Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsində müxtəlif sahə terminlərinin xüsusi rolu vardır. Digər terminoloji sistemlər kimi inşaatla bağlı leksika da ümumxalq ədəbi dilinin tərkib hissəsi kimi inkişaf edir. İnşaatla bağlı terminoloji leksikanın inkişafı isə ictimai-siyasi həyatın dəyişməsi və elmi-texniki tərəqqi ilə bağlıdır. Bu inkişaf isə həmin sahə ilə bağlı terminoloji lüğətlərdə öz əksini tapır. Bu, nəzərə alınaraq AzİMETİ-nin direktoru, texnika elmləri namizədi Abdı Nazim oğlu Qarayev və İqtisadiyyat və tikinti normaları şöbəsinin müdiri, iqtisad elmləri namizədi Eldar Srac oğlu Nuriyevin “Rusca-azərbaycanca inşaat terminləri lüğəti” (Bakı, 2021) nəşr olunmuşdur. Lüğətdə müasir dövrün tələbləri nəzərə alınaraq, inşaat terminləri toplanmış və onların Azərbaycan dilində qarşılıqları müəyyənləşdirilmişdir.
Azərbaycan dili qədim və zəngin dillərdən biridir. Elmi-texniki tərəqqi ilə bağlı olaraq Azərbaycan dili durmadan inkişaf edir, zənginləşir. Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşması və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək, milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rol və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsvermə yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci ilin 18 iyun tarixli 506 saylı və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 19 avqust tarixli 552 saylı fərmanları, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu və dil siyasəti sahəsində normativ hüququ aktlar, həmçinin digər fərmanlar Azərbaycan dilinin qorunmasının hüquqi əsaslarını və icra mexanizmini müəyyən edir. Bu baxımdan İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamın tətbiq edilməsi dilimizin inkişafı və tərəqqisi yolunda mühüm mərhələ kimi diqqəti cəlb edir. Ölkəmizdə aparılan uğurlu islahatlar, quruculuq işləri, yüksək iqtisadi artım, milli inkişaf konsepsiyasının davamlı həyata keçirilməsi Azərbaycan dilinin inkişaf səviyyəsinin yüksəlməsini şərtləndirmişdir. İnkişafla bağlı mütəxəssislər və elmi-tədqiqatla məşğul olan tədqiqatçıların araşdırmaları dil bazasının genişlənməsinə, yeni terminlərin, anlayışların yaranmasına səbəb olur. Müasir dövrdə elmi tədqiqatların müxtəlif aspektlərdən aparılması, ayrı-ayrı elmlər arasında qarşılıqlı əlaqələrin və qarşılıqlı təsirlərin güclənməsi tendensiyası güclənir və müxtəlif elm sahələri ilə bağlı tədqiqatlar sferası genişlənir. Elmlə-rin diferensiasiyası və inteqrasiyası, yeni elmi istiqamətlərin yaranması və inkişafı terminlərin işlənmə xüsusiyyətlərinin dərindən öyrənilməsi tələbatını artırmış, terminologiya sahəsində yeni lüğətlərin tərtib edilməsinə xüsusi diq-qət verilməsinə səbəb olmuşdur. Elmi-texniki tərəqqi yeni terminlərin yaranma prosesini sürətləndirmiş, terminlərin ədəbi dilə və danışıq dilinə geniş nüfuz et-məsi bu terminlərin toplanmasını və onların xüsusiyyətlərini aydınlaşdırmağı tələb edir. Bu baxımdan ölkəmizdə tikinti işlərinin sürətlə artması, onların dünya standartlarına uyğun aparılması yeni terminlərin yaranmasını şərtləndirir və onların sistem xarakter daşımasına təsir göstərir. Dilin leksik qatının həm ümumi, həm də xüsusi funksiyalı hissəsini təşkil edən qatlar bir-birini tamamlayır və dilin xüsusi funksiya yerinə yetirən hissəsi əsasında formalaşan terminlər terminoloji sistemin yaranmasına səbəb olur. Xüsusilə, ölkə iqtisadiyyatında aparılan iqtisadi islahatlar inşaat fəaliyyətinin inkişaf xüsusiyyətlərinə və terminoloji bazasına təsirini göstərir, onun fasiləsiz dəyişməsini tələb edir. İnşaat terminləri şəhərsalma, rabitə və nəqliyyat obyektlərinin, kənd təsərrüfatı və sənaye müəssisələrinin tikintisi, körpülər qurulması və yollar çəkilməsi ilə birbaşa əlaqədardır. Həmin fəaliyyət sahələrinin inkişafı, dəyişməsi və təkmilləşdirilməsindən asılı olaraq yeni anlayışların yaranması inşaat terminlərinin də zənginləşməsinə təsir edir.
Müasir dövrdə inşaat işləri sahəsində beynəlxalq əməkdaşlıq vüsət almışdır. Bu baxımdan inşaat işlərinin qurulması və qarşılıqlı informasiya mübadiləsi aparılarkən terminlərin yaranmasına yeni prinsipdən yanaşma tələb olunur. Azərbaycan Respublikasında xarici investisiya hesabına icra olunan inşaat işlərinin miqyasının sürətlənməsi, inşaat prosesində dünya standartlarına uyğun avadanlıqlardan və tikinti materiallarından istifadə Azərbaycan dilinə yeni terminlərin daxil olması zərurətini yaradır. Bu terminlərin Azərbaycan dilinə kalka edilməsi, qarşılıqlarının yaradılması və onların ədəbi dil qaydalarına uyğunlaşdırılması həm elm sahəsinin, həm də dilin zənginləşməsinə təkan verir. Uzun illər ərzində inşaat, memarlıq elminin bir çox sahələrinin sistemli şəkildə araşdırılması respublikamızda bu sahədə elmin inkişafına tə-kan vermişdir. Bu inkişafla bağlı mütəxəssislər və elmi-tədqiqatla məşğul olan tədqiqatçıların araşdırmaları dil bazasının genişlənməsinə, yeni terminlərin, anlayışların yaranmasına səbəb olmuşdur. Hazırda əksər texniki ədəbiyyatların rus dilində olması, layihələrdə texniki terminlərin bu dildə çap edilməsi və apa-rıcı mütəxəssislərin əksəriyyətinin rus dilində təhsil alması, elmi əsərlərin rus dilində yazılması ilə bağlı olaraq bu sahədə işlənən terminlərin Azərbaycan dilində qarşılığının müəyyənləşdirilməsinə tələbat özünü göstərmişdir. Məhz buna görə də elmin bütün sahələrində çalışan tədqiqatçıların normativ sənədlərin tərtibi zamanı qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq, zəruri ehtiyaclarını təmin etmək məqsədilə elmi fəaliyyətdə istifadə olunan, elmi bazanı (termin, məfhum anlayışları əhatə edən) özündə əks etdirə bilən lüğətlərin ana dilində işlənib hazırlanmasına ehtiyac yaranmışdır. Bu tələblər nəzərə alınaraq AzİMETİ-nin direktoru, texnika elmləri namizədi Abdı Nazim oğlu Qarayev və İqtisadiyyat və tikinti normaları şöbəsinin müdiri, iqtisad elmləri namizədi Eldar Srac oğlu Nuriyev tərəfindən “Rusca-azərbaycanca inşaat terminləri lüğəti”i tərtib edilmişdir. Xarici investisiya hesabına icra olunan inşaat işlərinin miqyasının artması nəticəsində dildə müxtəlif dillərin terminlərindən istifadə ilə əlaqədar olaraq, rusca-azərbaycanca inşaat terminləri lüğətinin tərtibində terminoloji tələblər nəzərə alınmışdır. Mövcud lüğətə başqa dillərdən terminlərin daxil edilməsi isə dillər arasında qarşılıqlı əlaqələrin artması ilə bağlıdır. Bu əlaqələr inşaat prosesində istifadə olunan tikinti materiallarının, müxtəlif obyektlərin tikintisinin quruluş və xüsusiyyətlərini özündə əks etdirən yeni terminlərin yaranmasına səbəb olur. Təqdim olunan lüğətdə inşaatda istifadə olunan terminlər toplanmış və ikidilli rusca-azərbaycanca yeni lüğət hazırlanmışdır. Lüğət tərtib edilərkən texniki sahə ilə bağlı, o cümlədən inşaat və memarlıqla bağlı yazılmış terminoloji lüğətlərdən də istifadə edilmişdir. Lüğətdə 5000-dən çox termin toplanmış və onların azərbaycanca ekvivalentləri verilmişdir. Təqdim olunan termin və anlayışlara aid qarşılıqlar əlifba prinsipinə uyğundur (hər terminin adı rus və Azərbaycan dillərində).
Müasir dövrdə elmi-texniki tə­rəq­qinin inşaat və arxitektura vasi­tələrinin konstruksiyasına tət­biqi bu sahədə anlayışların yaran­masını və terminlərin dinamik zənginləşməsini zəruri edir. Lüğətin tərtibi zamanı inşaatın həm istismar, həm də tikintisinə dair sahələrinə aid terminlər toplanmışdır. İnşaatda yeni texnika və texnologiyaların tətbiqi nəticəsində terminlər sisteminə daxil olmuş yeni məfhumlar və anlayışlar əsas götürülmüş və onlara qarşılıqlar müəyyənləşdirilən zaman ana dilinin lüğət tərkibi hesabına yaranan yeni terminlər verilmişdir. Lüğətin tərtibi prinsipi nəzərə alınaraq inşaat infrastrukturu ilə bağlı işlədilən və anlayışı özündə əks etdirən terminlərə geniş yer, terminlərin Azərbaycan dilinə tərcümə prosesində onların tam ifadə olunmasına xüsusi önəm verilmişdir. İlk dəfə qarşılığı müəyyənləşdirilən terminlərin oxuculara aydın olması məqsədi ilə izahı da verilmişdir. Məsələn, bалясина-məhəccər dirəkləri (balkonun, pilləkənin əltutanını saxlayan fiqurlu element); aглопорит-aqloporit (beton üçün süni məsaməli yüngül doldurucu; бетонополимер-betonpolimer (polimer hopdurulmuş mineral yapışdırıcılı beton); брандмауэр-brandmauer (yanğının yayılmasına qarşı davamlı divar), грейдер-qreyder (torpaq yolu salan mexanizm) və s. Lüğətdə verilən şərh mötərizədə kursiv şriftlə verilir. Lüğətin tərtibində inşaat və arxitektura sisteminin mürəkkəb infrastrukturu nəzərə alınaraq, onun bütün sahələrinə aid, struktur bölmələri ilə əlaqədar elm və texnologiya, tikinti haqqında anlayış və terminlər də lüğətə daxil edilmişdir. Təqdim olunan termin və anlayışlar əlifba prinsipi ilə (hər terminin adı rus-Azərbaycan dillərində) verilmişdir. Belə yanaşma ədəbiyyatda rus və Azərbaycan dilində rast gəlinən terminlərin Azərbaycan və rus dilində qarşılıqlarının düzgün müəyyənləşdirilməsinə kömək edir. Lüğəti tərtib edən zaman müəlliflər yeni anlayışların ifadəsi üçün alınma terminlərdən çox sözseçmə prinsipinə - dilin lüğət tərkibində işlənən, ya da kalka yolu ilə yaradılan terminlərə üstünlük vermişlər. Müsbət haldır ki, terminlərin böyük bir qismi ana dilimizdə işlənən sözlərlə verilmişdir. Bununla yanaşı, son illərdə Avropa dillərindən dilimizə keçən beynəlxalq terminlər mənbədə olduğu kimi verilmişdir. Lüğətin tərtibində aşağıdakı prinsiplər əsas götürülmüşdür:


1. Lüğətdə bütün baş terminlər əlifba sırası ilə verilmişdir;
2. Terminlərin tərcüməsi zamanı Azərbaycan dilində qarşılığı dəqiq verilmişdir;
3. Müxtəlif mənaların tərcümələri arasında nöqtəli vergül, eyni mənaların tərcümələri arasında isə vergül qoyulmuşdur;
4. Mürəkkəb terminlərdə sözlərdən birinin və ya bir hissəsinin digər variantları adi şriftlə verilmişdir;
5. Tərcüməyə verilən şərh mötərizədə kursiv şriftlə verilir;
6. Dublet terminlərdən yalnız anlayışın məzmununu daha dəqiq ifadə edənlər seçilmişdir. Lüğət, tərcümə lüğəti olmaqla bərabər, demək olar ki, inşaatın bütün sahələrini əhatə edir və onların çoxsaylı törəmələrini özündə cəmləşdirir. Bu terminlər elmi əsərlərdə istifadə olunduğu kimi, leksikoqrafik mənbələrdə də (lüğətlərdə) öz interpretasiyasını bu və ya digər dərəcədə tapır. Lüğətin adından da göründüyü kimi, iki dildə olduğundan orada əvvəlcə hər bir terminin rusca, sonra isə azərbaycanca qarşılığı verilmişdir. Elmin müxtəlif sahələrinin sürətlə inkişaf etdiyi, elmi əlaqələrin genişləndiyi bir zamanda, dünyada baş verən qloballaşma və inteqrasiya dövründə ikidilli terminoloji lüğətlərin əhəmiyyəti, onların tərtib edilmə zərurətini artırır, həyati məsələyə çevirir.


Lüğətin tərtibi zamanı müxtəlif elmi mənbələrdən, o cümlədən Azərbaycan dilində nəşr olunmuş dərslik, dərs vəsaitləri, normativ-texniki sənədlər və həmçinin müxtəlif dillərdə tərtib olunmuş lüğətlərdən, texniki ədəbiyyatlardan istifadə edilmişdir. Bir sıra terminlər Azərbaycan dilində orfoqrafiya prinsipləri gözlənilməklə ilk dəfə olaraq verilmişdir. Bu günümüz üçün aktual olan və inşaat, arxitektura mütəxəssislərinin terminologiya sahəsində zəruri ehtiyaclarını ödəməyə yönəlmiş bu lüğətdən həm elmi işçilər, həm də ali və orta ixtisas tədris müəssisələrinin tələbələri istifadə edə bilər. Sistemləşdirmə, tərtibetmə, sözlük baxımından səciyyəvi olan bu lüğət gələcəkdə yaranan terminoloji lüğətlər üçün örnək hesab edilə bilər. Bu baxımdan lüğətin tərtibi prinsipləri, sözlüyün yaradılması müasir leksikoqrafiyanın əsas tələblərinə cavab verir. Lüğət ilk növbədə mütəxəssislər və tərcüməçilər üçün nəzərdə tutulmuşdur. Yeni hazırlanmış bu lüğət müasir leksikoqrafiyanın normalarını özündə əks etdirir. Onu da qeyd edək ki, yüksək elmi səviyyədə hazırlanmış “Rusca-azərbaycanca inşaat terminləri lüğəti” müasir tələblərə tam cavab verir və yüksək poliqrafik səviyyədə nəşr olunmuşdur. Belə lüğətlərin tərtibi bu xalqın elmi və mədəni həyatında əlamətdar bir hadisə olmaqla yanaşı, başqa lüğətlərin yaranmasına da təkan verəcəkdir.

 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini,

filologiya elmləri doktoru, professor Sayalı Sadıqova