MƏQALƏLƏR

ƏHƏDİN xoşbəxtliyi

  • 08.07.2021

- Deyirlər, tək uşaqları aparmırlar, bəlkə maraqlanaq, müraciət edək?
- Ana, nə danışırsan? Vətən də təkdir. Başqa Vətənimizmi var? – dedi.
- Səndən başqa kimim var, ay oğul? Mən səninlə nəfəs alıram...
- Ana, mən də səninlə nəfəs alıram. Amma getməliyəm. Kimdən artığam? Orda ölənlər, itənlərin anası, atası, övladı yoxdumu? Belə gündə ana dizinə sığınım? Olmaz, ana, olmaz...
- Sənə bir şey olsa...
Oğlu ilə xidmətə yola düşməzdən öncəki söhbətləşməsini xatırlayır Gülnaz xanım. “Sözümü kəsdi “Qismətimdə yaşamaq varsa, yaşayacam, yoxdursa, burda da nəsə ola bilər?”, - dedi və üzümdən öpdü.
- Xocalı faciəsi olanda cəbhəyə getmək istəyirdi, 18 yaşı olmamışdı, aparmadılar. Hərbi xidmətdə də onu arxa cəbhədə saxlayırdılar, ailənin tək uşağı olduğu üçün. Özü gedirdi döyüşlərə... - kövrəlir Gülnaz ana.
“Elə bilirdim onsuz yaşaya bilmərəm. Yaşadım amma...”
Əhəd Sərhəd qoşunlarında xidmət edirdi. O hərbi xidmətə gedəndə vəziyyət gərgin idi.
Valideynləri tez-tez gedir Əhədin yanına. Oğlu haqqında döyüş yoldaşlarından həmişə tərif eşidir.
Komandiri atasına deyir: “Necə övlad böyütmüsüz?! Hamının sevimlisidir. O qədər mərddir, qorxmazdır ki! Biz onun tək uşaq olduğunu bilirdik. Onu arxa cəbhədə saxlamaq istəyirdik. Soruşuram: Kim Veysəlliyə getmək istəyir? “Mən” deyir. Böyük Bəhmənliyə kim gedər? “Mən” deyir. Horadizə kim getmək istəyir? – deyirəm, yenə “mən” deyir. Əslində bilir ki, onu göndərmək istəmirəm. Amma bizə Əhəd kimi oğullar lazımdır”.
Əhəd ən gərgin nöqtələrə birinci getmək istəyirdi və gedirdi.
Yerli əhalinin əzab-əziyyətini görürdü.
Sərhədçi yoldaşlarından olan Əlibalanın xatırladıqları: “19 yaşı vardı, amma ağsaqqalımız idi elə bil. Həmişə öndəydi. Hamıya kömək etməyə hazır idi. Qadınları, uşaqları, yaşlıları döyüş bölgəsindən çıxarmaq lazım gəlirdi. Araz çayından keçməli olurdular. Əhəd uşaqları iki-iki, bəzən üç-üç keçirirdi. Bir neçə dəfə qayıdırdı.”
1993-cü ildə Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib.
Sərhədçi idi Əhəd. İmkanı olsa, sərhədlərimizi qorumaq üçün sərhəd boyu sərərdi canını... Artıq düşmən də bunu bilirdi. Əhəd onlar üçün keçilməz sərhəd olmuşdu. Onu snayperlə başından vurdular.
Əhəd Firuz oğlu İsgəndərov 1974-cü il iyulun 18-də Bakıda doğulub.
Yasamal rayonundakı 31 nömrəli tam orta məktəbdə təhsil alıb. Onu həmişə anırlar məktəbdə. Müəllimlərinin bir çoxu dünyasını dəyişsə də, onun xatirəsi yaşayır. Əhəd oxuyanda pioner baş dəstə rəhbəri olan Nazilə müəllimə indi də onu sevgiylə xatırlayır: “O qədər mədəni, intizamlı, nümunəvi idi ki... Məktəb tədbirlərində iştirak etməyi sevərdi. Çox məsuliyyətli idi. Heç unutmuram, Yeni ilə hazırlaşırdıq. İbtidai siniflər üçün Şaxta baba axtarırdım, Əhədi seçdim. Həvəslə razılaşdı. Geyimlərini özü hazırladı. Anası da bizə kömək edirdi. Elə gözəl Şaxta baba papağı hazırlamışdı ki. Bir neçə il Şaxta babamız oldu. İcazə verməsəm də, özü əlavə hədiyyələr alırdı. Uşaqlara hədiyyə verəndə özü onlardan çox sevinirdi. Sevinc doluydu.”
Hərbi xidmətə gedəndə də məktəbə gəlir, müəllimləri ilə görüşür. Bəlkə bir daha görüşməyəcəklərini hiss edib, çox sevdiyi məktəbini, müəllimlərini görmək istəyib?!
Anası deyir ki, müəllimlər də onu çox istəyirdi. İllərdi müəllimlər mənimlə əlaqə saxlayır, xəbərləşir, xatirə tədbirləri keçirirlər. İndi işləyənlər Əhəd oxuyanda işləmirdi. Amma xatirəsini əziz tuturlar. Məktəbin qarşısından keçəndə, müəllimləri görəndə rahatlıq tapıram...
Gülnaz xanımın ürək dolu təşəkkür sözlərindən narahat oldum əslində. Ürəyim sızladı: ay gözəl qadın, gözünün ağı-qarası tək övladını min bir əziyyətlə böyüdən zəhmətkeş ana, biz sənə borcluyuq. Əhədə, əhədlərə borcluyuq – dedim.
29 oktyabr 1993-cü ildə Horadizdə şəhid olur.
Ana 28-də gecə yata bilmir. Səhər tezdən cəbhə bölgəsinə yola düşür. Orda ən cəsur, ən qorxmaz bir gəncin snayperlə vurulduğunu eşidir. Oğlu olduğunu bilmədən ağlayır ana bir gənc igidə. Əhədin komandirini tapır ata, ana. Ancaq komandir Əhədin ölüm xəbərini deyə bilmir, “Əhəd yaralanıb, Bakıya hospitala aparıblar”, – deyir.
Ata,ana tələsik geri dönür...
“Oğlumu çox hörmətlə yola saldılar. Onu Şəhidlər Xiyabanında dəfn etmək istədilər. Razılaşmadım. Özüm Novxanılıyam. Bütün qohumlarım ordadır.”
Gülnaz ana bir igid Şəhid anası olması ilə təsəlli tapır illərdir. Sual etmək istəyirəm: “Şəhid ailəsi kimi sizə nə kömək?”
“Kəmalə müəllimə, mən Şəhid anasıyam deyə heç nə üçün müraciət etməmişəm. Etmərəm də. Bunu oğlumun ruhuna hörmətsizlik hesab edirəm. Arzusu idi Vətəni azad görmək. Vətən uğruna Şəhid olmaq. Elə bilirəm ruhu narahat olar. Hər qələbə xəbərində onun yanına gedirəm, bu xəbəri ona deyirəm. Bilirəm ki, sevinir”, – deyir.
Ana əmindi ki, İndi Novxanıda Şəhidlər Xiyabanında sevinir, rahatlıq tapır Birinci Qarabağ savaşının şəhidləri kimi Əhədin də ruhu.
Əhəd başqalarının sevincindən xoşbəxt olurdu. Bütün dünyanı sevinclə qucaqlamaq istəyirdi. İndi Qələbə sevincindən xoşbəxtdir.
P.S. Gülnaz xanım isə Sovetskinin köhnə məhləsində kiçik, kasıb mənzilində yaşayır böyük ürəyi ilə.


Kəmalə Abiyeva