MƏQALƏLƏR

Zülfü İLYASOV: Qarabağın yolu nura, işığa doğrudur!

  • 08.07.2021

İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbə Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, qarşıya iqtisadi prioritetlərə yenidən baxmaq, işğaldan azad olunmuş ərazilərin bərpası, gələcək inkişaf konturlarını müəyyən etməklə bağlı zəruri vəzifələr qoydu. Öncə onu deyək ki, Azərbaycan bu çətin vəzifələrin öhdəsindən gəlmək iqtidarındadır. Son 17 ildə aparılan iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı 3 dəfə artmışdır, valyuta ehtiyatları 50 milyard civarındadır. Lakin görüləcək işlərin miqyası böyükdür. İşğal altında olan ərazilərimiz 30 il ərzində elə dağıdılıb talan edilmişdir ki, bu vəhşiliyin nə sözlə, nə də qələmlə ifadəsi yoxdur. Ağdam, Füzuli, Cəbrayıl şəhərləri, digər yaşayış məntəqələri yerlə-yeksan edilmişdir. Tarixi, dini abidələr, məscidlər, yollar, körpülər sosial obyektlər, meliorasiya və suvarma sistemi, demək olar ki, tam dağıdılmış, ekosistemə ciddi ziyan dəymiş, meşələr, su mənbələri məhv edilmişdir.
Hər yerdə vəhşiliyin, barbarlığın və yırtıcılığın əlamətləri görünür. İndi bu ərazilərə təşrif buyuran əcnəbiləri heyrət bürüyür, belə vandalizmə heç yerdə rast gəlmədiklərini bəyan edirlər. Azərbaycanın maliyyə imkanları, dövlət başçısının möhkəm iradəsi işğaldan azad edilmiş şəhər və kəndlərimizin ən abad, gözəl və müasir məkana çevriləcəyinə şüb­hə yeri qoymur. Azad olunmuş ərazilərdə müasir infrastrukturun yaradılması məqsədilə ilkin olaraq 2,2 milyard manat vəsait ayrılıb.
Cənab prezidentin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq, yenidənqurma və abadlıq işlərinin aparılması, təhlükəsiz həyatın təmin edilməsi üçün “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu fond ərazilərin bərpası və yenidən qurulması işlərinin icrası üçün maliyyə resursları ilə təminata dəstək verəcəkdir.


Qarabağa gedən yollar
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addım yeni yolların çəkilişinə başlanmasıdır. Çünki yollar olmadan normal sosial və iqtisadi sistem qurmaq mümkünsüzdür. 

“Böyük qayıdış” proqramının birinci mərhələsi işğaldan azad olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılmasıdır. Həyata keçirilən ilk layihələrdən biri Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının yenidən qurulmasıdır.

Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan yol 21 km, Suqovuşandan Talış kəndinə doğru uzanan yol 7,5 km-dir. Artıq 2-ci texniki dərəcəyə uyğun olaraq bu yollar bərpa edilmişdir. Dövlət başçısının tapşırığına əsasən Füzulidən Şuşaya yeni avtomobil yolunun çəkilişi sürətlə aparılır. Cari il yanvar ayının 14-də cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri zamanı onların iştirakı ilə Füzuli-Şuşa yolunun təməli qoyulmuşdur. Dövlət başçısı bu layihənin əhəmiyyəti barədə danışarkən demişdir: “Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya. Bu yolun tikintisi aparılır. Əminəm ki, ölkəmizin ən gözəl yollarından biri olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək. Eyni zamanda, mənzərəli yoldur. Tarixi yoldur. Qələbəyə aparan yoldur”.
İcrasına başlanılan digər bir yol Toğanlı-Kəlbəcər yoludur. Çox çətin relyefdə çəkilən bu yol Kəlbəcərdən Laçına qədər davam edəcək, eyni zamanda, Horadizdən Zəngilana, oradan Qubadlıya və Laçına qədər yolun çəkilişi həyata keçiriləcək. Dağlıq ərazilər arasında bu yollar vasitəsilə kommunikasiya əlaqəsi yaradılacaq və bu da öz növbəsində bölgənin başdan-başa iqtisadi dirçəlişinə, məskunlaşma prosesinin başlanmasına, turizmin inkişafına geniş imkanlar açacaq.
Hazırda azad edilmiş ərazilərdə iki hava limanı tikilir. Tikintiyə cənab Prezident İlham Əliyevin özü şəxsən nəzarət edir və birinci xanım Mehriban Əliyeva ilə birlikdə tikinti gedən əraziyə baş çəkir. Aeroportun təməli bu ilin yanvar ayının 14-də qoyulub. Aeroport yüksək standartlara uyğun tikilir. Belə bir hava limanının tikilib istifadəyə verilməsi regionun əhəmiyyətini artıracaq, turistlərin və qonaqların Şuşaya rahat gəlişlərini təmin edəcəkdir. Şuşaya təşrif buyuran insanların sayı isə çox olacaq. Çünki 44 günlük Vətən müharibəsi Qarabağın incisi olan Şuşanı bütün dünyaya tanıtdı, bu füsunkar, möcüzəli diyar hər kəsdə böyük maraq oyatdı, onun adını planetin dörd bir yanına yaydı. Azad olunmuş ərazilərdə dəmir yollarının da tikilməsi və yenidən qurulması işlərinə start verilib. Bunlardan biri Bərdə-Ağdam dəmir yolu xəttidir. Bu xətt uzunluğu 104 km olan Yevlax-Xankəndi dəmir yolunun bir hissəsidir. Bundan başqa, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin tikintisinə başlanılıb. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaqdır.


Hər yan nura, işığa qərq olunacaq
Ərazilərin elektrik enerjisi ilə təchizatı probleminin qısa müddətdə həll edilməsi ən zəruri məsələlərdəndir. Yol infrastrukturu, enerji təchizatı digər zəruri infrastruktur məsələlərini həll etməyə imkan verəcək.
Odur ki, ərazilərdə həm yeni xətlər, həm də yarımstansiyalar qurulub. Bu gün Şuşa şəhəri su və elektrik enerjisi ilə tam təmin olunub. Hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Azad edilmiş ərazilərdə 75 km məsafədə 110 kilovoltluq 2 dövrəli elektrik verilişi xəttinin tikintisi həyata keçirilir. Növbəti mərhələdə Füzuli, Ağdam və Kəlbəcər rayonlarında, ümumilikdə 308 km elektrik verilişi xətlərinin çəkilməsi, yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkə yaradılacaq. Bununla paralel olaraq dağıdılmış elektrik stansiyalarının yenidən qurulması istiqamətində tədbirlərin görülməsinə başlanılıb. Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə olan “Gülbənd” su elektrik stansiyası istifadəyə verilib. “Xudafərin”, “Qız Qalası” su elektrik stansiyalarının inşası ilə bağlı İran İslam Respublikası ilə razılıq əldə olunub. Qarabağ ərazisində 10-dan çox su elektrik stansiyasının yaradılması nəzərdə tutulur.


Pilot layihələr icra olunur
Yaşayış məntəqələrinin müasir standartlara uyğun bərpası və yenidən qurulması istiqamətində ilk pilot layihənin icrasına Zəngilan rayonunun Ağalı kəndindən başlanılıb. Prezident İlham Əliyev tərəfindən bütün Qarabağ ərazisi “Yaşıl enerji” zonası elan edilib, yaşayış məntəqələri “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında qurulacaq. Sözügedən pilot layihə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Burada ilkin mərhələdə 200 fərdi evin tikilməsi nəzərdə tutulub.
Ağdam şəhərinin baş planı ən yüksək və müasir şəhərsalma prinsiplərini özündə ehtiva edir. Plana əsasən, Ağdam 100 mindən çox əhalinin yaşadığı sənaye və turizm mərkəzinə çevriləcək. Şəhər müasir tipli intensiv bağlarla əhatə olunacaq.
Həmin massivlərdə 8-20 nəfərlik hotellər, kiçik emal müəssisələri və tədarük məntəqələri tikiləcək. Burada müasir innovativ yeniliklər tətbiq ediləcək.
Ağdamda həmçinin yüksəkmərtəbəli binalar tikiləcək, İT şəbəkəsi, turizm mərkəzləri yaradılacaq, parklar, yaşıllıq zolaqları salınacaq. Nəqliyyat və digər infrastruktur komponentləri bir-biri ilə ahəngdar vəhdətdə uzlaşdırılacaq. Ağdam ərazisində basdırılan 37 min mina xəritəsinin alınması işlərin tempini artıracaq, xarabalıqlar üzərində aləmə nur saçan möhtəşəm şəhər ucalacaq!


Xarici şirkətlər Azərbaycanda
Cənab prezident 44 günlük müharibədən sonra dönə-dönə vurğulayıb ki, ən ümdə məqsədimiz ərazilərimizi mümkün qədər tez dirçəltmək və yurd həsrəti ilə yaşayan soydaşlarımızı o müqəddəs torpaqlara qovuşdurmaqdan ibarətdir. Dövlət başçısı onu da deyib ki, bu çətin və mürəkkəb işləri öz gücümüzlə görə bilərik. Sadəcə olaraq çox zaman apara bilər. Lakin bizə dəstək olmaq istəyən dost dövlətlərin köməyindən də imtina etməməliyik. Bu xüsusda danışarkən o, demişdir: “Şadam ki, bir sıra bizə dost olan ölkələr – Türkiyə, Pakistan, İtaliya, Çin, İsrail, Belarus, İran, Böyük Britaniya və digər ölkələr ərazilərimizin bərpası prosesində iştirak etmək arzularını bildirirlər. Azərbaycan dövləti də dost ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Dost ölkələri Azərbaycana cəlb edirik və edəcəyik”.
Yenidənqurma işində ilk olaraq Türkiyə şirkətləri ilə müqavilə imzalanıb, bundan sonra da qardaş ölkə ilə bir sıra layihələr üzrə müqavilələr imzalanacaq. Bu gün Zəngilan-Şuşa avtomobil yolunun tikintisi Türkiyə şirkəti tərəfindən aparılır. Türkiyədə fəaliyyət göstərən “GOSB” texnoparkı ilə Azərbaycan İnnovasiyalar Agentliyi arasında imzalanmış “Mədəni və Elmi Əməkdaşlıq” memorandumuna əsasən Qarabağda Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “Soft” və “Hard” elmi araşdırmaların aparılması və yüksək texnoloji cihazların istehsalı nəzərdə tutulur.
Dost ölkə olan İtaliya şirkəti ilə enerji təchizatı barədə müqavilə imzalanıb. Bu, yenilənən enerji mənbələrindən – su, günəş və küləkdən alınan enerjidir. İtaliyanın kənd təsərrüfatının inkişafı təcrübəsindən də geniş istifadə olunacaq. Çünki azad edilmiş torpaqlar münbit torpaqlardır və burada maksimum məhsuldarlıq əldə etmək imkanları böyükdür. Onu da qeyd edək ki, hazırda bu ərazilərdə fəaliyyətə başlamış şirkətlər Türkiyə, İtaliya və Böyük Britaniya şirkətləridir. Rusiya, Belarus, İsrail, Latviya və digər ölkələrin şirkətləri də işğal olunmuş ərazilərin yenidən qurulmasında iştirak edəcəklər. Zaman keçdikcə, ərazilər minalardan təmizləndikcə burada işləyən şirkətlərin sayı da artacaq. Bütün infrastruktur yaradıldıqdan sonra Qarabağda həyat qaynayacaq, gediş-gəliş artacaq, məskunlaşma prosesi sürətlənəcək.
İşğaldan azad edilmiş ərazilərə qardaş Türkiyənin ictimai birlikləri, bələdiyyələri və digər özəl qurumları böyük maraq göstərir.
Bütün bunlar istəkdən, könül sevdasından irəli gəlir. Türk qardaşlarımız bir jurnalist olaraq belə də yazırlar ki, həmin ərazilərdə heç olmasa bir ağac, bir gül kolu əkmək niyyətindədirlər.
Türkiyə Cümhuriyyətinin Prezidenti sayın Ərdoğanın Azərbaycana son səfəri, bu səfər çərçivəsində qədim Şuşanı ziyarət etməsi və orada Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın ən böyük tarixi uğurudur. Bəlkə də bu hadisəni bu gün yetərincə dəyərləndirə bilmirik. Ancaq gələcəkdə Şuşa Bəyannaməsi Azərbaycan xalqının istiqlal tarixinə qızıl hərflərlə yazılacaqdır. Bu hadisə ilə əlaqədar ruhumuz təzələnib, əhval-ruhiyyəmiz dəyişib, güvənimiz qat-qat artıb. Bundan sonra hər gələn gün, hər açılan səhər doğma vətənimizə böyük-böyük uğurlar və nailiyyətlər gətirəcək.


Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin xüsusi müxbiri