MƏQALƏLƏR

Rəsul Balayev: Rəqəmsal iqtisadi mühitdə transaksiya xərcləri: indikator funksiyası

  • 08.07.2021

Rəqəmsal mühitdə transaksiya xərcləri
Rəqəmsal mühitin əsas indikatorlarından biri transaksiya xərcləridir. Mübadilə prosesində mülkiyyət hüququnun bir tərəfdən digərinə verilməsi ilə bağlı olan xərclər kimi transaksiya xərcləri tərəf-müqabillərlə qarşılıqlı münasibətlərin səmərəliliyinə mane olan amillərin aradan qaldırılmasına sərf olunur. Bu xərclər natamam informasiya mühitində meydana gəlir. Onu da qeyd edək ki, ilkin yanaşmada transaksiya xərcləri bazarın fəaliyyəti üçün zəruri olan xərclər kimi qəbul edilmişdir.
Rəqəmsal transformasiyaların təzahürlərinin qiymətləndirilməsi üçün transaksiya xərcləri amilindən istifadənin ilkin və uğurlu cəhdlərindən biri kimi Don Tapskottun yanaşması diqqətəlayiqdir. O, hələ ötən əsrin 90-cı illərinin əvvəllərində hesab edirdi ki, transaksiya xərclərinin dinamika təhlili rəqəmsal mühitin təşəkkülü xarakteristikalarını kəmiyyətcə qiymətləndirməyə imkan verəcəkdir. Transaksiya xərclərinə belə yanaşmanın onilliklərdən sonra rəqəmsallaşmanın əsas xarakteristikalarının müəyyən edilməsində istifadəsi onun əsaslı və məhsuldar olduğunu bir daha təsdiqləmişdir. Onu da qeyd edək ki, rəqəmsal transformasiyalarının aşkar təzahürlərinin, demək olar ki, hər yerdə müşahidə edildiyi hazırki dövrdə onların qiymətləndirilməsində transaksiya xərclərinin dinamika təhlilinin nəticələrindən istifadə edilməsini, zənnimizcə, haqlı olaraq məqsədəuyğun hesab edən tədqiqatçıların sayı, heç də az deyildir.
Rəqəmsallaşma transaksiya xərclərinin ölçülməsi imkanlarını reallaşdırmaq ba­xımından nəzərəçarpacaq potensial im­kanlara malikdir. Məhz informasiya cəmiyyətinin və rəqəmsal mühitin üstünlüklərinin gerçəkləşdirilməsi həmin imkanların reallaşdırılması üçün əlverişli şərait yarada bilər. Bu halda informasiya axtarışında transaksiya xərcləri müəyyən qeyd-şərtlərlə infоrmаsiyа rеsurslarının dəyərinə bərаbər götürürlə bilər.
Rəqəmsal mühitdə transaksiya xərcləri, artıq qeyd edildiyi kimi, müxtəlif bazarlarda fəaliyyətin səmərəliliyinin indikatoru kimi çıxış edə bilər. Bu baxımdan daşınmaz əmlak bazarında rəqəmsallaşan yeni institusional mühitdə transaksiya xərclərinin indikator funksiyasına dair aparılmış tədqiqatların nəticəsi olaraq müvafiq mənbələrdə qeyd edilən aşağıdakı fikir, zənnimizcə, diqqətəlayiqdir. Transaksiya xərcləri daşınmaz əmlak bazarının mühüm indikatoru və onun iştirakçılarının iqtisadi vəziyyətini müəyyən edən amil olduğundan, həmin xərclərin yeni institusional (bu halda rəqəmsal) mühitdə minimumlaşdırılması imkanlarının tədqiqi xüsusi aktuallıq kəsb edir. Aqrar sahədə də, demək olar ki, analoji yanaşmaya rast gəlinir. Bu baxımdan aqrar subyektlərin iqtisadi davranış alternativləri axtarışı xərclərinin transaksiya xərclərinə aid edilməsi mövcud reallığı əks etdirir.


Transaksiya xərclərinin dinamika təhlili və indikator funksiyası
Rəqəmsal iqtisadiyyatın perspektivlərinə münasibət bildirmək baxımından da transaksiya xərclərinin dinamika təhlilinin nəticələrindən istifadəni tövsiyə edən tədqiqatçıların fikri maraq doğurur. İlkin təcrübədən göründüyü kimi, transaksiya xərclərinin dinamika təhlilinin nəticələri rəqəmsal mühitdə biznes fəaliyyətinin xarakteristikalarında əhəmiyyətli təshihləri əsaslandırmaq və həyata keçirmək üçün istifadə oluna bilər.
Transaksiya xərcləri terminini elmi dövriyyəyə gətirənlərdən biri kimi Ronald Kouz onu aşağıdakı növlərə bölür: informasiya axtarışı (onun əldə edilməsi) xərcləri, danışıqların aparılması və razılaşmaların (müqavilələrin bağlanması) əldə edilməsi xərcləri, gözləmə və qiymətləndirmə xərcləri, mülkiyyət hüququnun qorunması xərcləri, opportunist davranışla (fəaliyyətlə) bağlı xərclər. Bu təsnifatda sonuncu, yəni opportunist davranış dedikdə iqtisadi agentin öz məqsədlərinə çatmaq üçün etik qaydalara etina etmədiyi davranış başa düşülür. Bu davranışın əsasında resursların məhdudluğu səbəbindən iqtisadi maraqların üst-üstə düşməməsi, qeyri-müəyyənlik və müqavilə şərtlərinin qeyri-mükəmməlliyi durur. Rəqəmsal mühitdə yüksək ehtimalla opportunist davranışla bağlı xərclərin və mülkiyyət hüququnun müdafiəsi xərclərinin səviyyələri arasında korrelyasiya asılılığından danışmaq olar. Rəqəmsal transformasiyalar gücləndikdə mülkiyyət hüququnun müdafiəsi xərclərində əqli mülkiyyət hüququnun rolu artır. Məhz əqli mülkiyyət hüququnun müdafiəsi mexanizminin xarakteri və mükəmməlliyi rəqəmsal mühitdə opportunist davranışla bağlı xərclərin səviyyəsini şərtləndirən həlledici amilə çevrilir.
İnstitusional iqtisadiyyatın elmi istiqa­mət kimi təşəkkülünün ilk dövrlərində transaksiyaların mahiyyətinə və təsnifatına olan yanaşmalar da diqqətəlayiqdir. Belə ki, ilkin yanaşmada transaksiyaların üç növü fərqləndirilmişdir: ticarət transaksiyaları, idarəetmə transaksiyala­rı, rasionlaşdırma transaksiyaları. Ara­yış üçün bildirək ki, rasionlaşdırma transaksiyaları dedikdə, birgə fəaliyyət şəraitində mənfəət və zərərlərin bölgüsü hüququna malik tərəflər arasında razılaşma üçün danışıqlarda meydana çıxan transaksiya xərcləri nəzərdə tutulur.
Transaksiya xərclərinin mənbələrinin müəyyən edilməsi istiqamətində, zənnimizcə Kennet C.Errounun yanaşması rəqəmsal mühitin tələbləri baxımından az-çox dərəcədə məqbul sayıla bilər:
1) kənar şəxslərin bu nemətdən istifadəsinə imkan verməmək xərcləri;
2) sövdələşmənin baş tutması şərtləri barədə informasiyanın əldə edilməsi də daxil olmaqla informasiya mübadiləsi ilə əlaqədar xərclər;
3) qeyri-tarazlıq xərcləri.
Qeyri-tarazlıq xərcləri dedikdə Kennet C.Errou aşağıdakı mülahizəyə əsaslanır. Bazar və ya mərkəzləşdirilmiş xarakterli olmasından asılı olmayaraq, istənilən mürəkkəb sistemdə resursların bölgüsü hətta informasiyanın tamlığı şəraitində belə, müəyyən müddət tələb edir:
a) sövdələşmə, optimal variant hesablanana qədər baş verdikdə optimal variant tapılana qədər keçən müddət;
b) və ya hesablamalar başa çatana qədər sövdələşmənin təxirə salındığı müddət.
Bu baxımdan qeyri-tarazlıq, əsasən qiymətləndirmə və gözləmə effekti ilə bağlı transaksiya xərcləri yaradır.
Qiymətlərə təsir göstərməyəcək qədər kiçik bazar payına malik, eynicinsli məh­sul istehsal edən çoxsaylı satıcı və alıcının olduğu (iqtisadi nəzəriyyədə təkmil bazar) bazarda transaksiya xərclərinin uzun müddət şərti olaraq sıfıra bərabər götürülməsi, transaksiya xərclərinin iqtisadi xərclərə daxil edilməsi prosesini ləngitmişdir. Belə yanaşma transaksiya xərclərinin kəmiyyətcə ölçülməsinin metodiki və informasiya çətinlikləri ilə əlaqədar olmuşdur. İqtisadi xərclərə daxil edilənə qədər transaksiya xərclərinin mahiyyətinin açıqlanmasında tamamilə digər sahələrin analoqlarından istifadə edilmişdir.
Transaksiya xərclərinin yuxarı həddi rəqəmsal mühitdə iqtisadi fəaliyyətin məqsədəuyğunluğunu şərtləndirir. Başqa sözlə, qarşılıqlı əlaqədə göstərilən iqtisadi fəaliyyətin digər xərclərinin məqbul olduğu halda transaksiya xərclərinin azaldıla bilməməsi həmin fəaliyyətin davamlığına təsir edən mühüm amilə çevrilir. Belə hesab olunur ki, transaksiya xərclərinin sıfıra bərabər olması üçün istehsal və gəlirlərin bölgüsü prosesləri kənar təsirlərdən asılı olmamalıdır. Bu mövqe Kouz teoreminə əsaslanır. Kouz teoreminə görə istehsalın strukturunun (resurslardan istifadə nisbətinin) optimallığı mülkiyyət hüququnun bölgüsündən asılı deyildir. Transaksiya xərcləri məhz mülkiyyət münasibətlərinin istehsal prosesinə təsir halında sıfırdan böyük olur. Reallıqda isə bu, həmişə belədir və transaksiya xərclərinin sıfır halına rast gəlinmir. Onu da qeyd edək ki, transaksiya xərcləri fəaliyyət sahəsində qənaətə (vaxta qənaət də daxil olmaqla) xidmət edir. Özü də həmin xərclər mübadilə prosesinə hazırlıq dövründə, mübadilə prosesində və həmin prosesdən sonra qənaətə səbəb ola bilir.

Rəqəmsal mühitdə transaksiya xərclərinin qiymətləndirilməsinə metodiki yanaşmalar
Rəqəmsal iqtisadiyyatın formalaşdırılması prosesinin qiymətləndirilməsi üçün çoxsaylı göstəricilərdən istifadə olunur. Həmin göstəricilərə, ilk növbədə aşağıdakılar aid edilə bilər: elektron ticarət dövriyyəsi; internet-mağazaların sayı; kompüter istifadə edən insanların sayı; internetə müraciət imkanı olan istifadəçilərin sayı; əhalinin internet vərdişlərinin səviyyəsi; telekommunikasiyalara investisiyanın həcmi və s.
Rəqəmsal fəaliyyətin səmərəliliyinin müəyyən edilməsində istifadə olunan əsas göstəricilərdən (indikatorlarından) biri, artıq qeyd edildiyi kimi, transaksiya xərclərinin səviyyəsi və strukturudur. İqtisadiyyatın rəqəmsal sektorunda resursların və məhsulların mübadiləsi prosesində mülkiyyət hüququnun ötürülməsi ilə bağlı (başqa sözlə, bazarın fəaliyyətində meydana çıxan) transaksiya xərclərinin yaranmasına səbəb yuxarıda göstərildiyi kimi, ilk növbədə və başlıca olaraq natamam informasiya mühitidir.
Transaksiya xərclərinin səviyyəsi və strukturu iqtisadi sistemin parametrlərindən asılıdır. Bu tezis qərb müəlliflərinin tədqiqatları nəticəsində kifayət qədər sübut edilmişdir. Nəzəri və empirik tədqiqatlar onlara belə deməyə əsas vermişdir ki, transaksiya xərcləri öz aralarında müqavilə bağlayan iqtisadi agentlərin sayı ilə düz mütənasibdir. Eyni zamanda, iqtisadi davranış problemlərini araşdıran digər müəlliflər bu və ya digər fəaliyyət sahəsində təmərküzləşmə səviyyəsi və transaksiya xərclərinin səviyyəsi arasında əhəmiyyətli əlaqənin olduğunu göstərirlər. Başqa sözlə, onlar bağlanmış müqavilələrin və təyin edilmiş normaların sayı ilə transaksiya xərclərinin səviyyəsi arasında tərs mütənasiblik olduğunu da istisna etmirlər. Zənnimizcə, müqavilələrin əsaslandığı mükəmməl normaların sayı artdıqca, transaksiya xərclərinin səviyyəsində azalmanın baş verməsi ehtimalı heç də az olmayacaqdır.
İqtisadi əlaqələrini rəsmiləşdirən agentlərin sayı artdıqca transaksiya xərclərinin artması haqqında mülahizə təcrübi araşdırmaların nəticələrində özünü doğrultmuşdur. ABŞ iqtisadiyyatında transaksiya xərclərinin 1870-1970-ci illər üzrə dinamika təhlili göstərmişdir ki, həmin dövrdə transaksiya sektorunda istifadə edilən resursların məcmu milli məhsulda payı artaraq 23%-dən 45%-ə çatmışdır.
Transaksiya xərclərinin səviyyəsinin tənzimlənməsi, əslində təkcə həmin səviyyənin azaldılmasını deyil, iqtisadi fəaliyyətin bu və ya digər növləri üzrə məhdudiyyət şərtləri daxilində onun optimallaşdırılmasını nəzərdə tutmalıdır. Doğrudur, iqtisadi agentlərin virtual mühitdə fəaliyyət arealının genişlənməsi, ilk növbədə onların əlaqələrinin müxtəlifliyinin və sayının misli görünməmiş dərəcədə artmasında təzahür edir və belə vəziyyət rəqəmsal mühitin inkişafı hesabına transaksiya xərclərinin azaldılması məsələsini gündəlikdə saxlayır. Eyni zamanda, iqtisadi sistemin inkişafının onun əlaqə və münasibətlərinin mürəkkəbləşməsi ilə müşayiət olunduğunu da unutmaq olmaz. Bu və ya digər əməliyyatın aparılması (transaksiya) iqtisadi fəaliyyətin fasiləsiz davam etməsi üçün həyata keçirilir. Transaksiyalar informasiya da daxil olmaqla müxtəlif resursların hərəkətində təzahür edir. Həmin proseslərin idarə edilməsi qanunauyğunluqları, o cümlədən transaksiya xərclərinin idarə edilməsi (tənzimlənməsi) proseslərinə də aid edilə bilər. Bu baxımdan, rəqəmsal mühitdə transaksiya xərclərinin idarə edilməsi (tənzimlənməsi) prosesində müxtəlifliyin zəruriliyi qanununun fəaliyyəti mühitinə diqqət yetirilməlidir. Uilyam R.Eşbinin əsaslandırdığı “Müxtəlifliyin zəruriliyi qanunu”na görə, idarəedici təsirlərin müxtəlifliyi nə qədər çoxdursa və idarəetmənin birmənalı olmamasından itkilər nə qədər azdırsa, idarəetmə bir o qədər yaxşıdır.
İqtisadi fəaliyyətin hansı istiqamətində rəqəmsallaşmanın daha böyük gəlir gətirəcəyini müəyyən etmək üçün bu və ya digər sahədə transaksiya xərclərinin kəmiyyətcə qiymətləndirilməsi vacibdir. Belə ki, rəqəmsal iqtisadiyyatın səmərəliliyi müxtəlif təzahür formalarına baxmayaraq, ilk növbədə və başlıca olaraq transaksiya xərclərinə qənaətlə bağlıdır. Başqa sözlə, rəqəmsal iqtisadiyyatda transaksiya xərclərinin dinamika təhlili aparılmalı, bunun üçün isə həmin xərclər, artıq qeyd olunduğu kimi, kəmiyyətcə ölçülməlidir. Transaksiya xərclərinin kəmiyyətcə ölçülməsi üçün ciddi metodiki və informasiya çətinlikləri səbəbindən, hələ ki birmənalı qəbul edilən yanaşma yoxdur.
Rəqəmsal mühitdə informasiyanın assimmetriyasının azaldılması üçün, əvvəldə qeyd olunanlarla bərabər digər mühüm imkanlar vardır. Belə ki, istehsalçı və istehlakçı arasında birbaşa və açıq əlaqələrin yaradılması müqavilə bağlayan tərəflərin məlumatlandırılması səviyyəsini dəfələrlə yüksəldə bilər.
Transaksiya xərclərinin dəyişməsi istiqamətinin müəyyən edilməsi və həmin dəyişikliyin kəmiyyətcə qiymətləndirilməsi məsələlərinin həlli üçün yanaşmalar fərqlidir. Birinci halda, ordinalist yanaşma, ikinci halda isə kardinalist yanaşmalar tətbiq edilir. Bununla belə, kardinalist yanaşmalar, müvafiq mənbələrdə göstərildiyi kimi, transaksiya xərclərinin kəmiyyətcə ölçülməsi baxımından qarşıya qoyulan tələblərə tam cavab vermir. Hələ ki, transaksiya xərclərinin ölçülməsi üçün kardinalist deyil, dəyişiklikləri nisbi şəkildə qiymətləndirməyə imkan verən ordinalist yanaşmalardan daha çox istifadə olunur. Bir sözlə, transaksiya xərclərinin kəmiyyətcə ölçülməsinin metodiki bazasının ciddi təkmilləşdirməyə ehtiyacı vardır. Bu ehtiyacın ödənilməsində, zənnimizcə, rəqəmsal texnoloji mühitin imkanları getdikcə daha əhəmiyyətli rol oynayacaqdır.
Hazırda haqqında danışılan məsələnin həlli məqsədilə təcrübi müstəvidə yeni yanaşmalar təklif olunur və onların təkmilləşdirilməsi üçün az-çox dərəcədə uğurlu cəhdlər edilir. Bu baxımdan xərclərin transaksiya və transformasiya xərclərinin fərqləndirilməsinə və detallaşdırılmasına əsaslanan metodika diqqətəlayiqdir. Əlbəttə, transaksiya və transformasiya xərclərinin fərqləndirilməsi üzrə meyarların dəqiqləşdirilməsinə ehtiyac vardır. Məsələ ondadır ki, transformasiya xərclərini şərtləndirən texnologiya seçimi, öz növbəsində transaksiya xərclərinin strukrurunu müəyyən edir. Öz növbəsində transaksiya xərcləri istehsal texnologiyalarında alternativ seçimləri məhdudlaşdırır.
Transaksiya xərclərinin ölçülməsi və kəmiyyətcə qiymətləndirilməsi üçün onun struktur elementləri müəyyən edilməli, habelə həmin xərclərin təsnifatı dəqiqləşdirilməlidir. Təsnifat əlamətləri və təsnifatlar, məlum olduğu kimi, müxtəlif və çoxsaylıdır. Rəqəmsal iqtisadiyyat şəraitində lokal xarakterli transaksiya xərclərinin fərqləndirilməsi təcrübi baxımdan daha diqqətəlayiqdir. Müvafiq mənbələrdə lokal xarakterli transaksiya xərclərinin aşağıdakı təsnifatına daha çox üstünlük verilir: alternativ axtarış xərcləri; hesablamaların aparılması xərcləri; ölçmə xərcləri; müqavilə bağlanması xərcləri; spesifikasiya və mülkiyyət hüququnun müdafiəsi xərcləri; opportunist davranış xərcləri.


EX ANTE VƏ EX POST YANAŞMALARI
Transaksiya xərcləri, göstərildiyi kimi, əsasən alternativ axtarış, ölçmələr, hesablamaların aparılması, müqavilənin bağlanması, mülkiyyət hüququnun qorunması üzrə informasiya axtarışı ilə əlaqədar olaraq meydana gəlir. Odur ki, həmin xərcləri ölçmək üçün maddi və qeyri-maddi nemətlərin fiziki və dəyər xarakteristikalarını əks etdirən müxtəlif və çoxsaylı amillər nəzərə alınmalı və müqayisəli təhlil edilməlidir. Belə yanaşma transaksiya xərclərinin ölçülməsi məqsədi ilə, müvafiq mənbələrdə göstərildiyi kimi, aşağıdakı addımları atmağa imkan verir:
- alternativlərin aşkar edilməsi prosesində müqayisələrin aparılması;
- müqavilənin ex ante mərhələsinin dəqiqləşdirilməsi;
- ex post mərhələsində mülkiyyət hüququnun müdafiəsi (bütün müqavilə tərəflərinə - iştirakçılarına aiddir);
- kontragentlər tərəfindən göstərilən opportunist təzahürlərə qarşı durmaq.
Arayış üçün bildirək ki, ex ante yanaşması müqavilə bağlanana qədər meydana çıxan transaksiya xərclərini, ex post yanaşması isə müqavilə bağlanandan sonrakı transaksiya xərclərini əhatə edir. İndi isə, zənnimizcə, transaksiya xərclərinin yuxarıda qeyd olunan təsnifatında tərəf-müqabilin opportunist davranışı ilə əlaqədar meydana gələn transaksiya xərcləri üzərində bir qədər ətraflı dayanmaq yerinə düşər. Həmin xərclərin təbiəti iqtisadi agentlərin birinin digərləri hesabına normalara etina etmədən əlavə gəlir əldə etmək cəhdləri ilə əlaqədardır. Tərəf-müqabilin opportunist davranışı ilə əlaqədar meydana gələn transaksiya xərclərinin ölçülməsi baxımından, ilk növbədə qeyd edək ki, institusional mühitin xarakteristikalarını şərti olaraq müəyyən dövr üçün verilən kəmiyyətlər kimi qəbul etmək olar.
Opportunist davranışla bağlı transaksiya xərclərini də ex ante və ex post kimi iki qrupa bölürlər. Ümumilikdə opportunist davranışla bağlı transaksiya xərclərinin səviyyəsi, ilk növbədə qeyri-müəyyənliyin səviyyəsi, qarşılıqlı fəaliyyətin tezliyi və resursların spesifikliyi ilə əlaqədardır. Bəzi mənbələrdə, məhz bu amillər inteqrasiya proseslərinin tempi və miqyasını şərtləndirən amillər kimi təqdim olunur. Rəqəmsal iqtisadiyyat şəraitində iqtisadi təşkilat və ya inteqrasiya olunmuş struktur dedikdə, digər amillərlə yanaşı, transaksiya xərclərinin idarə edilməsində oxşar qaydalardan istifadə edən qarşılıqlı əlaqəli və qarşılıqlı fəaliyyət göstərən komponentlərdən ibarət qurum nəzərdə tutulur. İnteqrasiya proseslərinin genişlənməsi, xüsusilə rəqəmsal mühitdə transaksiya xərclərini əhəmiyyətli dərəcədə azaltmaq iqtidarındadır. Lakin bu prosesi yuxarıdan məhdudlaşdıran və bizim tədqiqatın predmetinə aid olmayan çoxsaylı amillərin mövcudluğunu da unutmaq olmaz.
Nəhayət, onu da qeyd edək ki, informasiya, maddi və təşkilati resursları birləşdirən informasiya biznes-qrupları bazarların sərhədlərini aşaraq, sövdələşən tərəflərin koordinasiya və motivləşdirmə ilə əlaqədar transaksiya xərclərinin azaldılması üçün əlverişli şərait yaradır. 


Rəsul Balayev,
iqtisad üzrə elmlər doktoru,
Azərbaycan Dövlət İqtisad
Universitetinin “Rəqəmsal
texnologiyalar və tətbiqi
informatika” kafedrasının professoru