MƏQALƏLƏR

Milli mətbuatımızın şərəfli YOLU

  • 15.07.2021

Milli mətbuat tariximizin səhifələrini vərəqlədikcə onun olduqca mürəkkəb, çətin, eyni zamanda, şərəfli bir yol keçdiyinin şahidi oluruq. Milli mətbuatımız 19-cu əsrin II yarısında Azərbaycan həyatının tarixi salnaməsini yaratmaqla öz inkişaf yoluna başladı. Çar Rusiyasının müstəmləkəsi olan Azərbaycanda hələ 19-cu əsrin I yarısında milli və eyni zamanda, ümumbəşəri idealların təbliğatçıları olmuş A.Bakıxanov, M.F.Axundov kimi böyük mütəfəkkirlər və ictimai xadimlər tərəqqinin, inkişafın yeganə yolunu xalqın maariflənməsində, biliyə, savada yiyələnməsində görürdülər. O dövrdə xalqın gözünü aça biləcək, ona doğru yol göstərə biləcək yeganə vasitə, həqiqət carçısı qəzet nəşri idi.
Xalqı qəflət yuxusundan oyatmaq, ətrafda baş verənlərdən xəbərdar etmək, düzü düz, əyrini əyri olaraq insanlara çatdırmaq vaxtı artıq yetişmişdi. Məhz bu zaman - 1875-ci il iyulun 22-də böyük maarifçi ziyalımız, təbiətşünas alim Həsən bəy Zərdabi ana dilində ilk mətbuat orqanı olan “Əkinçi” qəzetini nəşr etdirdi və özündən əvvəlki tərəqqipərvər insanların mütərəqqi arzu və istəklərini gerçəkləşdirdi. Çar Rusiyasıının Cənubi Qafqazda müsəlman əhalisinin savadlanmasına hər cür maneə yaratdığı bir zamanda bu işin reallaşması özü böyük cəsarət, milli qeyrət, təəssübkeşlik tələb edirdi. 1875-ci ildə dünyaya göz açan “Əkinçi”nin səpdiyi maarifçilik toxumlarının cücərtiləri tezliklə öz bəhrəsini verməkdə idi.
Həsən bəy Zərdabinin və məsləkdaşlarının böyük çətinliklər və məhrumiyyətlərə sinə gərərək yaratdığı və inkişaf etdirdiyi “Əkinçi” qəzeti özündən sonra zəngin ənənələr qoydu. Onun ardı ilə “Ziyayi-Qafqaziyyə”, “Kaspi”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin” və digər milli Azərbaycan nəşrləri yarandı. Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə, Əli Nəzmi, Ömər Faiq Nemanzadə, Məhəmməd ağa Şahtaxtılı, Abbas Səhhət, Əlimərdan bəy Topçubaşov, İsmayıl Qaspralı və başqa saf əqidə, parlaq fikir carçıları dövrün eybəcərliklərini ifşa edərək millətin oyanışına böyük əzmlə çalışdılar, milli mətbuat tarixindəki fəaliyyəti dövründə hər zaman elmi, maarifçiliyi təbliğ etdilər, xalqın milli dirçəlişinə, mədəni tərəqqisinə çalışdılar, insanları müasirliyə, yeniliyə çağırdılar. Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yolda tez-tez süni maneələr, böyük çətinliklər meydana çıxmış, zaman-zaman qəzetlərin bağlanması, maarifçilərə qarşı hücumlar, təhdidlər, böyük təzyiqlər olmuşdur. Lakin azadlıq mücahidləri amallarından, əqidələrindən dönməmişlər, xalqın milli şüurunun formalaşmasına, işıqlı arzularının bir zamanlar reallaşacağına inanaraq var qüvvə ilə mübarizə aparmışlar.
Azərbaycan milli mətbuatı Xalq Cümhuriyyəti dövründə istiqlal carçısı kimi imperializmə, müstəmləkəçilik siyasətinə qarşı mübarizədə xüsusilə böyük rol oynamışdır. Yeni qurulmuş Cümhuriyyətin ictimai-siyasi, iqtisadi, mədəni həyatının mənzərəsi məhz milli mətbuatda öz əksini tapırdı. Azərbaycan ziyalılarının ən görkəmli nümayəndələri mətbuat vasitəsilə haqq sözünü xalqa çatdırır, milli oyanışı, açıq mübarizə aparmağın yollarını göstərirdilər.
AXC dövründə milli ideologiyanın inkişafında Üzeyir Hacıbəylinin, Ceyhun Hacıbəylinin, Əhməd bəy Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin, Nəsib bəy Yusifbəylinin, Əli bəy Hüseynzadənin, Məhəmməd Hadinin, Abdulla Şaiqin, Firidun bəy Köçərlinin, Əbdürrəhim bəy Haqverdiyevin, Süleyman Sani Axundovun və başqalarının böyük xidmətləri olmuşdur. Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı keçmişin bir çox milli ənənələrini qoruyub saxlamış, yeniliklərə nail ola bilmiş, ölkənin ictimai-siyasi və mədəni həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra milli mətbuatımız qarşısında yeni vəzifələr qoyuldu. Söz və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə informasiya almaq və yaymaq hüququ 1995-ci ildə qəbul edilmiş Konstitusiyada öz əksini tapdı. Ölkə rəhbərliyinin imzaladığı fərman və sərəncamlara əsasən mətbuatın maddi-texniki bazası, iqtisadi müstəqilliyi gücləndirildi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsində böyük addımlar atıldı. Bu gün müstəqil ölkəmizin azad mətbuatının nümayəndələri qarşısında yeni çağırışlar var. Dünyada qloballaşma və virtuallaşma meyillərinin genişləndiyi bir vaxtda milli-mənəvi dəyərləri qoruyub saxlamaq və eyni zamanda, ümumbəşəri sosial tərəqqiyə qoşulmaq bugünkü mətbuatın və onun nümayəndələrinin üzərinə düşür.
Bu gün mətbuatda sözünü demək imkanına malik olan hər bir vətəndaş bu işin böyük məsuliyyətini, bu yükün ağırlığını dərk edərək, vətən qarşısında obyektiv, qərəzsiz və vicdanla xidmət etməlidir.
2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan mətbuatı da sanki müsəlləh əsgər kimi öz süngüsü ilə düşmənlə döyüşə atıldı. İstər yazılı, istərsə də digər informasiya vasitələrimizin cəsur nümayəndələri müharibənin ən qaynar nöqtələrindən baş verən hadisələr haqqında doğru-düzgün məlumatları vətəndaşlarımızın diqqətinə çatdırırdılar. Həyatlarını böyük risk altında qoyan cəsur jurnalistlər baş verən haqsızlıqların, müharibə həqiqətlərinin dünya ictimaiyyyətinə olduğu kimi çatdırılmasında da mühüm rol oynadılar. Onlar arasında vətən uğrunda şəhid olanları böyük yanğı və eyni zamanda, qürur hissi ilə anırıq.
Bu gün Azərbaycan mətbuatı müasir cəmiyyət quruculuğunda, milli həmrəyliyin möhkəmləndirilməsində, milli mənəvi dəyərlərin qorunması və təbliğində daha böyük səylər göstərməli, dünya mətbuatında bizə qarşı yönələn təxribatlara qarşı müxtəlif dillərdə vahid bir mövqedən çıxış etməli və dövlətimizin yürütdüyü düzgün siyasəti təbliğ edən azad, müstəqil mətbuat olduğunu göstərməlidir.

Aytən Səmədzadə,
“İqtisadiyyat” qəzetinin
baş redaktoru