PORTRET

110

Təhsil innovasiyalarının yorulmaz tədqiqatçısı

  • 24.10.2020

İlham Əhmədov - 65

 

Pedaqoji elmin  müasir problemlərinin yorulmaz tədqiqatçılarından olan,  p.ü.f.d., dosent İlham Bəşir oğlu Əhmədovun bu yaxınlarda 65 yaşı tamam olur. İlham müəllim  40 ildir  ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU-da)  elmi-pedaqoji fəaliyyətlə məşğuldur.   ADPU-da  təhsil aldığı 4 illik tələbəliyini də əlavə etsək, deyə bilərik ki, onun həyatının 44 ili ADPU ilə bağlıdır.     

İlham Bəşir oğlu Əhmədov 1956-cı il iyunun 28-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası, dr.professor Bəşir Əhmədov respublikanın  görkəmli  pedaqoqu, pedaqogika və  Azərbaycan dilinin tədrisi metodikası üzrə tanınmış alimi  olmuşdur.   

İlham Əhmədov 1973-cü ildə Abşeron rayonu Xırdalan qəsəbəsi 2 nömrəli tam orta məktəbi bitirmişdir. Həmin dövrlərdə keçmiş SSRİ-nin tanınmış universitetlərinin nəzdində yuxarı sinif şagirdləri üçün tədris prosesi dərinləşdirilmiş  proqramlarla təşkil edilmiş  qiyabi riyaziyyat və fizika təmayüllü məktəblər fəaliyyət göstərirdi. İlham müəllim 9-10-cu siniflərdə oxuyarkən, paralel olaraq M.Lomonosov adına Moskva Dövlət Universitetinin  nəzdində qiyabi riyaziyyat məktəbində keys texnologiyası əsasında distant təhsil almışdır.                    Orta məktəbi bitirdikdən sonra, 1973-cü ildə V.İ.Lenin adına APİ-nin  (indiki ADPU)  riyaziyyat  fakültəsinə daxil olmuş, 1977-ci ildə oranı fərqlənmə  diplomu ilə bitirmişdir. 1977-1978-ci tədris ilində Abşeron rayonu Xırdalan qəsəbəsi 2 saylı orta məktəbdə riyaziyyat müəllimi işləmişdir.  1978-1981-ci illərdə Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Təhsil İnstitutu) elmi işçi, 1981-ci ildə V.İ.Lenin adına APİ-də “Riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1982-1983-cü illərdə hərbi xidmətdə olmuş, 1984-1986-cı illərdə aspiranturada təhsilini davam etdirmişdir. Aspirantura təhsilinin sonunda, 1986-cı ildə Kiyev şəhərində “Riyaziyyatın problemli-proqramlaşdırılmış təlimi (“Cəbr və analizin başlanğıcı” kursu əsasında)”  adlı  namizədlik dissertasiyası müdafiə etmişdir.  

İlham müəllim 1988-1993-cü  illərdə  ADPU gənc alimlər şurasının sədri olmuşdur. 1986-1991-ci illərdə ADPU-da “Riyaziyyatın tədrisi metodikası” kafedrasında müəllim, baş müəllim, 1991-ci ildən dosent vəzifəsində çalışmışdır. 1998-2007-ci illərdə ADPU “Hesablama riyaziyyatı və informatika” kafedrasında dosent vəzifəsində çalışmışdır.  

2005-ci ildə Təhsil Nazirliyinin Dünya Bankı ilə birgə layihəsində “Distant təhsil” üzrə milli məsləhətçi, 2007-2017-ci illərdə ADPU “İKT, Monitorinq və Qiymətləndirmə Mərkəzi”nin direktoru vəzifəsində çalışmış, 2017-ci ildən hal-hazıradək ADPU “Kompüter elmləri”  kafedrasının  dosentidir. 2008-2018-ci illərdə  ADPU  böyük elmi şurasının üzvü olmuşdur. 

İlham müəllim 2011-ci ildə elm və təhsil sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. O, dəfələrlə ADPU rektorunun əmri ilə  təşəkkürnamə və mükafatla təltif edilmişdir.

Onun elmi-metodik fəaliyyəti əsasən təhsilin informatlaşması, təhsil  innovasiyalarının yaradılması və idarə edilməsi, ali təhsilin inkişaf  problemlərinə həsr edilmişdir. Respublikada və xaricdə (Türkiyə və MDB-də)  120-dən artıq  elmi-metodik məqaləsi dərc edilmişdir. Türkiyə, Rusiya, Polşa, Ukrayna, Estoniya, Qazaxıstan, Moldova, Gürcüstan  və Özbəkistanda  beynəlxalq konfranslarda  məruzələrlə çıxış  etmişdir. 2010-2017-ci illərdə  TC  Anadolu Universiteti,  RF “Müasir Humanitar Akademiya” və “Sinergiya” universitetlərinin Distant təhsil bölümünün  Azərbaycan proqramlarında  elmi məsləhətçi olmuşdur.  

2011-ci  ildə  “Təhsilin İnkişafı  Beynəlxalq Fondu”nun xətti  ilə Qazaxıstan Respublikası  Pavlodar Dövlət Universitetində  professor-müəllim heyəti  və  magistrlər  üçün təhsilin müasir problemlərinə (“İnnovasion Universitetlər”, “Universitetin İnformatlaşması”, “Smart təhsil”, “Universitetlərin strateji idarə edilməsi” və s.) dair silsilə mühazirələr  oxumuşdur. UNESCO-nun  “Təhsildə İKT” İnstitutunun (Moskva)  Azərbaycandan olan  milli eksperti  kimi  (2011-2013-cü illərdə),  onların təşkil etdiyi beynəlxalq konfranslarda 5 dəfə (Moskva və Sankt-Peterburq)  təhsilin informatlaşması  məsələlərinə dair məruzələr  etmişdir. 

Respublika TN-in  təsis etdiyi  “Azərbaycan məktəbi” jurnalı və  ADPU-nun  təsis etdiyi  “Təhsildə İKT”   jurnalının  redaksiya şurasının üzvü, 2007-2008-ci illərdə pedaqoji elmlər üzrə dissertasiya müdafiə şurasının üzvü, şuranın elmi katibi, 5 il  ADPU elmi-metodik şurasının üzvü  kimi ictimai işlərdə fəal iştirak etmişdir.  

Hazırda İlham müəllimin elmi rəhbərliyi ilə 5 nəfər doktorant təhsilin informatlaşması sahəsində dissertasiya üzərində çalışırlar.  

O, 2016-cı ildən “Peşəyönümlü təhsilin inkişafına yardım” İB-nin həmtəsisçisi və icraçı direktorudur.  

Yadımdadır ki, 1992-ci ildə qəbul imtahanlarında yenilik oldu, imtahanların test üsulu ilə aparılması qərara alındı.  Pedaqoji ictimaiyyət, şagird və valideynlər  üçün  bu yenilik gözlənilməz oldu, sanki bir  çaşqınlıq yaranmışdır, çox az  adam o vaxt ölkədə test sistemi haqqında   məlumata malik idi. Həmin ərəfədə İlham müəllimin rəhbərliyi  ilə  ADPU-da “Abituriyentlər üçün elekron test sınaq  imtahanları sistemi”  layihəsi çox az müddətdə hazırlandı və reallaşdırıldı. Cəmi 20 gün sonra artıq yüzlərlə abituriyent ADPU-da  kompüter vasitəsi ilə test sınaq  imtahanı verərək, test nümunələri ilə tanış oldu, test imtahanı ilə əlaqəli  mövcud psixoloji gərginliyi qismən aradan qaldıra bildilər. Bu məqsədlə İlham müəllimin təşəbbüsü  ilə ADPU-da “Ziya-İ” elm-istehsalat kiçik müəssisəsi (EİKM) təsis edildi, ADPU rektorunun əmri ilə İlham müəllim universitetin dosentliyi ilə paralel olaraq, həm  bu firmanın direktoru təyin edildi. Həmin firma 10 ildən artıq  müddətdə təhsil sektoru üçün səmərəli fəaliyyət göstərdi, bir sıra təhsil innovasiyalarının ölkəmizə transfer edilməsinə nail oldu (bu sahədəki fəaliyyət  başqa bir yazının mövzusudur). Həmin vaxt Nazirlər Kabineti universitetlərdə elm-təhsil yönümlü  kiçik müəssisə və firmaların yaradılması barədə qərar qəbul etmişdi. Universitetlərdə «iqtisadiyyat üzrə prorektor» vəzifələri təsis edilmişdir. İlham Əhmədovun təşəbbüsü ilə ADPU   də yaradılan  «Ziya-İ” ölkə üzrə universitetlərdə yaradılan  ilk firmalardan olub, ən uzunömürlüsü və  faydalısı oldu.  Təəssüf ki, o vaxtlar universitetlərimizdə başlanan bu  lazımlı iş sonralar  naməlum səbəblərdən dayandırıldı. Halbuki, elmtutumlu bu innovasion firmaların  universitetlərdə fəaliyyəti müasir startapların, elmi nəticələrin kommersiyalaşdırılmasının poliqonu  ola bilərdi, son nəticədə bu fəaliyyət universitetlərə əlavə gəlir əldə etmək imkanı verərdi.

Dosent İlham Əhmədov  respublikamızda vətəndaş cəmiyyəti quruculuğu istiqamətində, müxtəlif  QHT-lərlə birgə 30-dan artıq sosial, təhsil və İKT yönümlü, o cümlədən ADPU-nun universitetdaxili layihələrində layihə rəhbəri, menecer, məsləhətçi, ekspert və s. qisimdə iştirak etmişdir. Bunlardan bəzilərini qeyd edə bilərik: 

1. “Abituriyentlər üçün elekron test sınaq  imtahan  sistemi”  layihəsi - 1992-ci il. ADPU universitetdaxili layihə - layihə rəhbəri. 

2. “Abituriyentlərin peşəyönümü üzrə  elektron test psixodioqnostik  sisteminin yaradılması” - 1992-ci il. ADPU universitetdaxili layihə - layihə rəhbəri.

3. “TUSİ-PROFİ elektron peşəseçmə və peşə məsləhəti sistemi”-ƏƏSMN və BMT İnkişaf proqramı ilə birgə layihəsi. Layihə meneceri  - 2003-cü il.

4. Təhsil Nazirliyi və Dünya  Bankının “Fasiləsiz Müəllim Hazırlığı Konsepsiya  və  Strategiyası” layihəsinin  “Müəllim  hazırlığında Distant  Təhsil” blokunun müəllifi (layihənin  eksperti olaraq) -  2005-ci  il.

5. ADPU “VTS-Elektron imtahan sistemi” layihəsi - layihə rəhbəri. Universitetdaxili  layihə - 2007-ci il.

6. “ADPU-universitetin informasiya təhsil portalı - layihə rəhbəri. Universitetdaxili  layihə - 2008-ci il.

7. “ADPU-“Təhsildə İKT” elmi-metodik jurnalının yaradılması» layihəsi (son 12  ildə jurnal sistematik nəşr  edilir) – layihə rəhbəri, jurnalın redaksiya heyətinin üzvü. Universitetdaxili  layihə - 2008-ci il.

8. “AMEA Elm-İnnovasiya  Mərkəzi Portalının yaradılması” - layihə rəhbəri (2010-cu il). 

9. Azərbaycan Respublikası Prezidenti  yanında Gənclər Fondunun  qrantı  hesabına   reallaşan  “Gənc Ailə Akademiyası”  portalı - layihə meneceri - 2013-2014-cü ilər. 

10. Azərbaycan Respublikası Prezidenti  yanında QHT-lərə Dövlət  Dəstəyi Şurasının qrantı  hesabına reallaşan “Gənc  seçici” portalı - layihə  meneceri  - 2015-ci il.

11. Azərbaycan Respublikası Prezidenti  yanında Gənclər Fondunun  qrantı  hesabına   reallaşan   “Gənclərin İT yönümlü peşələrə  istiqamətləndirilməsi” layihəsi - layihə  rəhbəri, 2017-ci il və s.  layihələr.

İlham müəllim  pedaqoji sahədə bir sıra aktual və perspektivli elmi problemlərin ilk  tədqiqatçılarından, bu istiqamətdə  ölkədə ilk məqalələrin müəllifi, yeni ideyaların, novatorluğun, təhsil  innovasiyalarının    tədqiqatçısı və təbliğatçısı olmuşdur. Belə ki, təhsilin informatlaşmasına dair respublikada ilk məqaləni 1985-ci ildə İlham müəllim yazmışdır.   “Azərbaycan məktəbi” jurnalında dərc edilmiş bu məqalədə  pedaqoji mətbuatımızda ilk dəfə olaraq, “distant təhsil” termini istifadə edilmişdir. Sonralar təhsilin informatlaşdırılması mövzusunda müəllif onlarca innovativ məzmunlu məqalələr  yazmış, layihələr icra etmişdir. Bu gün bütün pedaqoji ali və orta ixtisas məktəblərində tədris edilən “Təhsildə İKT” fənni  İlham müəllimin təklifi ilə 2007-ci ildə  Təhsil Nazirliyi tərəfindən tədris planlarına daxil edilmişdir.   Bu fənn üzrə ilk tədris proqramının  tərtibi  də TN tərəfindən ona həvalə edilmişdi. O, az vaxtda bu fənn üzrə bu proqramı hazırlayıb  nazirliyə  təqdim etmişdir.   

Distant təhsilə dair  ölkəmizdə ilk beynəlxalq konfrans  2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə keçirilmişdir. İlham müəllim bu tədbirdə  distant təhsilə dair 2 məruzə etmiş, bu mövzuda ilk 2 məqaləsini dərc etdirmişdir. Bundan sonra onun əsas tədqiqat obyekti  məhz  distant təhsil problemləri olmuşdur. Çünki distant təhsil pedaqogikanın proqramlaşdırılmış təlim ideyalarının   İKT vasitələri ilə yeni müstəvidə reallaşması idi. İlham müəllimin  tədqiqatları və namizədlik dissertasiyası da proqramlaşdırılmış təlimə aid  olduğu üçün bu məsələlər ona çox yaxın idi.  

İlham müəllim 2005-ci ildə “AR distant təhsilin yaradılması və inkişafı strategiyası” adlı sənədi hazırlayıb Təhsil Nazirliyinə təqdim etmiş, son 20 ildə bu mövzuda onlarla məqalə yazmış, TV-lərə çoxsaylı müsahibələr vermişdir. Təəssüf ki,  təhsil məmurları  uzun müddət   onun bu sahədəki innovasion çağırışlarına diqqətsiz qalmış, bu  təkliflərə vaxtında reaksiya verilməmişdir. Bu gün distant təhsillə bağlı ölkədə xeyli problemlərin  olması İlham müəllimin  hələ o vaxtlar distant təhsilin inkişaf etdiriməsi zəruriliyi barədə «həyəcan siqnalı» qaldırmaqda necə  haqlı olduğunu bir daha təsdiq etdi.

İlham müəllim bir təhsil eksperti kimi, pandemiya dövründə də distant və rəqəmsal təhsil, ali məktəb  problemlərinə həsr edilmiş 30-a yaxın analitik məqaləsini  təhsil yönümlü müxtəlif  saytlarda dərc etdirmiş, TV-lərə çoxsaylı müsahibələr vermişdir. Təhsildəki reallığı əks etdirən bu məqalələr daha çox tənqidi məzmunda olsa da, təhsilimizin inkişafı üçün burada xeyli maraqlı ideya və konkret təkliflər yer almışdır. 

İlham müəllimin son vaxtlar “Virtual Turan Universiteti” ideyası ilə bağlı məqalə və çıxışları, həm ölkəmizdə, həm də qardaş Türkiyə Cümhuriyyətində çox böyük maraq doğurmuş, Türk İnternet TV kanalı ondan bu mövzuda geniş müsahibə almışdır. Onun  “Azərbaycan və Türkiyə universitetlərinin İKT bazasında sıx əməkdaşlığı, şəbəkə  əlaqələrinin yaradılması universitetlərimizin sürətli inkişafına təkan ola bilər” ideyasına  bu yaxınlarda Bakıda səfərdə olan Türkiyə Milli Təhsil naziri  Ziya Selcuqun səfəri zamanı da xüsusi diqqət yetirilmişdir.   

Biz  mətbuatda İlham müəllimin bir çox məqalələrini  maraqla oxumuş, TV müsahibələrini diqqətlə  dinləmişik. Hər dəfə özü ilə  bu yazıları və müsahibələri müzakirə etmişik. Hesab edirəm ki, bu məqalə və müsahibələrdə milli təhsil sistemimizin inkişafı üçün kifayət qədər dəyərli ideyalar, innovasion  təkliflər yer alıb.  Bu məqalə və müsahibələrin əksəriyyəti İnternetdə yerləşdirilib, bu da pedaqoqların distant təhsil sahəsində maarifləndirilməsində mühüm  resurslar ola bilər. 

İlham müəllimlə bir sıra yerli və  beynəlxalq konfranslarda birgə iştirak etmişik.  Bunlardan xüsusən yadımda qalanı 2008-ci ildə  ADİU və ADPU-nun  birgə  təşkil etdikləri  “Boloniya prosesi kontekstində magistr hazırlığı”  adlı konfransı idi. Konfransın gedişatına məsul şəxs ADPU-dan İlham müəllim, ADİU-dan isə Magistr Hazırlığı Mərkəzinin direktoru kimi mən təhkim olunmuşdum. Tədbir  ADİU-da keçirilirdi. Bu tədbirə ADPU-da ixtisasartırma kursu keçən Hacəttəpə Universitetinin 6 nəfər müəllimi də qatılmışdı. Tədbir yüksək səviyyədə keçdi. Tədbirdə İlham müəllimin “Magistr hazırlığında innovativ texnologiyalar” adlı   məruzəsi  dinləyicilərdə  böyük maraq doğurdu. 

2019-cu ildə   vətəndaş cəmiyyəti təşkilatları layihələri  xətti ilə İlham müəllimin “İnnovativ uiversitetlər” mövzusunda bir neçə universitetin elmi şura üzvləri qarşısında  olan məruzələrini dinlədim.  Bu məruzələrdə   əsasən ali təhsildə distant texnologiyaların tətbiqi zərurəti xüsusi qeyd edilirdi.  Elmi Şura üzvləri məruzəni diqqətlə dinlədilər və maraqlı müzakirələr oldu. Elə bu məruzədən 2 ay sonra pandemiya ilə əlaqədar ölkə təhsili   distant təhsilə keçməli oldu... 

İlham müəllimin bu ay 65 yaşı tamam olur. Biz, onun həmkarları distant təhsilin  ölkəmizdə fəal təbliğatçısı, dosent İlham Əhmədovu doğum günü  münasibətilə təbrik edir, ona Allahdan cansağlığı, uzun ömür, elmi-pedaqoji fəaliyyətində müvəffəqiyyətlər, innovativ təhsil ideyalarının ölkəmizə  transfer  edilməsində uğurlar, şəxsi həyatında isə xoşbəxlik arzu edirik.  


Həsən İsrafilov,
iqtisad elmləri doktoru, Azərbaycan
Respublikasının Əməkdar müəllimi,
Tərəqqi medalı laureatı,

Bəyməmməd Cəbrayılov,
ADPU-nun dosenti