SAĞLAMLIQ

Osteoporoz nədir?

  • 05.06.2009

Osteoporoz nədir?

 Osteoporoz skeletin metobolik xəstəliyi olub, sümük toxumasının zədələnməsi (nazikləşməsi), sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlikdir.

Osteoporoz  niyə baş verir?

Sümüyün normal inkişafı üçün orada Ca, P, mikroelementlər, zülallar, vitaminlər kifayət qədər olmalıdır. Əgər uşaq bətndaxili dövrdə bunları ala bilmirsə, gələcəkdə onda osteoporoz inkişaf edə bilər.

Sümük toxumasının əsas hissəsi, təxminən 85%-i uşaqlıq və gənclikdə toplanır. 25 yaşında artıq maksimuma çatır. 35 yaşdan sonra  sümük kütləsi azalmağa başlayır. Bu azalma kişilərdə ildə 0,5%, qadınlarda isə  4%-lə özünü büruzə verir.  Bu onunla izah edilir ki, 35 yaşdan sonra sümüklərdən kalsiumun yuyulması daha intensiv gedir. Bu hal hamıda baş verir, lakin bəzilərində daha qabarıq şəkil alır. Qadınlarda 40-45 yaşlara qədər, yəni menopauzaya qədər sümüklərin möhkəmliyini estrogenlər (cinsi hormonlar) qoruyub saxlayır, lakin sonra onların  ifrazı azaldığından sümük kütləsi də azalmağa başlayır.

Menopauzanın ilk 5 ilində bu proses daha intensiv gedir. Cərrahiyyə əməliyyatları vasitəsilə yumurtalıqların çıxarılması, hormonal müalicə aparılması qadınlarda menopauzanın erkən başlanması  riskini yüksəldir. Estragenlər isə qalxanvari ətraf vəzi hormonunun antaqonistidir. Bu hormon  qanda Ca-u  artırır. Bu hormon artdıqca   sümüklərdən Ca-un çıxması  baş verir. Hamiləlik (çoxsaylı doğuş) və laktasiya (süd vermə) dövründə qadınlar daha çox Ca itirmiş olurlar. Risk yaşla əlaqədar olaraq artır. 50 yaşdan sonra xəstəliyə düçar olma riski  daha yüksəkdir, yayılma sürətinə görə isə ürək-damar xəstəliyi və süd vəzisinin xərçəngi ilə bir cərgədə durur.

Genetik meyllik,  menopauzanın erkən baş verməsi  risk amillərinə aiddir.

Osteoporoz yalnız qadınlarda olur?

Bu xəstəlik  kişilərdə də olur. Lakin qadınlara nisbətən kişilərdə kalsiumun yuyulması az baş verir. Çünki  cinsi hormonlar bunun inkişafına mane olurlar. 60 yaşına çatmamış kişilərin 10%-də  osteoporoz  müşahidə edilir. 65 yaşından yuxarı kişilərdə isə risk qadınlardakı qədərdir.

Hansı əlamətlər osteoporozu xarakterizə edir?

Sümüklərin  kövrəlməsi, sınması,  deformasiyası. Bu isə boyun qısalması, belin bükülməsi, bel ağrıları, köks qəfəsi şəklinin dəyişməsi və həcminin azalmasına səbəb olur. Sümüklərdə, əsasən də ətraf sümüklərində baş verən  sınıqlar xəstənin hərəkətinə mane olur. Ən təhlükəli yerlər – onurğa, bud sümüyü, mil sümüyü oynaqlarıdır. Hətta ən yüngül yük daşımaq belə bu sümüklərdə  sınıqların baş verməsi ilə nəticələnə   bilər. Bəzən osteoporpozun yeganə əlaməti olaraq uzun müddət ayaqüstə duranda beldə ağrılar baş verir, uzandıqda isə keçir.

Tez yorulma, gecələr ayaqlarda qıcolmalar, parodontoz, dırnaqların kövrəkləşməsi və saçların vaxtından əvvəl ağarması müşahidə oluna bilər.

Osteoporozu sürətləndirən amillər hansılardır?

Siqaret çəkmək sümük hüceyrələrinə zərərli təsir etdiyinə görə   qadınlarda menopauza daha erkən baş verir.

Uzun müddət pepsi-kola içmək  məsləhət deyil. Çünki onun  tərkibində fosfor çoxdur. Bu da Ca sorulmasını azaldır.  Alkoqol, hormonlar (böyrəküstü vəzi hormonları), heparin (antikoaqulyantlar), qıcolmaya qarşı vasitələr, sidikqovucular və s. qəbul edilməsi,  qaraciyər və böyrək xəstəlikləri, bəzi şişlər, revmatizm, hərəkətsiz  həyat tərzi riski yüksəldir. Fiziki aktivlik sümük kütləsini artırdığı üçün hərəkət etməyən insanlarda və yataq xəstələrində sümük kütləsi azalmış olur. Əgər bir insan 1 il müddətinə hərəkətsiz qalarsa, o zaman  onun bədənindəki  sümüklər möhkəmliyini 50% itirmiş olar.

Qadınlarda kişilərə nisbətən, arıqlarda köklərə və alçaq boylularda hündürlərə  nisbətən sümük əriməsi daha tez baş verir. Endokrin xəstəliklər – şəkərli diabet, qalxanvari və qalxanətrafı vəzin xəstəlikləri, xroniki böyrək, qaraciyər çatmamazlığı və Ca-un  bağırsaqlardan sorulmasının çətinləşməsi  sümük əriməsinə   şərait yaradır.

 Osteoporoza şərait yaradan səbəblər hansılardır?

Ca-un bağırsaqlardan sorulması üçün D vitamini lazımdır. Dəridə olan inaktiv D vitamini günəş şüalarının təsirindən aktiv hala keçir.

Günəş şüaları qəbul etməyən insanlarda  D vitamini azalmış olur və  bu zaman Ca bağırsaqlardan sorulmur. Günəş şüası az olan ölkələrdə süd və süd məhsullarına D vitamini əlavə edirlər.  D vitamini balıq yağında, kərə yağında, yumurtada, qaraciyərdə, süddə olur.

Osteoporoz necə aşkar olunur?

Sümük kütləsini heç bir narahatçılıq olmadan 10-15 dəqiqəlik müayinə edərək ölçmək mümkündür. Rentgen, ultrasəs müayinəsi bu haqda məlumat verir. Densitometriya  üsulu ilə skeletin hansı sümüklərində ərimə baş verməsi daha aydın aşkar olunur.

Osteoporozdan qorunmaq üçün nə etməli?

 - Ca-la zəngin olan pəhrizə riayət etməli, piyada gəzməli, ağırlıq daşımamalı, günəşli günlərdə, açıq havada dərinin günəşlə təmasını təmin etməli;

-siqaret, alkoqol və bəzi dərmanlar (sümük kütləsini azaldan) qəbul edilməsindən çəkinməli;

–sümük mübadiləsinə təsir edən xəstəliklər müalicə olunmalıdır.

Oturaq həyat tərzi keçirən insanlar hər saatdan bir 10 dəqiqə  istirahət və ya gimnastika etməlidirlər.

Osteoporozun profilaktikası üçün hansı qidaları qəbul etməli?

 - Süd və süd məhsullarının  tərkibində  həkim məsləhəti ilə gündə 1-1,5q Ca preparatları qəbul edilməlidir.

Ca ilə zəngin olan qidalar - mal əti, qoz, üzüm, şüyüt, cəfəri, şomu, lobya, brokkoli, soya, kələm, portağal, tomat suyu və s. qəbul edilməsi məsləhət görülür.

Osteoporozun erkən və düzgün müalicəsindən sonra yaxşılaşma və prosesin dayanmasına nail olmaq mümkündür.

 Hazırladı: S.Aytən