SAĞLAMLIQ

Pəhriz və gəzintinin köməyi ilə

  • 05.06.2009

Pəhriz və gəzintinin köməyi ilə

 ABŞ Nebraska ştatının sakini heç bir əməliyyat olmadan 260 kq arıqlaya bilmişdir. 68 yaşlı Con Lapisin sözlərinə görə, normal çəki əldə etməkdə ona tərəvəz pəhrizi və fiziki hərəkətlər kömək etmişdir. Onun çəkisi bir neçə il bundan əvvəl 320 kq idi. Əsasən fast-fudla qidalanır və demək olar ki, evdən bayıra çıxmırdı. Onun arıqlamaq fikrinə düşməyinə səbəb isə duş kabinəsinə yerləşməməsi oldu. Elə həmin gündən onun həyat tərzi  dəyişməyə başladı. O, menyusunda sendviçləri azaltdı, tərəvəzləri artırdı, eləcə də mütəmadi olaraq piyada gəzintilərə başladı: əvvəlcə otaqdan otağa, sonra küçəyə çıxmağa başladı. Nəticədə onun marşrutu gündən-günə artdı. 5 il ərzində o, 250 kq –dan çox arıqlaya bilmişdi. Hazırda  onun çəkisi 65 kq-dır.

 

Fast-fuda meyl nədəndir?

Nə üçün insanlar fast-fuda həddindən artıq meyllidirlər, səhərdən axşama qədər qamburgerlər və müxtəlif paketlərdə qablaşdırılmış quru qəlyanaltıları sevirlər? Bəlkə bu qidalara asılılıq yaradan nəsə qatılır?

Aparılan tədqiqatlar göstərir ki, əslində onların tərkibində asılılıq əmələ gətirən qida əlavələri yoxdur. Digər əlavələr – aromatizator, rəngləyicilər, stabilizatorlar, köpdürənlər, konservantlar öyrəşmə əmələ gətirmir. Onların tərkibi demək olar ki, beynəlxalq standartlara cavab verir.

Fast-fudun cazibədarlığı daha çox psixoloji xarakter daşıyır. Məsələn, «Makdonalds» yeməklərinin xarici görünüşünə xüsusi fikir verilir – parlaq qablar, stəkanlar, qızılı kartof və s. Təəssüf ki, belə qidaların tərkibində zülallar, karbohidratlar, yağlar və vitaminlərin balanslaşdırılmış şəkildə olduğunu demək mümkün deyil. Onların tərkibində əsasən yağlar və karbohidratlar çoxluq təşkil edir. Bunun acı nəticələrini isə artıq amerikalılar görür və kökəlirlər.

Hələ 60-cı illərdə həkimlər təyin etmişdilər ki, qidanın mədədə qalma müddəti onun temperaturundan asılıdır. Əgər qida istidirsə, o, mədədə 2-3 saat qalır. Deməli, tamamilə parçalanır, mənimsənilir. Əgər qəbul edilən qidanın temperaturu soyuqdursa, o, mədəni tez tərk edir və deməli, həzm olunmur. Fast-fudu soyuq içkilərlə qəbul etdikdə isə bu proses daha da tezləşir. İnsan yenidən qida qəbul etmək istəyir. Bundan başqa, həzm olunmamış zülallar nazik bağırsaqlara düşərək oradan sorula bilmirlər. Bu azmış kimi,  bağırsaq mikroflorası karbohidratları parçalamalıdır, orada ətin tərkibində olan bakteriyalar artmağa başlayır, nəticədə disbakterioz yaranır, maddələr mübadiləsi pozulur, piylənməyə meyl artır. Odur ki, bu haqda düşünməyə dəyər.

 

Hazırladı: S.Aytən