RƏSMİ XRONİKA

Balakəndə “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanışlıq

  • 30.07.2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub.

Dövlətimizin başçısına təsərrüfat barədə məlumat verildi.

Bildirildi ki, 2012-ci ildə Katex və Beretbinə kəndlərində yaradılan “Bal meyvə” bağçılıq təsərrüfatında 9 növ olmaqla 95 min alma və 4 növdə 3 min armud tingləri əkilib. Bundan əlavə, Beretbinə kəndində 15 hektar ərazidə 5 növdə 6500 gavalı və 2 növdə 2 min nektarin tinglərinin əkildiyi bağlara aqrotexniki, aqrokimyəvi xidmətlər göstərilir və bu bağlarda müasir “damcı” suvarma sistemi qurulub.

Məlumat verildi ki, 2020-ci ilin əvvəlində meyvələrin xüsusi şəraitdə saxlanılması üçün tutumu 1300 ton olan soyuducu anbarın tikintisinə başlanıb və sentyabrda onun istifadəyə verilməsi nəzərdə tutulub. Bağın 6 hektar ərazisində balıqçılıq təsərrüfatı üçün göl yaradılıb və burada 3 növ balıq bəslənilir.

Diqqətə çatdırıldı ki, təsərrüfatda daimi olaraq 80 nəfər işçi çalışır, yığım vaxtı isə 200-dən çox rayon sakini mövsümi işlərə cəlb olunur.

Qeyd edək ki, ötən il təsərrüfatda 1200 ton meyvə istehsal edilib, bu il 1400 ton, 2023-2024-cü illərdə isə 2000 tondan çox meyvə istehsalı nəzərdə tutulub.