Vergi ödəyicilərinin nəzərinə!
Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin əhatə dairəsinin və spektrinin genişləndirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən regionlarda, xüsusən vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalları yaradılmışdır.
Bunun davamı olaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 79 ünvanda yeni kompüter terminalı yaradılaraq vergi ödəyicilərinin istifadəsinə verilmişdir.
Nəzərinizə çatdırırıq ki, kompüter terminallarında vergi ödəyicilərinə və vətəndaşlara əsasən aşağıdakı istiqamətlərdə xidmətlər göstərilir:
- vergi ödəyicisi ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılmasıa dair xidmətlərin göstərilməsi
- vergi bəyannamələrinin, o cümlədən elektron formada bəyannamələrin düzgün tərtib edilməsi və göndərilməsi barədə izahatların verilməsi
- vergi qanunvericiliyinin tətbiqi və vergi orqanına təqdim edilməsi zəruri olan sənədlər, onların düzgün tərtib edilməsi barədə məlumatların və izahatların verilməsi
- vergi ödəyicisinə öz şəxsi hesab vərəqəsindəki məlumatlara baxış imkanının yaradılması, büdcəyə olan vergi borcu, onun yaranma səbəbləri və ödənilməsi barədə zəruri məlumatın və izahatın verilməsi
- vergi ödəyicilərinin vergi orqanında uçotu və sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə dövlət qeydiyyatına alınması ilə bağlı xidmətlərin göstərilməsi.
Terminalda vergi ödəyicilərinə göstərilən xidmətlər ödənişsizdir.