MƏQALƏLƏR

“Şər deməsən xeyir gəlməz”

  • 01.04.2011

“Şər deməsən xeyir gəlməz”

Yaponiyada baş vermiş zəlzələ və sunami dünyanın gündəmindədir. Yer üzündən silinən yaşayış məntəqələri, böyük dağıntılar, nüvə stansiyasında yaranmış təhlükəli vəziyyət, fəaliyyətini dayandırmış zavodlar və s.

Yaponiyada baş vermiş təbii fəlakət hər kəs kimi məni də təəssüfləndirdi. Digər tərəfdən bu ölkənin bir cəhəti məni heyrətləndirdi. Bir baxın, zəlzələ və sunamidən sonra Yaponiyada böyük iqtisadi böhran baş vermədi, mağazalarda üzunmüddətli ərzaq çatışmazlığı yaşanmadı, fəaliyyətini dayandırmış zavod və fabriklər bir həftəlik fasilədən sonra fəaliyyətlərini bərpa etdilər. Bütün bunlar onun sayəsində baş verdi ki, yaponlar əvvəlcədən iqtisadi subyektlərin fəaliyyətini ölkənin regionları üzrə paylaya bilmişdilər. Bu gün bir yapon istehsalçısının ölkənin müxtəlif ərazilərində zavodları fəaliyyət göstərir. Bunu Yaponiya avtomobil istehsalçılarının timsalında da göstərmək olar. Məsələn, Toyota, Nissan, Mazda, Subaru kimi istehsalçılar zəlzələ və sunami bölgəsindəki zavodlarının fəaliyyətinə fasilə versələr də, digər bölgələrdəki zavodları fəaliyyət göstərirdi.

Hər kəndin, hər şəhərin inkişaf etməsi sayəsində Yaponiya misli görünməmiş faciənin içindən çıxa bilir. Düzdür, Yaponiyada çətinliklər oldu, amma ölkə iqtisadiyyatı dərin sarsıntılar keçirmədi.

Necə deyiblər, şər deməsən xeyir gəlməz. Allah göstərməsin, sabah Bakıda dağıdıcı zəlzələ baş verərsə necə olacaq? Azərbaycan iqtisadiyyatının “ürəyi”, vergilərin böyük bir hissəsinin toplandığı, az qala əhalimizin yarısının yaşadığı Bakı dağılarsa Azərbaycan iqtisadiyyatı hansı təhlükələrlə üzləşə bilər?

Uzun müddətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev regionların inkişafına ayrıca diqqət yetirir. İqtisadiyyatın şaxələndirilməsi, regionlar üzrə paylanması üçün böyük səy göstərir. Yaponiyada baş vermiş zəlzələ və sunamidən sonra cənab Prezidentin regional inkişaf siyasətinin nə qədər vacib olduğu adamı daha da dərindən düşündürür. Bizə regionların inkişafı iş yerlərinin açılması, daxili tələbatın ödənilməsi, ixracın artırılması məqsədlərilə bərabər, təbiətin gözlənilməz sınaqlarından “iflic” olmadan çıxmağımız üçün də lazımdır. Bu gün regionların inkişaf etdirilməsi istiqamətində işlər sürətlə aparılır. Görülən işlərin miqyası daha da artırılmalı, gecikmədən Bakının Azərbaycan iqtisadiyyatındakı payı regionların inkişafı hesabına azaldılmalı, bir neçə şəhər dövlətin idarəetmə funksiyalarını yerinə yetirə biləcək səviyyədə  infrasturuktura malik olmalı, istehsalçıların, xüsusilə qida məhsulları istehsalçılarının zavodları bölgələr üzrə “səpələnməlidir”.