MƏQALƏLƏR

STANDARTLAŞDIRMA ELMİ: MƏQSƏD VƏ VƏZİFƏLƏR

  • 15.04.2011

STANDARTLAŞDIRMA ELMİ:  MƏQSƏD VƏ VƏZİFƏLƏR

 İNNOVASİYA TEXNOLOGİYA­LARININ YARA­DILMASINDA 

 STAN­DART­LAŞ­DIRMA ELMİNİN ROLU

 Respublikamızda dünyada gedən qloballaşdırma prosesinə inteqrasiya,  so­sial və iqtisadi sahədəki inkişaf, Elektron hökumət qurulması, Dünya Ticarət Təş­kilatına üzv qəbul olunma ilə əlaqədar, hazırda dünyanı bürüyən iqtisadi böhrandan daha az zərərlə sovuşmaq  və başqa tədbirlərin həyata keçiril­mə­sində məhsul, istehsal prosesi, xidmət sahəsi və xidmət subyektlərinin (kadr­ların)  stan­dartlaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

Standartlaşdırma məsələlərinin hüquqi bazası ulu ön­­­­­­­­dər Heydər Əliyevin  fərman­ları ilə qəbul olunmuş «Standartlaşdırma haq­qın­da», «Ölçmə­lərin vəhdətinin təmin olunması haqqında», «İstehlakçıların hü­quq­­la­rı­nın müdafiəsi haqqında», «Yeyinti məhsul­ları haq­qında»  qanunlar, həm­çi­nin, «Məhsulların (işlərin, xid­mətlərin) sertifi­kat­laşdırıl­ma­sının  mərhələlər üzrə tət­biq edilməsi haqqında» Nazirlər Kabinetinin qərarı, digər  hüquqi nor­mativ-texniki sənədlərdir.

Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Respub­likamızın iqti­sadiy­­yatının bütün sahələrinə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində stra­teji  əhəmiyyət  kəsb edən –Azərbaycan markası ilə xarici bazarlara çıxarılan məh­sulların Beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli işlər görülmüş, analoji işlər müvəffəqiyyətlə davam etdirilir. Bu baxımdan məhsulların, müxtəlif sənaye, kənd təsərrüfatı istehsalatı və xidmət sahələrinin inkişaf etdirilməsindəki, həmçinin, savadlı və peşəkar  kadr potensialına olan tələbatın ödənil­məsindəki uğurlarımız xüsusilə qeyd olunmalıdır. «Standartlaşdırma  haq­qında» qanuna müvafiq olaraq Respublikamızda Dövlət Standartlaşdırma məsələ­lərinin tənzimlənməsi və nəzarəti ilə məşğul olan Azərbaycan Respublikası Standart­laşdırma, Metrologiya və Patent üzrə Dövlət Komi­təsin­də aparılan məqsədyönlü işlər nəticə­sində respublikamız:

-1 iyun 2003-cü ildən Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO);

-Standartlaşdırma,  Metrologiya və Sertifikatlaşdırma üzrə Avroasiya Stan­dartlaşdır­

  ma Təşkilatının  (EASC);

- Türkdilli  Ölkələrin Bölgələrarası Standartlaşdırma Birliyinin (BASB) üzvüdür.

 Respublikamız, həmçinin MDB, Türkiyə və başqa dövlətlərlə standartlaşdırma,

metrologiya və sertifikatlaşdırma  üzrə  ikitərəfli sazişlər imzalamışdır.

Məqsədi standartlardan istifadə etməklə xalq təsərrüfatının bütün sahə­lərinin mütənasib inkişafını təmin etmək olan standartlaşdırma elminin qarşısında duran əsas vəzifələr, həmin inkişafın planlaşdırılması, standartların və onların tətbiqi üçün qayda və metodların - texnologiyaların yaradılması, səviy­yə­sinin daimi yüksəldilməsidir. Bu baxım­­dan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respubli­kasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsini sürətləndirmək məqsədi ilə 2009-2015- ci illərdə elmin inkişafı üzrə  «Milli Strategiyanın  həyata keçirilməsinin Döv­lət Proqramı» layihə­sinin hazırlanması üçün «Azərbaycan elmində islahatların apa­rılması ilə bağlı Dövlət komissiyasının yaradılması haqqında» verdiyi Sərəncam xüsusilə qeyd olunmalıdır.  Sərəncamda  qeyd olunmuşdur  ki, hazırda Azərbaycanda elmi araş­dır­malar 30 minə yaxın elmi işçi tərəfindən həyata keçirilsə də, onların bir  qisminin apardığı tədqiqatlar artıq köhnəlmiş qayda və metodlarla aparılır və yeni dövrün standartlarına cavab vermir. Sərəncamda həmçinin, qeyd olunmuşdur ki, müasir elmin tələbləri ilə ayaqlaşmaq iqtidarında olan kollektivlər isə maddi –texniki bazanın zəifliyi və maliyyə çatışmamazlığı səbəbindən öz elmi layi­hə­lərini gerçəkləşdirməkdə çətinliklərlə üzləşirlər. Məhz həmin çətinlikləri aradan qaldırmaq məqsədilə cənab Prezident  «Biz qara qızılı insan kapitalına çevirməliyik»- deyərək, bütün sahələrdə oldu­ğu kimi, elmə, təhsilə daim yüksək qiymət verdiyini, bu sahəni strateji istiqamət kimi qiymətləndirdiyini bir daha bəyan etmişdir.

Hörmətli Prezidentimizin adıgedən Sərəncamı Respubikamızın elmi ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilmiş, onlar Sərəncamdan irəli gələn məsələlərin yüksək keyfiyyətlə və daha tez həyata keçirilməsi üçün Dövlət Komissiyasına konkret təkliflər vermişlər.

Dünyanın inkişaf etmiş dövlətlərinin iqtisadi, hərbi,  siyasi gücü həmin dövlətlərdə elmlə istehsalat arasındakı  «məsafə» ilə bilavasitə əlaqədardır. Həmin «məsafəni» bizdə daha da qısaltmaq, daha tez qət etmək məqsədinə xidmət edən, Sərəncamda qeyd olunan – elmi-tədqiqatların aparıl­masında, maddi-texniki bazanı xarakterizə edən əsas göstəricilərin,  həmçinin tətbiq olunan  qayda və metodların (texno­logiyaların) köməyi ilə həyata keçirilən və stan­dartların tətbiqinə əsaslanan standart­laşdırma elminin  qarşısında duran vəzifələrin aktuallığı daha aydın görünər.

Məhz həmin aktuallığı nəzərə alaraq texnologiyaların yaradılmasında xüsusi çəkisi böyük olan mühəndis elminin daha da inkişaf etdirilməsi üçün Respublikamızda 1992–ci ildən Beynəlxalq Mühəndislik Akademiyasının Azər­baycan filialı, son  iki ildə isə Azərbaycan Mühəndislik Akademiyası kimi fəaliyyət göstərən, ekoloji, iqtisadi sahədə qlobal problemlərlə məşğul olan elmi qurum yaradılmışdır.

          Respublikamızda  adıgedən məsələyə xüsusi diqqət  və qayğı nəticəsində hər ilin noyabr ayının ikinci cümə gününün Beynəlxalq Keyfiyyət Günü, 14 oktyabrının Ümumdünya Standartlar Günü kimi qeyd olunması, həmçinin dünyanın inkişaf etmiş dövlətlərinin hökumət və qeyri-hökumət təş­kilatları tərəfindən adıgedən sahələr üzrə əhalinin maarifləndirilməsi isti­qamətində həyata keçirilən məqsədyönlü işlər belə qənaətə gəlməyə zəmin yaradır ki, müasir dövrdə sənayenin müxtəlif sahələrinin  idarə edilməsində xüsusi əhəmiyyətə malik olan, innovasiya texnologiyalarının yaradılmasında xüsusi əhəmiyyəti olan  standartlaşdırma elmi daha da inkişaf etdiril­mə­lidir.

        Standartlaşdırma elminin tədqiqat obyekti olan innovasiya texnologiyalarının yeni, böyük iqtisadi, istismar, ekoloji göstəri­cilərə malik elmi konsepsiyaların, metodologiyaların və müvafiq bilik­lərin reallaşması üçün üsul və  vasitələri özündə birləşdirən elm sahəsi­dir. Deməli, texnologiya elmdir və məqsədi hər hansı sahədə olursa olsun istəklərin gercəkləşməsinə xidmət edir. Tərif­dən göründüyü kimi texnologiya mühəndis elminin tədqiqat obyekti (üsul və vasi­tələrin yaradılması) olan bir elm sahəsidir. Tərifdəki yeni, böyük texnoloji, iqtisadi, istis­mar, ekoloji göstəricilərə  nail olunma məsələsini, həmçinin müxtəlif sahələrdə tətbiq olunan texnologiyaların daha tez, az xərc çəkməklə həyata keçirilməsinə imkan verən imkanlarını  araşdırsaq, görərik ki, digər elm sahələrində olduğu kimi, innovasiya texnologiyalarının yaradılmasında da  müxtəlif elm sahələrində çalışan alimlərin birgə müdaxiləsi vacibdir.

      Fizika, riyaziyyat, kimya, biologiya elmlərinin qovşağında inkişaf edən stan­dart­laşdırma elminin məqsədi mühəndis elminin tədqiqat obyekti olan texnolo­giyalar yaratmaqla məhsul (maddi məhsul və ya intellektual mülkiyyət- ixtiralar, elmi araş­dırma­lar və s.), proses (maddi məhsul istehsalı müəssisələrində), sosial sahədəki (cəmiyyətdəki) proses­lər və ya adi gözlə görünməyən (kimyəvi və ya bioloji materiallar­da gedən), xidmət sahəsi və ya xidmət subyekti (tələ­bələrin və ya müxtəlif ixtisaslı kadr­ların bilik və peşəkarlığının çoxballı test üsulu ilə qiymətləndirilməsində istifadə olunan yeni kompüter texnologiyası) üçün elmin və texnikanın, qabaqcıl təcrübənin ən son nailiy­yətləri toplanmış,  kütləvi istifadə üçün nəzərdə tutulmuş, səlahiyyətli orqan və təşkilatlar tərəfindən təsdiq edilən hüquqi, normativ-texniki sənəd­lərin (standartların) opti­mal yolla tətbiqidir. Standartlaşdırma və texnologiya elmlərinin məqsədlərini birgə müqa­yi­sə etsək görərik ki, standartların tətbiqi üçün tələb olunan zaman kəsiyi, məhz mühəndis elminin tədqiqat obyekti olan texnologiyalardan-üsul və vasitələrin  səviy­yə­sin­dən, onların texnoloji,  iqtisadi, ekoloji, istismar göstəricilərindən asılıdır. Deməli, standartlaşdırmanın səviyyəsi elmin və texnikanın müasir səviy­yəsi ilə paralel inkişaf edərək, həm standartların, həm də standartların tətbiqi üçün texno­logiyaların səviyyə­sindən –texnoloji, istismar, iqtisadi və ekloji gös­tə­ri­ci­lə­rin­dən asılıdır.

      Standartlaşdırma elminin yuxarıda qeyd olunan tərifini elmin klassik tərifi ilə –istəklə gerçəklik arasındakı fərqi göstərir, (hansı ki, üzü Aristoteldən bəri dəyişməz qalır). Aydın görünən paralellik standart­laşdırmanın bir elm sahəsi oldu­ğu­nu deməyə zəmin yaradır. Başqa sözlə desək, standartlarda verilən göstəriciləri-istək, standartlaşdırma nəticəsində əldə olunan-natura formasında olan məhsulu gerçəklik adlandırsaq, fikrimizi əsaslandırmış olarıq. 

          Əgər yuxarıda qeyd olunanlara insanların sağlamlığı, dövlətin mənafeyi, eko­­loji problem­lərin həlli sahəsindəki müsbət rolunu və s.-ni  də əlavə etsək, stan­dart­laşdırmanın  malik olduğu böyük potensial imkan daha aydın görünər.

       Yuxarı­da standartlaşdırmanın standartların tətbiqinə əsaslanan fəaliyyət oldu­­ğunu qeyd etdik. Başqa fəaliyyət növlərindən fərqli olaraq standartların tətbiqi də standartların köməyi ilə həyata keçirilir.

       Aşağıdakı sistemə (şəkil 1) nəzər salsaq, görərik ki:

       -stan­dart­laşdırma pro­se­sin­də yeni standartların yaranması istehsalata  məlum  standartların daxil olması nəticəsində mümkündür;

       - radioaktiv (ağır) elementlərin  atomlarını tamamilə parçalamaq üçün daha çox sayda neyt­ron əldə etmək   məq­sə­dilə (zəncirvari nüvə reaksiyası)  radioaktiv elemen­tin atomu­na neytronun daxil edilməsi zəruridir;

       - böyük texnoloji, istismar, ekoloji  və iqtisadi göstəricilərə malik yeni cihaz­­lar elmi-tədqiqat laboratoriyalarında məlum cihazlardan istifadə nəticəsində əldə olunur.

 

 

 

        Prosesin davamlılığı adlandırdığım (1) sistemə nəzər salsaq, görərik ki,  standartlar həm  istehsalatın standartlaşdırılması üçün əsas şərtdir, həmçinin standart­laşdır­manın məhsuludur. Başqa sözlə desək, elmin inkişafı onun yaratdığı üsul və texniki vasitələrin, cihazların səviyyəsindən asılı olduğu kimi, standartlaşdırmanın da səviy­yəsi onun yaratdığı standartların səviyyəsindən asılıdır. Əldə olunan nəticə onu deməyə imkan yaradır ki, standartlaşdırma elminin məqsədi mühəndis elminin tədqiqat obyekti olan texnologiyaların yaradılmasıdır.

        Prosesin davamlılığı  adlandırdığım - bir neçə sözdən və  ox işarə­sindən ibarət olan bu sistem (1) ilk baxışdan dəyişmələri (parçalanma və s.) əyani əks etdirən zəncirvari –nüvə  reaksiyasının  sxemini, yaxud da hər hansı iyerarxik-təsnifat sxemini və ya parçalan­ma reaksiyasının (kimya) sxemini xatırladır. Ancaq diqqətlə araşdırdıqda əksinə olaraq burada heç bir dəyişmədən söhbət getmədiyi məlum olur. Şəkildə (şək.1) 3 sətirdə veril­miş müvafiq olaraq bir neçə təkrar­lanmadan ibarət olan yazıları (hər bir təkrarlanmanı sətirdəki sadə məntiqə müvafiq davam etdirmək olar) şəkildə verilmiş düz xətt üzrə yox, silindrin xarici səthi üzrə –eyni müstəvidə yerləşdirsək, silindri fırlatdıqca cavabı məlum olmayan -«Toyuqmu, yoxsa yumurtamı əvvəl yaran­mışdır?» - dilemmasına bənzəyən bir mənzərə ilə qarşılaşdığımızı görərik. Obrazlı dillə desək, toyuğunmu, yoxsa yu­mur­tanın­mı birinci yaranmasından asılı olmayaraq, bu gün və gələcəkdə də insanların həyatında çox böyük əhəmiyyətə malik olan bu maddi varlıqlar kimi, hansının birinci, yaxud ikinci olduğu məlum olmayan standart və standartlaşdırma da bütün zamanlarda insanların həyatında nəinki maddi, həmçinin mənəvi varlıqlar kimi çox böyük əhəmiyyətə malik olacaqdır.

        Məlumdur ki, standartlaşdır­manın aparılma prinsipləri məqsədyönlü ixtisara əsaslanır,  əsas məqsədi elmin istehsalata tətbi­qidir. Aşağıdakı sadə nümunələrə nəzər salaq:

-  tutaq ki, maşın və mexanizm­lər­də istifadə olunan - hələlik heç bir hissənin köməyi ilə əvəz olunması mümkün olmayan yayı, onun səciyyəvi çatışma­mazlıqlarını (qalıq deformasiyası, ona olan təsir qurtardıqda belə rəqs etməkdə davam edir və s.) aradan qaldırmaqla, daha yüksək keyfiy­yət göstəricilərinə malik başqa bir hissənin köməyi ilə nəinki əvəz etmək, onu maşın və mexanizmlərin strukturundan (təyinatı üzrə istismarına xələl gətirməməklə) azad etmək tələb olunur (yeri gəlmişkən, bu maraqlı məsələyə mühəndis –konstruktor və texnoloqların müda­xiləsi maraqlı olardı);

        - tutaq ki, qida məhsullarına əlavə olunan şəkəri və ya duzu həmin materiallara təbii ədviyyatlar qatmaqla –məqsədyönlü ixtisar etmək tələb olunur.

 Hər iki nümunənin analizi belə nəticəyə gəlməyə zəmin yaradır ki, standart­laşdırmanın həyata keçirilməsində əsas rolu olan məqsədyönlü ixtisar məhsulun keyfiy­yət, ekoloji, iqtisadi və b. göstəricilərinin (həmçinin, qida dəyərliliyinin) yüksəl­dil­məsin­də əsas rol oynamaqla, standart­laş­dırmanın malik olduğu böyük potensial imkan­dan xəbər verir.

        Aparılmış analitik tədqiqatların nəticələrinə istinadən belə nəticəyə gəlmək olar ki:

- standart­laş­dırma elminin məqsədi yuxarıda qeyd olunan məqsədyönlü ixtisar- seçim nəticəsin­də texnoloji proseslərin riyazi modellərinin işlənməsi, material­ların müxtəlif mühitlərdə emal olunması, müxtəlif material, üsul və vasitələrin tətbiqi üçün, həmçinin  (şək.2) riyazi modelinin məntiqi nəticəsi olan yeni forma (həndəsi, preparativ) və parametrlərin (konstruk­tiv, rejim) işlənməsidir.

 

 

 

         Standartlaşdırma elminin məqsədi innovasiya texnologiyalarının yaradılması,  hər hansı sahə­də intel­lektual mülkiyyətin (məhsul, üsul, qurğu, faydalı model)  natura formasına keç­mə­si kimi başa düşül­məli­dir. Başqa sözlə desək, elmi məhsul artıq maddiləşərək inki­şafın tə­məlini qoyur. Obrazlı dillə desək, «Elm nəzəriyyədən təcrübəyə doğru yerini dəyiş­dikcə Nobel mükafatına yaxın­laşır». Mülahizələr belə son  qənaətə gəlməyə zəmin yara­dır ki, adıgedən fəaliyyətin tədqiqat obyekti yuxarıda qeyd olunan  intellektual mülkiy­yətin tətbiq olunması nəticəsində əldə olunacaqdır. Çox böyük iqtisadi səmərə əldə etməyə imkan verdiyindən standartlaşdırmanı iqtisadiyyat yönümlü elm sahəsi adlandırsalar da, standartlaşdırma həyatımızın bütün sahə­­lərinə dərin nüfuz etmiş, tətbiqi, fundamental, həmçinin siyasi elmlərin inki­şafında eyni dərəcədə vacibdir. Bu vaciblik özünü standartlaşdırma prosesi nəticəsində həyata keçirilən, aşağıda qeyd olunan meyarların coğrafiyasının genişliyində göstərir:

         - normalar, qaydalar və xarakteristikalar;

         - hüquqi, normativ-texniki  sənədlər;

         - elmin və texnikanın ən son nailiyyətləri.

         Tərəfimdən aparılmış nəzəri və təcrübi tədqiqatlar nəticəsində  Azərbaycan Respub­li­kası Standart­laşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən, keçmiş SSRİ və Rusiya Federasiyasının Dövlət Patent Ekspertizası İnstitutlarından İnnovasion texnologiya və texniki vasitələr kompleksinin ayrı-ayrı elementləri  (yeni üsul, qurğu və faydalı model) üçün 50-ə qədər ixtira və patentlər alınmışdır.

            

                                                                     Babayev Şahlar Mahmud oğlu

                                                                    Azərbaycan Texnologiya Universitetinin

                                                                   «Metrologiya, standartlaşdırma və sertifikasiya»

                                                                    kafedrasının müdiri, t.e.n., dosent

 (ardı var)