SIĞORTA NƏ ÜÇÜN LAZIMDIR?
Gündəlik həyatımızda hər an birbaşa olaraq bizim və ya tanışlarımızın başına gələn hadisələrin şahidi oluruq, bu barədə xəbərlərə televiziyada, internetdə, qəzetlərdə tez-tez rast gəlirik. Əlbəttə, bu günə qədər biz belə hadisələrə sığorta baxımından yanaşmamışıq, amma əlinizdə olan bu bələdçi vasitə ilə tanış olduqdan sonra hər bir hadisədə risklərin mövcud olduğunu və belə risklərdən sığortanı görə bilərik.
Sual oluna bilər: Biz hansı hadisələrdə sığorta görə bilərik?
Məsələn, çox tez-tez yol-nəqliyyat hadisələri, təyyarə qəzası, binaların yanması barədə eşidir, oğurluqla üzləşən, işlədiyi zaman xəsarət alan insanların hekayəsi ilə tanış oluruq. Hər belə hekayənin arxasında insan faciəsi və bununla əlaqəsi olan şəxslərin narahatlığı dayanır. Bu hekayələr özü-özlüyündə həm də sığorta mexanizminə tələbatın olmasını nümayiş etdirir. Bu mexanizm lazımi qaydada istifadə olunarsa, risklər real hadisəyə çevrildiyi zaman məruz qaldığımız maliyyə çətinliyini aradan qaldırmaqda bizə həm maddi, həm də qismən də olsa mənəvi cəhətdən yardımçı ola bilər.
Sığorta hər hansı zərər və ya qəzanın qurbanı olan insanların vəziyyətini yüngülləşdirmək üçündür. O nəinki yalnız vətəndaşların, eləcə də kommersiya müəssisələrinin də işinə yarayır.
Sığorta bütün dünyada aparılan, mürəkkəb bir işdir. Lakin bu kitabça mürəkkəb məsələlərdən yayınmaqla sığorta ilə tanışlıqda sizə bələdçilik edəcək. Burada o, sizin aşağıdakı suallarınıza cavab verməyə cəhd göstərəcək:
- · Sığorta nədir?
- · Onu kim təmin edir?
- · Sığortanın hansı sinifləri var?
- · O necə təşkil olunur?
- · Sığorta tələbləri necə həll edilir?
- · Sığorta işinə kim nəzarət edir?
Bütün bu suallara ardıcıllıqla cavab tapmazdan əvvəl gəlin ən vacib sualı cavablandıraq:
SIĞORTA BİZƏ NƏ ÜÇÜN LAZIMDIR?
Bu suala cavab vermək üçün əvvəldə qeyd etdiyimiz, qəzetlərdə və digər informasiya mənbələrində rast gəldiyimiz hadisələrə qayıdaq. Gəlin, tez-tez baş verən yol-nəqliyyat hadisələrindən başlayaq.
Yol-nəqliyyat hadisəsi deyəndə, biz nəyi təsəvvürümüzə gətiririk?
–Avtomobilin piyadanı vurması, iki avtomobilin toqquşması, avtomobilin şose yolunda aşması və s.
Götürək ikinci halı - təsəvvür edin ki, iki avtomobil toqquşub. Bu hadisə eyni zamanda aşağıdakı zərərlərlə nəticələnə bilər:
- · Hər iki avtomobil əzilib və hər ikisi təmir edilməlidir;
- · ola bilsin ki, hətta divarlara və ya işıq dirəklərinə də zərər dəyib;
- · avtomobilləri yoldan çəkib aparmaq üçün də pul ödəmək lazımdır;
- · sürücü, sərnişinlər və ya yoldan ötən başqa bir şəxs də xəsarət ala bilər ki, bu xəsarətə görə də xüsusi tibbi xidmətə ehtiyacları ola bilər;
- · xəsarət alımış şəxslər işdən qalmağa görə əmək haqlarından məhrum ola bilərlər.
Qeyd olunan zərərlərin aradan qaldırılmasına görə isə yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs tərəfindən təzminat da ödənilməlidir. Əgər həmin şəxsin təzminat ödəməyə maddi imkanı olmasa, sözsüz ki, yol-nəqliyyat hadisəsindən zərər çəkmiş digər şəxslər – o biri avtomobilin sürücüsü, sərnişinlər, yoldan ötən başqa bir adam, zədələnmiş divarın sahibi və ya əzilmiş işıq dirəyinin ərazisində yerləşdiyi bələdiyyə özləri öz xərclərini ödəmək məcburiyyətində qalacaqlar.
Gördüyümüz kimi adi bir avtomobil qəzası çox baha başa gəlir. Burada söhbət əsasən maddi ziyandan gedir, baxmayaraq ki, maddi zərərə məruz qalanların mənəvi zərər çəkmələri hər zaman mümkündür. Bu kimi xərclərdən qorunmaq üçün sığortalanmaq daha ağlabatan olardı. Düzdür, bəzi avtomobil sığortası sinifləri məcburidir və icbari olan bu cür sığortalar bütün avtomobil istifadəçiləri tərəfindən alınmalıdır.
Tez-tez rastlaşdığımız və sığortaya ehtiyac olduğunu göstərən digər bir risk yanğın təhlükəsidir.
Evlərdə baş verən yanğının vurduğu zərər kifayət qədər ağırdır ki, fəlakət və çoxlu maddi itkilər gətirsin. Sənaye və kommersiya müəssisələrində baş vermiş yanğın daha dağıdıcı ola bilər. Bu halda yanğının törətdiyi fiziki zərərdən savayı bir sıra digər zərərlər də yaranacaq. Məsələn, əgər mağaza yanğına məruz qalsa, orada uzun müddət mal satıla bilməyəcək. Fabrik yandığı halda onun istehsalı dayanacaq. Hər bir halda sahibkar gəlirini itirəcək. Bu zaman kim sahibkara işinin dayanması ilə bağlı onun itirdiyi gəlirini ödəyəcək? İşçilərə kim əmək haqqı ödəyəcək?
Hətta yanmış bina bərpa olunduqdan sonra belə, işin əvvəlki səviyyəyə qayıtmasına zəmanət yoxdur. Müştərilər gedib başqa istehsalçı və ya mağaza tapıb, işçilər müəssisəni tərk edib. Artıq müəssisənin hazırlıqlı işçi heyətlə və ya mağazanın peşəkar satıcılarla bağlı problemləri var. Deməli müəyyən maliyyə müdafiəsinə ehtiyac var və sahibkarlar bunu sığortada tapa bilərlər.
Beləliklə sığorta ona görə mövcuddur ki, bizim təhlükəsizliyə ehtiyacımız var. Biz həm evə sahib olmaq, avtomobil idarə etmək, mal satmaq, fabriklər tikmək, gəmilərə, təyyarələrə sahib olmaq, xəstələnəndə müalicə almaq istəyirik, həm də maliyyə cəhətdən risklərə məruz qalmaq istəmirik. Sığorta bizə can rahatlığı verir, bizi böyük maliyyə çətinliklərinin aradan qaldırılması ilə məşğul olmaqdan azad edir, hətta bəzi hallarda iflasın qarşısını almağa kömək edir. Amma, səhv anlaşılmasın: Sığorta riski aradan qaldırmır. O, evin yanmasının, avtomobilin qəzaya uğramasının, insanın ölməsinin qarşısını almır, lakin ən azı qeyd olunan və s. bu kimi hallarda meydana çıxan xərclərin böyük bir hissəsi sığorta vasitəsilə qarşılana bilər.
Sığortanın təmin etdiyi müdafiənin axtarışı çoxdan başlamışdır. Kommersiya sığortası ilə bağlı ilkin izlər eramızdan 3000 il əvvələ, Babillilərin dəniz ticarəti üzrə borc sistemindən istifadə etdikləri vaxta gedib çıxır. Eramızın 1-ci əsrində Çin tacirləri də risklərdən müdafiə sistemini fikirləşib tapmışdılar. 7-ci əsrdən başlayaraq İslam hüququnda qarşılıqlı yardımlaşmanın müxtəlif mexanizmləri mükəmməl sığorta ünsürlərini ortaya qoymuşdu. 12-ci əsrdə İtaliyanın şimalında tacirlər tərəfindən sığorta aparılması kimi məlumatlar var. 16-cı əsrin sonlarına yaxın İngiltərədə dəniz gəmiçiliyinin sığortası təcrübəsi artıq təşəkkül tapmışdı. Tacirlər və sığortaçılar Londonun ətrafındakı qəhvə evlərində toplaşıb öz işlərini qururdular. Bu qəhvə evlərindən biri də Eduard Lloyda məxsus idi. Hazırki məşhur Lloyd Korporasiyasının adı E. Lloydun adından götürülüb.
Göründüyü kimi, gəmilərin və onların yüklərinin sığortası sığortanın ən qədim növüdür.
16-cı əsrin sonları 17-ci əsrin ortalarında Britaniyada həyat sığortası və yanğından sığorta da inkişaf etməyə başladı.
O zamandan 19-cu əsrin 50-ci illərinə qədər Avropada yalnız yuxarıda qeyd olunan sığorta sinifləri var idi. Artıq 19-cu əsrin ortalarından etibarən Sənaye İnqilabının təsiri duyulmağa başladı. Kənd təsərrüfatından sənaye əsaslı cəmiyyətə keçid prosesində böyük fabriklər tikilir, insanlar yeni şəhərlərə köçməyə başlayır, sənaye və ticarət inkişaf edirdi. Bütün bunlar yeni risklərin meydana çıxmasına səbəb oldu və nəticədə sığortanın yeni növlərinə tələbat yarandı.
Fərdi qəza sığortası, buxar qazanlarının partlayışından sığorta, istehsalat zədəsi, oğurluq sığortası kimi sığorta növləri yarandı və inkişaf etdi.
Yəqin ki, sığortanın Azərbaycandakı tarixi də sizin üçün maraqlıdır. Ölkəmizdə müasir sığortanın yaranması 19-cu əsrin ortalarında neft sənayesinin inkişafı ilə əlaqədardır. O zaman xarici investisiyanın ölkəmizin neft sənayesinə cəlb edilməsi ilə xarici sığorta şirkətlərinin filialları da burada sığorta fəaliyyətinə başladı. Artıq 1912-ci ildə ölkəmizdə 30 sığorta cəmiyyəti və agentliyi fəaliyyət göstərirdi.
Sənaye inkişaf etdikcə sığortaya tələbat da artmaqda davam edir. Rabitə peykləri, kompüterlər, terrorçuluq kimi “yeni” risklər artıq sığortalanır. Bütün bunlar o deməkdir ki, risklər meydana çıxan kimi sığorta müdafiəsinə tələbat da yaranır.
Növbəti fəsillərdə hal-hazırda ölkəmizdə aparılan sığorta siniflərinin hamısını nəzərdən keçirəcəyik və onların hansı risklərin maliyyə zərərlərindən qoruduğunu qısaca olaraq aydınlaşdırmağa çalışacağıq.
|