MƏQALƏLƏR

Sığorta işinə kim nəzarət edir?

  • 15.04.2011
 

Sığorta işinə kim nəzarət edir?

Sığorta fəaliyyəti çox məsuliyyətli bir işdir. Sığorta şirkətləri özlərinin deyil, digər şəxslərin pul vəsaitinə sərəncam verir. Milyonlarla insanın həyatı, sağlamlığı və əmlakı ilə bağlı maddi vəziyyəti onlardan asılı ola bilər. Aydındır ki, böyük məbləğdə, özü də başqasının vəsaitləri ilə davranan şəxslərin yüksək bilik, təcrübə və şəxsi keyfiyyətlərə malik olması vacibdir. Bu baxımdan sığortaçının maliyyə sabitliyinin və yüksək ixtisaslı kadr heyətinin, habelə səmərəli daxili nəzarət mexanizminin mövcudluğu tələb olunur.

Məhz bütün bu səbəblərdən sığorta sektorundakı fəaliyyətə nəzarət edən dövlət orqanı mövcuddur ki, həmin orqana qanunvericilikdə sığorta nəzarəti orqanı deyilir. Əvvəlki fəsillərdə sığorta nəzarəti orqanının bəzi səlahiyyətləri haqqında məlumat verilmişdir. Lakin sığorta nəzarəti orqanının işi sığorta şirkətlərinin lisenziyalaşdırılması və vətəndaşların şikayətlərinə baxılması ilə bitmir.

Sığortalıların ərizə və şikayətlərinə baxılması: Sığorta nəzarəti orqanının fəaliyyətinin əsas məqsədlərindən biri sığortalıların hüquq və mənafelərinin müdafiəsidir. Belə ki, sığortaçı tərəfindən hüquqlarının pozulduğunu hesab edən hər bir şəxs şikayət ərizəsi ilə sığorta nəzarəti orqanına ərizə ilə müraciət edə bilər. Bunun üçün sığortalılar və (və ya) sığorta olunanlar sığorta şəhadətnaməsində qeyd olunan ünvana rəsmi şəkildə müraciət etməlidirlər. Sığorta nəzarəti orqanı rəsmi şəkildə daxil olan hər bir şikayət ərizəsini araşdırır və əgər sığortalının hüquqları pozulubsa və ərizəsi əsaslıdırsa, bu zaman onun pozulmuş hüquqlarının bərpa olunması müvafiq tədbirlər həyata keçirir.

Hüquqi sənədlərin hazırlanması. Sığorta nəzarəti orqanı yalnız sığortaçıların deyil, təkrarsığortaçıların və sığorta vasitəçilərinin də fəaliyyətinə nəzarəti həyata keçirir. Sığorta nəzarəti orqanı eyni zamanda sığorta fəaliyyətini tənzimləmək üçün normativ hüquqi bazanın, yəni qanun layihələrinin hazırlanmasında, qaydaların və digər tənzimləyici sənədlərin qəbul edilməsində ixtisaslaşmış bir orqandır. Razılaşaq ki, bu sahə ilə müstəsna olaraq məşğul olduğu üçün bazarın və vətəndaşların maraq və mənafelərini həmin layihələrdə nəzərə almaq sığorta nəzarətinin həyata keçirilməsinə birbaşa daxildir. O, bu sənədləri hazırlayarkən beynəlxalq təcrübəni, xüsusilə də müasir mütərəqqi tendensiyaları öyrənərək nəzərə alır, bunun üçün sığorta sahəsində beynəlxalq təşkilatlara üzv olur, beynəlxalq tədbirlərdə, təlim kurslarında iştirak edir, dünyada tanınmış və təcrübəli sığorta mütəxəssisləri ilə əməkdaşlıq edir, onların bilik və təcrübəsindən yararlanmaq üçün məsləhətləşmələr aparır və öyrənilən mütərəqqi təcrübələri yerli şəraiti nəzərə almaqla tətbiq edir.

Lisenziyalaşdırma. İndi isə sığorta nəzarəti orqanının nəzarət prosesində hansı məsələlərə diqqət yetirdiyinə baxaq. Bir çox digər kommersiya müəssisələrindən fərqli olaraq sığorta şirkəti təsis edilərkən yalnız dövlət qeydiyyatından keçməsi tələb olunmur. O adi bir müəssisə deyil. Üzərinə götürdüyü öhdəlikləri ödəmək üçün kifayət qədər maliyyə vəsaitinə malik olmalı, şirkəti idarə edəcək şəxslərin bu sahədə müvafiq biliyi, təcrübəsi, habelə müəyyən şəxsi keyfiyyətləri olmalıdır, şirkətin yaxın bir neçə ildə həyata keçirəcəyi fəaliyyəti planlaşdırılmalıdır. Sığortaçının bütün bu və digər tələblərə cavab verməsini təmin etmənin ən optimal vasitəsi kimi lisenziyalaşdırma çıxış edir. Sığorta fəaliyyəti ilə məşğul olmaq niyyətində olan hüquqi şəxs qanunda lisenziya almaq üçün nəzərdə tutulan bütün tələblərə cavab verməsini təsdiq edən sənədləri sığorta nəzarəti orqanına təqdim etməlidir.

Yoxlamaların aparılması. Beləliklə, yarandığı ilk andan müvafiq orqanın nəzarətində olan sığortaçı öz fəaliyyətini həyata keçirmək üçün ilk növbədə maliyyə sabitliyinə malik olmalıdır. Bu o deməkdir ki, müştərilərinə qarşı olan bütün öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməsi üçün sığorta şirkətinin sərəncamında daim lazımi məbləğdə maliyyə vəsaitləri olmalıdır. Əks halda, hər hansı bir sığorta şirkətinin iflasa uğraması nəticəsində çoxlu sayda insanların, habelə müəssisələrin hüquqları pozula bilər. Bunun qarşısının alınması üçün qanunvericiliklə sığortaçıların maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin qorunub saxlanması ilə bağlı normativlər, kapitallarının minimum məbləğinə qoyulan tələblər, habelə sığortalılardan toplanan sığorta haqlarının etibarlı investisiya edilməsi qaydaları və s. müəyyən edilir ki, bütün bunlara riayət edilməsi sığorta nəzarəti orqanının nəzarəti altındadır.

Sığortaçıların bu qaydalara və digər müvafiq qanunlara əməl edib-etməməsini, eləcə də maliyyə sabitliyinin qanunvericiliyə uyğun təmin edilib-edilməməsini müəyyən etmək üçün nəzarət orqanı şirkətlərdən hesabatlar alır, onlarda müntəzəm yoxlamalar aparır.

Vəzifəli şəxslərin uyğunluğuna nəzarət. Sığorta nəzarəti orqanı həm də sığortaçıların rəhbər vəzifələrində çalışan şəxslərin uyğunluğu məsələsini də diqqətində saxlayır. Hər bir sığorta şirkəti öz rəhbərlərini təyin etməzdən əvvəl nəzarət orqanı həmin vəzifələrə namizədlərin təhsili və iş təcrübəsinin uyğunluğunu, iqtisadi və mülkiyyət sahəsində cinayətlər törədib-törətməməsini müəyyən etmək üçün araşdırma aparır.

Bundan sonra həmin şəxslər sığorta haqqında biliklərini təsdiq etmək üçün müvafiq imtahan verməlidirlər. Sığorta nəzarəti orqanı yalnız imtahandan müvəffəqiyyətlə keçən və qanuna uyğun təhsilə və iş təcrübəsinə malik olan namizədin müvafiq rəhbər vəzifəyə təyin olunmasına razılıq verir.

Sığorta vasitəçilərinə nəzarət. Sığorta bazarında yalnız sığortaçıların rəhbər vəzifələrinə namizədlərin deyil, bu bazarda mühüm rol oynayan sığorta vasitəçilərinin də keyfiyyətinə nəzarət olunur. Artıq bildiyiniz kimi sığorta vasitəçiləri, yəni sığorta agentləri və sığorta brokerləri sığortalılarla sığortaçıları əlaqələndirməklə kifayətlənməyib, onların sığorta müqaviləsini bağlamaq və hansı şərtlərlə bağlamaq qərarlarına təsir edə biləcək şəxslərdir.

Siz hansı həyat sığortası şirkətilə, hansı sığorta növü üzrə, hansı şərtlərlə müqavilə bağlamaq haqqında düşünərkən bir vasitəçiyə ehtiyacınız olacaq. Çünki bu məsələləri izah etmək onların birbaşa vəzifəsidir. Həmin vasitəçiləri tapmaq o qədər də çətin deyil, belə ki, sığorta bazarının peşəkar iştirakçılarının reyestrini aparan sığorta nəzarəti orqanının saytında sığorta agentlərinin və brokerlərin də reyestri yerləşdirilir. Reyestr cədvəlində müvafiq əlaqə məlumatlarını götürməklə əlaqə saxlayaraq sizi maraqlandıran sualları verə bilərsiniz. Hətta əgər sığortaçı sığorta vasitəçisinə müvafiq səlahiyyət veribsə, sığortaçının özü ilə görüşmədən belə sığorta vasitəçisi ilə müqavilənizi rəsmiləşdirə və sığorta haqqını ona ödəyə bilərsiniz.

Sığorta nəzarəti orqanı yalnız yaş, vətəndaş qüsursuzluğu və qanunda nəzərdə tutulmuş digər tələblərə uyğun olan və həmin orqanın keçirdiyi attestasiya imtahanlarından müvəffəqiyyətlə keçmiş şəxslərə sığorta agenti və sığorta brokeri fəaliyyətini həyata keçirmək icazəsi (lisenziyası) verir. Sığorta vasitəçiləri qismində fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər də fəaliyyət göstərir.

Sığorta qaydalarına nəzarət. Sığortalıların mənafelərinə zidd sığorta müqavilələrinin bağlanmasının qarşısını almaq məqsədilə sığorta nəzarəti orqanı şirkət tərəfindən hazırlanan sığorta qaydalarının qanunvericiliyə və sığortalıların mənafeyini pozmayan təcrübəyə uyğunluğuna nəzarət edir. Bildiyimiz kimi sığorta qaydaları müqavilənin tərkib hissəsi olur. Bu səbəbdən onun şərtlərinin qanunvericiliyə və sığortalının maraqlarına uyğun olması tələb olunur.

Qaydalar bu orqan tərəfindən nəzərdən keçirilərək razılaşdırıldıqdan sonra sığortaçı həmin qaydalar əsasında müvafiq növ üzrə sığorta müqavilələri müqavilələr bağlamaq hüququna malikdir.

Sanksiyalar. Sığortaçı öz fəaliyyətində qanunvericiliyin və ya sığorta nəzarəti orqanının tələblərini pozduqda, nəzarət orqanı ona qarşı sanksiyalar tətbiq edir. Bu sanksiyaların tətbiq edildiyi hallar və qaydalar qanunvericilikdə ətraflı şəkildə öz əksini tapıb. Bu o deməkdir ki, hər bir sığortaçı öz hərəkətlərinin və ya hərəkətsizliklərinin onun üçün hansı mənfi nəticəyə gətirib çıxaracağından xəbərdardır. Sığortaçıya məlumdur ki, fəaliyyətində ciddi qanun pozuntuları aşkar edildikdə, vətəndaşların hüquqlarının və qanuni maraqlarının pozulduğu hallarda lisenziyasının qüvvəsinin məhdudlaşdırılması, dayandırılması, hətta ləğvi ilə belə üzləşə bilər.