MƏQALƏLƏR

Böyük sevgidən doğulmuş kitab: Sədaqət Kərimovanın «Qusar və qusarlılar» ensiklopedik toplusu haqqında düşüncələr

  • 15.04.2011
 

Böyük sevgidən doğulmuş kitab:

Sədaqət Kərimovanın «Qusar və qusarlılar» ensiklopedik

toplusu haqqında düşüncələr

 Hər sözü bir ulduz, bir şəffaf almaz,

Mənalar dünyası qaranlıq deyil.

Bu gözəl kitablar yaranır az-az,

Çünki ömürlükdür, bir anlıq deyil.

Səməd Vurğun

 Obrazlı şeirləri, dərin psixoloji povest və romanları, günün nəbzini tutan maraqlı publisist yazıları ilə Azərbaycan oxucularının dərin rəğbətini qazanmış istedadlı qələm sahibi Sədaqət Kərimovanın bu yaxınlarda çapdan çıxmış «Qusar və qusarlılar» adlı kitabı məni həddindən artıq sevindirdi. Müəllifin 10 illik zəhmətinin, gərgin və ciddi axtarışlarının bəhrəsi olan bu kitab estetik görünüşü, rəngarəng mövzuları, onların qələmə alınması forması və sair məziyyətləri ilə məni cəlb etdi.

Müəllifin mövzuya ciddi yanaşması, arxiv materiallarından, yazılı mənbələrdən, qəzet materiallarından geniş istifadə etməklə yanaşı, Qusarı kəndbəkənd gəzməsi, yüzlərlə qusarlı ilə söhbət etməsi onun zəhmətkeşliyini aydın göstərir.

Kitabın iki dildə - ləzgi və Azərbaycan dillərində qələmə alınması onun sanbalını artırır. Qeyd etmək lazımdır ki, ləzgi dilində ilk dəfədir ki, ensiklopedik kitab çap olunur. Hər iki dildə müəllifin dili səlis, oynaq, rəvan  və eyni zamanda zəngindir.

Nəşr özünün səliqəliliyi ilə diqqəti cəlb edir. Onun mövzulara görə fəsillərə bölünməsi oxucunun ondan istifadəsini asanlaşdırır.

Bu mövzuda çap olunmuş bir sıra kitablardan onu orijinal dizaynı, nəfis çapı və şəkillərlə zəngin olması fərqləndirir. Uzunömürlü olmasından ötrü kitabın keyfiyyətli kağızda və qalın cilddə nəşr olunması da diqqəti çəkir.

Hər bir kitab oxucuya onun müəllifi haqqında da bilgilər verir. Sədaqət Kərimova da bu kitabı ilə bizim nəzərimizdə sadəcə müəllif kimi deyil, həm də tədqiqatçı, etnoqraf, dilçi kimi də canlanır. Kitabda verilmiş şəkillərin əksəriyyətinin müəllifə məxsus olması isə onun fotoqraf kimi fəaliyyətini də nəzərə çarpdırır.

Kitabı vərəqlədikcə bir daha əmin oluram ki, təmənnasız yazılmış, o vətən, yurd, el təəssübkeşliyi ilə qələmə alınmışdır. Müəllifin çoxdan dünyadan getmiş elcanlı, xeyirxah, nəcib insanların izlərini axtarıb tapmaq cəhdləri diqqəti çəkir.

S.Kərimovanın Qusarın tarixi, onun kəndləri, qədim məskənləri, abidələri və sairlə bağlı qeydlərində onun vətəndaş mövqeyi, yurd təəssübkeşliyi üzə çıxır. Ümumiyyətlə, bu kitabın müəllifin Qusara və qusarlılara sonsuz sevgisindən yarandığını əminliklə demək olar.

Bu kitab oxucunu düşündürür, onu yurduna bağlayır, qanadlandırır, qəlbini xoş hisslərlə doldurur. Bu mənada müəllif xeyirxah iş görmüşdür.

Görkəmli ləzgi tarixçisi Həsən Alqadarinin «Öz tarixini qoruyub saxlamaq hər bir xalqın borcudur» sözləri ilə başlanan I fəsildə Qusarın tarixi ilə bağlı müəllifin istifadə etdiyi məxəzlər göstərilir. «Qusar» sözünün etimologiyasından, Qusarın yaranma tarixindən, tarixin müxtəlif dövrlərində burada baş verən hadisələrdən bəhs olunur. Qədim və orta əsrlərə aid yaşayış yerləri, maddi-mədəniyyət abidələri haqqında verilmiş geniş məlumatlar oxuculara dərin bilgilər verir.

II fəsil Qusarın təbiətinə həsr olunur. Coğrafi əraziləri, iqlimi, geomorfologiyası, torpaq örtüyü, bitki və heyvanat aləmi, çayları, gölləri haqqında məlumat verən müəllifin «Şahdağ möcüzələri» bölməsində bu heyrətamiz təbiətli rayonun təsvirəgəlməz gözəlliklərindən söhbət açılır.

III fəsildə rayonun qədim kəndlərinin tarixindən bəhs olunur. Tahircal, Həzrə, Əniğ, Hil, İmamqulukənd, Aşağı Ləgər,  Köhnə Xudat, Əcəxür, Çətkün, Sudur, Xuluq, Kuzun, Gədəzeyxür, Xuray, Cibir, Zuxul, Mucuq, Avaran, Ləzə və başqa kəndlərlə bağlı müəllifin məlumatları doğma yurdu tanıtmaq və sevdirmək baxımından maraqlıdır.

Zəngin və maraqlı faktlar qələmə alınmış «Maarif» fəslində oxuculara indiyədək məlum olmayan faktlardan, hadisələrdən söhbət açılır, görkəmli maarif xadimlərinin həyat və yaradıcılığı təhlil olunur. Mirzə Əli Əfəndi, Molla Carullah, Cami Əfəndi, Məhəmməd Zərif  Əfəndi, Abdulhey Əfəndi, Zəbiyullah Əfəndi, Xanbaba Səfərov, Hacı Cavad, Zəki Əfəndi, Mehman Abdullayev, Əli Mücrüm Tağızadə və sair maarif fədailərinin xalqın savadlanmasında oynadığı roldan, onların çətin və şərəfli həyatından bəhs olunur.

Maraqlı fəsillərdən biri də «Alimlər»dir. Burada qusarlıların Azərbaycan və dünya elminə verdiyi töhfələr konkret misallarla göstərilir. Təkcə son 50 il ərzində 150-dən  çox elmlər doktoru və 500-ə yaxın elmlər namizədi yetirmiş, 20-dən çox alimi dünyanın ayrı-ayrı elmlər akademiyalarının akademiki olan qusarlılar haqqında məlumat verən müəllif onlardan 60-ı haqqında - elmi nailiyyətləri ilə dünyada tanınan elmlər doktorları haqqında ətraflı yazır. Kərim Kərimov, Kamal Abdullayev, Arif Şixverdiyev, Kamil Aydazadə, Qavriil İlizarov, İkram Novruzbəyov, İbramxəlil İbramxəlilov, Geylani Pənahov, Yarali Yaraliyev, Əhmədxan Əhmədov, Tarıqulu Əmiraslanov kimi alimlər Haqqında kitabdan geniş bilgilər almaq mümkündür.

Özünün alim sülalələri ilə tanınan Qusarda dörd elmlər doktoru yetirmiş cibirli Xanməmmədovlar, altı alim yetirmiş ləgərli Səidovlar kimi ailələrdən yazan müəllif maraqlı faktlar üzə çıxarmışdır.

«Yazıçılar» fəslində adlı-sanlı qusarlı qələm sahiblərindən söhbət açılır.

«İgidlər» fəslində azadlıq mübarizlərindən, Böyük Vətən Müharibəsi qəhrəmanlarından, Qarabağ döyüşlərində şücaətlər göstərmiş igidlərdən, Vətən uğrunda həlak olmuş şəhidlərdən söhbət açılır.

Azərbaycanın ilk Olimpiya çempionu-cüdoçu Nazim Hüseynovu yetirmiş Qusardan onlarca dünya çempionu çıxmışdır. Onlar haqqında söhbət açan müəllif «Yarışlar, uğurlar»  fəslini başdan-başa idman sahəsində rayonda qazanılmış nailiyyətlərə həsr etmişdir.

Tarixin müxtəlif dövrlərində Qusarı tərənnüm etmiş məşhur qələm sahiblərinə həsr olunmuş «Qusarı vəsf edənlər» fəsli də maraqlıdır. Burada M.Y.Lermontov, B.Marlinski, V.Dal, Ə.Navar, S.Vurğun, M.Hacıyev, S.Bəhlulzadə, D.Vəlibəyov kimi görkəmli insanları rayona bağlayan tellər çözələnir.

Kitabın ən maraqlı və yaddaqalan fəsillərindən biri «Etnoqrafiya»dır. Burada ləzgilər, ləzgi dili, ləzgi evi, ləzgi mətbəxi, ləzgilərin bayramları və s. bağlı verilmiş oçerklər məlumatlılığı ilə diqqəti cəlb edir.

Ümumiyyətlə, kitab məzmunlu və rəngarəng olması ilə səciyyələnir. Hər fəslin sonunda ləzgi və Azərbaycan dillərində verilmiş lüğətlər isə onu daha da maraqlı edir.

704 səhifə həcmində olan bu ensiklopedik toplunu Sədaqət Kərimovanın uzun illik axtarışlarının gözəl bəhrəsi, onun əməksevərliyinin bariz nümunəsi, müəllifin doğma yurduna sonsuz məhəbbətinin təzahürü hesab etmək olar.

 

Bəybala Ələsgərov,

                                                   Beynəlxalq Nobel İnformasiya

Mərkəzinin həqiqi üzvü, BNİM

           Qafqaz və Orta Asiya ölkələri üzrə

səlahiyyətli nümayəndəsi

«Qızıl qələm» mükafatı laureatı