MƏQALƏLƏR

İxraca hazırlıqda qablaşdırma

  • 15.04.2011
 

İxraca hazırlıqda qablaşdırma

Qablaşdırma vəsaitləri məhsulu qoruyan, təmiz və etibarlı şəkildə saxlayıb, yığılmasını və istehlakçıya çatdırılmasını təmin edən vəsaitlərdir.Qab məhsulun saxlanılmasını, dizaynı isə məhsulun satılmasına dəstəyi  təmin edir. Müasir satış metodlarında qabın dizaynı istehlakçının diqqətini çəkməsini təmin etməkdə və istehlakçının qərarına təsir etməkdədir. Bu səbəblə qab yalnız məhsulun zərər görməsində deyil, satılmasında da olduqca əhəmiyyətli bir faktordur.

 

Yuxarıda qeyd edildiyi kimi qablaşdırma məhsulun satışına təsir göstərən amillərdən biridir. İstehsalçılar qablaşdırmaya ikinci dərəcəli məsələ kimi baxmamalıdırlar. Bəzi hallarda müəssisə qurulur, istehsal prosesinə başlanılır, sonradan məlum olur ki, qablaşdırma vaxtında öyrənilmədiyindən  iş “axsayır”. Qərb ölkələrində qida təhlükəsizliyinə göstərilən həssaslıq məhsullarını ixrac etməyi planlaşdıran şirkətləri daha hazırlıqlı olmağa vadar edir. Hətta məhsulun qablaşdırılmasında istifadə olunan materialın necə hazırlandığı, onun üzərinə çapın hansı keyfiyyətlə vurulduğu barədə sənədlər tələb oluna bilər.  

 

Nə qədər idxal-ixrac prosedurlarında seçilən gömrük rejiminin əhəmiyyəti var, bir o qədər də qablaşdırmanın xüsusiyyətlərinin onun aparılmasında əhəmiyyəti vardır. Belə ki, qablaşdırma zamanı onun ətraf mühitə, təmasda olduğu məhsula və məhsulu istehlak edən insanlara təsirləri üzrə balanslaşdırılmış müsbət nəticələrə nail olmaq üçün qablaşdırmanı onun xüsusiyyətlərinə uyğun həyata keçirmək lazımdır.
Azərbaycanda və inkişaf etmiş ölkələrdə, xüsusilə Avropa Birliyində qablaşdırma üçün aşağıdakı xüsusiyyətlər əsas götürülür ki, həmin ölkələrə mal ixrac edən iş adamları öz məhsullarını həmin xüsusiyyətlə əsasında qablaşdırmalıdırlar.

 

Fiziki gücü. Qablaşdırma elə fiziki gücə malik olmalıdır ki, o malların normal daşınması və saxlanması, temperatur dəyişikliyi, titrəyişə məruz qaldığı zamanı malın ilkin tərkibinin mühafizəsinə imkan versin.

 

Maneələrdən mühafizə. Qablaşdırma elə olmalıdır ki, malın tərkibini xarici mühitin təsirindən (oksigen, günəş, radiasiya, rütubət, hava axını) qoruya bilsin və məhsulun ətraf mühitə əks təsirinin qarşısını alsın. Nəticədə malın nəzərdə tutulmuş müddətdə istehlaka yararlı vəziyyətdə qalmasını təmin etsin.

 

Məhsula və ətraf mühitə mənfi təsir etməməsi. Qablaşdırma, xüsusilə malla birbaşa təmasda olan qablaşdırma gigiyenik cəhətdən elə olmalıdır ki, onunla məhsul arasında hər hansı zərərli kimyəvi proses getməsin və ətraf mühitlə də eyni tip reaksiya baş verməsin. Məhsulun qablaşdırmasında istifadə edilən qablaşdırma materialının məhsulun tərkibindən asılı olaraq hər hansı bir reaksiyaya girmə ehtimalı varsa, onda onun məhsulla təmasda olan daxili səthinə əlavə izolyasiya vasitəsi çəkilməlidir.

 

Açılma və təkrar açılma. Qablaşdırma nəzərdə tutulan sayda onun açılmasına və təkrar açılmasına imkan verməlidir.

 

İnformasiyanın ötürülməsi. Qablaşdırma məhsul, ondan istifadə və təhlükəsizliyi haqqında zəruri məlumatları istehlakçılara ötürməlidir.

 

Qablaşdırma ömürünün yetərliliyi. Qablaşdırmanın ömürü məhsulun istismar müddəti bitənədək olmalıdır və bu müddətdə məhsul və ətraf mühitin təsirindən məhsulu qorumaqla bağlı öz funksiyasını yerinə yetirmək qabiliyyətini itirməməlidir.

 

Asan istifadəyə yararlığı. Qablaşdırma malın götürülməsi, əldə saxlanması, daşınması, yerləşdirilməsi və qabdan asan çıxarılmasına imkan verməlidir.

 

İstehlakçıların düzgün təəssüratı. Qablaşdırma elə olmalıdır ki, istehlakçılarda məhsulun mahiyyəti, kəmiyyəti və keyfiyyəti haqqında düzgün təəssürat yaratsın. Ona görə qablaşdırma malın çəkisinə uyğun olmalı, öz funksiyalarını (təhlükəsizlik, kənar təsirlərdən mühafizə və s.) yerinə yetirmək qabiliyyəti olmaq şərtilə onda istifadə olunan materiallar minimum miqdarda olmalıdır.

 

İnsan sağlamlığı və təhlükəsizliyinə təsiri. Qablaşdırmada istifadə olunan materiallar onunla təmasda olan insanların sağlamlığına, təhlükəsizliyinə zərərli olmamalıdır.

 

Ətraf mühitə təsiri. Qablaşdırmada istifadə olunan materialların ətraf mühitə də zərərli təsiri olmamalı və onlar maksimum təkrar istifadəyə, bərpa edilməyə və təkrar emal edilərək istifadə edilməyə yararlı olmalıdır, eləcədə məhsul istehlak edildikdən sonra onun qablaşdırılmasından ətraf mühitə minimum tullantı çıxmalı və tullantı enerji məqsədləri üçün istifadə edilməlidir.

 

İstifadə qaydaları. Qablaşdırma ondan istifadə qaydaları, hər hansı təhlükələr, açılması, bağlanması və saxlanması qaydalarını özündə əks etdirməlidir.

 

Qablaşdırmanın mərhələləri

 

Hazırkı dövrdə qablaşdırma əsasən avtomatlaşdırılmış formada aparıldığından mərhələlər də istifadə olunan avadanlıq tərəfindən tənzimlənir. Ancaq ümumilikdə qablaşdırmanın mərhələlərini aşağıdakı kimi təsnifləşdirmək olar. 

 

- Müfaviq məhsulun qablaşdırılmasına dair milli və məhsul ixrac ediləcək ölkələrin tələblərinin müəyyənləşdirilməsi;
- Həmin tələblərə uyğun qablaşdırma materialının seçilməsi və ya istehsal edilməsi;
-Tələblərin yerinə yetirilməsinə imkan verən qablaşdırma avadanlıqlarının əldə edilməsi;
- Qablaşdırmanın məhsulla təmasda olmasına və təyinatına görə onun növünün seçilməsi;
- Məhsulun növündən və tərkibindən asılı olaraq qablaşdırma üsulunun seçilməsi;
-Qablaşdırmanın tələblərə uyğun aparılması;
- Qablaşdırmanın tələblərə uyğunluğunun yoxlanılması və keyfiyyətinə nəzarət;
-Qablaşdırmanın markalanması.

 

Qablaşdırmaya dair Azərbaycanda və Avropa Birliyində mövcud olan tələblər 

 

Ölkəmizdə məhsulların qablaşdırılmasına dair tələblər özünü əsasən aşağıdakı mənbələrdə tapıb:
- Müvafiq qanunvericilik aktında- məsələn, Yeyinti məhsulları haqqında, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında və digər normativ hüquqi aktda;
- Qablaşdırmaya dair ümumi standartlarda və digər normativ sənədlərdə;
- Hər məhsula aid standartda və ya texniki şərtdə;
- Müəssisə daxili təlimatlarda və standartlarda.

 

Qanunvericilikdə qablaşdırma haqqında tələblər yalnız "müvafiq normativ-texniki sənədin tələblərinə uyğun həyata keçirilməlidir" kimi öz əksini tapmışdır ki, bu da normativ sənədlərə istinad deməkdir. Deməli, əsas tələblər standartlarda öz əksini tapmışdır. Azərbaycanda qablaşdırma ilə bağlı standartlarda müəyyənləşdirilən tələblər 2 formada mövcuddur:
1.Hər məhsula dair standartın müvafiq bəndində.

 

Məhsula dair standartın bəndində qablaşdırma üsulları və materialları ilə bağlı aşağıdakı məsələlər öz əksini tapır:

 

-İstifadə olunmuş materiallarla yanaşı məhsulun qablaşdırmaya hazırlıq qaydaları;
- İstehlak nəqliyyat tarası, o cümlədən təkrar istifadəli tara, qablaşdırmada istifadə olunan köməkçi vasitələr;
- Daşınma şəraitindən asılı olaraq (tarada, tarasız) qablaşdırma üsulları;
- Məhsulun düzülmə üsulları və yerləşdirilmə qaydaları;
-Qablaşdırma zamanı tarada yerləşdirilən sənədlərin siyahısı və onların qablaşdırılma üsulları və s.

 

2.Qablaşdırma ilə bağlı ümumi standartlar

 

Qablaşdırmaya dair ümumi tələblər isə müvafiq QOST standartlarında öz əksini tapmışdır ki, bu tələblər bütün növ məhsulların qablaşdırılmasına şamil edilə bilər. Bu cür standarta misal QOST 14192-96 standartını göstərmək olar.

 

Avropa Birliyinin qablaşdırma ilə bağlı tələblərinə gəldikdə isə burada əsas tələblər qablaşdırmanın ətraf mühitə mənfi təsirinin qarşısının alınması, eləcə də tullantıların miqdarının minimuma endirilməsi ilə bağlıdır. Ona görə də Avropa Birliyində qablaşdırmanın təkrar istifadə, emal edilərək təkrar istifadə və enerji məqsədləri üçün bərpa edilməyə yararlılığı əsas götürülür. Bununla bağlı aşağıdakı hədəflər müəyyənləşdirilib:

 

-60 % qablaşdırma tullantılarının enerji məqsədləri üçün bərpası;
-55 % qablaşdırma materialının təkrar emala yararlı olması;
-60 % şüşə, 60 % kağız, 50 % metal, 22, 5 % plastik və 15 % taxta qablaşdırma materialının emal edilməsi.

 

Birlikdə qablaşdırmaya dair tələbləri "Qablaşdırma və qablaşdırma üzrə tullantılara" dair Direktivlə (94/62/EC) və digər normativ sənədlərlə müəyyənləşdirilir. Digər sənədlər isə aşağıdakılardır:
-Direktiv 2004/12/CE- Qablaşdırma üzrə terminlər;
-Direktiv 2005/20/CE;
-Qablaşdırma ilə bağlı EN standartları;
- Qablaşdırma və ətraf mühit üzrə Avropa Birliyinin sənədləri;
- Milli qanunvericilik.

 

Azərbaycanda qablaşdırma məhsulları istehsalçılarının sayının çox olmaması digər bir çətinlikdir. Yerli istehsalçılar məhsulları üçün qablaşdırma vasitələrini xaricdən idxal etmək məcburiyyətində qalırlar ki, bu da son nəticədə məhsulun maya dəyərini yüksəldir.

 

Qeyd edək ki, dünyada qablaşdırma məhsulları bazarının həcmi 439 milyard dollar civarındadır. Bu bazarın 2014-cü ilə qədər 3,5 % böyüyəcəyi ehtimal edilməkdədir. Bazarın 36 %-ni kağız-karton qablar, 34 %-ni plastik qablar, 17 %-ni metal qablar, 10 %-ni şüşə qablar formalaşdırmaqdadır. Dünyanın ən böyük qablaşdırma məhsulları, ixrac edən ölkələr Avropa Birliyi ölkələri, ABŞ,Yaponiya və Çindir.

 

 Seymur Yunusov