MƏQALƏLƏR

Vergi xidmətində daha bir müasir layihəyə start verilmişdir

  • 15.04.2011
 
 

Vergi xidmətində daha bir müasir layihəyə start verilmişdir

«Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» Tvinninq layihəsinin təqdimat mərasimi keçirilmişdir

2011-ci il aprelin 14-də Hyatt Bakı hotelində Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində «Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» Tvinninq layihəsinin təqdimatı keçirilmişdir. Təqdimat mərasimini Azərbaycan Respublikası vergilər naziri Fazil Məmmədov açmışdır. Mərasimdə Azərbaycanın dövlət qurumlarının, Avropa İttifaqının, BMT-nin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndələri, həmçinin Niderland Krallığının Azərbaycandakı səfiri iştirak etmişdir.

Tədbirdə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia, Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arjen Uijterlinde, Vergilər Nazirliyi tərəfindən layihənin rəhbəri, vergilər nazirinin müşaviri Asəf Əsədov, Niderland Krallığının Vergi və Gömrük Administrasiyası tərəfindən layihənin rəhbəri Jaap Snaterse, layihə üzrə rezident müşavir Leendert Kers, baş ekspert Joost Kuipers çıxış etmişlər.

Avropa İttifaqının texniki yardım alətlərindən biri olan Tvinninq proqramı Avropa İttifaqının üzv və ya qonşuluq siyasəti həyata keçirdiyi dövlətlərlə əməkdaşlığı prosesində milli qanunvericiliklərin Avropa İttifaqının  qanunvericiliyinə adaptasiyası üçün müasir dövlət idarəetməsi elementlərinin tətbiqini nəzərdə tutan ümumi inzibati əməkdaşlıq alətidir. Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Azərbaycanın Fəaliyyət Planından irəli gələn öhdəliklərə əsasən Vergilər Nazirliyinin benefisiarı olduğu «Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» adlı Tvinninq layihəsinin reallaşdırılması ölkəmizdə vergi audit sahəsində inzibatcılığın ən yüksək beynəlxalq standartlara uyğünlaşdırılmasını nəzərdə tutur.

Layihənin reallaşdırılması ölkəmizdə iri və orta müəssisələrin audit yoxlamaları sahəsində Nazirliyin müvafiq strukturlarının texnoloji, metodik, analitik və insan resursları baxımından təkmilləşdirilməsinə, e-bəyannamələrin tətbiqi ilə yanaşı müəssisələrdə mühasibat uçotunun elektron formatda aparılmasına və e-auditin tətbiqinə imkan verəcək.

2010-cu ilin may ayında Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyində Danimarka, Finlandiya, Estoniya, Fransa, Almaniya, Niderland və Litvanın vergi administrasiyalarının nümayəndələrin iştirakı ilə keçirilmiş tenderdə Niderland Krallığının Vergi və Gömrük Administrasiyası qalib gəlmişdir. Niderland Krallığı e-auditin tətbiqi sahəsində Avropada ən qabaqcıl təcrübəyə malik olan ölkələrdən biridir.

2011-ci ilin 1 mart tarixindən iki il ərzində həyata keçiriləcək Tvinninq layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.

Layihə özündə altı komponenti birləşdirir. Bunlar e-auditin tətbiqi üçün zəruri olan hüquqi bazanın hazırlanması, e-audit üçün müvafiq proqram təminatının seçilməsi, e-audit üzrə məlumat bazasının yaradılması, e-audit metodologiyasının hazırlanması və e-auditorların treninqinin təşkili, e-audit sisteminə uyğun olaraq orta və iri müəssisələr arasında istifadə edilən e-mühasibat sistemlərinin tətbiqi praktikasının inkişaf etdirilməsi, e-audit sisteminin Azərbaycanda tətbiqindən ibarətdir.

E-audit sisteminin tətbiqi vergidən yayınmaya qarşı preventiv rol oynamaqla bərabər, eyni zamanda vergi yoxlamalarına sərf olunan vaxtdan və insan resurslarından daha qənaətlə istifadəyə imkan yaradır.

Avropa Komissiyası ekspertlərinin rəylərinə əsasən, Tvinninq layihəsinin reallaşdırılması nəticəsində Azərbaycan MDB məkanında ən müasir e-audit sisteminin tətbiqinə nail olacaq. «Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» Tvinninq layihəsi ölkəmizin vergi xidmətinin daha da təkmilləşdirilməsinə, texnoloji, metodik və analitik resurslarının gücləndirilməsinə daha bir töhfə verəcəkdir.

 

«Azərbaycanın vergi xəbərləri» jurnalının 3-cü nömrəsi çapdan çıxmışdır

Vergilər Nazirliyinin resenziyalı, aylıq elmi nəşri olan «Azərbaycanın vergi xəbərləri» jurnalının bu ilki üçüncü nömrəsi çapdan çıxmışdır.

 

Jurnalın «Rəsmi» rubrikasında «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqinin qısa xülasəsi verilmişdir.

 

Vergilər Nazirliyinin martn 9-da keçirilmiş, vətəndaş muraciətlərinə baxılmasının vəziyyəti ilə bağlı məsələlərə həsr olunmuş kollegiya iclası haqqında, həmçinin Azərbaycan-Litva birgə hökumətlərarası komissiyasının həmsədri, vergilər naziri Fazil Məmmədovun ATƏT-in fəaliyyətdə olan sədri, Litva Respublikasının xarici işlər naziri Audronyus Ajubalislə görüşü barədə geniş məlumatlat «Xəbərlər» rubrikasında yerləşdirilmişdir.

 

Jurnalın ənənəvi «Aktual» rubrikasında bu dəfə Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadi nəzəriyyə-1» kafedrasının müdiri,  Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatının Ali Məclisinin sədri, professor Əlican Babayevin  «Azərbaycan iqtisadiyyatının milli modeli: əsas cəhətləri və xüsusiyyətləri» başlıqlı analitik məqaləsi dərc edilmişdir.

 

Jurnalda Vergilər Nazirliyinin Tədris Mərkəzinin Tədris və metodika şöbəsinin rəisi, dosent R.Məhərrəmovun «Vergi növləri - praktika və metodologiya - gəlir vergisi», Azərbaycan Dövlət İqtisad Universitetinin «Maliyyə - 2» fakültəsinin dekanı, dosent A.Kərimovun «Kommersiya bankları bank xidmətlərinin göstərilməsinin baza əsası kimi», Azərbaycan Dövlət Neft Akademiyasının müəllimi E.Ələkbərovanın «Müəssisələrin restrukturizasiyasının prioritet istiqamətləri», Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantı Ş.Bayramovun «Avropa İttifaqinin genişlənməsi və Avropa qonşuluq siyasəti: müqayisəli təhlil və qiymətləndirmə», Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşı R.Həsənovun «Qlobal maliyyə böhranları: səciyyəvi cəhətlər, ortaq xüsusiyyətlər» başlıqlı elmi məqalələri oxucuların diqqətinə təqdim olunmuşdur.

 

«Yeni nəşrlər» rubrikasında Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Pespublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Əli Nuriyevin «Regional siyasət və idarəetmənin əsasları» dərsliyi haqqında «Azərbaycanın vergi xəbərləri» jurnalının baş redaktoru, professor E.Hacızadənin  resenziyası dərc edilmişdir.

 

«Elm korifeyləri» rubrikasında oxuculara 1974-ci ildə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş İsveç iqtisadçısı Myurdal Qunara və ingilis-Avstriya iqtisadçısı Fridrix fon Hayekin həyatı və elmi fəaliyyəti barədə məlumat verilir.

 

Bundan başqa, jurnalda Nazirlər Kabinetinin vergitutma məsələləri ilə bağlı bir sıra qərarlarının tam mətni, vergilərlə bağlı maraqlı olaylar,  iqtisadi terminlər lüğəti, Azərbaycan, ingilis və rus dillərində «Müəlliflər üçün qaydalar» ilə də tanış olmaq mümkündür.

 

Nağdsız ödənişlərin stimullaşdırılması

Son illərdə aparılmış geniş islahatlar çərçivəsində ölkəmizdə müasir standartlar əsasında Milli Ödəniş Sistemi infrastrukturu yaradılmışdır. Milli Ödəniş Sisteminin ayrı-ayrı komponentləri iri və təcili ödənişlərin real vaxt rejimində həyata keçirilməsinə, habelə xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla aparılmasına imkan verir.

Ölkəmizdə kart infrastrukturu nəzərəçarpacaq dərəcədə inkişaf etmiş, bankomatların sayı 1.912, POS-terminalların sayı 7.983, dövriyyəyə buraxılmış ödəniş kartlarının sayı isə 4,2 mln. ədədə çatmışdır. Mərkəzi Bankın rəsmi məlumatına əsasən, 2010-cu il ərzində elektron ödəniş sistemləri üzrə dövriyyə 85 mlrd. manat təşkil etmişdir. Lakin yaradılmış potensialdan tam istifadə edilməməsi, iqtisadi subyektlər və əhali tərəfindən alqı-satqı əməliyyatlarının aparılması zamanı nağd qaydada hesablaşmalara üstünlük verilməsi Azərbaycanda nağdsız dövriyyənin arzu olunan səviyyəyə çatmasını ləngidir. Digər tərəfdən, nağdsız ödəniş alətlərindən istifadə imkanlarının məhdud olması, elektron ödəniş xidmətləri üçün institusional bazanın zəifliyi, POS-terminal şəbəkəsinin azlığı, əhalinin nağd pulla ödəniş vərdişi və bir sıra digər amillər də öz mənfi təsirini göstərir.

Mərkəzi Bank tərəfindən nağdsız ödəniş sistemlərinin təhlükəsizliynin təmin olunması istiqamətində hansı işlər görülür?

«Mərkəzi Bank haqqında» Qanuna əsasən, Mərkəzi Bank ödəniş, o cümlədən hesablaşma və klirinq (prosessinq) sistemlərinin sabit işləməsini təmin etmək məqsədilə onların fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və nəzarəti həyata keçirir. Bu fəaliyyətlər Mərkəzi Bank tərəfindən qəbul olunmuş «Ödəniş sistemlərinə nəzarət konsepsiyası» və «Sistem əhəmiyyətli ödəniş sistemlərinin qiymətləndirilməsinə dair metodoloji rəhbərlik», «Prosessinq təşkilatlarına icazələrin verilməsi və prosessinq fəaliyyətinə nəzarət qaydaları» kimi sənədlərlə nizamlanır. 

Elektron ödəniş xidmətlərinin istifadəsi üzrə təhlükəsizliyin təmin edilməsi, risklərin azaldılması, elektron ödəniş sistemlərinin sabit və fasiləsiz fəaliyyətinin həyata keçirilməsi məqsədilə ödəniş sistemləri və hesablaşmalar sahəsində hüquqi-normativ və qanunvericilik bazasının beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

Hazırda Mərkəzi Bank tərəfindən elektron ödəniş xidmətlərinin istifadəsinin artırılması məqsədilə kompleks tədbirləri ehtiva edən Dövlət Proqramı hazırlanır. Bu sənəddə həm ödəniş sistemlərinin institusional bazasının gücləndirilməsi, həm də əhalinin iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə cəlb edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi öz əksini tapmışdır.

Nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə beynəlxalq təcrübədən necə istifadə edilir?

Beynəlxalq təcrübədə nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə ödəniş terminallarının ölkə ərazisinə gətirilməsinə tətbiq olunan əlavə dəyər vergisinin, gömrük rüsumlarının dərəcələrinin aşağı salınması, elektron ticarətlə məşğul olan müxtəlif təşkilatlara vergi güzəştlərinin tətbiq edilməsi, müxtəlif lotereya, uduş və bonus kampaniyalarının həyata keçirilməsi təcrübəsinə rast gəlinir. Bu tədbirlərin ölkəmizdə həyata keçirilməsi elektron ödəniş xidmətlərindən istifadəni stimullaşdırmaqla nağdsız dövriyyənin yüksəlməsinə öz müsbət təsirini göstərə bilər.

Məlumat üçün qeyd edək ki, bir neçə ay öncə Vergilər Nazirliyinin və Mərkəzi Bankın əməkdaşlarından ibarət işçi qrup yaradılmışdır. Bu qrupun hökumətə təqdim etdiyi təkliflər paketi dövlətə vergi, rüsum, icarə haqqı və s. ödənişlərin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdankənar nağd qaydada aparılmasının aradan qaldırılmasını və bütövlükdə nağdsız ödənişlərin stimullaşdırılmasını əhatə edir. Təkliflər paketinə stimullaşdırıcı inzibati, tənzimləyici tədbirlər də daxil edilmişdir.

Toğrul Əliyev