Yeni bəyannamə və arayış formaları təsdiq olunmuşdur
Son bir neçə ildə Vergilər Nazirliyi tərəfindən vergi bəyannamələrinin təkmilləşdirilməsi ilə əlaqədar ardıcıl işlər görülmüş, bəyannamələrin formaları dəyişdirilmiş, həcmi genişləndirilmiş, məlumat sətirlərinin sayı artırılmışdır. Eyni zamanda, bəyannamələrin vergi orqanına təqdim olunması prosesi inkişaf etdirilmiş, vergi ödəyicilərinə bəyannamələrin elektron daşıyıcıları vasitəsilə birbaşa təqdim edilməsi imkanı yaradılmışdır.
Vergi sisteminin inkişafı çərçivəsində mütəmadi olaraq vergi bəyannamələrinin təkmilləşdirilməsi, tərtibatının sadələşdirilməsi həyata keçirilir. Vergi bəyannamələrinin tərtibatının sadələşdirilməsi və təqdim edilməsi müddətləri üzrə hədlərin müəyyənləşdirilməsi məqsədilə araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin verilməsi bu ilin əvvəlində vergilər naziri tərəfindən təsdiqlənmiş «Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı konsepsiyası (2011-2015)»nda öz əksini tapmışdır.
Aparılan ardıcıl tədbirlərin davamı olaraq, vergilər naziri cənab Fazil Məmmədovun əmri ilə «Gəlir vergisinin bəyannaməsi» və onun əlavəsi, «Mənfəət vergisinin bəyannaməsi» və onun əlavəsi, «Əmlak vergisinin bəyannaməsi» və onun əlavəsi, «Dövlət rüsumu tutulması haqqında hesabat» və «Vergi öhdəliyinin yaranmaması haqqında arayış» formaları, eləcə də bəyannamələrin, hesabat və arayışın yeni tərtib olunma qaydaları təsdiq edilmişdir. Vergi bəyannamələrinin və arayışların formaları Vergilər Nazirliyinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) yerləşdirilmişdir.
|