Magistrantlar arasında referat yazılışı üzrə respublika müsabiqəsinin təqdimat mərasimi keçirildi
Magistrantlar arasında referat yazılışı üzrə respublika müsabiqəsinin təqdimat mərasimi keçirildi
Aprelin 13-də Azərbaycan Dövlət İqtisad Universitetində «Azərbaycanin vergi xəbərləri» jurnalının ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə «Vergilər və iqtisadi inkişaf» mövzusunda magistrantlar arasında referat yazılışı üzrə respublika müsabiqəsinin təqdimat məclisi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan «Azərbaycanın vergi xəbərləri» jurnalının baş redaktoru, iqtisad elmləri doktoru, professor Elşən Hacızadə toplaşanları salamlamış, redaksiya adından onlara təşəkkür etmişdir. O, «Azərbaycanın vergi xəbərləri» jurnalı, onun missiyası haqqında məlumat vermiş, bildirmişdir ki, jurnal 2003-cü ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsis edilmiş müstəqil, resenziyalı, aylıq elmi nəşrdir.
Jurnalın əsas missiyasını vergiqoymanın müasir problemlərini və vergi işinin ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərci təşkil edir. Bununla yanaşı, jurnalda həmçinin iqtisadiyyatın digər sahələrilə bağlı yazılmış orijinal məqalələrin dərcinə də yer verilir. Jurnalımız alim və mütəxəssislərə, doktorant və dissertantlara bütünlüklə iqtisad elmi sahəsində yerinə yetirdikləri tədqiqatların dərc olunması üçün geniş meydan açır.
Redaksiya jurnalın elmi sanbalını artırmaq, oxucu auditoriyasını daha da genişləndirmək, onu respublikamızda öz kateqoriyasında öncül mövqeyə çıxarmaq və geniş beynəlxalq elmi ictimaiyyətin diqqətinə təqdim etməyi qarşıya məqsəd qoymuşdur. Jurnal həmçinin vergi işi və vergilərlə bağlı konfrans və seminarların, sərgi və müsabiqələrin, elmi eksperimentlər üzrə sosial sorğuların, iqtisad elmləri üzrə beynəlxalq aləmdə tanınmış nüfuzlu alimləri dəvət etməklə mühazirələrin və dəyirmi masaların təşkil edilməsini, nəşrin ingilsdilli variantının hazırlanması və yayımlanması istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Professor E.Hacızadə jurnalın magistrantlar arasında keçirdiyi referat müsabiqəsi haqqında geniş məlumat vermiş, bildirmişdir ki, müsabiqənin keçirilməsi ümummilli lider Heydər Əliyevin anadan olmasinin 88-ci ildönümünə həsr edilmişdir. Müsabiqənin mövzusu «Vergilər və iqtisadi inkişaf»dır.
O, qeyd etmişdir ki, bu müsabiqənin təşkil edilməsində məqsəd Azərbaycanın ali təhsil müəssisələrinin magistrantları arasında vergi sahəsində araşdırmalar aparan ən yaxşı tədqiqatçıları üzə çıxarmaq, vergi mövzusunun gənc tədqiqatçılar arasında populyarlığını artırmaq və bu cəhətdən müvafiq mütəxəssislərin hazırlığını stimullaşdırmaqdır.
Layihənin tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti (Magistratura Mərkəzi, Vergilər Kafedrası) Azərbaycan Universiteti (Magistratura Bölməsi), Vergilər Nazirliyinin Tədris Mərkəzi və jurnalın redaksiyasıdır. Müsabiqənin qalibləri mükafalandırılacaq, diplomla təltif olunacaqlar. Bundan başqa, müsabiqdə iştirak etmiş müvafiq yerlər qazanmamış bütün iştirakçılara sertifikatlar təqdim olunacaq, onlara Vergilər Nazirliyi tərəfindən suvenirlər veriləcəkdir.
Təqdimat mərasimində Azərbaycan Universitetinin “Ümumi iqtisadiyyat” kafedrasının müdiri, i.e.n., dos. Dünyamalı Vəliyev, ADİU-nun Türk Dünyası İşlətmə fakültəsinin dekanı doktor Şükran Akgül, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris və Metodika şöbəsinin rəisi, i.e.n., dos. Ramiz Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura Mərkəzinin direktoru i.e.n., dos. Həsən İsrafilov çıxış etmişlər.