MƏQALƏLƏR

Həm cana, həm də iqtisadiyyata faydalı olan sənaye

  • 29.04.2011

Həm cana, həm də iqtisadiyyata faydalı olan sənaye

Həm süfrəyə tez hazırlanıb verilə bilən, həm də digər  xəmir yeməklərindən fərqli olaraq kökəlmə vermədiyindən qadınlar makaronu çox sevirlər. Kişilər isə makaronu elə də xoşlamırlar. Son zamanlar nahar vaxtı makaron xörəklərini yeyən kişilərin sayının artması müşahidə edilsə də, hələ də onların əksəriyyəti makarona “əsgərlik yeməyi” kimi baxır.  

Qadınların və əsgərlik xidmətinin bu qidaya tələbatı varsa, deməli, bizə makaron istehsalı ən azı buna görə lazımdır. Amma dünya makaron istehsalına xüsusi önəm verir, bu məhsulun ticarətindən böyük gəlirlər əldə edilir. Bəs biz də “tikədən” pay ala bilərikmi?  Azərbaycanın makaron fabriklərinin  qlobal rəqabətə qoşulmalarına nələr mane olur?

Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün bir sıra dövlət proqramları icra olunur, prioritet sahələr təşviq  edilir. Bu proqramlarla bərabər ayrı-ayrı istehsal növlərinin xüsusi proqramlarla dəstəklənməsinə, dövlət təşviqlərinin konkret məhsul növləri ilə əlaqləndirilməsinə ehtiyac duyulur ki, bunlardan biri də makaron məmulatlarının istehsalıdır.  Makaron istehsalı taxılçılıq ilə sığ bağlı olan istehsal növüdür, buna görə də taxılçılığın, həmçinin taxılçılıq istiqamətli toxumçuluğun makaron istehsalı sənayesinin tələblərinə uğun da inkişaf etirilməsi  zəruridir.

 Kim Tapdı?

Qədim Roma, Ərəb və Çin mədəniyyətlərində makaronun istifadə edildiyini müxtəlif tarixi qaynaqlar sübut etməkdədir. İtaliyada  Roma şəhəri yaxınlığında aparılmış qazıntılar zamanı Qədim Roma dövrünə aid makaron istehsalında istifadə edilən alətlər tapılmışdır. Romalıların "Lagana" adlandırdıqları makaronun da bu dövrdən qalma olduğu düşünülməkdədir. Miladdan sonra I əsrdə yaşamış olan Apicio, "De re coquinaria" adlı əsərində "Lagana"dan danışmaqdadır.

Ərəb mədəniyyətində makaron ilə əlaqədar daha çox məlumatlara  rast gəlməkdəyik. X əsrdə makaronun karvanlar və gəmilərlə nəql edildiyi, böyük fəthlərlə birlikdə müxtəlif millətlərin ilk dəfə makaron ilə tanış olduğunu Ərəb tarixçilərinin əsərlərindən öyrənirik.

Çin mədəniyyətində isə makarondan istifadə edilməyə daha qədimlərdə başlanılmışdır. Miladdan əvvəl 1700-cü illərdə Çində makaron istehlak edildiyi aşkarlanıb. İtalyan səyyahı  Marco Polonun 1292-ci ildə Çinə etdiyi səyahətdən qayıdarkən özü ilə "Spaghetti" adı verilən makaron növünü gətirdiyi məlumdur.

Ərəblərin Azərbaycana gəldikləri zamanlar Azərbaycan mətbəxi əriştə ilə tanış olmuşdur. Əvvəllər evlərdə hazırlanan əriştənin fabrik üsulu ilə hazırlanması XIX əsrin sonlarından etibarən Dadlılar nəslinin un məmulatları istehsalı ilə məşğul olmasıyla başlamışdır.

 Necə Yayıldı?

Makaron  yayılmasına görə iki ünsürə borcludur: Texnologiya və  Bəsləyici xüsusiyyətinə. Makaron əvvəllər ev istehsalı olduğundan istehsal həcmi məhdud idi. XVIII əsrdə maşın və avadanlıqların kəşf edilməsindən sonra makaronun fabriklərdə istehsalı mümkün olmuşdur. Bəsləyici xüsusiyyətinin təsbit edilməsi də makarona olan tələbi davamlı artırmışdır.

 İtaliya ən çox makaron istehsal edən ölkədir

 2010-cu ildə dünyada 11.876.983 ton makaron istehsal olunmuşdur. Makaron istehsalı bir neçə ölkənin “əlində” cəmləşmişdir. İtaliya 3.100.843 ton və ya  32 % pay ilə dünyanın ən böyük istehsalçısıdır. İtaliyanın ardı ilə isə ABŞ (12%),  Braziliya (11%) və Rusiya Federasiyası (6%) gəlir. Türkiyə dünya makaron istehsalında 5-ci sırada olub, istehsaldakı payı 5.1% -dir.

 Dünyada ən çox makaron məhsulları idxal edən ölkələr isə Almaniya, Fransa, İngiltərə, Yaponiya, Belçika və Hollandiyadır.

 Makaron istehsalı 10 dəfədən çox artıb

Son 10 il ərzində ölkəmizdə ən çox makaron məmulatı 2008-ci ildə istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə həmin il 7,7 min ton makaron məmulatı istehsal olunub. 2009-cu ildə isə əvvəlki illə müqayisədə istehsalın həcmi 2 min ton azalaraq 5,7 min tona düşüb. Əlavə edək ki, 2000-ci ildə ölkəmizdə cəmi 400 ton makaron məmulatı istehsal olunmuşdu.

Makaron məmulatı sahəsində daxili istehsalın ilbəil inkişaf etdiyi rəqəmlərdən də aydın görünür. Əgər 2000-ci ildə xaricdən 15 min ton makaron məmulatı idxal etmişdiksə, 2009-cu ildə bu sahədə idxalımız 4,2 min ton olub.

 Bu ilin martında yeni standart tətbiq edilir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi  AZS 406-2011 “Makaron məmulatları. Ümumi texniki şərtlər” dövlət standartının 1 mart 2011-ci il tarixindən tətbiqinə başlanılıb.  Standart əlavə xammal əlavə edilməklə və ya edilməməklə buğda unundan hazırlanan makaron məmulatlarına şamil edilir. Makaron məmulatları buğda unu ilə suyun qarışdırılması, müxtəlif üsullarla formalaşması və qurudulması yolu ilə hazırlanan yeyinti məhsuludur. Makaron məmulatlarının istehsalında əlavə xammal kimi yumurta, süd, soya məhsullarından, quru kleykovinadan, qatılaşdırılmış tomat məhsullarından və s. istifadə edilməsinə yol verilir.

 Qafqazın ən böyük makaron fabriki Azərbaycandadır

Ölkəmizdə makaron istehsalı ilə məşğul olan şirkətlərin sayı 10-a yaxın olsa da “Karmen” MMC, “AVRORA”  firması, “BİSMAK” Qida Sənaye Kompleksi MMC, “Fatoğlu”, “Gilan Holdiq”, “Neon” firması ən tanınmış istehsalçılardır.

"Karmen" MMC iddia edir ki, Qafqazın ən böyük və müasir makaron fabriki ona məxsusdur. Fabrik öz dəyirmanında yalnız bərk buğdadan istifadə etməklə “Karmen” adlı makaron məhsullarını  istehsal edir. Məhsullar İsveçrənin “Bühler” şirkətinin avadanlıqları, habelə İtalyan dəzgahlarında istehsal olunur.

«AVRORA» firması 2000-ci ilin avqust ayından etibarən Bakı şəhərində fəaliyyətə başlamışdır. Firmanın aparıcı makaron brendi “Doymak” məhsuludur. Bundan başqa firmanın “Pastelli”, “Tanelli”, “Pasta Max”, “Lyubimıy”, “Luxe” adlı makaron brendləri də mövcuddur.

Sumqayıt şəhərində fəaliyyət göstərən “BİSMAK” Qida Sənaye Kompleksi MMC bir sıra məhsulları ilə bərabər makaron da istehsal edir. Şirkətin 3100 m2 sahəni əhatə edən Makaron fabrikində İsveçrənin “Bühler” və Almaniyanın “Kelle Mayer” şirkətlərinin müasir avadanlıqları quraşdırılıb. Makaron Fabrikinin gündəlik istehsal gücü 50 ton təşkil edir.

 Makaronluq buğda əkinləri artırılmalıdır

Makaron istehsalında əsas xammal makaronluq buğdadır. Bu buğdaya istehsalçılar bərk buğda da deyirlər. Makaronluq buğda dəyirmanda üyüdülərək manna yarması əldə edilir. Ən keyfiyyətli makaron məhsulları makaronluq buğda sortlarından alınır. Bəzən taxıl biçimi zamanı dəyirmanların kəndlilərin taxılını almamalarının səbəblərindən biri də onların taxıllarının makaron istehsalına yaramamasıdır. Ölkəmizdə bu sahənin inkişafı üçün əkinçilərin makaronluq buğda toxumlarını əldə etmələri asanlaşmalı və onun əkini genişlənməlidir. Dünyada makaronluq buğdanın da qiyməti artmaqdadır ki, bu da bizim istehsalçılar üçün sərfəli deyil. Dünya bazarlarına rəqabətqabiliyyətli makaron məhsulları ixrac etmək istəyiriksə, yüksək keyfiyyətli makoronluq buğdanın geniş əkinlərinə nail olmalıyıq. Əks halda idxal olunan makaronluq buğda hesabına əldə olunacaq makaron məhsullarının qiyməti yüksək olacaqdır ki, bu da dünya bazarlarında bu sahədə uduzmağımıza səbəb olacaqdır. Elə hazırda da dünyada makaronluq buğda istehsalının həcmi aşağı düşməkdədir. Beynəlxalq Dənli Bitkilər Şurası  41 milyon ton olan dünya makaronluq buğda istehsalının 2010-2011-ci il mövsümündə 6,6 milyon ton azalaraq 34,4 milyon tona düşəcəyini təxmin edir. Azalma son beş ildir davam edir, bu illər ərzində orta istehsal həcmi 37,6 milyon ton təşkil edib. Dünyada makaronluq buğda istehsalında azalmaya səbəb kimi  Kanada, İspaniya və Şimali Afrikada məhsul keyfiyyətinin gözlənildiyi kimi olmaması və makaronluq buğdanın  böyük bir qisminin heyvan yemi kimi istifadə edilməsi göstərilir. İstehsalın azalması və aşağı keyfiyyətin təsiri nəticəsində ABŞ və Kanada başda olmaqla  dünyanın bir çox bölgələrində makaronluq buğda qiymətlərinin artması müşahidə olunur. Beynəlxalq Dənli Bitkilər Şurasının hazırladığı hesabatda göstərilir ki, 677 milyon ton olan dünya buğda istehsalı da 2010-2011-ci il mövsümündə 644 milyon tona düşəcəkdir.

Makaron istehsalında istifadə olunan ikinci əsas xammal yumurtadır. Bu ilin Novruz bayramı ərəfəsində yumurtanın qiymətinin artması makaron istehsalçılarını da narahat etməyə bilməzdi. Qiymət artımı az da olsa makaronun qiymətinin artmağına səbəb olacaqdı, amma bildiyimiz kimi Prezident İlham Əliyevin məsələyə müdaxiləsindən sonra təhlükə sovuşdu.

Beynəlxalq bazarlarda inkişaf etmiş ölkələr iqtisadi və siyasi güclərindən istifadə edərək makaron ticarətində üstün bir  mövqe əldə ediblər. Avropa Birliyinin üzvü olan  makaron ixracatçıları (İtaliya, Fransa, İspaniya, Yunanıstan) birlik ölkələrinə  kvotasız ixracat edə bildikləri halda, Azərbaycan kimi ölkələrə kvota tətbiq olunmaqdadır. Həmçinin ABŞ makaron idxalına antidempinq vergiləri tətbiq edir.

Dünyada makaron məhsullarına olan ümumi tələb sabit bir artım içində olmasına baxmayaraq ölkəmizdə makaron istehlakı gözlənilən səviyyəyə çatmayıb. Makaron istehlakının inkişaf etməmiş olması isə istehsalda gözlənilən artımların baş verməsinə maneə törətməkdədir. Əhalimizin geniş şəkildə də makarondan istifadə edəcəyinə ümid etmək olmaz, ümid yalnız dünya bazarlarına çıxmaqdır.  Bütün dünyaya Azərbaycan makaronu yedizdirmək arzusu ilə...

 Seymur Yunusov