Əziz oxucu!
Bəşəriyyətin faşizmdən xilası tarixi qəhrəmanlıq nümunəsidir. Biz hər zaman həlak olanların xatirəsini böyük minnətdarlıqla yad etmişik və edəcəyik.
Heydər Əliyev
Əziz oxucu!
Artıq 66 ildir ki, Qələbə günü bugünkü nəsillə cəbhəçilər nəslini, arxa cəbhədə çalışanları, bir sözlə, qalibləri möhkəm, sarsılmaz tellərlə bağlayır. İllər keçməsinə baxmayaraq, bugünkü nəsil bəşəriyyət tarixində ən dəhşətli müharibənin veteranları qarşısında minnətdarlıq və məhəbbətlə dolu ifadələr səsləndirərək baş əyir. Sovet İttifaqı xalqlarının qismətinə Böyük Vətən müharibəsi illərində həqiqətən alovlu silahlardan keçmək düşüb. Böyük Qələbənin qazanılmasında Azərbaycan öz layiqli töhfələrini verib. Döyüşlərdə Vətənimizin 600 min nümayəndəsi iştirak etmiş, onların yarıdan çoxu döyüş meydanlarında cəsurluqla həlak olmuşdur. Biz onları əbədi xatirə və minnətdarlıq hissi ilə yad edirik.
Yaddan çıxarmamalıyıq ki, Hitlerin əsas məqsədlərindən biri bu müharibədə məhz Bakı neftini ələ keçirmək idi. O, deyirdi: «Əgər biz Bakı neftini ələ keçirə bilməsək, demək, müharibəni uduzmuşuq». Rozenberqin «Qafqazın yenidən təşkili haqqında» 27 iyun 1942-ci il tarixli məktubunda deyilir: «Alman imperiyası bütün nefti ələ keçirməlidir. Digər ehtiyatların və mənbələrin istifadəsində bizim nə dərəcədə iştirakımızı hadisələrin gedişi göstərəcək.
Bəli, Hitler müharibəni uduzdu və bu mühüm hadisədə Bakı neftçilərinin əvəzsiz xidməti, Bakı neftinin həlledici rolu danılmazdır. Gərgin hərbi döyüşlərin getməsinə baxmayaraq, Bakı yanacaq-sürtgü materiallarının əsas təchizatçısı idi. Müharibə illərində Azərbaycan neftçiləri bütün Sovet ölkəsinin 80% yanacağını istehsal edirdi. Təkcə müharibənin 1-ci ili cəbhəyə 23,5 milyon ton neft göndərilmişdi. Ümumilikdə Böyük Vətən müharibəsi dövründə cəbhəyə 75 milyon ton neft göndərilmişdi. «Hər şey cəbhə üçün, hər şey qələbə üçün» şüarı altında çalışan Azərbaycan neftçiləri 160 dəfə Dövlət Hərbi Komitəsinin Ümumittifaq Mərkəzi şurasının həmkarlar ittifaqının və SSRİ Xalq Komissarlığının neft sənayesinin keçici Qırmızı bayrağı ilə mükafatlandırılmışdı. Bu isə həmin illərdə əməyə verilən ən yüksək qiymət idi. Azərbaycanın paytaxtı həmçinin İttifaqın şərq rayonlarında «İkinci Bakı» yaradılmasında əhəmiyyətli rol oynadı. Yeni qazıntıların mənimsənilməsi üçün Azərbaycanın bütün neft sənayesinin istehsalat-texniki və intellektual potensialı səfərbər olunmuşdu. Təkcə bir neçə həftəyə respublika neft hasilatının sənaye-texniki və kadr potensialının ziyanına Bakıdan onlarla ton neft sənayesi cihazları, 12 mindən artıq neftçi göndərilmişdi.
Stalin, Ruzvelt və Çörçill arasında aparılan razılaşmaya əsasən Bakı və Xəzər dənizindən hərbi və mülki yüklərin çatdırılması «Lend-lizlə» həyata keçirilirdi. Zaqafqaziya dəmir yolunun yük dövriyyəsinin 70%-dən çoxu Azərbaycan tərəfinin üzərinə düşürdü. Respublikanın maşınqayırma müəssisələrinin istehsal gücünün 95%-i hərbi texnikanın və döyüş sursatlarının istehsalına yönəlmiş, beş təyyarədən dördü Bakı yanacağı ilə doldurulurdu…
Artıq bir neçə illərdir ki, «Azərbaycan iqtisadiyyatı Böyük Vətən müharibəsi illərində» toplusu üzərində işləyirəm. Topladığım arxiv materialları arasında məhz həmin dövrdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrini, o cümlədən, neft, nəqliyyat sənayesini və başqa sahələri, milli atıcı diviziyaların formalaşma məsələlərini əhatə edən çoxsaylı maraqlı məlumatlarla, faktlarla rastlaşmışam. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı digər SSRİ xalqları ilə çiyin-çiyinə Böyük Vətən müharibəsində iştirak edərkən nəinki öz azadlığını, xalqın sərvətini eləcə də öz ərazi bütövlüyünü qoruyurdu. Belə ki, Nürnberq prosesinə təqdim olunmuş sənədlərdən məlum olur ki, artıq 1942-ci ilin avqustunda «K» təşkilati ştabının işi haqqında qısa hesabat»da hitlerçilərin Qafqaz və Zaqafqaziya xalqlarının ərazilərində yenidən dəyişiklik aparılmasının əsas prinsiplərini idarə etməsi göstərilirdi. Burada Dağlıq Qarabağ hitlerçi dövlət xadimləri tərəfindən erməni komissarlığına aid ərazi kimi göstərilirdi. İllər keçdi, lakin erməni separatçılarının və bəzi siyasətçilərinin Cənubi Qafqazda sərhədlərin yenidən baxılması kimi xam xəyalları hələ də davam edir. Onlar əslində bununla müəyyən siyasi kapital yaratmaq fikrindədirlər. Xatırlatmaq istərdim ki, məhz ərazilərə yenidən düzəliş etməyə çalışmaq cəhdləri ötən əsrdə iki dəfə dünya müharibəsinə gətirib çıxartdı. Və Azərbaycan xalqı tarixi hadisələrin gedişində dəfələrlə Vətənin müdafiəsində misilsiz qəhrəmanlıq nümunələri göstərdi.
Bəli, dövlətimiz və hökumətimiz Beynəlxalq münaqişələrin sülh yolu ilə həlli prinsiplərini rəhbər tutur. Lakin diplomatik yolla həlletmə metodları tükəndikdə xalqımız özündə cəsurluq taparaq öz ərazi bütövlüyünü digər vasitələrlə də müdafiə edə bilər.
Böyük Qələbə zəkanın, sülhün, insanlığın qələbəsidir. Bayramınız mübarək, əziz Böyük Vətən müharibəsi veteranları!
Akademik: Ziyad Səmədzadə