MƏQALƏLƏR

“ Şuşanın dağları başı dumanlı”

  • 06.05.2011

“ Şuşanın dağları başı dumanlı”

Ustad Xan Şuşinskinin oxuduğu mahnının sözləri həqiqətə çevrildi. Əsası Pənahəli xan Cavanşir tərəfindən qoyulan və vaxtı ilə Pənahabad kimi tanınmış məmləkətmizin dilbər güşəsi olan Şuşamızın başının üstünü 19 ildir ki, qara buludlar alıb. 

Şuşa şəhəri qədim tarixi, zənğin keçmişi,  nadir tarixi- mədəniyyət abidələri ilə öyünə biləcək Vətən torpağımızın bir parcasıdır. Şuşa mədəniyyət tariximizə  onlarca dahini bəxş etmişdır, görkəmli şəxsiyyətlərin, ziyalıların vətənı, Azərbaycan  musiqi  mədəniyyətinin beşiyidir.  Şuşa xalçaları  ilə də məşhurdur. Şuşa şəhərində  necə-necə mədəniyyət ocaqları, o cümlədən Dövlət Dram Teatrı, muzeyləri, kibabxanalar,  orta və orta ixtisas musiqi məktəbləri fəaliyyət göstərirdi.  Artıq 19 ildir ki, onlar  yad  əllərdədir, həsrətlə doğma sakinlərinin yolunu gözləyirlər...

…1992-ci il mayın 8-də Tehranda İran prezidetinin vasitəçiliyi ilə Azərbaycan  və Ermənistanın  dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair razılaşma imzaladılar. Lakin buna baxmayaraq, bədxaq düşmənlərimiz bir necə saat sonra Azərbaycanın ən gözəl şəhərindən biri olan Şuşaya hücüm edərək işğal etdilər. Ermənlərin Qarabağın  işğalında ən əsas  məqsədi Şuşanı zəbt etmək idi. Lakin Şuşanın işğalına gedən yol Meşəlidən, Ağdamdan ,Əsgərandan, Xocalıdan keçdi.                               Hələ iki əsr bundan əvvəl  Ağa Məhəmmət şah Qacarın  belə fəht edə bilmədiyi Şuşa qalası mənfur ermənilər tərəfindən xaincəsinə zəpt edilərək talan olundu.  Şuşanın işğalı zamanı 11 min erməni əsgərinə qarşı  çox az sayda azərbaycanlı müqavimət  göstərirdi. Şuşa uğrunda 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralandı,  480 müdafiəçi  həlak oldu, 22 min dinc sakin  öz yurd –yuvasından didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər  hələ də məlumat yoxdur.    Azğın  düşmənlər işğal zamanı onlarca  tarixi- mədəniyyət abidələrimizi   talan etdilər. Mədəniyyət və təhsil ocaqlarımız: 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi, 25 orta məktəb, 40 tibb müəssisəsi, 241 tarixi abidə  dağıdılmış, viran edilmişdir.  Şuşa müzeylərinin qiymətli sərvətləri, rəsm və heykəltaraşlıq nümunələri, xalça və xalça məmulatları, xalq tətbiqi sənət nümunələri, arxeoloji tapıntıları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar Ermənistana aparıldı. İndi həmin  əşyalar xarici hərraclarda satılır, yaxud müxtəlif sərgi və muzeylərdə dünya ictimaiyyətinə erməni mədəniyyətinin nümunələri kimi təqdim edilir.

Şuşanın işğalından 19 il keçməsinə baxmayaraq torpaqlarımızın 20%-i hələ də işğal altındadır. Dünyanın terrorla mübarizə apardığı, terrorcuların öldürülməsinin bayram edildiyi zamanda Erməni terroriziminə dünya  birliyi hələ də göz yumur. Erməni işğalçıları da bundan istifadə edərək Şuşa şəhərində təsviri incəsənət muzeyi açmaq, bizim milli sərvətlərimizi özününküləşdırərək nümayiş etdirmək  fikrindədirlər.        

Ümummilli liderimiz, böyük şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad edilməsi üçün əzmlə mübarizə aparmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu siyasəti ardıcıl və geniş şəkildə davam etdirir. Cənab İlham Əliyev dəfələrlə birmənalı təkrar edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmamış, heç bir danışıqdan söhbət gedə bilməz.

Erməni faşistləri başqalarının köməyi ilə zəbt etdikləri torpaqlarımızı, şəhərlərimizi, o cümlədən doğma Şuşamızı sülh yolu ilə tərk etməlidirlər. Əks təqdirdə, Azərbaycan xalqı və onun rəşadətli ordusu düşməni məhv edərək öz torpaqlarını azad edəcəkdir.

 

Günel Zeynalzadə