Vergilər Nazirliyi islahatların meyvələrini toplayır
Vergilər Nazirliyi islahatların meyvələrini toplayır
Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov yerli “Trend” agentliyinə müsahibə vermişdir. Nazir müavini müsahibəsində Azərbaycanın vergi sistemində tətbiq edilən və gözlənilən yeniliklərdən, artan vergi daxilolmalarından danışmışdır.
Vergi borclarına faiz hesablanmır
Natiq Əmirov bildirib ki, vergi qanunvericiliyinə edilən dəyişikliklərdən çıxış edərək, Azərbaycan Respublikasının Nazirlər Kabineti vergi ödəyicilərinin maliyyə imkanlarının yaxşılaşdırılması, onların rəqabətqabiliyyətliliyinin möhkəmləndirilməsi və investisiya fəaliyyətinin stimullaşdırılması məqsədilə 20 avqust 2010-cu il tarixli qərar qəbul edib. Həmin qərara əsasən, vergi borcları olanlar üçün bir ildən çox müddətə tətbiq edilən bütün faizlər ləğv edilib. “Bu tədbir səmərəli olubmu? Birmənalı şəkildə, bəli. Əvvəllər vergi borcları yarandıqda vergi ödəyiciləri faiz ödəməli olurdular ki, bu da borc məbləğinin xeyli artmasına gətirirdi, bunun nəticəsində isə müəssisələrin maliyyə vəziyyəti daha da pisləşirdi. Bu gün borcu olan şirkətlər borclarını faiz ödəmədən qaytara bilərlər. Yalnız bir rəqəmi nümunə göstərim - cari ilin əvvəlinə ölkədə vergi borclarının məbləği 29,6 faiz azalıb. Güman edirəm ki, bu göstərici çox şeydən xəbər verir”.
Fiziki şəxslərin elektron formatda qeydiyyatı barədə təklif hazırlanıb
Natiq Əmirovun sözlərinə görə Vergilər Nazirliyi qüvvədə olan qanunvericiliyin və inzibatçılığın modernləşdirilməsi məqsədilə artıq Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı müvafiq təkliflər paketi hazırlayıb: “Qanunvericiliyə mümkün dəyişikliklər nağdsız hesablaşmaların stimullaşdırılması, elektron audit sisteminin tətbiqi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin elektron formatda qeydiyyatı üzrə tədbirlərin aparılması ilə əlaqədardır. Yaxın vaxtlarda, təklif olunan dəyişikliklər hökumətdə baxıldıqdan sonra, ictimaiyyətin müzakirəsinə veriləcək”.
"Bir pəncərə" sistemi ilə 140 000 təsərrüfat subyekti qeydə alınıb
“Qeyd etmək istəyirəm ki, "bir pəncərə"nin tətbiq edildiyi 3 il ərzində Vergilər Nazirliyində 140 000 təsərrüfat subyekti qeydə alınıb. Bunun 16 000-dən çoxu kommersiya hüquqi şəxslərdir. Təkcə cari ilin birinci rübü ərzində bu sistem vasitəsilə qeydiyyatdan 14 000-dən çox sahibkar keçib. Bu, ötən ilin anoloji göstəricisindən 46,1 faiz çoxdur”,- deyə Natiq Əmirov bildirib.
Vergi daxilolmalarında regionların payı 14,4 faiz təşkil edib
Vergilər Nazirliyi 2011-ci ilin birinci rübü üzrə vergi proqnozlarını artıqlaması ilə yerinə yetirib. “Dövlət büdcəsinə 1 milyard 161,5 milyon manat vergi köçürülüb ki, bu da ötən ilin müvafiq göstəricisindən 15,1 faiz çoxdur. Bu ilin birinci rübü ərzində qeyri neft-qaz sektorundan büdcəyə 680,2 milyon manat vəsait daxil olub ki, bu da proqnozlaşdırılan məbləğdən 17,1 faiz çoxdur.
Birinci rüb ərzində dövlət büdcəsinə vergi daxilolmalarında regionların payı 14,4 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən çoxdur. Bundan əlavə, qeyri neft-qaz sektorundan daxilolmalardakı artımın 23,4 faizi məhz ölkə regionlarının payına düşür”,- deyə Vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirmişdir.