Əlverişli biznes mühitində vergilər
Əlverişli biznes mühitində vergilər
Ölkəmizdə sahibkarlığın inkişafına yaradılan şərait, iqtisadi sahədə aparılan islahatlar iş adamlarının ürəyincədir. Xüsusilə Vergilər Nazirliyi yaradıldıqdan sonra bu sahədə baş vermiş köklü dəyişikliklər böyük razılıq hissi ilə qarşılanmaqdadır.
Rusiyanın “AvtoVaz” SC-nin Azərbaycanda baş idxalçısı, iri vergi ödəyicisi “Xəzər-Lada” ASC- nin Baş mühasibi və Audit departamentinin rəhbəri Yengibar Budaqov bildirir ki, vergi sahəsində aparılan islahatların müsbət nəticələrini fəaliyyətlərində hiss etməkdədirlər:
-1999-2000-ci illərlə müqayisədə vergilər sahəsi bütün istiqamətlərdə təkmilləşmişdir. İlk növbədə müasir Avropa standartlarına cavab verən vergi qanunvericiliyi bazası formalaşdırılmışdır. Ehtiyac olduqca qanunvericiliyin təkmilləşdirilməsi işləri aparılır. Həmçinin vergi dərəcələri aşağı salınaraq vergi yükünün səviyyəsi ölkədəki iqtisadi reallıqlara uyğunlaşdırılmışdır. 2010-cu il yanvarın 1-dən etibarən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizədək, gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizədək endirilmiş, fərdi sahibkarlar üçün gəlir vergisi 20 faiz səviyyəsində müəyyən edilmişdir.
Əvvəllər vergi orqanlarına bəyannamələrin təqdim edilməsi keşməkeşli bir proses idi. Vergi idarələrində yaranan uzun növbələr yəqin ki, çoxlarının xatirindədir. Mən sevinirəm ki, xeyli müddətdi belə vəziyyətə son qoyulub, Azərbaycan MDB məkanında ilk dəfə elektron bəyannamələri tətbiq etmiş ölkələrdən biri olmuşdur. Bu gün iş yerindən ayrılmadan bəyannamələri vergi orqanına göndərə və hesabımıza nəzarət edə bilirik. Bundan başqa, lazım gəldikdə vergi terminalları vasitəsilə bəyannamələri təqdim edir, həm də vergi sistemindəki yeni dəyşikliklərdən xəbərdar oluruq. Öz növbəsində, vergi bəyannamələri və hesab-fakturaların elektron formata keçirilməsi, eləcə də "on-layn kargüzarlıq" sisteminin tətbiqi vergi orqanları əməkdaşları və vergi ödəyiciləri arasında maksimal şəffaflığa nail olmağa imkan verdi.
İşimizlə əlaqədar tez-tez vergi əmədaşları ilə ünsiyyətdə oluruq. Hiss edirəm ki, onların peşəkarlığı artıb, etik davranış qaydalarına ciddi əməl edirlər. Xüsusilə, Vergilər Nazirliyinə işə qəbulun test imtahanı və müsahibə yolu ilə aparılması savadlı, tərbiyəli və vətənpərvər gənclərin vergi sisteminə gəlməsi ilə nəticələnmişdir.
Vergilər Nazirliyinin elektron auditin tətbiqi ilə əlaqədar həyata keçirdiyi işlərlə yaxından maraqlanırıq. Mühasibat uçotunun elektron şəkildə aparılması, vergi ödəyiciləri və vergi orqanlarının əməkdaşları arasında birbaşa təmasların minimuma enməsi işimizin səmərəliliyini daha da artıracaq, qazanacağımız əlavə vaxtı şirkətimizin daha da inkişaf etdirilməsinə sərf edəcəyik.
Bu gün özəl sektorun inkişafı üçün dövlət tərəfindən atılan addımlar, vergi sistemində aparılan islahatlar digər şirkətlər kimi “Xəzər-Lada” ASC-nin də uğurlu fəaliyyətini təmin etməkdədir. Bunun nəticəsidir ki, 2010-cu ildə “Xəzər-Lada” ASC büdcəyə və büdcədənkənar fondlara təqribən 15 milyon ABŞ dolları ödəmişdir. Ötən il ödənişlərimiz 2009-cu illə müqayisədə 16.5 % artmışdır.
Dünya ölkələrində qlobal böhran davam etdiyi halda, ölkəmizdə iqtisadi artım müşahidə edilməkdədir. Biz iri vergi ödəyicisi kimi ölkəmizdə formalaşmış əlverişli biznes mühitinin bəhrələrini gündəlik fəaliyyətimizdə hiss edirik. Buna görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk. Əvvəlki illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılmış möhkəm iqtisadi zəmin üzərində hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatları dəstəkləyirik.