Azərbaycanda turizm xidmətlərinin çeşidinin genişlənməsinə ehtiyac var.
2010-cu ildə Azərbaycanda turizm şirkətlərinin gəlirləri 2009-cu illə müqayisədə 6,9% - 19,1 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən bildirilib.
“2010-cu ildə turizm müəssisələrinin sayı 2 vahid artaraq 126-ya çatıb. Hesabat ilində əhaliyə 25,8 mln. manat məbləğində turizm putyovkaları satılıb”, - deyə komitədən məlumat verilib.
Bununla yanaşı, Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə Azərbaycan vətəndaşlarına satılmış yollayış blanklarının dəyəri 19,8 mln. manat, Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılmış yollayış blanklarının dəyəri 4,3 mln. manat, ölkə ərazisində səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış yollayış blanklarının dəyəri isə 1,7 mln. manat təşkil edib.
2010-cu ildə 69,9 min turistə (artım 17%) xidmət göstərilib, tur-günlərin sayı 458,6 min (artım 19,5%) olub.
Turizm müəssisələri vasitəsilə ölkəmizə gələn əcnəbi turistlərin sayı 1,5% artaraq 12,1 min nəfər olub.
Məlumata görə, xarici ölkələrə göndərilən Azərbaycan vətəndaşlarının sayı 27,6% artaraq 44,7 min nəfər, ölkə daxilində səyahət etmək üçün göndərilmiş Azərbaycan vətəndaşlarının sayı isə 3% artaraq 13,1 min nəfər olub.
2010-cu ildə Azərbaycanda turizm müəssisələrində çalışan işçilərin sayı 1,8% artaraq 1418 nəfərə çatıb. İşçilərin orta aylıq əmək haqqının məbləği 7,9% artaraq 326 manat təşkil edib.
Mədəniyyət və Turizm Nazirliyi turizm xidmətlərinin qiymətlərinin azalmasına yönəldilmiş tədbirlər keçirir. Bu barədə nazirliyin rəhbəri Əbülfəz Qarayev jurnalistlərə bildirib.
“Daxili turizm sahəsində göstərilən xidmətlərin qiymətlərinin azalması üçün xüsusi sənəd hazırlanır ki, buna əsasən bu yay turizm zonalarında və mehmanxanalarda qiymətlərin azalması müşahidə olunacaq", - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, qiymətlərin düşmə səviyyəsi onların maliyyə durumuna əsaslanaraq mehmanxanaların və turizm şirkətlərinin özlərinin qərarından asılı olacaq.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi turistlərə xidmətlərin daha geniş spektrinin göstərilməsinin təmin edən sənəd hazırlayıb. “Ötən ilin göstəriciləri ilə müqayisədə, bu il biz 10% daha çox turist gözləyirik”, -deyə nazir bildirib.
Qarayev vurğulayıb ki, son iki il ərzində Ümumdünya Turizm Təşkilatı Azərbaycanda turizmin inkişafının görünməmiş templərini qeyd edib. "Bizdə həyata keçirilən işlər, yeni layihələr, infrastrukturun yaxşılaşdırılması turistlərin Azərbaycana axınına müsbət təsir edəcək", - deyə nazir qeyd edib.
|