Azərbaycanda diffamasiya haqqında qanunun qəbul edilməsi jurnalistlərin ictimai məsuliyyətini artıracaq
“Azərbaycanda diffamasiya haqqında qanunun qüvvədə olması insanın şərəf və ləyaqətinin təhqir edilməsinə yol verilməsinə gətirib çıxarmamalıdır. Azərbaycanda diffamasiyanın tətbiqi, əksinə, jurnalistlərin cəmiyyət qarşısında məsuliyyətini artırmalıdır", – deyə Ə.Həsənov çərşənbə günü Bakıda keçirilən diffamasiyanın dekriminallaşmasına həsr edilmiş konfransda çıxış edərək bildirib.
Prezident administrasiyasının nümayəndəsi Azərbaycanda 2001-ci ildə senzuranın ləğv edilməsi zamanı, cəmiyyətdə Azərbaycan mətbuatında problemlərin tam aradan qaldırılması haqqında fikir yarandığını xatırladaraq əlavə edib ki, "hər kəs istədiyi hər şeyi yaza bilər.Cəmiyyət tanış olmazdan əvvəl jurnalistlərin məhsulunun senzuraya məruz qalması qeyri-normaldır, lakin eyni zamanda əgər jurnalist əvvəlcə danışır, sonra isə danışdıqları barəsində fikirləşirsə bu da qeyri-normaldır”, - deyə o bildirib. Onun sözlərinə görə, cinayət məcəlləsində insanın şərəf və ləyaqətinin təhqir edilməsinə yol verilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan yalnız bir maddə var. "Xaricdə hesab edirlər ki, digər şəxsin ləyaqətinin təhqir edilməsinə yol verən, lakin fiziki güc tətbiq etməyən insanı inzibati məsuliyyətə cəlb etmək olar. Nə üçün biz də insanın şərəf və ləyaqətinin təhqir edilməsinə yol verən jurnalistin inzibati məsuliyyətə cəlb edilməsi yolu ilə getməyək?”, - deyə Ə.Həsənov sual verib.
O qeyd edib ki, belə olan halda, şərəf və ləyaqətin təhqir edilməsinə yol vermiş jurnalist öz redaksiyası qarşısında məsuliyyət daşıyacaq və həmin redaksiyaya qarşı məhkəmə qaydasında cərimə sanksiyaları tətbiq olunacaq.
“Azərbaycanda söz azadlığının pozulduğunu iddia edən beynəlxalq təşkilatların verdiyi bəyanatların əksəriyyəti Azərbaycana təzyiq göstərmək məqsədi daşıyır. Onların məqsədi dünyada söz azadlığının bərqərar olması deyil. Onlar müəyyən məqsədləri, sifarişləri həyata keçirirlər və onları maliyyələşdirən təşkilat qarşısında məsuliyyət daşıyırlar”, - deyə Ə.Həsənov bildirib. O, əlavə edib ki, ərəb dünyasında hadisələr haqqında informasiyanı birtərəfli təqdim edən qərb KİV-ləri öz nöqsanlarını aradan qaldırmalıdır. “Əgər bu KİV-lərin Şimali Afrika ölkələrində baş verən hadisələr haqqında təqdim etdiyi xəbərlərə baxsaq, görərik ki, onlar vahid məlumat mərkəzində “korreksiya edilib” və formalaşdırılıb.
ATƏT-in Bakı ofisinin rəhbəri Bilgə Cankorel, öz növbəsində bildirib ki, ATƏT diffamasiyanın tətbiqi haqqında qanunun qəbul edilməsində Azərbaycana dəstək göstərməyə hazırdır. “Söz və mətbuat azadlığı ATƏT-in prinsiplərinin əsasını təşkil edir. Diffamasiyanın dekriminallaşması ATƏT-in Bakı ofisi üçün hər zaman əsas prioritet olub. Və biz bu məqsədə nail olmaq üçün Azərbaycanın Mətbuat Şurasına dəstək göstərməyə hazırıq”, – deyə o qeyd edib.
|