Salam, ZAMAN!
Salam, ZAMAN!
ZAMAN adı mənə 1998-ci ildən daha da doğmalaşıb. Çünki mənim bir qəzetçi, professional qəzet tərtibatçısı kimi formalaşmağımda bu qəzetin çox böyük rolu olub. Bu mətbu orqanda çalışmaq hər kəsə nəsib olmur. Mən çox xoşbəxtəm ki, 11 ölkədə çap olunan və 35 ölkəyə yayılan, tərtibatı ilə bütün qəzetlərdən seçilən, mediada daima öndə olan bu qəzetdə çalışmışam. ZAMAN ailəsi mənə çox doğmadır. ZAMAN-da qazandıqlarım çox olub. Ən böyük qazancım isə sevgisini, hörmətini bu günə qədər ürəyimdə saxladığım insanlardır. ZAMAN mənim üçün həyat məktəbinin bir pilləsi olub. «Zaman-Azərbaycan»da işlədiyim günlər unudulan deyil və bu gün qəzetin 20 yaşının tamam olduğunu eşidəndə bir qədər duyğulandım da. Bu kollektivdə işləməkdən mən həmişə mənəvi zövq almışam. Burada topladığım təcrübə indi də mənim «əlimdən» tutur. Öz simasını qoruyan ZAMAN ILK olmağa həmişə can atıb və buna nail olub. Azərbaycanda ilk xarici qurum (xarici deməzdim doğmadır) kimi qeydiyyatdan keçib, ilk dəfə ölkəyə rəngli mətbəə gətirib. Qəzet hər zaman öz tərtibatı, xəbər hazırlama üslubu ilə örnək olub. Çünki «Zaman-Azərbaycan» mənim üçün sözün həqiqi mənasında bir məktəbdir. «20 Yanvar» faciəsini, Xocalı soyqırımını, Qarabağ savaşından ən doğru xəbərləri dünyaya ilk çatdıran da məhz ZAMAN olub.
ZAMAN fərqli qəzetdir. «Zaman-Azərbaycan» barədə çox xatirə yaza bilərəm. ZAMAN-ı tanıyan hər kəs – adi oxucu da, ziyalı da, yüksək vəzifə tutan dövlət məmuru da öz obyektiv qiymətini versə, inanıram ki, ancaq xoş sözlər deyəcək.
Bu ay «Zaman-Azərbaycan» ölkəmizdə fəaliyyətinin 20-ci ilini qyed edir. Mən özümü bu qəzetin bir üzvü hesab edir və bu bayram coşqusunu oradakı dostlarım və qardaşlarımla paylaşıram. Bu münasibətlə ZAMAN ailəsini təbrik edir, Müstəqil Azərbaycanımızın təbliğində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmasında, bu çətin və şərəfli yolda hər bir əməkdaşına uğurlar arzulayıram. Mənim fikrimcə, 20 il hələ «Zaman-Azərbaycan» üçün çox qısa vaxtdır. İnanıram ki, bu qəzet 20 yox, 50, 100 və daha çox illər Azərbaycan mətbuatına və mediasına çıraq olacaq.
Bu yubiley hamımızın bayramıdır. Hamımıza xeyirli-uğurlu olsun!
Başarılarımızın davamı diləyilə,
Oqtay ORUCLU,
«Iqtisadiyyat» qəzetinin şöbə müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü