MƏQALƏLƏR

Azərbayacanda maliyyə sektorunun inkişafı:işğaldan azad olunmuş ərazilərdə investisiya mühitinin formalaşadırılması və sahibkarlığın inkişafının əsas istiqamətləri

  • 23.09.2021

Bu yazılar UNEC-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının
30-cu ildönümünə həsr edilən məqalələr müsabiqəsinə təqdim etmək üçün dərc edilir.


 

Son illər ərzində ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar, görülən işlər xüsusilə sahibkarlığın, biznesin inkişafı hər zaman dövlət başçımızın diqqət mərkəzində olmuşdur. Bu sahədə qəbul edilmiş yeni qərarlar, qanunlar, dövlət proqramları Azərbaycanda azad rəqabət mühiti yaratmış və bu mühitə əsaslanan sahibkarlığın inkişafı məqsədlərinə xidmət edir. Burada əsas məqsəd biznes mühitinin yaxşılaşdırılması, eləcə də sahibkarlığın inkişaf etdirilməsidir.
Müzəffər Ali Baş Komandanın başçılığı ilə yenilməz Ordumuzun Böyük Zəfəri, doğma torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün yenidən bərpa olunması, şübhəsiz ki, qarşıdakı illərdə maliyyə sektorunun, iqtisadiyyatın, turizmin və digər bütün bu sahələrin davamlı inkişafı üçün yetərincə zəmin yaradır. Bu, bir həqiqətdir ki, gözəl Qarabağımızın ərazisi çox mühüm əhəmiyyətə malikdir. Bu isə həqiqətən Uca Yaradan tərəfindən verilən bir nemətdir.
Yaxın illərdə işğaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşması, əsasən də bu ərazilərdə urbanizasiya səviyyəsinin artması maliyyə xidmətlərinə olan tələbi daha da artıracaqdır. Belə olan halda əhalinin məşğulluğunu düzgün təşkil etmək üçün maliyyə sektorunun inkişafı vacib məsələlərdəndir. Maliyyə sektoru üçün əlverişli mühitin yaradılması vacib olduğu halda investisiya mühitinin formalaşdırılmasını və sahibkarlığın inkişafını təmin etmək əsas həll yollarındandır. Bölgədə sahibkarlara investisiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi baxımından yerli əhalinin işlə təminat məsələləri, eyni zamanda, məşğulluq üçün yerli əhaliyə xas olan adət-ənənələr üzrə sahibkarlığın inkişafı, həmçinin kənd təsərrüfatı ilə bağlı maliyyələşmə strategiyasını düzgün qurmaqla bağlı yerli əhaliyə güzəştli kreditlərin verilməsi məqsədəuyğun olardı.
Otuz il bundan əvvəlki tarixə nəzər salsaq görərik ki, azad edilən rayonlarda işğaldan əvvəl üzümçülük, pambıqçılıq, taxılçılıq, heyvandarlıq sahələri xüsusi paya malik olub. Həmin ərazilərin aqrar istehsal və ixrac potensialı yetərincə böyükdür. İşğaldan azad olunmuş bütün ərazilərimiz, əsasən də Şuşa, Kəlbəcər, Füzuli, Zəngilan və Laçın rayonları böyük turizm potensialına malikdir. Dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx mağarası Füzuli rayonunun ərazisində yerləşir. Bundan əlavə, Kəlbəcərin İstisu bulağı, tarixin müxtəlif dövrlərində inşa edilən qalalar, kilsələr, məscidlər və başqa mədəni-tarixi abidələr bu ərazilərin turizm imkanlarını kifayət qədər artırır.
İqtisadi baxımdan da Qarabağın ərazisində kifayət qədər investisiya yatırımı etmək üçün səbəblər var. Belə ki, buranın əlverişli coğrafi mövqeyi - bol enerji mənbələri, yeraltı xammal yataqları və sair mövcuddur.
Beləliklə, ölkəmiz və yerləşdiyi region üçün artıq yeni reallıqlar yaranıb. İşğaldan azad edilmiş ərazilərin yenidən bərpası və inkişafı, o cümlədən zəruri infrastrukturun, avtomobil və dəmir yolları şəbəkəsinin, yeni hava limanlarının tikintisi, biznes üçün şərait yaradılması, həmçinin yeni nəqliyyat dəhlizlərinin, əsasən də Zəngəzur dəhlizinin açılması yeni iqtisadi imkanlar yaradacaqdır. Qələbə ilə tamamlanmış 44 günlük Vətən müharibəsindən əldə olunan zəfər ilə Azərbaycan mahiyyət etibarı ilə yeni bir inkişaf mərhələsinə başladı. Qələbəmiz nəticəsində işğaldan azad etdiyimiz ərazilərin ölkəmizin ümumi iqtisadiyyatına reinteqrasiyası, eləcə də yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin mümkün imkanlarından faydalanmaq Azərbaycanın inkişafına yetərincə böyük təkan verəcəkdir. Artıq regionun yeni siyasi və iqtisadi mənzərəsi tam olaraq formalaşıb. Münaqişənin yekunlaşması, həmçinin, regionun təhlükəsizliyini, eləcə də iqtisadi cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, o cümlədən iqtisadi-ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da gücləndirəcək, ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artıracaq.
Hesab edirəm ki, biznes subyektləri də dövlətin yaratdığı imkanlardan yararlanaraq, rəqabətədavamlı məhsul və xidmətlər istehsalını genişləndirməli, yeni reallıqlar fonunda yaranmış əlverişli imkanlardan səmərəli və düzgün istifadə etməlidir.

 

Orxan Vəliyev, UNEC-in
Maliyyə və mühasibat fakültəsinin 2-ci kurs,
604-cü qrup tələbəsi
Elmi rəhbər: i.f.d., dosent
Flora Kaşiyeva