MƏQALƏLƏR

Auditorlar Palatası - 25 YENİLƏNDİ

  • 30.09.2021

Azərbaycanın iqtisadi inkişaf modelini səciyyə­lən­dirən əsas xüsusiyyət­lərdən biri tərəqqinin vacib amil­­lərindən hesab edilən şəffaflığa xüsusi önəm verilməsidir. Bu baxım­dan heç də təsadüfi deyil­dir ki, yeni şəraitdə aşkarlıq və şəffaflıq prinsipləri ölkəmizin iqtisadi-sosial inkişaf siyasətinin əsas hədəflərindən birini təşkil edir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Yeni dövr şəf­faf­lıq dövrüdür, dürüstlük dövrüdür, inhisara son qoymaq dövrüdür.”
Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi, misilsiz cəsarəti və yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi və sosial uğurlara imza atır.
Bütün bunların müqabilində cənab Prezidentin iqtisadi fəaliyyətdə şəffaflığı artırmaq, kölgə iqtisadiyyatını azaltmaq və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini daim diqqət mərkəzində saxlamaq, büdcə vəsaitlərindən təyinatına görə istifadə olunmasını təmin etmək, xərclərin səmərəliliyini yüksəltmək barədə verdiyi tövsiyə və göstərişlər müasir şəraitdə son dərəcə böyük aktuallıq kəsb edir.
Azərbaycanda iqtisadi inkişaf modelini səciyyələndirən əsas xüsusiyyətlərdən biri idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflıq amilinə xüsusi önəm verilməsidir.
Ölkədə şəffaflığın təminatı və milli auditin təşəkkülü ümummilli liderimiz Heydər Əliyevin bazar iqtisadiyyatına keçid istiqamətində həyata keçirdiyi siyasətin, cəmiyyətdə maliyyə şəffaflığının təmin olunmasına və bazar infrastrukturlarına verdiyi qiymətin parlaq təzahürüdür.
Ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində sürətli və dayanıqlı iqtisadi inkişaf şəraitində maliyyə nəzarətinin, o cümlədən auditor xidmətinin əhatə dairəsi genişlənir, maliyyə sistemində şəffaflığın artırılmasında və bütövlükdə, ölkə iqtisadiyyatının inkişafında onun rolu əhəmiyyətli dərəcədə artmaqdadır.
Şəffaflığın artırılması Azərbaycanda həyata keçirilən dövlət quruculuğu strategiyasının mühüm hədəfləri sırasında özünə möhkəm yer tutur. Prezident İlham Əliyevin söylədiyi “Şəffaflıq, təmizlik, dürüstlük həyat tərzi olmalıdır” sözləri Azərbaycanda iqtisadi inkişaf modelinin mühüm komponenti kimi şəffaflığa önəm verilməsinin bariz nümunəsi hesab edilə bilər.
Qeyd etmək lazımdır ki, şəffaflıq, kölgə iqtisadiyyatı və korrupsiya dünyəvi problem olaraq qalmaqla yeni iqtisadi şəraitdə beynəlxalq səviyyədə səylərin birləşdirilməsini zəruri edir. Fikrimizcə, keçirilmiş konfrans da bu sahədə konkret bir addım kimi dəyərləndirilə bilər.
Bütün dünyada büdcə xərclərinə nəzarəti və maliyyə intizamını gücləndirmək, gəlirlərdən səmərəli istifadəni təmin etmək cəmiyyəti daim qayğılandıran məsələlərdəndir. Şəffaflıq olmadan qazanılan iqtisadi uğurların davamlılığını və sosial rifahı təmin etmək mümkün deyildir.
Bu baxımdan, Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illik yubileyi münasibətilə 16 sentyabr 2021-ci il tarixində Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə yüksək səviyyədə təşkil olunmuş “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfrans iqtisadi inkişafın müasir rəqəmsallaşma mərhələsində şəffaflığın təmin edilməsində və hesabatlılığın yüksək səviyyədə qurulmasında, kölgə iqtisadiyyatının aradan qaldırılmasında, korrupsiyaya qarşı mübarizədə dövlət və qeyri-dövlət nəzarətinin, həm də ictimai nəzarətin, o cümlədən müstəqil auditin rolunun getdikcə artırılmasına, bu sahədə mövcud olan problemlərin və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsinə öz töhfəsini vermiş, səmərəli əməkdaşlıq çərçivəsində mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üçün geniş imkanlar yaratmışdır.
Bakıda təşkil edilən konfrans çərçivəsində ölkə iqtisadiyyatının dayanıqlı və hərtərəfli inkişafının mühüm amili kimi müəyyən edilmiş bir sıra məsələlər, o cümlədən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, maliyyə hesabatlılığı sahəsində qabaqcıl təcrübənin tətbiqi, rəqəmsallaşmaya keçid, rəqəmsallaşmanın mühasibat uço­tu və daxili nəzarətə təsiri, kor­rupsiya və iqtisadi fəaliyyət sahə­sində baş verən cinayətlərin qarşı­sının alınması, auditdə yeni innovasiyaların və texnologiyaların tətbiqi, auditin keyfiyyətinin yaxşılaşdırılması, Beynəlxalq Mühasibat Uçotu və Audit Standartlarının, korporativ idarəetmə standartlarının tətbiqinin genişləndirilməsi, maarifləndirmə və əməkdaşlıq məsələləri üzrə təcrü­bə mübadiləsi ətrafında hər­tə­rəfli müzakirələr aparılmışdır.
Konfransda 12 ölkənin (Azərbaycan, Avstriya, Belçika, Türkiyə, Özbəkistan, Rusiya Federasiyası, Latviya, Polşa, Gürcüstan, Ukrayna, Makedoniya, Çernoqoriya) müvafiq audit və mühasibatlıq qurumlarını, beynəlxalq peşəkar təşkilatları, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru, kütləvi informasiya vasitələrini, ali təhsil və elmi təd­qiqat institutlarını təmsil edən 30-dan çox qurumdan 60-a yaxın nümayəndə iştirak etmişdir.
Konfrans iştirakçıları ilk öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək əklil qoymuş, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzmüşlər.
Tədbiri Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmlər doktoru, professor Vahid Novruzov açaraq, iştirakçıları və qonaqları salamladı. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 15 sentyabr tarixli 1/518 nömrəli “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına ünvanlandığı təbrik məktubunu iştirakçıların diqqətinə çatdırdı.
Tədbir iştirakçılarına həmçinin Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son dövr­lərdə iqtisadi islahatların aparılması, auditin inkişafı, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər və müstəqil auditə göstərilən böyük diqqət və qayğı barədə geniş məlumat verildi.
Eyni zamanda, Vahid Novruzov Palatanın 25 il ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən, ölkəmizdə auditin inkişafından, perspektivlərindən və qarşıda duran vəzifələrdən danışdı. Palatanın sədri “Şəffaflıq dayanıqlı iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda məruzə ilə çıxış edərək qeyd etdi ki, kölgə iqtisadiyyatına və korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin genişləndirilməsi, şəffaflığın artırılması istiqamətində son illər həyata keçirilən tədbirlər də məhz bu məqsədə xidmət edir və konkret əməli-praktiki addımlarla və nəzərə çarpacaq nəticələrlə müşayiət olunur. Cari ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozun 124,4 faiz yerinə yetirilməsi, o cümlədən qeyri-neft-qaz sektoru üzrə da proqnozdan əlavə büdcəyə 500 milyon manatın ödənilməsi, gömrük rüsumlarının həcminin artması iqtisadiyyatda əhəmiyyətli şəffaflaşma proseslərinin baş verdiyini, iqtisadiyyatın “kölgə”dən çıxarılmasını təsdiq edir. Şəffaflıq sahəsində əldə edilmiş uğurlardan danışarkən Azərbaycan Dövlət Neft Fondunun dünyanın 64 ən şəffaf müstəqil fondları arasında 5-ci yeri tutması da xüsusi qeyd olunmalıdır.
“Ticarət obyektlərində yeni nəsil kassa aparatlarının quraşdırılması ticarətdə dövriyyələrin leqallaşdırılmasına müsbət təsir göstərmiş, 2020-ci ilin 6 ayı ilə müqayisədə 2021-ci ilin 6 ayında onlayn kassa üzrə dövriyyə 2,1 dəfə artmışdır. Ölkəmizdə təsərrüfat subyektlərinin məcburi auditdən keçmə səviyyəsi son 5 ildə 3,2%-dən 48,7%-ə kimi yüksəlmişdir. Göründüyü kimi, kölgə iqtisadiyyatının miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması sahəsində atılan addımlar öz müsbət nəticələrini verməkdədir. İndi mühüm olan bu yolu davam etdirmək və şəffaflığın daha da yüksəldilməsinə yönəlik təxirəsalınmaz tədbirlər həyata keçirilməkdir”, – deyə o, vurğulayıb.
Daha sonra Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə qonaqları salamlayıb, konfransın işinə uğurlar arzuladı. Akademik Ziyad Səmədzadə “Böyük qayıdış dönəmində şəffaflıq” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kölgə iqtisadiyyatının azaldılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, idarəetmə sistemində və bütövlükdə iqtisadi-sosial həyatda şəffaflıq amilinə xüsusi önəm verilməsi Azərbaycanda dayanıqlı və inklüziv iqtisadiyyatın inkişafı üçün zəmin yaradır. Belə şəraitdə sosial-iqtisadi islahatların mühüm amillərindən biri olan şəffaflığın artırılması istiqamətində müstəqil audit də özünəməxsus rol oynamaqdadır.
Konfransın əvvəlində həmçinin Auditorlar Palatasının yubileyi münasibətilə auditor fəaliyyəti­nin inkişafında xidmətlərinə gö­rə Azərbaycan Respublikası Pre­zi­denti cənab İlham Əliyevin 2021-ci il 15 aprel tarixli “Azərbay­can Respublikası Auditorlar Palatasının üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncamı ilə təltif edilmiş Palatanın 11 nəfər əməkdaşına və üzvünə medallar təqdim edilmişdir.
Konfransın davamı olaraq, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “KОВ-lаrın uçot və hesabatlılığının sadələşdirilməsi və təkmilləşdirilməsi imkanlаrı” mövzusunda məruzə ilə çıxış etmişdir. Orxan Məmmədovun sözlərinə görə, hesabatlarında uyğunsuzluq aşkar edilən vergiödəyicilərinin mütləq əksəriyyəti mikro və kiçik sahibkarlardır. KOBİA və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı çərçivəsində aparılan təhlillər göstərir ki, vergi ödəyiciləri, xüsusilə də xidmət və ticarət sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarların gəlir və xərclərin uçotunun qanunvericiliyə uyğun aparılmaması, bəyannamələrin düzgün tərtib edilməməsi və sair nəticəsində kameral qaydada vergilər hesablanır və bu vergi ödəyicilərinin narazılığına səbəb olur. Bu, həmin kateqoriyadan olan sahibkarların müvafiq sahədə bilik və bacarıqlarının istənilən səviyyədə olmadığını göstərir. Bu hal KOB subyektlərinin hesabat prosesinə professional mühasiblərin və auditorların cəlb etmək imkanlarının olmaması və hesabatları özləri tərəfindən təqdim etmək istəyindən qaynaqlanır. Belə halda sahibkarlara dəstək göstərilməli, eyni zamanda, uçot və hesabat formaları daha da sadələşdirilməlidir.
Orxan Məmmədov qeyd edib ki, ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən və KOBİA-nın strukturuna daxil olan KOB inkişaf mərkəzləri tərəfindən vergi inzibatçılığı, həmçinin maliyyə və qeyri-maliyyə, vergi hesabatlarının hazırlanması, uçot qaydaları istiqamətində mütəmadi olaraq təlim və məsləhət xidmətləri göstərilir. 2021-ci ilin ötən dövründə KOB inkişaf mərkəzləri tərəfindən qeyd olunan mövzularda 800-ə yaxın biznesə başlamaq istəyən şəxsin və sahibkarın faydalandığı 40-a yaxın təlim təşkil olunub. O da bildirilib ki, mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən vergi inzibatçılığı, vergi hesabatların hazırlanması və digər aidiyyəti sahələrdə yol verilən nöqsanların aradan qaldırılması üçün KOBİA və Dövlət Vergi Xidməti birgə layihəyə start verib. Layihə çərçivəsində nöqsanların müşahidə olunduğu fəaliyyət istiqamətləri üzrə sahibkarlar təsnifatlaşdırılaraq KOB inkişaf mərkəzlərinin təlimlərinə cəlb olunacaq. Həmçinin Agentlik KOB subyektləri üçün uçot və hesabatlığın daha da sadələşdirilməsinə dair təkliflərin hazırlanması istiqamətində aidiyyəti qurumlarla birgə əməkdaşlığa və koordinasiyalı işlərin həyata keçirilməsinə hazırdır.
Daha sonra Avstriya “Johannes Kepler University Linz”in professoru, dünyada kölgə iqtisadiyyatını təhlil edən görkəmli tədqiqatçı alim Fridrix Şnayder “Karona pandemiyasının kölgə iqtisadiyyatının həcminə təsirlərinin təhlili barədə” məruzəsini onlayn formada konfrans iştirakçılarının diqqətinə çatdırdı.
O, vurğuladı ki, kölgə iqtisadiyyatının və qeyri-rəsmi məşğulluğun "həqiqi" ölçüsü haqqında etibarlı rəqəmlər əldə etmək çox çətindir (hər ikisi də çox vaxt böyük ölçülür). Bu baxımdan Fridrix Şnayder kölgə iqtisadiyyatının ölçülməsinin 3 növ qiymətləndirmə metodu haqqında - sorğular və Milli Hesablardakı uyğunsuzluqları "hesablamaq" yolu ilə aparılan birbaşa prosedurlardan, makroiqtisadi göstəricilərdən istifadə edərək aparılan dolayı prosedurlardan və kölgə iqtisadiyyatını "müşahidə edilməmiş" və ya "gizli" kimi qiymətləndirmək üçün statistik vasitələrdən istifadə edən modellərdən bəhs etdi. O, həmçinin 1991-2017-ci illər ərzində 15 ölkə üzrə ən yüksək və ən aşağı kölgə iqtisadiyyatı həcmini, o cümlədən Azərbaycan və ona qonşu olan 5 ölkə üzrə 1991-2020-ci illər ərzində ÜDM-in faizi ilə göstərilən kölgə iqtisadiyyatının müqayisəli həcmini əks etdirən müxtəlif cədvəllər və qrafikləri konfrans iştirakçılarına təqdim etdi. Tədqiqatçı alim təqdim etdiyi məruzədə ölkələrdə kölgə iqtisadiyyatının həcmi haqqında statistikanı hansı mənbələrdən əldə etdiyini və onun ölçülmə metodikası barədə konfrans iştirakçılarına geniş məlumat verdi. Fridrix Şnayder qeyd olunan göstəricələrə korona pandemiyasının da təsirsiz qalmadığını xüsusi vurğuladı.
Sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov “Korrupsiya və iqtisadi fəaliyyət sahəsində baş verən cinayətlərin qarşısının alınmasında auditin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. Nazim Rəcəbov diqqətə çatdırıb ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra müasir və günün tələblərinə cavab verən iqtisadi inkişaf modelinin formalaşdırılması və gücləndirilməsi istiqamətində davamlı işlər görülüb, müvafiq dövlət proqramları qəbul edilib, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində konseptual yanaşmalar formalaşdırılıb, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində şəffaflığın təmin olunması üçün audit institutunun inkişaf etdirilməsinə böyük önəm verilib, ölkədə auditor fəaliyyətinin qanunvericilik bazası gücləndirilərək, auditorların qərəzsiz və müstəqil fəaliyyəti üçün tələb olunan infrastruktur və maddi texniki baza yaradılıb. Belə ki, korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramının icra müddəti ərzində ölkədə əhəmiyyətli qanunlar qəbul edilib, Azərbaycan korrupsiyaya qarşı mübarizə ilə bağlı qəbul edilmiş bütün beynəlxalq sənədlərə qoşulub. Dövlət Proqramı üzrə antikorrupsiya tədbirlərində Auditorlar Palatasının da fəal iştirak etməsi, Palata tərəfindən “Korrupsiyaya qarşı mübarizə məqsədilə dövlət sektorunda və özəl sektorda daxili audit xidmətinin yaradılması üzrə proqram” işlənib hazırlanması təqdirəlayiq haldır.
Nazim Rəcəbov deyib: “Artıq yaradılmasının 25 ilini geridə qoyan Auditorlar Palatası bu illər ərzində Azərbaycanda auditin formalaşdırılması, tənzimlənməsi, inkişafı və təkmilləşdirilməsi, müəssisələrin və auditorların maraqlarının qorunması istiqamətində çox faydalı işlər görüb. Lakin günün tələbləri baxımından Azərbaycanın iqtisadiyyatı gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlarından daha da geniş istifadə etmək zərurəti yaranıb. Həmçinin korrupsiyaya qarşı mübarizə vasitəsi olan preventiv-profilaktik tədbirlərin həyata keçirilməsində, xüsusilə də korrupsiyaya şərait yaradan halların müəyyən edilməsində, aradan qaldırılmasında və qarşısının alınmasında audit yoxlamasının nəticəsi müstəsna əhəmiyyətə malikdir. Belə ki, audit yoxlaması ilə hər hansı dövlət qurumunda pozuntu baş verdiyi aşkarlandıqdan sonra dərhal aidiyyəti qurumlara pozuntunun başvermə mexanizmi barədə məlumat verilməklə, gələcəkdə bu cür pozuntuların qarşısının alınması üçün tədbirlərin görülməsi bildirilir”.
Baş İdarənin rəisi bildirib ki, eyni zamanda, istər korrupsiyaya, istərsə də cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasına qarşı mübarizədə maliyyə hesabatlarının doğru tərtib edilməsi və onun obyektiv qiymətləndirilməsi, qanunsuz və şübhəli əməliyyatların aşkarlanması üçün çevik nəzarətin təmin edilməsi, düzgün audit nəzarətinin aparılması ilə şəffaflıq təmin edilir. Təsadüfi deyildir ki, ölkəmizdə son dövrlər korrupsiyaya qarşı mübarizəyə dair proqram xarakterli sənədlərdə audit institutuna geniş yer verilib və bu sahədə mövcud qanunvericilik bazası daha da təkmilləşdirilib. Sevindirici haldır ki, bu gün prokurorluq və digər hüquq-mühafizə orqanları ilə yanaşı, Auditorlar Palatasının da dövlət siyasətinin başlıca strateji hədəflərindən olan korrupsiyaya qarşı mübarizə siyasətinin icrasında xüsusi rolu var.
Onun sözlərinə görə, korrupsiya və iqtisadi fəaliyyət sahəsində baş verən cinayətlərin qarşısının alınmasında qabaqlayıcı tədbirlərin görülməsi üçün risklərin müəyyənləşdirilməsi istiqamətində Auditorlar Palatası ilə Baş İdarə arasında münasibətlər daha da inkişaf etdirilməlidir. Belə əməkdaşlıq cinayətlərin baş verməsinə şərait yaradan halların ortaya çıxarılaraq qarşısının alınmasında, konkret sahələr üzrə təhdidlər və zəifliklər müəyyən edilərək, islahatların aparılmasında, qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasında effektiv vasitə ola bilər. Auditorlar Palatası ilə qarşılıqlı ikitərəfli əlaqələr bundan sonra da davamlı şəkildə inkişaf edəcək və korrupsiyaya qarşı mübarizə işinə layiqli töhfə verəcəkdir.
Konfransın davamında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Şəffaflıq strategiyası və “kölgə iqtisadiyyatı” ilə mübarizə: Dövlət Vergi Xidmətinin əldə etdiyi nəticələr” mövzusunda çıxış edib. O, bildirib ki, iqtisadiyyatın şəffaflığı onun dayanıqlı inkişafının təməlidir. Məhz buna görə də son illərdə “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması üçün dövlət tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir. 2018-ci ilin əvvəllərindən etibarən Azərbaycanın vergi sistemində keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələ öz xarakterinə görə və həll edəcəyi mürəkkəb vəzifələr baxımından unikaldır. Hökumətin qarşısında bir tərəfdən neft gəlirlərinin qeyri-müəyyənliyi şəraitində dövlət büdcəsinin resurs bazasının vergi gəlirləri hesabına gücləndirilməsi tələb olunur. Digər tərəfdən isə vergi siyasəti iqtisadiyyatın şaxələndirilməsini təşviq etməlidir ki, uzunmüddətli dövrdə büd­cənin vergi mənbələri hesabına formalaşan gəlirləri əhəmiyyətli dərəcədə artmış olsun.
“İslahatların əsas fəlsəfəsi, ilk növbədə, vergi ödəyicilərinin vergi orqanlarına olan inamının gücləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında şəffaf münasibətlərin qurulması, vergi mədəniyyətinin və intizamının gücləndirilməsi idi. Əvvəlki dövrlərdə uçot sisteminin pozulması, vergi öhdəliklərinin müəyyənləşməsində fəaliyyət və gəlirlər prinsipinin gözlənilməməsi sahibkarların qeyri-şəffaf fəaliyyətə üstünlük verməsinə, nəticə etibarilə dövlət büdcəsinə gəlirlərin əhəmiyyətli şəkildə azalmasına gətirmişdir.
Beləliklə, bu sahədə yaranmış vəziyyət ciddi dəyişikliklər tələb edirdi və bu baxımdan konseptual islahatların həyata keçirilməsinə başlandı. İslahatlar özlüyündə geniş şaxəli hədəflər müəyyən etsə də, bunların ən başlıcası, şüb­həsiz ki, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması idi. Biznes subyektlərinin həmin dövrdə fəaliyyətinin əhəmiyyətli hissəsi rəsmi uçotdan kənarda idi. Mövcud şəraitdə qeyri-leqal dövriyyəni aşkar etmək, sahibkarları öz gəlirlərini “ağartmağa” sövq etmək, iş yerlərini leqallaşdırmaq, biznes dövriyyələrinin sənədləşdirilməsinə nail olmaq asan deyildi.
Bu səbəbdən “kölgə iqtisadiyyatı” ilə mübarizə aparılması kompleks tədbirləri nəzərdə tutmalı idi və 2019-2020-ci illərdə vergi qanunvericiliyində “kölgə iqtisadiyyatı”nın azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması, sahibkarlığın inkişafının dəstəklənməsi, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı çoxlu dəyişikliklər həyata keçirildi”, – deyə Orxan Nəzərli vurğulayıb.
Daha sonra Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev “Mühasibatlıq və auditor xidmətləri göstərən şəxslərin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə rolu” mövzusunda məruzəsini konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, qeyd etdi ki, PL-in üç əsas mərhələsi var: yerləşdirmə, təbəqələşmə və inteqrasiya. Birinci mərhələdə, cinayət yolu ilə vəsait əldə edilir və maliyyə sisteminə daxil edilir. Sonra təbəqələşmə mərhələsində pulu bir çox vasitəçiyə paylayaraq orijinal pul mənbəyi gizlənir. Nəhayət, inteqrasiya mərhələsində qanunsuz pul sahibinə “leqal” olaraq köçürülür. Mühasibatlıq və auditor xidmətləri göstərən şəxslər hər üç mərhələdə müvafiq mübarizə tədbirlərinə öz töhfəsini verə bilərlər.
PL/TM qarşı mübarizə kontekstində maliyyə hesabatlığının etibarlılığının gücləndirilməsi iqtisadi artıma müsbət təsir göstərərək, maliyyə sisteminin qeyri-sabitliyini azaltmağa yardım edir. Mühasibatlıq və auditor fəaliyyəti PL/TM-ə qarşı mübarizədə mühüm əhəmiyyətə malikdir və yuxarıda qeyd edilən PL-in üç mərhələsinin hər birində effektiv vasitə ola bilər. Belə ki, auditorlar və mühasiblər maliyyə və qeyri-maliyyə institutlarının yoxlanılması və maliyyə uçotu ilə bağlı xidmətlərin göstərilməsi zamanı öz peşə standartlarına uyğun olaraq qanundan kənar halları aşkar etməlidir.
“PL/TM adətən maliyyə hesabatlarına birbaşa təsir göstərmir. Lakin kənar auditorlar maliyyə hesabatlarına dolayı təsiri olan qanunsuz hərəkətlərin baş vermə ehtimalından xəbərdar olmalıdırlar. Həm milli qanunvericilik, həm müvafiq beynəlxalq standartlar auditorlardan PL/TM-in həqiqətən olub-olmamasını müəyyənləşdirməyə yönəlmiş audit prosedurlarını yerinə yetirmələrini tələb edir. Bu əlavə prosedurlar şübhəli əməliyyatlar, əməliyyatların səbəbləri və əlaqəli tərəflər barədə daha ətraflı məlumat əldə etməkdən ibarət ola bilər. Şübhəli fəaliyyət haqqında daha yaxşı məlumat əldə edərkən, auditor sözügedən fəaliyyətlə əlaqəli olanlardan bir səviyyə yuxarıdakı (əgər iştirak edənlərdən yuxarı səviyyə varsa) rəhbərliklə bu məsələ üzrə işləməlidir.
Bu baxımdan, Azərbaycanda möv­­cud olan mühasibatlıq və audi­­tor xidmətlərinin müvafiq beynəl­­xalq standartlara uyğunlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 22-ci və 23-cü Tövsiyələrində mühasibatlıq və auditor xidmətləri göstərən şəxslər monitorinqdə iştirak edən digər şəxslər kimi təsvir olunaraq PL/TM qarşı mübarizə sahəsində müvafiq standartlara və tələblərə cavab verməlidir”, - deyə Fuad Əliyev qeyd edib.
Sonra Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının prezidenti Nuriyyə Novruzova “Mühasibat uçotu və audit: Gələcəyə baxış” mövzusunda məruzəsi ilə konfransı davam etdirdi. O, vurğuladı ki, indiki dövr­də yüksək həyat tempi, texnoloji proseslərdə sürətli dəyişikliklər, inanılmaz kəşflər - bunların hamısı günümüzün reallığıdır. İqtisadiyyatımızın bir çox sektorunda hər gün dəyişikliklər baş verir və hər saniyədə bənzərsiz yeniliklər yaradılır. Bəzən insana elə gəlir ki, intellektual sistemləri idarə edən robotlar haqqında çəkilən fantastik filmlər birazdan reallığa çevriləcəkdir. Bəşəriyyət davamlı olaraq inkişaf edir, buna görə də təkamül sürətinə uyğunlaşmaq vacibdir, çünki bu, müasir cəmiyyətdə yaşamağa imkan verəcəkdir.
“Mühasibat uçotu haqqında Azər­baycan Respublikasının Qanu­nu­na əsasən, mülkiyyət və təşki­lati-hüquqi formasından asılı olma­yaraq, ölkədə fəaliyyət gös­tə­rən hüquqi şəxslər maliyyə hesabat­larını beynəlxalq standartlarına əsasən tətbiq etməlidirlər. 2018-ci ildə qanunda edilən dəyişikliklərdən sonra Milli mühasibat uçotu standartları qüvvədən düşmüşdür. Ümumilikdə, bu nəticəyə gəlmək olar ki, əgər "dünən" mühasibat uçotunun tətbiqi ilə bağlı milli qaydalarımıza əsasən uçot qurulurdusa, “bu gün” artıq qanunvericiliyin tələblərinə uyğun olaraq beynəlxalq standartlara uyğun olaraq maliyyə uçotunun aparılması tələb olunur. “Bu gün” biz mühasibat və maliyyə uçotunun vahid bazaya birləşdirildiyinin şahidi oluruq və ola bilsin ki, “sabah” yenilənmiş maliyyə uçotu mühasibat uçotunu tam əvəz edəcəkdir.
Beləliklə, maliyyə uçotu təşkilatın tarixini əks etdirir, idarəetmə uçotu isə fərdi elementlərini və istiqamətlərini təhlil etməyə, işlərin mövcud vəziyyətini görməyə və təşkilatın inkişaf yollarını planlaşdırmağa imkan verir. Əgər “dünən” idarəetmə uçotu təşkilatlar tərəfindən aparılmırdısa, artıq “bu gün” böyük təşkilatlar gələcək strategiyasını quraraq qeyd olunan uçotu nəzərə alırlar, “sabah” isə təşkilatlar rəqabət nəticəsində bir-birini ötməyə, bir-birini öz iqtisadi göstəricilərini yaxşılaşdırmağa sövq etdirmək və bir-birindən geri qalmamaq üçün qeyd olunan uçotu istifadə edəcəklər”, - deyə Nuriyyə Novruzova qeyd etdi.
Qeyd olunanlarla yanaşı, konfransda Rusiya Federasiyası Özünütənzimləyən Auditor Təşkilatlarının “Sodrujestvo” Assosiasiyasının Baş direktoru, İdarə heyətinin üzvü Olqa Nosova “Rusiyada auditin inkişafında peşəkar cəmiyyətin rolu barədə”, Rusiya Federasiyasının Uzaq Şərq və Arktikanın İnkişafı Nazirliyinin Büdcə departamentinin direktor müavini, Nazirliyin daxili auditoru, Rusiya Federasiyasının 3-cü dərəcəli dövlət müşaviri Dmitri Yakovenko və Rusiya Federasiyasının Özünütənzimləyən Milli Peşəkar Mühasiblər, Maliyyə Menecerləri və İqtisadçılar İnstitutunun Prezident Şurasının üzvü Soslanbek Tsxovrebov “Rusiya Federasiyasının Arktik zonasının inkişafı: ilkin nəticələr, perspektivlər, xarici ölkələrin iştirakı”, Rusiya Peşəkar Mühasiblər və Auditorlar İnstitutunun prezidenti Lyudmila Xorujiy “Rəqəmsallaşmanın mühasibat uçotu və auditə təsiri”, “KPMC Audit Azərbaycan” məhdud məsuliyyətli cəmiyyətinin direktoru Murat Karakaş “Rəqəmsallaşmaya sürətli keçid”, Rusiya Federasiyası Özünütənzimləyən Auditor Təşkilatlarının “Sodrujestvo” Assosiasiyasının İdarə heyətinin sədr müavini, Keyfiyyətə nəzarət üzrə komissiyanın sədri Nadejda Kobozeva “Rusiyada auditin keyfiyyətinə nəzarət: sistemli keçid” mövzularında əyani, digər iştirakçılar, o cümlədən Kiçik və orta müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) prezidenti Salvador Marin “EFAA Böhran şəraitində kiçik və orta auditor təşkilatlarını dəstəkləyir və onları gələcəyə hazırlayır”, Türkiyə Sertifikatlı Mühasiblər və Sərbəst Auitorlar Palataları Birliyinin (TÜRMOB) Davamlı peşə inkişafı tədris mərkəzinin icraçı direktoru, professor Ali Rza Zafer Sayar “Türkiyədə Audit”, Gürcüstan Respublikasının Mühasibat uçotu, Hesabatlılıq və Auditə Nəzarət Xidmətinin Auditə nəzarət departamentinin rəhbəri Tornike Dzagnidze və həmin qurumun hüquqşünası Sofia Berianidze “Audit sanksiyası üzrə təcrübələrin müqayisəsi”, Latviya Mühasiblər Assosiasiyasının idarə heyətinin sədri Andrey Ponomaryov “Latviyada auditor xidmətlərinin keyfiyyətinin yüksədilməsində Audit Məsləhət Şurasının rolu və töhfəsi”, Kiçik və orta müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) icraçı direktoru Paul Tompson “Avropada korporativ hesabatlılığın gələcəyi: Azərbaycandakı şirkətlər üçün nəticələri nədir və gələcək addımlar necə olmalıdır”, Makedoniya Respublikasının Sertifikatlı Auditorlar İnstitutunun prezidenti Draqan Dmitrov “Kiçik və inkişaf etməkdə olan iqtisadiyyatlarda Beynəlxalq Audit Standartlarından istifadənin üstünlükləri və zəif tərəfləri”, Özbəkistan Milli Mühasiblər və Auditorlar Assosiasiyası Şurasının sədri Münəvvər Tulaxodjayeva “Özbəkistanda mühasibat uçotu və auditdə şəffaflığın təmin edilməsinin və rəqəmsallaşmanın xüsusiyyətləri”, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) Türkiyə, Azərbaycan, Gürcüstan və Əfqanıstan üzrə rəhbəri Filiz Demiröz “Audit və texnologiya”, Ukraynanın Yaroslav Mudriy adına Milli Hüquq Universitetinin I prorektoru, akademik Nikolay Kuçeryavenko “Müasir dövrdə virtual aktivlərin dövriyyəsinin tənzimlənməsinin bəzi aspektləri” mövzularında onlayn formada Azərbaycanda və dünyanın müxtəlif ölkələrində auditin inkişafı, şəffaflıq, yeni dövrün çağırışları, problemləri və vəzifələri ilə bağlı məruzələrlə çıxış etmişlər.
Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacizadə “Enerji auditi və onun tətbiq effektivliyi”, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində “Postkonfilikt ərazilərin bərpası” Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayev “Rəqəmsal iqtisadiyyat şəraitində auditin təkmilləşdirilməsi istiqamətləri”, Macarıstan Auditorlar Palatasının prezidenti Pal Tibor “COVID-19 kölgəsində kiçik və orta müəssisələr sektorunda auditə dair problemlər”, Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun icraçı direktoru Rade Sekic “Monteneqroda auditin inkişafı: keçmişi, bu günü və gələcəyi” mövzularında məruzələrini konfrans üçün təqdim etmişdirlər.
Tədbirdə qonaqlarla bərabər, Auditorlar Palatasının kollektivi, üzvləri və mətbuat nümayəndələri iştirak etmişlər. Sonda beynəlxalq konfrans iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
İqtisadi-maliyyə münasibətlərin­də şəffaflığın təmin olunması üçün maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla tətbiqini genişləndirmək çox vacibdir. Eyni zamanda, yeni dövrün çağırışlarını nəzərə alaraq, iqtisadi islahatların indiki mərhələsində nəzarət sistemini yenidən qurmaq, onun təsirliliyini artırmaq sahəsində çox iş görülməlidir. Bu baxımdan keçirilmiş konfransın mövzusu böyük əhəmiyyət kəsb edir.
Eyni zamanda, konfransın xarici ölkə təmsilçiləri tərəfindən də yüksək dəyərləndirilən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq Sizin məharətli sərkərdəliyiniz ilə Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində zəfəri ölkə iqtisadiyyatının inkişafında yeni çağırışlar və imkanlar yaratmışdır. Yeni strateji çağırışlar, dayanıqlı iqtisadi inkişafın reallaşması kontekstində Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə yüksək səviyyədə təşkil olunmuş “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində aparılmış müzakirə və təhlillər ölkələrimizdə kölgə iqtisadiyyatına qarşı mübarizə baxımından faydalı olmuş, iqtisadi inkişafın davamlılığının və şəffaflığın təmin edilməsində mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üçün yeni imkanlar yaratmışdır.

 

Səbuhi Gülməmmədov, Azərbaycan Respublikası Auditorlar Palatasının icraçı direktoru

Şəfiqə Əsgərova, Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdir müavini