MƏQALƏLƏR

Pənahəli xan Cavanşir - Cavanşirlər sülaləsinə mənsub olan Qarabağ xanlığının qurucusu, ilk xanı, sərkərdə

  • 23.09.2021

Qarabağın görkəmli simaları

Pənahəli xan 1693-cü ildə İbrahimxəlil ağanın və Qızlarbəyim xanımın ailəsində Qarabağın Alaqarğu kəndində anadan olub. Mirzə Camal Cavanşir bəy yazır: "Mərhum Pənah xanın əsil-nəsəbi Qarabağın Cavanşir еlindəndir. Bu еl qədim zamanlarda Türküstandan gəlmiş Bəhmənli еlinin bir qоlu оlan Sarıcalı оymağındandır. Bunların ata-babaları Cavanşir еli arasında məşhur, adlı-sanlı, çörəkli, mal-dövlət və еhsan sahibi оlmuş adamlar idilər".


Qarabağda hakimiyyəti
1747-ci il iyulun 19-dan 20-nə keçən gecə Nadir şah öldürüldükdən sonra İranda mərkəzi hakimiyyət pis vəziyyətə düşdüyü üçün, o cümlədən Azərbaycanda xalq azadlıq hərəkatının qələbəsi üçün şərait yarandı. Azərbaycanda 20 müstəqil və yarımmüstəqil xanlıqlar təşəkkül tapdı. Belə bir tarixi şəraitdə Pənahəli xan Qarabağ xanlığının əsasını qoydu. O, 200-ə qədər süvari tərəfdarı ilə birlikdə Qarabağa gəlib özünü xan elan etdi. Pənahəli xan Xorasana və Gilana sürgün edilmiş Kəbirli, Cavanşir və başqa Qarabağ tayfalarının vətənə qayıtmağına şərait yaratdı. Pənahəli xan onları qarşılamaq üçün Azərbaycan və İraq sərhədinə qədər gedib, onlara kömək göstərdi.
Beləliklə, böyük dövlətin sərhədlərində öz müstəqilliyini inadla qoruyan kiçik bir müstəqil dövlət əmələ gəldi. Özünə yaxın və sədaqətli adamlarını ətrafına toplayıb güclü qoşun yığaraq ona itaət etməyənləri müxtəlif yollarla və vasitələrlə özünə tabe etdirdi. Xalqın hörmətini qazandı.
Pənahəli xan xanlığı, var-dövlətini və özünü qorumaq üçün ilk olaraq müdafiə tədbirləri görməyə başladı və bu səbəbdən etibarlı qala inşa etdirməyi qərara aldı. Pənahəli xan 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını tikdirdi. Pənahəli xan şəhərin bir çox adamları ilə birgə Bayat qalasında yerləşdi.
Bayat müharibəsindən sonra Pənahəli xan fikirləşdi ki, xanlığa daha etibarlı qala lazımdır. Çünki Bayat qalasının strateji mövqeyi zəif, iqlimi isti olduğundan, orada uzun müddət böyük hərbi qüvvə saxlamaq mümkün deyildi. Buna görə də üç il sonra, 1751-ci ildə Ağdamın 5–6 kilometrliyində yerləşən Şahbulaq adlanan yerdə inşaat işlərinə başlanıldı və kiçik qala-şəhər halına salındı, Şahbulaq qalası inşa edildi və tədricən xanlığın ərazisi əlavə torpaqlar hesabına genişləndirildi.
Azərbaycanda cərəyan edən hadisələr — feodal vuruşmaları göstərdi ki, Şahbulaq qalası da o qədər qüvvətli sığınacaq deyil, nisbətən qüv­vətli düşmənin "qurbanı" ola bilər. Pənahəli xan Şahbulaq qalasının da etibarlı qala olmadığını görüb, yeni Şuşa qalasının inşası üçün danışıqlar apardı. Pənahəli xan söylənilən fikirləri nəzərə alaraq, yeni paytaxtın tikintisi üçün əmrlər verdi. Şahbulaq qalasında sakin olanları, kənd əhalisi ilə köçürüb buraya gətirdilər. Hər şəxsə yurd və yer verib xalqı sakitləşdirdilər. Pənahəli xan Şuşa qalasını tikdirib xanlığın iqamətgahına çevirdi. Qarabağ xanlığının ilk şəhəri olan Şuşanın siması Bərdə, Beyləqan, Bakı, Gəncə, Şəki və Şamaxı kimi ərazilərin memarlıq üslublarını özündə əks etdirib. Sonralar Pənahəli xan öz ailəsi üçün uca imarətlər və geniş binalar saldırdı. Hünərli ustalar, sənət sahibləri və iş bilən memarlar hasar, barı, bürc və divar çəkdilər. Pənahəli xan Şuşanın tikintisində Təbriz, Ərdəbil və başqa şəhərlərdən ustalar dəvət etmişdi. Sonralar həmin ustalar Şuşada qalıb yaşamışlar. Şuşa şəhəri XVIII əsrin ortalarında meydana çıxsa da, özünün siyasi, iqtisadi və mədəni inkişafına görə bir çox orta əsr Azəbaycan şəhərlərini qabaqladı.


Pənahəli xan 1763-cü ildə Şirazda vəfat etdi.
Pənahəli xan Bayat, Şahbulaq və Şuşa qalalarından əlavə, Əsgəran qalası və Qarabağ xan sarayının yaradıcısıdır. Hal-hazırda qalalar və xan sarayı yararsız vəziyyətdədir. Pənahəli xan Şuşa qalasını tikdirdikdən sonra, burada sikkəxana açdırmışdı. Həmçinin sikkəxanada pənahabad adlı sikkə də buraxılmağa başlamışdı. Pənahabad sikkəsi və Şuşa qalasının parad qapısının açarı hal-hazırda Azərbaycan Tarixi Muzeyində yerləşir.