MƏQALƏLƏR

Səndən təsəlli bir zabit mundiri...

  • 30.09.2021

Baş leytenant Kamil Rəhimli.

İkinci Qarabağ müharibəsinin ilk şəhidlərindən.

(19 aprel 1993 - 27 sentyabr 2020)

 

“Əlbəttə, hər bir insanın həyatdan getməsi böyük faciədir - həm onun ailəsi üçün, yaxınları üçün, qohumları üçün, həm də cəmiyyət üçün. Ancaq bizim şəhidlərimiz haqq yolunda həlak olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunur. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq. Bu, şəhid ailələri üçün təsəlli ola bilər”.


İlham ƏLİYEV



Bakı şəhərində anadan olub. 2008-2011-ci illərdə Naxçıvanski adına hərbi liseydə, 2011-2015-ci illərdə Azərbaycan Ali hərbi məktəbində, 2015-ci ilin avqust ayından dekabr ayına kimi Silahlı Qüvvələrin təlim-tədris mərkəzində təhsil almışdır. Arzusu hərbçi olmaq idi.
Azərbaycan Ordusunun baş leytenantı olan Kamil Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamil Rəhimli elə həmin gün - Füzuli döyüşləri zamanı qəhrəmanlıqla şəhid olub, şəhidlik zirvəsinə ucalıb.
İkinci Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Rəhimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" və 15.12.2020-ci il tarixli Sərəncamına əsasən isə “Vətən uğrunda”medalı ilə təltif edilib.
27 yaşlı şəhidimiz haqqında olan bu yazı bəlkə də onun ailəsinə kiçik bir təsəllidir. Amma Kamil kimi igidlərin - 2907 şəhidin canı-qanı bahasına Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi erməni faşizmi üzərində bizim tarixi qələbəmizdir.Bu yerdə Şəmistan Əlizamanlının məşhur mahnısının sözləri yada düşür:

Barıt qoxulu o yollar o yollar
Səni bəs nə vaxt qaytarar, qaytarar
Səndən təsəlli bir zabit mundiri
Bir cüt ulduzlu, aylı paqonlar...

Allah rəhmət eləsin, şəhidim!