MƏQALƏLƏR

Sıfır emissiyaya doğru

  • 20.05.2011

Sıfır emissiyaya doğru

Azərbaycan ekoloji mühitin sağlamlaşdırılması məqsədilə tədbirlərini genişləndirir. Dövlətimiz ekologiyaya dair problemlərə həssaslığını nümayiş etdirərək, ətraf mühit ilə bağlı silsilə layihələr həyata keçirir. Atmosfer havasının mühafizəsi də həyata keçirilən layihələrə daxil edilmişdir.

2010-cu il Azərbaycanda “Ekologiya ili” kimi qeyd edildi  və bu il çərçivəsində  atmosferin çirklədirilməsində payı olan avtomobillər də yaddan çıxmadı. İlk dəfə olaraq Avro standartın tətbiqinə başlandı, yanacağın keyfiyyətinin artırılması istiqamətində işlərə start verildi.

2010-cu ilin fevral ayının 18-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş müşavirədə elə Prezident tərəfindən Avro-2 standartlarına keçidin nəzərdə tutulduğu bəyan edildi. Müşavirədən 15 gün sonra, yəni, 6 mart 2010-cu il tarixində Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə qərarı təsdiq etdi. Həmin qərarda göstərildi ki, 2010-cu il iyulun 1-dən Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-2 ekoloji normaları tətbiq edilsin. Həmçinin qərarın tədbirlər planında  bir sıra dövlət qurumlarına Avro-3 və daha yüksək Avropa ekoloji normalarına mərhələlərlə keçidlə bağlı təkliflərin,  nadir avtonəqliyyat vasitələrinin idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair qaydaların layihəsinin hazırlanması tapşırıldı.

Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət Komitəsi Avro-2 -yə keçidlə əlaqədar milli standartı  hazırlayaraq təsdiq etdi və Azərbaycan 2010-cu ilin iyul ayının 1-dən Avro-2 standartına keçdi. Həmin tarixdən etibarən bu standartın tələblərinə cavab verən avtomobillərin ölkəyə idxal olunmasına icazə verilir.

Ölkəmizdə atmosfer çirklənməsinin 40%-i avtomobillərin payına düşür

Avro-2 standartına keçməkdə əsas məqsəd avtomobillərdən ixrac olunan zərərli qazların azaldılmasına nail olmaqdır. Ötən il Azərbaycan Prezidentinin  yanında ekoloji problemlərə həsr olunmuş müşavirədə Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirmişdi ki, əgər sovet dövründə Azərbaycan Respublikası atmosferə çirkləndiricilər və karbon birləşmələrini 70 milyon ton civarında atırdısa, hazırda atmosferə atdığımız karbon birləşmələri və çirkləndiricilərin həcmi 38 milyon tona enmişdir. Lakin əgər əvvəllər 70 milyon tonun içində nəqliyyatın payı 4,5 milyon ton idisə, bu gün artıq 38 milyon tonun təqribən 14-15 milyon tonu təkcə nəqliyyatın payına düşür.

Avtomobil İstehsalçılarının Beynəlxalq Təşkilatının məlumatına görə dünya atmosferinə CO2 emissiyalarının təxminən 16%-nə görə avtomobillər məsuliyyət daşıyır.

Emissiya standartları həm özümüz, həm də bizdən sonrakı nəsillərin rahat bir nəfəs almasını təmin etmək baxımından böyük bir əhəmiyyət daşıyır. Çünki qlobal istiləşmənin dünyamızın gələcəyini təhlükəyə apardığı bu çağda, avtomobillər problemin əsas günahkarlarından biri  elan edilmişdir. Avtomobil istehsalçıları da ətrafa və insanlığa həssas olduqlarını göstərmək üçün, bir tərəfdən alternativ yanacaq qaynaqları ilə çalışan avtomobilləri inkişaf etdirir, digər tərəfdən də mövcud olan texnologiyaları təkmilləşdirərək zərərli qazların buraxılışını minimuma endirməyə çalışırlar.

Yediyimiz qidaların, hətta geydiyimiz paltarların tərkibində xərçəng xəstəliyinə səbəb ola biləcək maddələr haqqında bir xəbər oxuduğumuzda ciddi bir həssaslıq göstərdiyimiz halda, səkidə yeriyən zaman yanımızdan keçən avtomobilin ixrac etdiyi qara  tüstülərin qat-qat artıq xərçəng xəstəliyinə səbəb olacaq maddə ixrac etdiyinin nə qədər fərqindəyik bilmirəm? Ancaq inkişaf etmiş ölkələr başda olmaqla dünyanın bir çox ölklərində bu mövzu ilə əlaqədar ciddi bir yol qət edilmiş və "0" emissiyaya doğru sürətlə addımlayırlar.

Təmiz hava, səssiz mühit

Artıq qlobal avtomobil sənayesi gələcəyini elektrikli avtomobillərdə görür. Avtomobil istehsalçıları xeyli müddətdir ki, elektrikli avtomobillərin inkişaf etdirilməsi üzərində işləyirlər.

Elektrikli avtomobilin benzin yerinə elektrik enerjisi ilə çalışan mühərriki var. Kənardan baxanda bu avtomobillərin elektriklə çalışdığını bilməzsiniz. Bu avtomobillər havanı çirkləndirmir və demək olar ki, tamamilə səssizdir.

Satılacaq hər 10 avtomobildən biri elektrikli olacaq

Renault şirkətinin elektrikli avtomobillər layihəsinin direktoru Thierry Koskas 2020-ci ildə satılacaq hər 10 avtomobildən birinin elektrikli avtomobil olacağını təxmin etdiklərini bildirmişdir. Artıq Avropanın bir sıra ölkələri elektrikli avtomobil alışını təşviq etməyə başlayıblar. Fransada belə avtomobil alanlara dövlət tərəfindən 5000 avro yardım edilir. Almaniya hökuməti isə 2020-ci ilə qədər ölkənin yollarında elektrikli avtomobillərin sayını 1 milyon ədədə çatdırmaq üçün 1 milyard avroluq vergi güzəştləri və təşviq tədbirləri görəcək.

Renault, General Motors, Toyota kimi istehsalçıların elektrikli avtomobil texnologiyasının inkişaf etdirilməsində əsas diqqət ayırdıqları məsələ avtomobilin bir dəfə topladığı qüvvə ilə daha uzun məsafə qətt edə bilməsidir. Elektrikli avtomobillərin adi şəraitdə uzağa gedəbilmə məsafəsi 160-200 kilometr nəzərdə tutulub. Nəqliyyatın sıx, kondisionerin açıq olduğu şəraitdə isə minimum 100 kilometr məsafəni qət etməyi təmin etməkdir.

Qlobal avtomobil istehsalçıları arasında Renault-Nissan alyansı elektrikli avtomobil sahəsində uğurlu nəticələr əldə edib. Alyansın Fluence ZE modeli bu sahədə əsl inqilabdır. Bu avtomobil bir dəfə elektrik enerjisini yığmaqla 160 km məsafəni qət edə bilir. Avtomobilin batareyasının bir dəfə doldurulmasının xərci isə Fransada 2 avrodan da az qiymətə başa gəlir.

Yaponiya avtomobil istehsalçısı Toyotanın isə "gizlicə" günəş panelləriylə təchiz ediləcək elektrikli avtomobili inkişaf etdirməyə çalışdığı bildirilir.

Hazırda hər hansı bir ölkədə elektrikli avtomobillər bazarını hərəkətə gətirmək üçün iki mühüm şərtin yerinə yetirilməsi tələb olunur. Bunlardan biri dövlət tərəfindən təşviq tədbirlərinin həyata keçirilməsidir. Belə ki,  elektrikli avtomobillərin istehsal xərcləri yüksək olduğundan hələlik onların qiyməti benzinli avtomobillərlə müqayisədə bahadır.  Elektrikli avtomobillərin qiymətinin daha da yüksəlməməsi üçün bu avtomobillərin idxal rüsum və vergilərindən azad edilməsi, əlverişli şərtlərlə satışının təmin edilməsi  kimi təşviq tədbirlərinin görülməsi zəruridir.

İkinci yerinə yetirilməsi tələb olunan şərt elektrikli avtomobillərin batareyalarının doldurulması üçün stansiyaların tikilməsidir. 2011-ci ilin yanvar ayında Avropada 20 min doldurma stansiyası olmuşdur və 2012-ci ildə stansiyaların sayı 4 dəfə artırılacaq.

Avtomobillər qüvvə ehtiyatını evdə də toplaya biləcək

Renault elektrikli avtomobilin batareyasını doldurmaq üçün 3 yol təklif edir. Axşam evdə olduqda avtomobili adi elektrik şəbəkəsinə qoşub batareyasını 6-8 saata yükləmək olar. İkinci bir yol isə avtomobili park edən zaman (alış-veriş mərkəzlərində, avtoparklarda və s.) avtomobili orada quraşdırılmış xüsusi qurğuya qoşmaqla 30 dəqiqəyə batareyasını yükləmək mümkündür. Ən əlverişli və vaxt itkisinə səbəb olmayan yol isə elektrikli avtomobillər üçün nəzərdə tutulmuş stansiyalarda avtomobilin batareyasının dəyişdirilməsidir. Bu proses cəmi 3 dəqiqə tələb edir. Qeyd edək ki, elektrikli avtomobilləri bahalı edən onun batareyasıdır. İstehsalçılar elektrikli avtomobilin qiymətinin yüksək olmaması üçün belə batareyaları daha çox kirayə verməyi nəzərdə tuturlar.

Niyə də ölkəmizdə elektrikli avtomobildən istifadəyə başlamayaq?

Əgər ölkəmiz Avro-2 standartına keçərək atmosfer havasının çirklənməsinin qarşısının alınmasında niyyətli olduğunu bildiribsə, indidən ölkəmizdə elektrikli avtomobillərdən istifadəyə  keçməyin zamanı olduğu görünür.  Yollarımızda istismar müddətini başa vurmuş, havanı çirkləndirən avtomobillərlə doldurmaqdansa, elektrik enerjisi ilə çalışan avtomobillərin gətirilməsinə şərait yaratmaq lazımdır.

Elektrikli avtomobillər üçün infrastrukturun yaradılması elə də qorxulu deyil. Əgər Bakı şəhərində tıxacların aradan qaldırılması üçün iri avtomobil dayanacaqlarının tikintisi planlaşdırılırsa elə həmin dayanacaqlar yaradılan zaman belə ərazilərdə dolum qurğularını yerləşdirmək olar. Həmçinin yanacaqdoldurma məntəqələrində, habelə  supermarketlərin, ticarət mərkəzlərinin dayanacaqlarında belə qurğuları yerləşdirmək olar.

Hələlik ölkəmiz Avro-2 standartına keçmişdir. Avropa isə Avro-6 standartına keçməyə hazırlaşır. Avro-6-a çatmaq üçün qarşımızda hələ 4 standartın olduğunu və bu standartları tətbiq etmək üçün böyük maliyyə vəsaitinin olması tələb olunduğunu nəzərə alsaq, elektrikli avtomobillərə keçməklə niyyətimizi əsl nümayiş etdirmiş olarıq.  Həm atmosfer havasının çirklənməsinin qarşısı alınar, həm də şəhərin səs-küy problemi xeyli aradan qalxar.

Təsəvvür edin benzinin keyfiyyətinin Avro- 5 standartına çatdırılması üçün yeni Neft Emalı Zavodunun tikilməsi tələb olunur. Belə zavodun qurulması üçün 3-4 il lazım gəlir. Biz atmosferin düşməni olan benzin mühərrikli avtomobillərin “dərdini çəkmələ” məşğul olduqda, artıq dünyanın bir çox ölkəsi elektrikli avtomobildən istifadəyə başlamış olacaqdır. Düzdür, benzinin keyfiyyətinin yaxşılaşdırılması, daha yüksək Avro standartların tətbiqi labüddür, lakin bu kimi işlərə başımızı qatıb elektrikli avtomobillərə keçməkdə vaxt itirməməliyik. Qeyd edək ki, artıq qonşu Gürcüstan bu istiqamətdə addımlar atmağa başlayıb. Bu ölkənin İqtisadiyyat Nazirliyi Renault-Nissan alyansı ilə müqavilə imzalayıb. Razılaşmaya görə alyans Gürcüstanda elektrikli avtomobillər üçün infrastrukturun yaradılmasına kömək edəcək. Artıq bu ilin noyabrında Gürcüstan 4000 elektrikli avtomobili də alacaqdır.

Azərbaycan Avropa Birliyinə doğru gedir. Bu birliyin təcrübəsindən, qanunlarından, standartlarından faydalanaraq ölkəmizdə islahatlar aparılır. Əgər bu birliyə üzv olmaq qarşıya məqsəd qoyulubsa, daha yüksək ekoloji standartlar tətbiq etməsək  üzvlük zamanı əngəllər ilə qarşılaşa bilərik. Lakin indidən elektrikli avtomobillərə keçidə başlanılsa, bu barədə Avropa Birliyinin tələbləri ilə qarşılaşmarıq.

Görünür ki, gec-tez gələcəkdə küçələrdə elektrik ilə çalışan avtomobillər şütüyəcəkdir və biz axşamlar avtomobillərimizin akkumulyatorları enerji toplayarkən uşaqlarımıza və nəvələrimizə bir zamanlar avtomobillərin çıxardığı murdar tüstüləri bir hekayə kimi nəql edəcəyik.

Seymur Yunusov


 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün.