MƏQALƏLƏR

362

Müstəqil Azərbaycanın dövlətçilik tarixində "Əsrin müqaviləsi"nin gələcəyə hesablanmış vektorları

  • 30.09.2021

Enerji resursları müasir geosiyasi proseslərin stimullaşdırıcı amili hesab edilir. XXI əsrin ilk iyirmi ilində antiterror əməliyyatlarının aparıldığı ərazilər – Əfqanıstan, İraq, Liviya, onun ardınca isə “Ərəb baharı” adını almış hərbi-siyasi proseslər ya karbohidrogen mənbələrinə çıxışı, ya da ona yaxın strateji daşınma yollarına nəzarəti ələ keçirməyə xidmət edib. Bundan əlavə, tarixən neft faktoru daxili çevrilişlərə, sabitsizliyə, vətəndaş müharibələrinə və hərbi müdaxilələrə rəvac verib.
Mürəkkəb bir şəraitdə öz dövlət müstəqilliyini qazanmış Azərbaycan da bu strateji sərvətin ağrı-acılarını son 30 ildə dərindən hiss edib. Birinci və İkinci Qarabağ müharibəsi, hərbi çevriliş cəhdləri, terror aktları və s. destruktiv proseslər bilavasitə Azərbaycan nefti ilə assosiasiya edilib.
Bununla belə, zəngin enerji resursları ölkənin milli təhlükəsizliyinin möhkəmləndirilməsində, idarəetmə sistemlərinin və hərbi quruculuğun təkmilləşdirilməsində, iqtisadi sistemin müasirləşdirilməsində və zəruri islahatların davam etdirilməsində, həmçinin insan kapitalının inkişafında mühüm gəlir mənbəyi hesab edilir. Yeni-yeni müttəfiqlərin cəlb edilməsi, ölkənin xarici siyasətinin yeni vektorlarının müəyyən edilməsi, regional sabitliyin möhkəmləndirilməsi, investisiya “bumu”nun yaradılması və s. proseslərdə qara qızıl əvəzsiz rol oynayır.
Ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra olduqca qıza zaman ərzində neft amilinin dövlət müstəqilliyimiz üçün hərbi-siyasi risklərini heçə endirməklə, onu müasir dövlətçilik tariximizin inkişafının ən vacib dayaqlarından birinə çevirməyi bacardı. 2003-cü ildə hakimiyyətə gəlmiş cənab Prezident İlham Əliyev isə bu strateji amildən ölkəmizin ərazi bütövlüyünü təmin etmək, regionun lider dövləti və ordusunu yaratmaq missiyası üçün uğurla istifadə etməyi bacardı.
Azərbaycan neftinin beynəlmiləlləşməsi prosesinə tarixi ekskurs olduqca maraqlıdır. Belə ki, 27 il öncə Bakıda Gülüstan sarayında Azərbaycan hökuməti Qərbin aparıcı neft şirkətləri ilə olduqca mühüm bir sənəd imzaladı. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak etmişdir. Onlar tezliklə işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi.
İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.
“Əsrin müqaviləsi”nin əhəmiyyəti onun imzalanması dövrünün hərbi və geosiyasi reallıqları ilə sıx bağlı idi. Belə ki, imzalanmadan dörd ay öncə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejimi bərqərar olmuşdur. Ağır müharibədən yenicə çıxmış, bütün zəruri resursları tükənmiş, 20 faiz torpaqları işğalçı dövlət tərəfindən işğal edilmiş və 1 mln. qaçqın və məcburi köçkünə sığınacaq vermiş gənc Azərbaycan dövlətinin özünə gəlməsi əsas şərt idi. Digər tərəfdən, ölkədə ictimai-siyasi sabitliyin olmamasından yararlanmaq istəyən destruktiv qüvvələr ağır və yorucu müharibədə zəifləmiş bir ölkəni tamamilə parçalayıb məhv etmək istəyirdilər. Belə bir mürəkkəb vəziyyətdə milli təhlükəsizliyin qorunmasını təmin etmək məqsədilə Ulu öndər H.Əliyev neft kartını işə salmağın əsl məqamı olduğunu yəqin etdi. Heydər Əliyevin “Realpolitik”ində neft amili bir neçə təxirəsalınmaz vəzifələrin həllini təmin etməli idi:
1) Zəifləmiş ölkəni yenidən ayağa qaldırmaq və onu həyatqabiliyyətli bir dövlətə çevirmək;
2) Vətəndaş-dövlət həmrəyliyini möhkəmləndirmək və bu yolla ictimai-siyasi sabitliyi təmin etmək;
3) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini beynəlmiləlləşdirmək.
Bu ideya triadasının gerçəkləşməsi “Əsrin müqaviləsinin” strateji vəzifəsini müəyyən edirdi.
Ötən 27 il ərzində Ulu öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin neft strategiyası aşağıdakı geosiyasi kombinasiyaların qurulması ilə xarakterizə edilib. Birincisi, hərbi qarşıdurmaların işgüzar əməkdaşlıq mühitinə transformasiyası. Həmin dövrdə regionda dövlətlərarası münasibətlər sistemini hərbi qarşıdurmalar müstəvisindən iqtisadi mənfəətə söykənən əməkdaşlıq və dialoq mühitinə çevirmək ilk şərt idi.
Bu, ilk növbədə, regionda inkişafa aman verməyən və onu xarici qüvvələrin müdaxiləsinə həssas edən qanlı müharibələrin perspektivlərini heçə endirmək məqsədi güdürdü. Digər tərəfdən, neft amilinin gələcək perspektivləri antimüharibə təbliğatının geniş vüsət tapmasına və sonradan enerji faktorunun praktiki baxımdan realizəsinə istinad etməli idi. Qısa zaman kəsiyində Heydər Əliyev regionda dövlətlərarası münasibətlər sistemini geoiqtisadi müstəviyə qaldırmaqla müharibə amilini arxa plana keçirmiş oldu. Dünyanın aparıcı dövlətləri olan ABŞ, Böyük Britaniya, o cümlədən regionu özünün “həyati mühüm maraqları” zonası elan etmiş Rusiyanı Azərbaycan nefti ətrafında toplamağa nail oldu və işğalçı Ermənistanın uzunmüddətli özünütəcrid vəziyyətinə düşməsinə zəmin yaratdı.
1995-ci ilin oktyabrında Azərbaycan neftinin daşınmasının diversifikasiyasında Rusiya (1997-ci ildə Bakı-Novorossiysk) ilə Qərbin (1999-cu ilin aprelində Bakı-Supsa işə düşdü və 2006-cı ildə BTC əsas marşrut kimi istismara verildi) maraqlarının nəzərə alınması regionda postmüharibə dövrü üçün yeni rəqabətə stimul verdi. Belə demək mümkündürsə, Heydər Əliyev regional münasibətlər sistemində nəinki Azərbaycanın, həm də qonşu Gürcüstanın milli maraqları naminə “ağır güclə” “yumşaq gücün” daha rasional konvergensiyasına nail oldu.
Ermənistan Azərbaycan neftinin geosiyasi təsirini minimuma endirmək məqsədilə 2020-ci ilin 12-16 iyulunda qanlı Tovuz təxribatına əl atmışdır. Yeni münaqişə ocağı kimi Azərbaycanın strateji neft-qaz boru kəmərlərinin bir addımlığında yerləşən Tovuz şəhərinin seçilməsi təsadüfi olmamışdır. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov öz çıxışında bunu etiraf etmişdir.
İkinci Qarabağ müharibəsində də düşmən strateji neft-qaz boru kəmərlərinin keçdiyi rayonlarımızı intensiv artilleriya atəşinə məruz qoymuşdur.
İkinci Qarabağ müharibəsindən sonra regionun gələcək taleyində nəqliyyat dəhlizlərinin və energetika sahəsində yeni əməkdaşlıq imkanlarının mühüm rol oynayacağı etimal edilir.
İkincisi, Azərbaycan neftinin geosiyasi kondominiuma hesablanması. “Əsrin müqaviləsi”ndən sonrakı 3-4 il ərzində regionda Qərbin fəallaşması və Rusiyanın nisbətən praqmatik siyasətə üstünlük verməsi regionda geosiyasi kondominium üçün əlverişli zəmin yaratmış oldu. Cənubi Qafqazın geomənzərəsinə təsir edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan neftinin istismarı və daşınması prosesində ABŞ-la Rusiyanın maraqlarının təmin edilməsi nəticəsində Azərbaycan öz xarici siyasət kursunda balanslaşdırılmış xəttin əsasını qoymuş oldu. 1997-ci ildə ABŞ və Fransa ATƏT-in Minsk Qrupuna Rusiya ilə birlikdə həmsədr təyin edildi. Bir il sonra isə Qərb marşrutu (BTC) Azərbaycan neftinin ana xətti seçildi. Milli maraqların təmin edilməsinə istiqamətlənmiş balanslaşdırma siyasəti Azərbaycanın güclənməsinə, inkişafına, beynəlxalq münasibətlər sistemində rolunun artmasına, anti-Azərbaycan siyasəti ilə ad çıxarmış B.Yeltsin hökumətinin və İranın neytrallaşmasına, ölkəmizin Avroatlantik məkana inteqrasiyasının sürətlənməsinə səbəb oldu. Şüb­həsiz ki, balanslaşdırma siyasəti Azərbaycanı Rusiya ilə Qərb arasında daha ustalıqla manevr etməyə, hər iki qlobal qüvvəni Azərbaycana münasibətdə daha istəkli olmağa vadar etmişdi.
İkinci Qarabağ müharibəsindən sonra regionda tam fərqli geosiyasi vəziyyət yaranıb. Türkiyə Rusiyanın əsas rəqibinə və müttəfiqinə çevrilib. ABŞ və Fransa isə öz təsir imkanlarını əldən verib.
Üçüncüsü, regionun demilitarizasiyası istiqamətində addımların atılmasının vacibliyi. 1999-cu ilin noyabrında ATƏT-in İstanbul sammitində Ulu öndər Heydər Əliyev öz çıxışında regionun demilitarizasiyası məsələsini ortaya atdı. Bu, milli maraqların təmin edilməsi baxımından olduqca vacib məsələ idi. Belə ki, həmin dövrdə Cənubi Qafqazda olan Rusiyaya məxsus xarici hərbi bazalar regionda hakimiyyət dəyişikliyinə rəvac vermək, ictimai sabitliyi pozmaq və işğalçını himayə etmək, Qərbin maraqlarına təhdid etmək anlamı ilə assosiasiya edilirdi. Bu hərbi bazaları regiondan çıxartmadan “Əsrin müqaviləsi”nin tam gücündə işləməsinə, BTC-nin reallaşmasına nail olmaq çətin görünürdü. Həmin sammitdə Rusiyanın Gürcüstanda iki hərbi bazasının (Vaziani və Gudauta) və Dnestryanıda hərbi bazasının buraxılması haqqında qərar qəbul edildi.
2001-ci ildə Heydər Əliyevin Vladimir Putinlə Bakıda Xəzərin statusuna dair imzaladığı müqavilə Azərbaycanın Xəzərin statusu məsələsində son 7 ildə atmış olduğu addımların rəsmən Rusiya tərəfindən tanınması demək idi. Bundan əlavə, Ulu öndər uzaqgörən siyasəti nəticəsində Vladimir Putinin Boris Yeltsin dövründə Rusiyanın Azərbaycana, Azərbaycan-Ermənistan münaqişəsinə olan münasibətini dəyişdirməyə müvəffəq oldu.
2001-ci ildən bu yana Azərbaycanla Rusiya arasında münasibətlər əksər sahələrdə, o cümlədən hərbi-texniki sahədə durmadan inkişaf etməkdədir. 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi, 2014-cü ildə Krımı ilhaq etməsi və Ukraynada DXR və LXR kimi separatçı qurumlar yaratması rəsmi Moskvanın Qərbə “soyuq müharibə” elan etməsi kimi xarakterizə edilib. Rəsmi Bakı isə yeni hərbi-siyasi şəraitdə Rusiya ilə sıx əməkdaşlıq etməklə öz milli maraqlarını möhkəmləndirməyə çalışıb. 2021-ci ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsi ölkəmizlə Rusiya arasında münasibətləri daha da dərinləşdirib. 10 noyabr sazişinə əsasən rəsmi Moskva Dağlıq Qarabağda növbəti 5 il ərzində sülhməramlı fəaliyyəti həyata keçirəcək.
Dördüncüsü, neftdollarların demokratik və zəruri islahatlara transferi. Təbii ki, “Əsrin müqaviləsi”ndən gələn gəlirlərin, ilk növbədə zəruri islahatlara – ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ordu quruculuğu probleminə yönəldilməsi şübhəsiz idi. Bundan əlavə isə, sosial-iqtisadi, infrastruktur, idarəetmə və s. sahələrdə demokratik və şəffaf islahatların aparılmasına və beləliklə də Azərbaycanın modern dövlətə çevrilməsinə xidmət etməli idi. “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimində iştirak edərkən Azərbayan Prezidenti İlham Əliyev öz çıxışında bəyan etmişdir: “Tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi – bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır. Biz bu illərdə Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayırdıq və 250 min köçkünü 100-ə yaxın yeni salınan qəsəbədə gözəl evlərlə, mənzillərlə təmin etdik. Bu proses davam edir”.
Prioritet istiqamət ordu quruculuğu sahəsi idi. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi cəmi 135 milyon ABŞ dolları təşkil edirdisə, 2018-ci ilin dövlət büd­cəsində müdafiə xərcləri 2,739 milyard manat və ya 1,611 milyard ABŞ dollarına yüksəlmişdir. Azərbaycanın müdafiə məqsədləri üçün xərcləri Ermənistanla müqayisədə təxminən 3 dəfə artıq idi. Bu dinamika 2019, 2020, 2021-ci illər ərzində də davam edib. 2022-ci il üçün Azərbaycanın dövlət büdcəsində hərbi-təhlükəsizlik xərcləri təqribən 5 milyard manat həcmində müəyyən edilib.
2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında yeni Saziş imzalandı. Bununla da, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yataqları blokunun işlənilməsində yeni dövr başlandı. 2050-ci ilə qədər uzadılmış sazişə əsasən, BP fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır, mənfəət neftinin isə 75 faizi Azərbaycana qalır. “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsasını qoyub. Bu, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir.
Ümumilikdə, 1994-2003-cü illər arasında Azərbaycan sərhədləri daxilində Xəzər dənizində 15, quruda isə 7 neft yatağı olmaqla, cəmi 22 saziş imzalanmışdır. İlham Əliyevin prezidentliyi dövründə isə bunlara yeniləri də əlavə olunmuşdur. 2016-cı il martın 16-da ARDNŞ ilə Zenith Aran Oil Company Limited şirkəti arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmış və beləcə Azərbaycan ilə xarici şirkətlər arasında imzalanan neft-qaz sazişlərinin sayı 32-yə çatmışdır.
Bir aydan sonra dövlət müstəqilliyimizin bərpasının 30-cu ildönümünü qeyd edəcəyik.
Bu illər ərzində Azərbaycanda sabitliyin, inkişafın və təhlükəsizliyin təmin edilməsində neft amili mühüm rol oynayıb. Düzdür, onun neqativ təsirlərini də unutmaq olmaz. Bütövlükdə Ulu öndərin rəhbərliyi altında 1995-ci ildən sonra neft ölkəmizin davamlı sabitlik və inkişaf amilinə, idarəetmə və ordu quruculuğunun maddi təminatına, iqtisadi əməkdaşlığın stimuluna, deokkupasiyanın hərbi-siyasi və maliyyə determinantına çevrilmişdir.
Hazırkı postkonflikt mərhələsində iqtisadi amilin perspektivinin artması daha aydın duyulmaqdadır. Birincisi, 44 günlük müharibədən sonra yeni müharibə hərbi potensialının 85 faizi məhv olmuş Ermənistan daxil olmaqla, heç bir regional və transregional oyunçulara sərf etmir.
İkincisi, həmin müharibədə öz rolunu tamamlamış “ağır güc”ü bundan sonra “yumşaq güc”ün əvəzləyəcəyi heç kimdə şühbə doğurmur. Regionun yeni oyun qaydalarında nəqliyyat-kommunikasiya dəhlizlərinin (Zəngəzur, Laçın) və energetika sahəsində əməkdaşlığın üstün yer alacağı ehtimalı daha yüksəkdir.

 

Quliyeva Əfsanə Bəbir qızı,
Azərbaycan Dövlət İqtisad
Universitetinin SABAH mərkəzinin müəllimi,

“Mühasibat uçotu kafedrası”nın dissertantı