MƏQALƏLƏR

362

Hər açılan səhər doğma Qarabağımıza fərəh və qələbəlik dolu günlər gətirəcək

  • 30.09.2021

Azərbaycan qədim tarixə və mədəniyyətə malik olan bir diyardır. Şərqlə Qərbin qovşağında yerləşən bu ölkə bəşər sivilizasiyasına çox unikal maddi və mənəvi irs bəxş etmişdir. Azərbaycanda mükəmməl milli mənəvi dəyərlər sistemi intişar tapıb formalaşmışdır. Azərbaycan dünyada milli və irqi dözümlülüyün və tolerantlığın ən yüksək şəkildə qorunub sax­landığı nadir ölkələrdən biri­dir. Azərbaycan xalqı qədim xalq olduğuna görə onun yarat­mış olduğu maddi mədəniyyət nümunələri ümumbəşəri əhəmiyyət daşıyır.
Bu xüsusda Qarabağ bölgəsinin xüsusi yeri və payı vardır. Azərbaycan ərazisində, o cümlədən Qarabağda aparılan arxeoloji qazıntılar və tədqiqatlar, əldə olunan qiymətli məxəzlər sübut edir ki, bu ərazilər planetimizin ən qədim insan məskənlərindən biridir. Tarix boyu saysız-hesabsız döyüş səhnələrinə şahidlik edən, dağıdılan, məhv edilən tarixi mədəniyyət abidələrimiz son 30 ildə erməni vandalları tərəfindən tar-mar edilərək, yer üzündən silinmək vəziyyətinə gətirilmişdir. Şanlı Azərbaycan ordusu möhtəşəm vətən savaşına qalxaraq, doğma yurd yerlərimizi azad etməsəydi, kim bilir həmin abidələrin sonrakı taleyi necə olacaqdı... Bu haqsızlığı bilə-bilə, görə-görə nüfuzlu beynəlxalq təşkilatlar illərlə susqunluq nümayiş etdirmişlər. Şükürlər olsun ki, həmin ərazilər indi əsl sahibinə qovuşub. Lakin, necə deyərlər, daş üstə daş qalmayıb, hər şey dağıdılıb, yandırılıb, talan edilib. Bəlkə də dünyanın heç bir yerində bu miqyasda insanlığa sığışmayan cinayət və fəlakət törədilməyib.
Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzəriktəpə kurqanları dağıdılmış, işğal altında olan bütün yaşayış məntəqələrində olan məzarlıqlar, türbələr, məscidlər, məbədlər, həmçinin Qafqaz Albaniyasına məxsus olan abidələr yerlə-yeksan edilmişdir. Əldə olan məlumatlara əsasən belə qənaətə gəlmək olar ki, bu ərazilərdə mövcud olan bütün abidələr ya tamamilə dağıdılıb, ya da “bərpa” olunaraq erməni abidələri kimi təqdim edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”, “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na əsasən, işğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatında olan abidələrin sayı 900-dən çoxdur. Bununla yanaşı, dövlət qeydiyyatında olmayan 1500-dən artıq abidənin olması barədə məlumat vardır.
Xarici İşlər Nazirliyinin hazırladığı “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində islam dininə aid tarixi və mədəni irsin dağıdılması və təhqir olunması” adlı hesbatlar UNESKO, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO və digər beynəlxalq təşkilatlara göndərilmişdir. Görülən tədbirlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində islam dininə aid tarixi və mədəni irsin, məbədlərin dağıdılması və təhqir edilməsi barəsində müvafiq qətnamələr qəbul edilmişdir.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş siyahıda həmin ərazilərdə təqribən 403 tarixi-dini abidənin olduğu göstərilmiş, onlardan 67-si müsəlman məscidləri olmuş, 63 məscid tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınmışdır.
Beynəlxalq Təşkilatların təzyiqləri nəticəsində yalnız Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını saxlamaq mümkün olmuşdur.
Əxlaqsızlıq və mənəviyyatsızlığın iyrənc formalarını ifadə edən ermənilər məscidlərdə donuz saxlamaqdan da çəkinməmişlər. Ermənistan ərazisində azərbaycanlılara məxsus olan tarixi və mədəni abidələr də eyni aqibəti yaşamışdır. İrəvan şəhərində Dəmir bulaq məscidi yer üzündən silinmiş, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə “yenidən təmir” edilmişdir. Bundan başqa, XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda inşa edilmiş Hacı Novruzəli bəy məscidi, “Sərdar Sarayı” kompleksi dağıdılmışdır. Əsrarəngiz təbiət gözəlliyi ilə ahəngdar formada yaradılmış tarixi abidələrin bir daşına toxunmaq belə vicdansızlıqdır, əxlaqsızlıqdır, cinayətdir. Ən dəhşətlisi isə odur ki, bu əməllərinə görə erməniləri qınayan, təhdid və tənqid edən olmayıb. Azərbaycan dövləti xalqından, millətindən güc alaraq, dillər əzbəri Qarabağın hər bir guşəsini gülüstana çevirəcək. Nə qədər ağır və çətin iş olsa da, abidələrimizi bərpa edəcəyik, yeni abidələr də yaradacağıq. Əsas məsələ odur ki, tapdaq altında olan torpaqlarımız indi öz əlimizdədir. Dövlət başçımız nəyi, necə və nə vaxt etməyi yaxşı bilir. Ən əsası da odur ki, işğaldan azad olmuş ərazilərdə möhtəşəm quruculuq işlərində iştirak etmək eşqi ilə yaşamayan bir azərbaycanlı tapmaq çətindir.
Mütəxəssislərin fikrincə, Qarabağ bölgəsində arxeoloji tədqiqat işləri yeni qaydalar əsasında aparılmalıdır. Bölgədə tarixi və mədəni abidələrin tədqiq edilməsi, qədim və orta əsrlər tarixinin öyrənilməsi, elmi araşdırmaların nəticələrinin dünya çapında yayılması qarşıda duran ən ümdə vəzifələrdəndir. Tədqiqatların sistemli və mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Çünki ermənilər 30 il ərzində qədim dövr arxeoloji abidələrində qazıntılar aparmış, hətta bu işə Avropa alimlərini də cəlb etmişlər. Burada əsas məqsəd xristian abidələrini saxta müdaxilələrlə erməniləşdirmək olmuşdur. Dağıntılara və mənimsəmələrə məruz qalmış abidələr Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyası dövrü abidələri və orta əsrlərə aid xristian memarlıq dini kompleksləridir.
Bu abidələrin bir çoxunun orijinal vəziyyəti dəyişdirilmişdir. Lakin ermənilər bununla heç nəyə nail ola bilməmiş, albanşünas alimlərin və din xadimlərinin qarşısında ağlabatan heç bir sübut gətirə bilməyərək, rəzil duruma düşmüşlər.
Birinci mərhələdə abidələrin hazırkı vəziyyəti öyrənilir, onlara vurulan ziyan müəyyən­ləşdirilir. Azərbaycan Respub­likası Prezidentinin “Azər­baycan Respublikasının işğal­dan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən artıq tarix və mədəniyyət abidələrinin ilkin inventarlaşdırılması və mühafizəsi üzrə monitorinq işlərinə başlanılıb. Müharibədən ötən bir il ərzində Qarabağ bölgəsində infrastruktur, istərsə də tarixi abidələrin bərpası və yenidənqurulması istiqamətində xeyli iş görülüb. Belə ki, Şuşa şəhərində Yuxarı Gövhərağa məscidi təmir olunub, oradan azan səsi ucaldılıb.
Güllələnmiş heykəllər: Üzeyirin, Bülbülün və Natəvanın bütləri öz yerinə qaytarıldı. Üzeyir Hacıbəyovun yeni heykəli ucaldıldı. Bülbülün və Üzeyirin ev-muzeyləri açıldı. Görkəmli dövlət xadimi və şair M.P.Vaqifin məqbərəsi bərpa edilərək, poeziya sevənlərin ixtiyarına verildi. Hazırda üç məsciddə təmir-bərpa işləri aparılır. Yuxarı Gövhərağa məscidinin təmiri bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı müvafiq göstərişlər verilib.
Qarabağda bərpa-quruculuq işlərinə müharibə bitər-bitməz, necə deyərlər, torpaqdan barıt qoxusu çəkilməmiş başlanılıb. Ötən bir ildə dövlət başçısının, birinci xanımının Qarabağsız günü-ayı olmayıb. Zəfər yolu çəkilir, Ağdam şəhərinin tikintisinə start verilib. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, daha iki aeroportun tikintisi davam etdirilir. Su elektrik stansiyaları, körpülər, tunellər, pilot yaşayış massivləri, ağıllı kənd layihələri... Bütün bunları saymaqla qutarmaq olmaz. Bundan sonra hər açılan səhər doğma yurd yerlərimizə fərəh və qələbəlik dolu günlər gətirəcək.


Zülfü İLYASOV,
xüsusi müxbirimiz