MƏQALƏLƏR

Rəqəmsal mühitdə böhran ehtimalı və artım amilləri

  • 07.10.2021

Rəqəmsal iqtisadiyyat_______________________

 

Rəqəmsallaşma proseslərinin xüsusi olaraq intensivləşdiyi müasir dövrdə rəqəmsal iqtisadiyyatda artımın səciyyələndirilməsi gündəlikdə duran məsələdir. Tətbiq edilən rəqəmsal texnologiyaların iqtisadi artıma töhfəsinin qiymətləndirilməsi həlledici məsələ olub, həm nəzəri, həm də təcrübi baxımdan mühüm əhəmiyyətə malikdir. Belə ki, rəqəmsal iqtisadiyyatın inkişafına dair investisiya qərarlarının qəbul edilməsi rəqəmsal texnologiyaların iqtisadi artıma töhfəsinin nəticələrindən bilavasitə asılıdır. Rəqəmsal iqtisadiyyatda artımın perspektivlərini təhdid edən mühitin araşdırılması, onların qarşısının alınması, inkişafın təşviqi məsələləri bu baxımdan xüsusi aktuallıq kəsb edir.


Rəqəmsal texnologiyaların iqtisadi artıma töhfəsinin qiymətləndi­rilməsinə dair
Dördüncü sənaye inqilabı ərəfəsində iqtisadi inkişafa münasibətdə olduqca çoxsaylı məsələlər müzakirə obyektidir. İqtisadi artıma münasibətdə isə ortaq fikirlərin iqtisadi inkişafa nisbətən daha çox olduğunu söyləyə bilərik. İqtisadi inkişaf, ilk növbədə iqtisadi artımı nəzərdə tutsa da, onlar arasındakı fərq o qədər geniş spektrlidir ki, həmin fərqi elmi nəzəriyyənin və cari təcrübənin fərqi ilə müqayisə etmək olar. Təkcə onu qeyd etmək kifayətdir ki, iqtisadi artımın keyfiyyət xarakteristikalarına münasibətdə yol verilən şərtiliklər iqtisadi inkişaf müstəvisində yolverilməzdir. İqtisadi fəaliyyətin keyfiyyət xarakteristikalarını şərtləndirən başlıca amil rolunda innovasiyaların çıxış etməsi iqtisadi inkişafın dinamikasının qiymətləndirilməsinə daha əsaslandırılmış yanaşmalar tələb edir. Həmin əsaslandırmalar müsbət iqtisadi artım şəraitində həyatın keyfiyyətinin yüksəlməsində ləngimələrin müşahidə olunduğu hallarda xüsusilə gündəlikdən düşmür. İnsan kapitalının roluna diqqət günbəgün artsa da, hazırki səviyyəni onun müasir iqtisadi inkişafdakı roluna adekvat saymaq hələ ki, çətindir.
İqtisadi inkişaf çoxtərəfli prosesdir və iqtisadi artımla yanaşı, iqtisadiyyatın, habelə innovasiya və vençur biznesi sektorunu əhatə edir. Bunlarla yanaşı, son vaxtlar bir qədər az adı çəkilən əmək məhsuldarlığının artırılması, struktur təkmilləşdirmələri və əlbəttə, insanların həyat keyfiyyətinin yüksəldilməsi proseslərini özündə ehtiva edir. İqtisadi inkişafda dövlətin tənzimləyici rolunun artması müasir iqtisadi inkişaf proseslərinin ayrılmaz komponentidir.
Klassiklər iqtisadi artımın və iqtisadi inkişafın müqayisəsinin, əlbəttə, bir sıra qeyd-şərtlərlə kəmiyyətin keyfiyyətlə müqayisəsi məsələsi olduğunu göstərmişlər. Bir əsrdən bundan əvvəl Şumpeterin yazdığı kimi, iqtisadi artım kəmiyyət, iqtisadi inkişaf isə keyfiyyət dəyişikliyidir. Belə ki, iqtisadi artım eyni mal və xidmətlərin istehsalı və istehlakının artımıdırsa, iqtisadi inkişaf istehsalda, məhsulda, idarəetmədə və s. innovasiyaların timsalında müsbət keyfiyyət dəyişiklikləridir.
İqtisadi artımda insan kapitalının rolu iqtisadiyyatın inkişaf səviyyəsi ilə bilavasitə əlaqədardır. İnkişaf etmiş ölkələrdə insan kapitalının iqtisadi artımın əsas amilinə çevrildiyini söyləmək olar. Rəqəmsal sektorda bu amilin artıma təsiri daha böyükdür. İnvestisya qoyuluşlarının başlıca istiqamətləri kimi, hazırda bu sektorda insan kapitalına, başqa sözlə, onu formalaşdıran amillərə (elm, təhsil, səhiyyə, tərbiyə, mədəniyyət, həyatın keyfiyyəti) vəsait qoyuluşları qeyd edilməlidir. Belə yanaşma inkişafın, habelə iqtisadi artımın dayanıqlığı tələblərinə uyğundur.
İqtisadi inkişafda insan kapitalına xüsusi diqqət verən Saymon Kuznets həmin kapitalın aparıcı rolunu əsaslandırır. O, göstərir ki, insan kapitalının çatışmaması, onun aşağı keyfiyyəti ölkəyə rəqabət qabiliyyətli texnoloji struktur yaratmağa imkan vermir. Doğrudan da, məhz rəqabət qabiliyyəti iqtisadi subyektlər üçün əlverişli bazar konyunkturunu şərtləndirə bilir. İqtisadi inkişafda qarşıya çıxan problemlər mahiyyət etibarı ilə əldə edilmiş rəqabət qabiliyyəti və bazar payı şəraitində tələb-təklif nisbətində təzahür edir. Bu baxımdan Şum­peterin aşağıdakı fikri ilə, əlbəttə ki, razılaşmaq lazımdır: taraz­lıq nəzəriyyəsindən kənara çıxan kimi konyunktur problem­ləri sfe­rasına düşürük və burada heç bir hadisə konyunktur ilə əla­qə­lən­dirilmədən izah edilə bilmir.
Rəqəmsal iqtisadiyyatın inkişafına yönəldilən investisiyaların artıma təsiri rəqəmsal texnolo­giyaların tətbiqinin iqtisadi məqsədə­uyğun­luğu ilə bilavasitə əlaqədardır. Hə­min texnologiyaların tətbiqinin iqtisadi nəticələri, zənnimizcə, özlərini çox gözlətməməlidir. Məsələ ondadır ki, rəqəmsal texnologiyaların tətbiqi mühitindəki yüksək dinamizm müvafiq xərclərin məqbul nəticələnməsi prosesinin sürətlənməsini tələb edir.
Artım (ənənəvi) iqtisadiyyatından fərqli olaraq rəqəmsal iqtisadiyyatda əksər hallarda məhsuldarlıq və sürət (çeviklik) arasında kifayət qədər sıx əlaqə müşahidə edilir. Rəqəmsal bazar iştirakçılarının mövqeyini şərtləndirən amillər qismində rəqəmsallaşmanın tempi və miqyası iqtisadi fayda ilə yanaşı, əvvəldə göstərildiyi kimi, sosial problemlərin həlli üçün də əhəmiyyətli imkan yaradır. Lakin unutmaq olmaz ki, rəqəmsallaşmanın artan sürəti məşğulluğun strukturuna və səviyyəsinə arzuolunmaz təsir göstərə bilir. Bununla belə, daha çox bazar özünütənzimləməsinin imkanlarının araşdırıldığı mənbələrdə rəqəmsallaşmanın artan sürətindən faydalanma baxımından nikbinlik nümayiş etdirilir. Belə hallarda, xüsusilə qərb mənbələrində hesab edilir ki, rəqəmsal bazarların yaradılması və rəqəmsallaşmanın sürətlənməsi cəmiyyət və icmalar üçün əhəmiyyətli iqtisadi xeyir və əhəmiyyətli sosial fayda gətirə bilər. Rəqəmsallaşma məhsuldarlığı artırmaq, yeni iş yerləri yaratmaq və bütövlükdə cəmiyyətin həyat keyfiyyətini artırmaq potensialına malikdir.
İnvestorların rəqəmsal iqtisadiy­yata artan marağını şərtləndirən amillər qismində informa­siya-kommunikasiya texnologiyalarının qiymətlərinin aşağı düşməsi xüsusi qeyd olunur. Təcrübədə bu amil, doğrudan da, rəqəmsal layihələrin iqtisadi cəlbediciliyini artırır. Konkret şirkətin maraqları baxımından həmin cəlbediciliyə operativ reaksiya verilməsi rentabelli olsa da, bu meylin ictimai mənafeyə nə dərəcədə uyğun olması məsələsi, hələ ki, açıq olaraq qalır.
Rəqəmsal iqtisadiyyatın iqtisadi artıma təsiri ilə ölkə iqtisadiyyatının inkişaf səviyyəsi arasında əhəmiyyətli əlaqə müşahidə edilir. Bu baxımdan Huawei korporasiyanın 2016-cı ildə dünya ÜDM-inin 90%-ini və əhalisinin 78%-ini təşkil edən 50 ölkə üzrə rəqəmsallaşma proseslərini təhlil etməklə tərtib etdiyi hesabat və xüsusilə qlobal bağlantı indeksinin dinamikası maraq doğurur. Burada ölkələr üç qrupa bölünmüşdü: liderlər, uyğunlaşanlar və yenicə başlayanlar. Birinci qrupa ABŞ, Sinqapur və İsveç başçılıq edirdi. İkinci qrupun ortasında Çin (23-cü yer), Rusiya (26-cı yer) və Braziliya (30-cu yer) yer alır. Reytinqin sonunda, üçüncü qrupa Nigeriya, Banqladeş və Pakistan aid edilmişdir.
Haqqında danışılan indeksin hesablanmasına dair sənəddə göstərildiyi kimi, rəqəmsal mühitin iqtisadi səmərəliliyində süni intelekt sinergetik effekt yaradır. Həmin effekt, əsas etibarı ilə intellektual şəbəkə bağlantısı şəraitində reallaşır. Belə ki, rəqəmsal texnologiyaların şəbəkədə qarşılıqlı fəaliyyəti bazasında intellektual şəbəkə bağlantısı formalaşır. Başqa sözlə, Huawei korporasiyanın hesabatında göstərildiyi kimi, “süni intellektin beş dəstəkləyici texnologiyaya daxil olması sayəsində genişzolaqlı İnternet, Verilənlərin emalı Mərkəzləri, Bulud xidmətləri, Böyük verilənlər və Əşyaların internetinin ba­za şəbəkə bağlantısı intellektual şəbəkə bağlantısına çevrilə bilər. Bütöv bir sistem olaraq fəaliyyət göstərən intellektual şəbəkə qarşılıqlı bağlantısı bütün beş dəstəkləyici texnologiyaların gəlirliliyində sinergiya effekti yaradır ki, bu da onların bütün hissələrinin cəmindən çoxdur". Təcrübi və nəzəri araşdırmalara əsaslanan bu mülahizənin özünü birmənalı su­rətdə təsdiqləməsi, zənnimizcə, yaxın perspektivin işidir.
İlkin araşdırmalar rəqəmsal texnologiyaların inkişaf səviyyəsi və iqtisadi artımın tempi arasında korrelyasiya asılılığının olduğunu göstərir. Hətta bəzi mənbələrdə iddia edilir ki, rəqəmsal texnologiyaların daha çox inkişaf etdiyi ölkələrdə iqtisadi artım daha yüksəkdir. Bu iddiaların nə dərəcədə əsaslı olmasının qiymətləndirilməsi zaman tələb edir. Bununla belə, “ağıllı” informasiya texnologiyası sistemlərinin resurslardan istifadəni optimallaşdırdığı və əmək məhsuldarlığını yüksəltdiyi son vaxtlar artıq mübahisə obyekti sayılmır.


Dot-com sindromu və artımı şərtləndirən amillər
Rəqəmsal iqtisadiyyatda artım və onun perspektivlərindən danışarkən eyforiyaya qapılma təhlükəsini yaddan çıxarmaq olmaz. Xronoloji təhlil imkanları məhdud olsa da, bu təhlükəni səciyyələndirmək üçün yaxın keçmişə müraciət etmək mümkündür. Deyək ki, müvafiq mənbələrdə dot-com adını almış neqativ təcrübəyə nəzər salaq. Ötən əsrin sonuncu onilliyində bütünlüklə qlobal şəbəkə imkanlarından yararlanmaqla qurulan və müvafiq mənbələrdə internet-biznes adını almış biznesə investisiya qoyuluşlarının sürətlə artması və qəfil tənəzzül kimi tarixə düşmüş dot-com təcrübəsi maliyyə analitikləri tərəfindən az-çox dərəcədə araşdırılmışdır. Dünya şəbəkəsinin artan imkanlarının kommersiya baxımından cəlbediciliyi və ilk illərdə əldə edilən olduqca böyük izafi mənfəət, araşdırmalardan məlum olduğu kimi, investorların sayıqlığını bir qədər azaltmışdı. İnvestorların internet-biznes layihələrinin qiymətləndirilməsində birtərəfli yanaşması, əsasən NASDAQ indeksindən istifadə etməsində ifadə olunurdu.
Yüksək texnoloji istehsal sahələrində xüsusilə aktual olan NASDAQ indeksinin əsas indikator rolunda çıxış etməsi fəaliyyətin kompleksliyinə heç də təsirsiz qalmadı. Məhz həmin indeksin 2000-ci ilin martında kəskin aşağı düşməsi nəticəsində dot-com dövrü başa çatdı. Yüzlərlə şirkət müflis oldu və investorlar bu istiqamətə marağı itirdilər. Bununla belə, haqqında danışılan təcrübənin rəqəmsal iqtisadiyyatın inkişafı perspektivlərinə dair mülahizələrin əsaslandırılmasında nəzərə alınması öz aktuallığını itirməməlidir. Təhlilçilər tərəfindən isə dot-comun sabun köpüyü kimi partlamasının əsas səbəbləri qismində şəbəkə texnologiyalarının xarakteristikaları demək olar ki, qeyd olunmur. Haqqında danışılan dot-com iflasının əsas səbəblərinə, adətən, monetarist siyasətin xarakteristikaları aid edilir. Məsələn, aşağıdakı fikir, təhlilçilərin o zamankı mövqeyini əks etdirən səciyyəvi münasibət idi: növbəti beş ildə meydana çıxan “dot-com köpüyü” ucuz pullar, yüngül kapital, bazarda həddən artıq arxayınlıq və xalis möhtəkirlikdən qidalanmışdır.
Müasir rəqəmsal texnologiyaların və ümumilikdə rəqəmsal iqtisadiyyatın perspektivlərini qiymətləndirmək baxımından, dot-comun taleyinin təkrar olunması ehtimalını qiymətləndirmək üçün ekspertlər arasında aparılan sorğunun nəticəsi, zənnimizcə, diqqətəlayiqdir. Sorğunun nəticələri kifayət qədər fərqli olmuşdur. Başqa sözlə, böhran ehtimalını əhəmiyyətli və az hesab edənlər vardır. Rəqəmsal iqtisadiyyatda dot-com sindromunun baş verməsi ehtimalını kifayət qədər əhəmiyyətli hesab edənlərin arqumentlərinə aşağıdakıları aid etmək olar: hazırda rəqəmsal texnologiyaların sürətlə inkişafı və iqtisadiyyatın rəqəmsal sektorunun digər sektorlara nisbətən üstün inkişafı dövründə də belə bir ehtimalın mövcudluğunu nəzərdən qaçırmaq olmaz. Rəqəmsal iqtisadiyyatda yenidən maliyyələşmənin məhdud imkanları buna səbəb ola bilər.
Haqqında danışılan dot-com sin­dromunun baş verməsi ehtimalını az hesab edənlərə görə: bu gün rəqəmsal bazar startapların bumunun nəticəsi deyildir. Bu bazarda rəqəmsal xidmətlərə tələbi həm biznes, həm də ev təsərrüfatları formalaşdırır. Tələbin isə (məsələn, əşyaların interneti sek­torunda) zəmanətli təklif doğurması davam edir. İnformasiya texnologiyaları əsaslı surətdə şaxələnmiş və insanın gündəlik həyatının bütün sahələrinə nüfuz etmişdir. Rəqəmsal xidmət bazarı iştirakçıları sırasında çox geniş müştəri auditoriyasına malik olan Uber, Airbnb, Amazon, Alibaba kimi dünyanın nüfuzlu və iri şirkətlərinin olması nikbinliyə əsas verir. Dot-com dövrünə nisbətən, qlobal şəbəkənin nüfuz dairəsi yüz dəfələrlə genişlənmişdir, cəmiyyət rəqəmsal texnologiyaların geniş tətbiqinə daha çox hazırdır. Dot-com böhranının mühüm səbəblərindən biri möhtəkirliyin geniş yayılması idi. Hazırda belə cəhdlər az olmasa da, onların qarşısını bu və ya digər dərəcədə alan şəffaflığın təminatı üçün texnoloji imkanlar sistemli surətdə genişləndirilir. Bu gün haqqında danışılan böhrandan təkcə investorlar deyil, bütün cəmiyyət ziyan görə bilər. Göründüyü kimi, dot-com böhranının təkrarlanmasını az ehtimallı hesab edənlərin arqumentləri daha əhatəlidir. Zənnimizcə isə, virtual məkanda iqtisadi münasibətlərin səmərəliliyi və ahəngdarlığının risklərlə qarşılaşması ehtimalı daim diqqət mərkəzində olmalıdır. Rəqəmsal iqtisadiyyatın xüsusi çəkisi artdıqca, həmin risklərin əhəmiyyətli dərəcədə azalması baş verə bilər.
Rəqəmsal iqtisadiyyatda artımın təmin edilməsində və onun əlverişli proporsiyalarının dəstəklənməsində dövlət-özəl bölmə tərəfdaşlığı özünəməxsus və mü­hüm rola malikdir. Məsələ on­dadır ki, rəqəmsal mühitin tənzim­lənməsində dövlət özəl bölmənin yerinə yetirə bilmədiyi vəzifələri icra edir. Başqa sözlə, normativ-hüquqi bazanın yaradılmasından tutmuş texnoloji platformaların formalaşdırılmasına qədər geniş spektrli işlər vardır ki, bunu ancaq dövlət qurumları görə bilər. Bu baxımdan, aşağıdakı fikirlə, müəyyən qeyd-şərtlərlə razılaşmaq məqsədəuyğundur: rəqəmsal iqtisadiyyatımızın beş sütunu var: tənzimləmə, infrastruktur, şəbəkə təhlükəsizliyi, yəni, kibertəhlükəsizlik, təhsil, xüsusilə rəqəmsal iqtisadiyyat üçün mütəxəssis hazırlığı və sistem əmələ gətirən texnoloji platformaları yaratmaq üçün tərəfdaşlığın formalaşdırılması. Bu beşlik biznes deyil, dövlətin bizneslə tərəfdaşlığında funksiyasıdır, burada pul qazanmaq məqsədi yoxdur.
Rəqəmsal mühitdə artımı şərtləndirən amilləri klassik təsnifata uyğun nəzərdən keçirsək, ilk növbədə əmək resurslarının kəmiyyət və keyfiyyətcə müsbət dinamikası imkanlarına baxmaq lazımdır. Bu halda, işçi heyətinin kreativliyə və innovasiyalara həssaslığı vəziyyəti, ümumiyyətlə isə insan kapitalının xarakteristikaları araşdırılmalıdır. İnsanın peşə fəaliyyəti dövründə ona uğur və gəlir gətirəcək qabiliyyətin (istedadın) dəstəklənməsinə yönəldilən investisiyalar kimi, insan kapitalı rəqəmsal iqtisadiyyatın inkişafının aparıcı amilidir. Rəqəmsal mühitdə insan kapitalının mövqeyinə münasibətdə təşəkkül tapan, keyfiyyətcə yeni paradiqma nəzərdə tutulur. Həmin kapital innovasiyalı inkişaf sistemində aparıcı yer tutmaqla intellektual potensialdan istifadə üçün zəruri mühit yaratmalıdır. Eyni zamanda, bu mühitdə rəqabət insan kapitalının təkrar istehsalında mərkəzi rol oynamalıdır.
Dayanıqlı inkişaf tələbləri insan kapitalının keyfiyyətinin yaxşılaşdırılması meyarlarını müəyyən etməli və insan kapitalının keyfiyyətinin qiymətləndirilməsi prosesində innovasiyalı modernləşdirmə mühiti poliqon rolunu oynamalıdır. Məhz belə şəraitdə insan kapitalı, sözün əsl mənasında, yeni ideyaların generasiyasına xidmət etməklə rəqəmsal iqtisadiyyatın əsasında dura bilər. Əlbəttə, insanın sağlamlığına, təhsilinə, elmin və idmanın inkişafına yönəldilən investisiyalardan səmərəli istifadə, intellektual mülkiyyətin istifadəsi sisteminin təkmilləşdirilməsi məsələləri də daim gündəlikdə olmalıdır.
İnsan kapitalından səmərəli istifadə məşğulluğun səviyyəsi və strukturuna münasibətdə cəmiyyətin sosial sifarişləri nəzərə alınmaqla təmin edilməlidir. Bu məsələnin həllində təhsilə qoyulan tələblər daha da ciddiləşir. Məsələ ondadır ki, rəqəmsal mühitdə məşğulluğun məqbul səviyyəsi təhsil sisteminin innovativlik və inklüzivlik tələbləri baxımından daim yenilənməsi şəraitində təmin edilə bilər.
Rəqəmsal mühitdə artımı şərtləndirən amillərin klassik təsnifatında əsas kapitalın həcminin artması xüsusi mövqeyə malikdir. Analoji olaraq rəqəmsal iqtisadiyyatın artımı amili kimi intellektual kapitalın artması imkanları araşdırılmalıdır. İntellektual kapitala aşağıdakıların sistemli məcmusu kimi yanaşma, təcrübi baxımdan, zənnimizcə, məqbuldur: insan və bazar aktivləri; brend məhsullar və xidmətlər, tərəfdaşlar arasında əldə edilmiş nüfuz, daimi müştərilərlə dayanıqlı münasibətlər; patentlər, müəllif hüquqlarını əhatə edən intellektual mülkiyyət; üsullar, texnologiyalar, dayanıqlı və dinamik strukturları əhatə edən infrastruktur və s. İntellektual kapitalın insan və istehlak kapitalı, habelə təşkilati kapital kimi tərkib hissələrinin fərqləndirilməsi rəqəmsal iqtisadi mühitin tələbləri baxımından məqsədəuyğun sayıla bilər.
Rəqəmsal texnologiyaların iqtisadi artıma təsiri müvafiq infrastrukturun mövcudluğu və dayanıqlı fəaliyyəti ilə birbaşa bağlıdır. Rəqəmsal proseslərin ahəngdarlığı informasiya (şəbəkə) infrastrukturunun dayanıqlı fəaliyyəti ilə bilavasitə bağlıdır. Haqqında danışılan infrastrukturun etibarlı fəaliyyəti, məlum olduğu kimi, onun əsas tərkib hissələrinin, o cümlədən verilənlərin ötürülməsi şəbəkəsinin və mühəndis təminatı altsisteminin qarşılıqlı əlaqəli dayanıqlıq tələblərinə cavab verən rejimdə işləməsindən asılıdır. Rəqəmsal mühitdə baza şəbəkə infrastrukturuna, habelə layihə komandalarının fəaliyyətinin səmərəliliyini yüksəldən və biznes qərarların qəbulu sürətini artıran alətlər, kontakt mərkəzləri və s. aid edildiyindən onlar da dayanıqlılıq tələblərinə cavab verən rejimdə işə hazır olmalıdırlar.
Şəbəkə infrastrukturunun dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün qlobal miqyasda zəruri və faktiki maliyyələşmənin nisbəti barədə aşağıdakı məlumat, zənnimizcə, olduqca diqqətəlayiqdir: “Dayanıqlı infrastrukturu maliyyələşdirmək üçün vəsait çatışmazlığı əsas problem olaraq qalır. McKinseyə görə, 2015-ci ildən 2030-cu ilə qədər infrastruktur maliyyələşdirilməsinə qlobal ehtiyac təxminən 93 trilyon dollar olacaqdır. Mövcud investisiya trendlərinə əsaslanaraq, demək olar ki, infrastruktura qoyulan investisiya yalnız 47 trilyon dollar təşkil edəcəkdir".
Yeni texnika və texnologiya iqtisadi artımın yuxarıda sadalananlarla yanaşı, mühüm amil qrupu hesab olunur. Əlbəttə, rəqəmsal mühitdə intellektual kapitaldan istifadə aləti kimi aparıcı rola malik olan rəqəmsal texnologiyaları da bu amillər qrupuna aid etmək olar. Belə yanaşmada rəqəmsal platformaların rəqəmsal iqtisadiyyatda artıma xidmət baxımından xarakteristikaları araşdırılmalıdır. Rəqəmsal iqtisadiyyatda artımı şərtləndirən amillər qismində idarəetmə innovasiyaları da qeyd edilməlidir. Həmin innovasiyalar rəqəmsal xarakterli olmaqla yanaşı, iqtisadi cəhətdən də özünü doğrultmalıdır.

 

Rəsul Balayev, iqtisad üzrə elmlər doktoru,
Azərbaycan Dövlət İqtisad Universitetinin
“Rəqəmsal texnologiyalar və tətbiqi informatika”
kafedrasının professoru