MƏQALƏLƏR

Qasım bəy Zakir (1784-1857)

  • 14.10.2021

Qarabağın görkəmli simaları

Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın doğma qardaşıdır. Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məşhur söz ustadlarının əsərləri ilə tanış olmaq imkanı vermişdir. Zakir mollaxanada oxuduğu illərdə adları çəkilən sənətkarların bədii irsini oxuyub öyrənmişdir. Şairin yeniyetməliyi və gəncliyi Qarabağda baş vermiş siyasi-hərbi hadisələr dövrünə təsadüf edir. 1795-ci ildə Qacarın Qarabağa hücum edib, Şuşanı mühasirədə saxlaması, əhalinin şəhəri mərdliklə müdafiə etməsi, bundan iki il sonra Qacarın Şuşada qətli, şair Molla Pənah Vaqifin öz oğlu ilə birlikdə Cıdır düzündə öldürülməsi, XIX əsrin əvvəllərində İbrahim xanın Qarabağda vəhşicəsinə güllələnməsi və s. onun yeniyetməlik və ilk gənclik illərində gördüyü hadisələr, eşitdiyi əhvalatlar idi. Bu hadisələr onun dünyagörüşünün formalaşmasına öz təsirini göstərmişdir. Qarabağ xanlığı Rusiyanın idarəçiliyinə keçdikdən sonra Zakir Çar ordusunun Qafqaz müsəlman könüllü atlı dəstəsinə qoşulmuş, 1806-1813, 1826-1828-ci illərin Rusiya-İran müharibələrində iştirak etmişdir. O, Abbas Mirzənin başçılıq etdiyi İran qoşununa qarşı vuruşan dəstənin tərkibində olmuş, döyüşlərdə fərqləndiyinə görə 1828-ci ildə gümüş medalla təltif edilmişdir.

1829-cu ildə Zakirin oğlu xəstələnib vəfat edir. Bu hadisə şairi dərindən kədərləndirmişdir. Bu münasibətlə yazdığı şeirində Zakir oğlunun ölümündən doğan iztirablarını təsvir etmişdir.
Zakir 1830-cu ildə könüllü polis dəstələrinin tərkibində Balakənə getmiş, Cardakı üsyanların yatırılmasında iştirak etmişdir. O, dostu Baba bəy Şakirə göndərdiyi "Car müqəddiməsi" adlı mənzum məktubunda Qarabağ atlılarının döyüşdə göstərdiyi igidlikləri tərifləmiş, özünün şücaəti haqqında yazmışdır.
Gənclik illərini at belində, müxtəlif müharibələrdə və döyüşlərdə keçirən Qasım bəy Zakir 30-cu illərin sonlarında tamamilə təsərrüfatçılıqla məşğul olmağa başlayır. O, ilin yay fəslini Şuşada, qalan fəsillərini isə Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində keçirirdi. Cəmisi 20 evdən ibarət olan bu kəndin illik gəliri 450 manata yaxın idi. O kənddə kəndlilərlə birlikdə işləyər, onlarla bir süfrəyə oturmaqdan çəkinməzmiş.
Zakir müasirləri arasında da dərin hörmət və böyük nüfuz qazanmışdır. Azərbaycanın Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı, Baba bəy Şakir, Xurşidbanu Natəvan kimi tanınmış ziyalıları, habelə gürcü knyazı İliko Orbeliani, Bakı general-qubernatoru Mixail Kolyubakin onun məktublaşdığı, əlaqə saxladığı məşhur şəxsiyyətlər idi. Lakin Zakiri sevməyənlər, onun paxıllığını çəkənlər də var idi. Zakirin satirik tənqidinə hədəf olmuş bu adamlar şairi dövlət yanında etibardan salıb, tutdurmaq üçün müəyyən bəhanə axtarır, uyğun məqam gözləyirdilər. 1849-cu ilin oktyabr ayında böyük bir atlı-yaraqlı dəstəsi Zakirin yaşadığı Xındırıstan kəndinə hücum etdi. Həmin gün Zakirin özünü də ailə üzvləri və yaxın qohumları ilə birlikdə həbs edib, Şuşa həbsxanasına gətirdilər. Həbsxanada olarkən şair bir neçə dəfə yuxarı hökumət dairələrinə məktubla qanunsuz tutulduğunu yazıb bildirsə də, onun şikayətlərinə ədalətli cavab verilmədi. Şair bir ilə qədər Şuşa həbsxanasında qaldıqdan sonra mühakimə olunmadan Bakıya sürgün edildi. Bakıya gəldikdən sonra Zakir dövlət idarələrində çalışan dostlarına məktub yazıb, qanunsuz həbs edildiyini bildirdi. O zaman Tiflisdə Canişinlik idarəsində işləyən Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı (yazılanlara görə o, İ.Qutqaşınlı ilə Car hərbi ekspediyasında olarkən tanış olmuşdu), Bakı qubernatoru Mixail Kolyubakin, Gürcü knyazı İliko Orbeliani Zakirin şikayətlərini dinləyib, sürgündən azad olunmasına çalışdılar. Şair bir neçə ay Bakıda sürgün həyatı keçirdikdən sonra bu şəxslərin səyi nəticəsində Şuşaya qayıtdı. Lakin o, ömrünün axırınadək polis nəzarəti altında yaşadı. Oğlu və qardaşı oğlu isə 3 il Rusiyada sürgündə qaldılar.
Qasım bəy Zakir ömrünün sonlarını maddi ehtiyac və çətinliklər içərisində başa vurmuşdur. Qarabağa qayıdanda Rus çarizmi ona pensiya kəsdi, lakin o bu maaşı görmədi. Maaş Şuşaya çatanda artıq gec idi. Qasım bəy vəfat etmişdi O, 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbiristanlığında dəfn edilmişdir.
Yaradıcılığı
Zakirin satiraları əsas etibarı ilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilmişdir. Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. İfşaçılıq, kəskin tənqid və kinayəli gülüş Zakir satiralarının əsas xüsusiyyətlərindəndir. O, ictimai nöqsanları sadəcə təsvir etməklə kifayətlənmir, eyni zamanda onlara qarşı özünün kəskin tənqidi münasibətini, nifrət və qəzəbini də bildirir.
Zakirin yaradıcılığında onun mənzum hekayə və təmsilləri də mühüm yer tutur. Nizami, Xaqani, Füzuli və başqa Azərbaycan klassikləri öz mənzum hekayələrinin çoxunu müasir həyatın tələblərinə uyğun olaraq yazmışlar. Klassiklərin mənzum hekayələrində müəyyən hadisələrin, real insan surətlərinin, qabaqcıl ideyaların təsvir və tərənnümü verilir. Eyni xüsusiyyətlər Zakirin mənzum hekayələrində də var. Onun müxtəlif mövzularda yazılan "Məlikzadə və Şahsənəm", "Əmirzadə, məşuq və cavan aşiq", "Aşiqin təam bişirməyi", "Aşiq və məşuq haqqında", "Zövci-axər", "Tərlan və elçi", "Dəvəsi itən kəs", "Dərviş ilə qız", "Həyasız dərviş", "Əxlaqsız qazi", "Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim" kimi mənzum hekayələri vardır.
Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur. Məhəbbətdə sədaqət, mətanət və dözümlülük, vəfada möhkəmlik bu hekayələrin bir qismində əsas məzmunu təşkil edir.
Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Onun nəşr olunmuş "Əsərləri"ndə: "Aslan, qurd və çaqqal", "Dəvə və eşşək", "Tülkü və qurd", "Xain yoldaşlar haqqında" ("İlan, dəvə, tısbağa"), "Tülkü və şir", "Sədaqətli dostlar haqqında" ("Tısbağa, qarğa, kəsəyən, ahu") adları ilə altı təmsili çap olunmuşdur.
Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi "Kəlilə və Dimnə" əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə etmişdir.
Zakir təmsillərini yeni tarixi şəraitə, müasir həyatın tələblərinə uyğun olaraq yazmışdır. Bu əsərlərdə təbliğ olunan ideya şairin dövrü ilə həmahəng idi. O, bir tərəfdən dövrünün ictimai və siyasi hadisələrinə özünün eyhamları ilə işarələr edir, zülmün əleyhinə çıxır, o biri tərəfdən zəmanə gənclərinə vəfa, sədaqət, mərdlik və s. kimi nəcib tərbiyəvi məsləhətlər verirdi.