MƏQALƏLƏR

Regionlardakı görüşlərə ictimaiyyət böyük maraq göstərir

  • 27.05.2011

Regionlardakı  görüşlərə  ictimaiyyət  böyük  maraq  göstərir

«2011-ci ildə sahibkarlığın, özəl sektorun inkişafı, qeyri-neft sektorunun inkişafı üçün əlavə tədbirlər görülməlidir. Bir daha demək istəyirəm ki, dövlət tərəfindən, Prezident tərəfindən siyasi dəstək verilib və veriləcəkdir. Dövlət qurumları - həm mərkəzi qurumlar, həm də bölgələrdə yerləşən qurumlar sahibkarlığın inkişafına kömək göstərməlidir, onlara maneçilik törətməməlidir, süni əngəllər yığışdırılmalıdır». Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirdiyi bu fikirləri rəhbər tutan vergi orqanları vergi ödəyicilərinin hüquqlarının qorunması, onların məlumatlandırılması və maarifləndirilməsi işinə böyük önəm verirlər. Vergilər Nazirliyinin rəhbər şəxslərinin regionlarda fəaliyyət göstərən vergi ödəyiciləri ilə artıq ənənə şəklini almış görüşlərində sahibkarlıq fəaliyyəti sahəsində mövcud olan problemlər bilavasitə vergi ödəyicilərinin özləri ilə müzakirə edilir, bir çox məsələlər yerindəcə həll olunur. Xəbər verdiyimiz kimi, vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov bu il may ayının əvvəlində Şəki, Yevlax, Mingəçevir, Ağdaş və Göyçay şəhərlərində vergi ödəyiciləri ilə görüşlər keçirmişdi. Ötən həftə isə o, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Ağcabədi, Bərdə rayonlarında və Gəncə şəhərində vergi ödəyiciləri ilə görüşmüşdür. Görüşlərdə adı çəkilən rayonları təmsil edən millət vəkilləri Xanhüseyn Kazımlı, Hadı Rəcəbli, Tahir Rzayev, Zahid Oruc, Rövşən Rzayev, Aydın Abbasov və müvafiq  icra hakimiyyəti orqanlarının başçıları iştirak etmişlər.

S.Məmmədxanov tədbirlərdəki çıxışlarında yerli gəlirlərin artırılmasının vacibliyini önə çəkmiş və bu sahədə ciddi tədbirlərin görüldüyünü qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ümumilikdə ərazi vergilər idarələri tərəfindən 2011-ci ilin birinci rübündə büdcəyə 97,7 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoza 22,4 milyon manat çox və ya 129,7% əməl edilməsi deməkdir. Həmçinin 2010-cu ilin eyni dövrü ilə müqayisədə büdcəyə 31 milyon manat və ya 46,5% çox vəsait daxil edilmişdir. 

«2011-ci ildə vergilər bazasını genişləndirməliyik. Bunu etmək üçün böyük imkanlar var. Vergi sahəsində aparılan islahatlar uğurludur. «Bir pəncərə» prinsipi Azərbaycanda artıq tətbiq olunur. Digər mütərəqqi islahatlar aparılır, bütövlükdə bu sahədə işlər görülür. Ancaq o da həqiqətdir ki, vergilərdən yayınanların sayı da kifayət qədərdir. Yayınma halları hələ də çoxdur. Biz bunları bilirik və bu hallarla mübarizə daha da ciddi və məqsədyönlü aparılmalıdır». Dövlət başçısının bu fikirlərini xatırladan S.Məmmədxanov ölkəmizdə qeyri-qanuni fəaliyyətin qarşısının alınması və hər bir sahibkarlıq subyektinin vergi qeydiyyatına alınması və ümumilikdə vergi bazasının genişləndirilməsi məqsədilə pasportlaşdırma prosesinin aparıldığını bildirmişdir. Artıq çoxlu sayda sahibkarlıq subyektinin qeydiyyatsız fəaliyyət göstərdiyi aşkar olunmuş və müvafiq tədbirlər görülmüşdür.

Vergi ödəyiciləri ilə söhbətlərdə bildiril­mişdir ki, ölkə başçısının məmurlar qarşısında qoyduğu tapşırıqlar - bürokratik əngəllərlə dövlət səviyyəsində mübarizə aparılması və bu istiqamətdə təsirli tədbirlərin görülməsi böyük önəm kəsb edir. Bütün bunlar Azərbaycanın ümumi inkişafının tamamlanmasına və vətəndaşların sosial rifahına, onların hüquqlarının daha yüksək səviyyədə təmin olunmasına gətirib çıxarır. İştirakçıların nəzərinə çatdırılmışdır ki, vergilər naziri cənab Fazil Məmmədovun tapşırığı ilə yerlərdə vergi ödəyiciləri ilə müntəzəm olaraq keçirilən belə görüşlər vətəndaş müraciətlərinə baxılmasının keyfiyyətinin artırılması, sahibkarların problemlərinin yerindəcə həll edilməsi, onların qaldırdıqları sualların cavablandırılması və nəticədə dövlət büdcəsinə ödənişlərin vaxtında və tam həcmdə həyata keçirilməsi baxımından çox faydalıdır.

S.Məmmədxanov ödəyicilərlə görüşlərində vergilər naziri cənab Fazil Məm­mədovun mövqeyini ifadə edərək vətəndaş müraciətlərinin cavablandırılmasının, şikayətlərin araşdırılmasının vergi yığımı qədər əhəmiyyətli məsələ olduğunu vurğulamışdır. O bildirmişdir ki, vergi orqanlarında vətəndaş müraciətlərinə mahiyyəti üzrə baxılması və onların vaxtında və düzgün cavablandırılması, bu sahədə mövcud olan nöqsanların tamamilə aradan qaldırılması məqsədilə yaradılmış xüsusi işçi qrup səmərəli fəaliyyət göstərir. Bu günə qədər Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasında baxılan işlərin əksəriyyəti vergi ödəyicilərinin xeyrinə həll olunmuşdur.

Nazir müavini xüsusilə vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasını, rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizənin aparılmasını müvafiq dövlət orqanları qarşısında əsas vəzifə kimi qoymuşdur. Dövlət başçısının, demək olar ki, bütün çıxışlarında bu məsələni vurğulaması, cəmiyyətdə dövlətə, onun idarəetmə strukturlarına olan inamını daha da artırır, ölkə Prezidentinin tapşırıqlarından sonra ictimai nəzarətin artması fonunda aparılan görüşlər zamanı dövlət strukturları öz fəaliyyətlərində cəmiyyətin ayrı-ayrı sosial qrupları ilə, bütövlükdə vətəndaşlarla iş prosesinə daha diqqətlə yanaşmağa başlamışlar.

Müzakirə xarakterli görüşlərdə vergi ödəyicilərinin hər bir sualına ətraflı cavablar verilmişdir. Vergi ödəyicilərinin qaldırdıqları bütün məsələlər qeydə alınmış, yerindəcə aydınlaşdırılması mümkün olmayan müraciətlərin araşdırılması üçün vergi orqanlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. S.Məmmədxanov bildirmişdir ki, yerli vergi orqanları əməkdaşlarının hərəkəti və ya hərəkətsizliyindən edilən hər hansı şikayət nəzarətə götürülür və qısa müddət ərzində qanunun tələblərinə uyğun şəkildə araşdırılaraq müvafiq tədbirlər görülür. Vergi orqanlarında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti həyata keçirən şəxslərin uçota alınması, həmçinin təsərrüfat subyektlərinin pasportlaşdırılması ilə bağlı suallara cavab verən nazir müavini bu işdə əsas məqsədin mövcud qanun pozuntularını aradan qaldırmaqdan, o cümlədən bir yerdə qeydiyyatda olan, lakin digər rayonda fəaliyyət göstərən vergi ödəyiciləri üzrə uçot bazasını gələcəkdə daha da təkmilləşdirməkdən ibarət olduğunu bildirmişdir. Görüşlərdə ən çox səslənən suallar elektron bəyannamə sistemi, on-layn kargüzarlıq, ƏDV-nin depozit hesabı, vergi borcları, torpaq və əmlak vergisi üzrə öhdəliklər və vergi güzəştləri barədə olmuşdur. Bir çox bələdiyyə üzvləri torpaq və əmlak vergilərinin yığılmasında üzləşdikləri çətinliklərin aradan qaldırılmasına vergi orqanlarının kömək göstərməsini, bu vergilərin yığılmasına dair maarifləndirici işlərin aparılmasını xahiş etmişlər. Gələcəkdə ərazi vergi orqanlarında bələdiyyə üzvləri ilə maarifləndirici və məlumatlandırıcı görüşlərin keçirilməsi, treninqlərin təşkili ilə bağlı tapşırıqlar verilmişdir.

Vergilər Nazirliyi rəhbərliyinin regionlarda vergi ödəyiciləri ilə təşkil etdiyi görüşlərin əhəmiyyətli cəhətlərindən biri də hər bir rayonda keçirilən tədbirdə həmin ərazidən seçilmiş millət vəkilinin iştirak etməsi olmuşdur. Görüşlərdə iştirak edən millət vəkilləri - dövlətin ali qanunverici orqanının təmsilçiləri vergi ödəyiciləri ilə bu cür açıq münasibət yaratmağın dövlətçilik baxımından son dərəcə əhəmiyyətli olduğunu vurğulamışlar. Sahibkarlar isə Vergilər Nazirliyinin yaratdığı bu şəraitdən istifadə edərək onları maraqlandıran və ya narahat edən, vergilərə aid olmayan suallarla millət vəkillərinə və ya icra başçılarına birbaşa müraciət etmək imkanı əldə etmişlər. Bu tərtibatda keçirilən görüşləri bölgə ictimaiyyəti böyük maraq və razılıq hissi ilə qarşılamışdır. Tədbirlər zamanı qaldırılan məsələlərin ictimaiyyətə çatdırılması məqsədilə S.Məmmədxanov bölgələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirmişdir.

Rəşad SADIQOV