MƏQALƏLƏR

Bölüyün əl-qolu Mirzəhəsən

  • 21.10.2021

1992-ci il dekabr ayının 11-də Səncərədi kəndində anadan olub.
Həyatın ağrı-acısından, şirinliyindən, doğrusundan, yalanından xəbərsiz uşaqlıq yaşayıb.
1999-cu ildə Elman Ağayev adına Səncərədi kənd tam orta məktəbində birinci sinfə gedib. Həmin məktəbdə doqquzillik təhsilini 2008-ci ildə bitirir. 2009-cu ildə Astara Pedaqoji Kollecinin Bədən tərbiyə və idman ixtisası üzrə tələbəsi olur. 2012-ci ildə kollec məzunu olan Mirzəhəsən müddətli həqiqi hərbi xidmət üçün Ağdama yola düşür. 2014-cü il yanvarın 1-də hərbi xidməti başa çatır.
İntizamı, davranışı, bacarığı ilə seçilən Mirzəhəsənə orduda qalmaq təklif olunur. Hərbiçi olmaq istəsə də, valideynlərinin oğul həsrətindən keçə bilməyib evlərinə dönür.
3 il Lerikdə mühafizəçi işləyir. Mirzəhəsənin hərbçi olmaq arzusu isə ürəyindəydi.
Nəhayət, 2017-ci ildə müddətdən artıq hərbi xidmət üçün sənədlərini Hərbi Komissarlığa təqdim edir.
Belə başlayır dostlarının “o, hərbçi kimi doğulmuşdu” dedikləri Mirzəhəsənin ordu həyatı...
Türkiyədə Komando hərbi təlim kursları keçən leytenant Cəsarət Quliyev: “2 il bir yerdə işləmişik. Şəhid olduğu üçün demirəm, onun kimi insanlar az olur sözün tam mənasında. İnsan nə qədər səmimi, qayğıkeş, dostcanlı olar?! Adam dövlətini başqa necə sevə bilər?! Minaatan idi. İşinin ustasıydı. Bütün silahları öyrənirdi. Çox qavramlı, intizamlı, məsuliyyətliydi. Savaşda da bir yerdəydik. Bölüyümüzün əl-qoluydu. Möcüzəydi. Cəld, çevik düşüncəsi vardı. Hər yerdə birincilərdəndi: şəhidləri çıxarır, yaralıları daşıyır, düşmən texnikasını məhv edir, onların maşınlarını belə gətirirdi. Ürəkliydi. Cəbrayıl, Füzuli döyüşlərimiz çox çətin idi. 3-cü bölüyün komandiri olduğum 90 nəfərlik 2-ci tağımdaydı. Füzulinin Kürdlər kəndi yaxınlığında mühasirəyə düşdük. 5 gün mühasirədə ac-susuz qaldıq. Tikanlı qanqalları belə dişləyib şirəsindən su əvəzi istifadə edirdik. Düşmən dağdaydı. Yerə uzanıb qalmışdıq, başımızı qaldıra bilmirdik. Hər tərəfdən güllə yağırdı. Bir də gördük Mirzəhəsən yoxdu. Gedib düşmənlərin ərzaq dolu maşınını gətirmişdi. Elə ürəkliydi. Ordan sağ çıxacağımızı bilmirdik. Sürünüb gedirdik. 25 şəhidimiz, 40-dan çox yaralımız oldu. Özüm bir kilometr sürünmüşdüm. Elə orda da güllə dəydi. Bir gün sonra qayıtdıq. Yaralıları, şəhidləri götürdük. Çox ağır idi. Onu tapa bilmədik. Müharibədi, hamını tapmaq, götürmək olmur. Sonra Şuşa istiqamətində döyüşlər başladı. Son nəfəsinəcən döyüşdü. Çox belə oğul itirdik, ancaq məqsədimizə çatdıq. Belə oğulların torpağına kimsə göz dikə bilməz bir daha.”
Beyləqanın Həmlə taborunda olub Mirzəhəsən Əlizadə.
Oktyabrın 24-də anası Kəsirə xanımla danışıb son dəfə: “Sentyabrın 27-də zəng edəndə dedi ki, müharibə başladı. Gedirəm. Elə şən səslə dedi, elə bildik zarafat edir. Sevinirdi, mənsə anayam, narahat qaldım. Hər dəfə zəng edəndə rahat danışırdı. Heç narahat olmağımızı istəmirdi. Dəqiqələri sayırdım, saatları sayırdım. Zəngini gözləyirdim. Oktyabrın 24-dən sonra 50 gün xəbərsiz qaldıq. Yoldan-izdən soruşdum balamı. Uçan quşlardan xəbər gözlədim. Daşdan-divardan sorurdum: “Balam hanı?” Bütün günü zəngini gözləyirdim. Dostu Tamerlan Süleymanovun şəhid olması da onu çox sarsıtmışdı. Hər şey ola bilər. “Bu uşaqların qisasını alacam” dedi. Aldı da...”
“Bilo” ləqəbi ilə tanınırdı. Köhnə türk filmlərindəki Biloya oxşadığı üçün “Bilo” deyirdi döyüş yoldaşları. Ayağından yaralanır. Xəstəxanaya göndərə bilmirlər. “Sizi qoyub gedə bilmərəm” deyir. Yaralı Mirzəhəsən şəhid olanacan savaşır.
Samid Xudatlı: “Onunla bir ömür yaşamışam. Cəsarətini sözlə ifadə edə bilmirəm. Düşmənin yanından maşınlarını götürüb gəlirdi. Yaralıları daşıyırdı. Döyüşürdü. Birimiz ac olsaq, mütləq ərzaq tapırdı.”
“2 oğlum vardı: Elşən, bir də Mirzəhəsən. Biri şəhid oldu. Vətən bağını qopartmaq olmur ürəkdən. O da elə bağlı idi. Torpaq uğruna torpağa qovuşdu. Pandemiyaya görə gedə bilmədik yanına, 10 ay görmədik onu. Məni ağrıdan budur. Sonra da xəbərsiz qaldıq. Qələbədən sonra axtarış qrupu tapdı oğlumu” - bunları söylədi qəhrəmanımızın atası.
Dekabrın 14-də Astara camaatı daha bir igidini - şəhidini izdihamla qarşılayıb yola saldı.
“Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub Mizəhəsən Şahin oğlu.
Valideynləri narahat olanda, “özündən muğayat ol” deyəndə, “Şəhidlik uca məqamdır, Şəhidlik xoşbəxtlikdir, Şəhid Allahın seçilmiş bəndəsidir”, - deyə cavab verirmiş Mirzəhəsən.
Deməli, uca məqamına çatıb, xoşbəxt olub, seçilib.


Kəmalə Abiyeva