MƏQALƏLƏR

Xarrat Qulu (1823-1883)

  • 21.10.2021

Qarabağın görkəmli simaları

Şuşada musiqi məktəbinin yaradıcısı olan məşhur musiqişünas Xarrat Qulu (Kərbəlayı Qulu Kərbəlayı Məhəmmədəli oğlu Pərinazzadə) 1823-cü ildə Şuşada doğulub. Mir Möhsün Nəvvab təzkirəsində yazırdı: "Qulunun atası Məhəmməd İbrahim xan Cavanşirin nağara çalanı olub. Mən onu görmüşəm. Eyş məclislərində nağara çalardı, oyunbaz idi, bazarda car çəkərdi. Ancaq oğlu Kərbəlayı Qulu Yusifi (şeir yazdığına görə - Yusifi onun təxəllüsü idi - Ə.Ç.) xoş görünüşlü bir kişi idi. Farsca savadı var idi... Məşğuliyyəti dülgərlik idi. Axır vaxtlar şəbihgərdanlıq edirdi (dini dramlarda rejissorluq)".

Firidun bəy Köçərli isə "Azərbaycan ədəbiyyatı" kitabında yazırdı: "Kərbəlayı Qulunun sənəti xarratlıq idi. Çox dəqiq və əhli-zövq, şirinkəlam bir şəxs idi ki, cümlə Şuşa əhli onu əziz, mehriban tutardı. Öz sənətində artıq məharəti olduğu kimi, elmi musiqidən də xəbərdar idi". Beləliklə, Qulu həm bacarıqlı xarrat, həm gözəl səsli muğam ustası, həm də istedadlı şair idi. Bu sənətkar hər üç sahədə uğurlar qazanmışdı. Yusifi təxəllüsü ilə əsasən həm dini mövzuda, həm də lirik aşiqanə şeirlər, həcvlər, mərsiyələr, qəzəllər yazardı. Onun müasirləri ilə şeirləşməsi də məlumdur.
Xarrat Qulunun təşkil etdiyi məktəbdə 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. O, bir müəllim kimi öz məktəbinə gözəl səsi olan gəncləri cəlb edərək, onlara muğamatı oxumaq qaydalarını öyrədərdi. O zaman bu məktəb əslində dinə xidmət məqsədilə yaradılsa da, Azərbaycanda vokal və çalğı musiqisinin inkişafında mühüm rol oynadı. Danılmaz faktdır ki, Xarrat Qulunun musiqi məktəbi bir sıra ustad sənətkarların yetişməsinə səbəb olub. Azərbaycanın görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Şahnaz Abbas, Dəli İsmayıl, Bülbülcan, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və məşhur tarzən Sadıqcan Xarrat Qulunun yetirmələridir. Xanəndəlik sənətinin inkişafı ilə əlaqədar olaraq, Şuşada musiqinin nəzəri məsələlərinə dair əsərlər də yaranırdı. Bu sırada məşhur alim və şair Mir Möhsün Nəvvabın xidməti mütləq qeyd edilməlidir.
O dövrdə Şuşada məhərrəmlik təziyəsinin keçirilməsi xüsusi hazırlıqla qeyd edilirdi. Bu mərasimə, demək olar ki, Şuşada çox ciddi hazırlaşardılar. Dini mərasim on gün davam edərdi. Bütün sənətkarlar, tacirlər öz emalatxana və dükanlarını bağlayaraq bu işə cəlb olunardılar. Dini tamaşaların hazırlanmasında Xarrat Qulunun özü və şagirdləri iştirak edərdi. Xüsusilə də o dövrdə Molla Pənah Vaqifin dini şeirləri oxunardı. Bu təziyə ilə əlaqədar bir çox maraqlı hadisə və rəvayətlər də bugünümüzə qədər gəlib çatıb. Əslində şəbihgərdanlığın xanəndəliyin inkişafına müəyyən təsiri olub. O səhnələri həm də ilk teatr tamaşaları da adlandırmaq olar. Xarrat Qulu adətən şəbih rollarını öz adamları arasında bölərdi. Bu barədə Firidun Şuşinski yazırdı: "Şümür rolunu oynamağa heç kəs razı olmazdı. Çünki Şuşada kim Yezid, Haris və Şümür rolunu oynasa, şəhər əhli həmin adamları bu adla çağırarmış. Təsadüfi deyildir ki, Şuşada Qurdlar məhəlləsində yaşayan Cavad kişiyə Yezid Cavad, Köçərli məhəlləsində yaşayan Sarı Bəşirə Haris Bəşir deyərdilər".
Bu səbəbdən də Xarrat Qulu əlacsız qalaraq, bazarda kartof satan bir erməni kişisinə on manat qızıl pul verərək, Şümürün rolunu oynamasına razılıq alıb. Xarrat Qulu onunla məşq edib və tapşırıb ki, səndən kim su istəsə verməyəcəksən. Erməni öz "rejissoru"nun tapşırığını yerinə yetirəcəyinə söz verib. Su istəyənlərə isə sonda belə deyib: "Mən sizə su verə bilmərəm. Xarrat Qulu pulumu kəsər". Tamaşaçılar da gülüşüb, şəbih də pozulub.
Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur.
...Üç sənətin bilicisi adlandırılan Xarrat Qulu ağacdan gözəl əşyalar, fiqurlar, qəlyanlar, müxtəlif milli musiqi alətlərinin əsas hissələrini düzəldərdi. Gözəl səsi vardı.
Ona muğam ustası da deyərdilər. Neçə-neçə xanəndənin müəllimi olub. O, həm də istedadlı şair idi. Mir Möhsün Nəvvabın təzkirələrində rübailəri, qəzəlləri bizə yadigar qalıb. Eləcə də müasirləri olan şairlərlə apardığı deyişmənin də poetik mətni günümüzə gəlib çatıb.