MƏQALƏLƏR

Soltan Rəhimov: "Biz bu qələbə ilə bütün şəhidlərimizin qisasını aldıq"

  • 28.10.2021

Torpaqlarımızın erməni işğalından azad olunması və dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda gedən Vətən müharibəsində minlərlə gənc əsl qəhrəmanlıq nümayiş etdirdi. Onların dastanlara sığmayan igidlikləri sayəsində Vətən torpaqları düşmən tapdağından azad edildi. Ermənistan ordusu Azərbaycan əsgərinin hünəri, cəsarəti, igidliyi, mətinliyi qarşısında tab gətirə bilməyərək, diz çökdü, məğlub olduğunu bütün dünya qarşısında etiraf etdi. Erməni əsgəri igidlərimizin qabağından qaçmağa yer axtarır, silah-sursatlarını tullayıb geri çəkilirdi.
Ermənistan ordusunun əsgər və zabitlərinə qan udduran qəhrəmanlarımızdan biri də Soltan Əflatun oğlu Rəhimovdur.
Soltanın döyüş yolu qısa olsa da, o bu yolun hər dəqiqəsini, hər saniyəsini şərəflə yaşayıb, hər zaman ölümü gözünün önünə alıb. Hər dəfə hücuma keçəndə kiçik qələbələrə sevinib, döyüş yoldaşları olan dostlarını itirəndə isə düşmənə qarşı nifrəti birə-min artıb.
Soltan Rəhimov 2001-ci il iyulun 25-də Bakı şəhərinin Buzovna qəsəbəsində dünyaya göz açıb. 2018-ci ildə 26 saylı orta məktəbi bitirərək, 2019-cu ildə hərbi xidmətə başlayıb. 3 ay Ağcabədi rayonunda xidmət edib, sonra Füzuli rayonunun Horadiz şəhərinin Lələtəpə N saylı hərbi hissəsində xidmətini davam etdirib.
İkinci Qarabağ müharibəsi başlayanda 19 yaşı tamam olmuşdu. 2020-ci il sentyabrın 27-ni belə xatırlayır: “Səhər saat 8 radələri idi. Erməni silahlı qüvvələri atəşkəsi pozaraq, torpaqlarımıza hücum etdi. Günorta saatlarında biz Yaztəpə istiqamətində əks-hücuma keçdik. Mən sürücü idim, bizim hərbi hissə hansı istiqamtdə döyüşə girirdisə, o istiqamətdə silah-sursat daşıyırdım. Çox çətin, gərgin günlər idi. Bəlkə kənardan dinləmək asan gələr, amma döyüş meydanında baş verənləri düşünmək belə çətindir”...
Soltan Füzuli, Xocavənd, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib.
“Oktyabr ayının 26-sı axşam saat 7 radələrində Füzuli rayonunun Dədəli dairəsi adlandırılan yerdə sürdüyüm maşından aralanmışdım ki, özüm də, maşın da düşmən atəşinə məruz qaldıq. Maşını minomyotla partlatdılar. Həmin gün o yerdə 12 şəhid verdik, 22 nəfər yaralandı. Yaralıları oradan çıxarmaq üçün səhərə qədər qalmalı olduq. Səhər həm şəhidlərimizi, həm yaralıları oradan çıxara bildik”...
Noyabrın 9-u 44 günlük müharibə başa çatdıqdan sonra Soltan hərbi xidmətini yanvar ayında bitirsə də, 6 ay əlavə olaraq xidmət edir.
Döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik və şücaət nümayiş etdirmiş Soltan Rəhimov 2 medalla: “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”
medalları ilə təltif olunub.
Soltan 44 günlük müharibəni həyəcansız xatırlaya bilmir. “44 günlük müharibə Azərbaycan ordusunun peşəkarlığını, döyüş ruhunu, Vətən məhəbbətini, əsgər və zabitlərimizin igidliyini bütün dünyaya göstərdi. Biz bu qələbə ilə bütün şəhidlərimizin qisasını aldıq”, – deyir igid əsgərimiz.
Müharibə görmüş insan tam dəyişir. Soltan da dünənki yeniyetmə deyil sanki... - “Bu torpağın hər qarışı bizim üçün əzizdir. Biz torpaqlarımızı nəyin bahasına olursa-olsun, azad etdik. Qürur duyuram ki, doğma torpaqlarımızın işğaldan azad edilməsində az da olsa, mənim də payım var. Vətənimin keşiyində durmağa həmişə hazıram!”


Məmmədova YEGANƏ